Məhkəmə qərarları › İş №2(103)-6038/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6038/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6038/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3797/2021 saylı, 12 aprel 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 48000 manat məbləğində vəsaitin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki işə mahiyyəti üzrə baxılıb qurtarana qədər ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3797/2021 saylı, 12 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin 04.05.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona məxsus olmuş, ipoteka yüklü ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 43.9 kv.metr olan qeyri-yaşayış sahəsi üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi yuxarıda qeyd olunan qərardadla qadağan edilmişdir. Halbuki, sözü gedən qeyri-yaşayış sahəsi mübahisənin predmeli deyildir, üzərinə həbs qoyulmuş daşınmaz əmlak bankdan kredit götürməyi nəticəsində ipoteka predmeti olmuşdur. Borc məbləğinin banka ödənilməməsi səbəbindən bank tərəfindən borcun ödənilmsəi daşınmaz əmlaka yönəlmiş, faktiki olaraq bankın hesabına keçmişdir. Bank tərəfindən də Bakı şəhəri. Xətai rayonu, Zakir Yusifov küçəsi. 16 ünvanında yerləşən ümumi sahəsi 43.9 kv.metr olan qeyri-yaşayış sahəsi vicdanlı alıcıya satılmış, beləliklə, üzərinə həbs qoyulmuş əmlak artıq vicdanlı alıcının mülkiyyətinə verilmişdir. İddiaçının qeyd etdiyi qeyri-yaşayış sahəsinə etibarnamə verilmiş əmlak ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 26 kv.metr olan qeyri-yaşayış sahəsi idi. Halbuki, iddia ərizəsində göstərilmişdir ki, guya ona məxsus olmuş ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 43.9 kv.metr olan qeyri-yaşayış sahəsini etibarnamə ilə iddiaçıya vermiş əvəzində isə ondan pul almışdır. Bundan savayı, iddiaçı özü də etiraf edir ki, bankdan kreditin götürülməsi nəticəsində həmin yaşayış sahəsində ipoteka yüklülüyü mövcud idi. İpoteka yüklüsü olan əmlaka dair başqa şəxslərə mülki etibarnamə verilməsi isə absurddur. Məhz bu səbəbdən də, ipoteka yüklülüyü olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 43.9 kv.metr olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi dair ərizəsi təmin edilməməlidir. ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 26 kv.metr olan qeyri-yaşayış sahəsinin onun adına verilməsinə dair 98 saylı Sərəncam təqdim edilmişdir. Həmin sərəncama əsasən, onun mülkiyyətinə verilmiş ümumi sahəsi 26 kv.metr olan qeyriyaşayış sahəsinə dair etibarnamə verilsə də, iddiaçı görünür hadisələri reallıqdan uzaqlaşdırmağa çalışmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh, həmçinin onun nümayəndəsi və vəkili şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili isə şikayətə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Bu mənada nəzərə almaq lazımdır ki, iddiaçının iddiası üzrə qəbul ediləcək (iddianın təmin edilməsi halında) qətnamənin icra edilməsinin çətinliyini və ya mümkünsüzlüyünü təsdiq edən halların mövcudluğuna dair sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» 14.03.2018-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsinin həmin Qərarda əks olunan hüquqi mövqeyinə görə, «İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır.» Daha sonra, Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, həmçinin verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X1 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Qərarda əks olunan hüquqi mövqeyinə görə, “təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər.” Hazırda iddiaçının təmin tədbirinin görülməsinə dair iddiası iddia tələbinə və cavabdehin qanunla qorunan hüquqlarına qeyri-mütənasibdir. Qeyd olunmalıdır ki, iddiaçının üzərinə həbs qoyulmasını xahiş etdiyi, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin likvid qiymətinin 140.000 manat olduğu iş materialları ilə müəyyən olunur. İddiaçı isə iddia tələbindən cavabdehdən 48.000 manat pulun tutulmasını xahiş etmişdir, cavabdeh isə həmin məbləğin yalnız bir hissəsin qəbul edir. Belə olan halda, iddianı təmin tədbiri ilə əlaqədar tətbiq olunması xahiş olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3797/2021 saylı, 12 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməsin Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar