Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-604/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər: işə bərpa) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), X4 və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa və digər tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3689/2022 saylı 06 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşəgötürən Cavabdeh ASC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli A-15/038 saylı Əmək müqaviləsinə əsasən işçi Cavabdeh ASC-nin 9-cu dərəcə ilə işlər İdarəsinin İctimaiyyətlə əlaqələr və Şikayət Şöbəsinin dispetçeri vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 1 il müddətinə bağlanmışdır.
2. İddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədə məzuniyyət vaxtı Avstriyaya səyahət etdiyini, hal-hazırda həmin ölkədə olduğunu, Avstriyada Covid-19 pandemiyası ilə əlaqədar bütün avia uçuşların təxirə salındığından geri qayıda bilmədiyini, yaxın günlərdə də məhdudiyyət tətbiq edildiyindən geri qayıtmağının mümkün olmayacağını bildirmiş və bu səbəbdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İş materiallarında olan Elektron idarəetmə və müasir texnologiyalar departamentdən çıxarışlardan müəyyən edilir ki, İddiaçı oktyabrın 2-dən 17-dək məzuniyyətdə olmuş, oktyabrın 18-dən noyabrın sonunadək işdə olmamışdır.
4. İş materiallarında olan sədr müvini Köçərli Həsənov tərəfindən Azərbaycan Su Təsərrüfatı X2 Respublika Komitəsinin sədrinə ünvanlanmış məktubda bildirilmişdir ki, Cavabdeh ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin Çağrı mərkəzi və innovativ həllərin tətbiqi şöbəsinin Qaynar Xətt qrupunun dispetçeri İddiaçı üzrsüz səbəbdən 18 oktyabr 2021-ci il tarixindən etibarən işə gəlmir. İddiaçı Avstriya Respublikasından daxil olmuş müraciətlərinə baxmayaraq onun uzun müddət işdə olmamasının üzürlü səbəbi üçün təsdiqedici sənəd yoxdur. İddiaçı uzun müddət üzrsüz səbəbdən işə çıxmaması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab oluna bilər. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı Əmək Məcəlləsinin 80-ci maddəsinə əsaslanaraq 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq verilməsi xahiş edilmişdir.
5. Azərbaycan Su Təsərrüfatı X2 Respublika Komitəsi tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli məktubda bildirilir ki, Cavabdeh ASC tərəfindən təqdim edilmiş materiallardan Cavabdeh ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin Çağrı mərkəzi və innovativ həllərin tətbiqi şöbəsinin Qaynar Xətt qrupunun dispetçeri X7 əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozduğu müəyyən olunmuş, bu isə özlüyündə işəgötürən tərəfindən onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsinə əsas verir. Qeyd edilənləri nəzərə alaraq X5 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir.
6. Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli əmr ilə Nurayeva X6 idarəetmə və müasir texnologiyalar departamentinin Çağrı mərkəzi və innovativ həllərin tətbiqi şöbəsinin Qaynar Xətt qrupunun dispetçeri ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozaraq heç bir üzürlü səbəb olmadan uzun müddət işə gəlmədiyinə görə xx.xx.2021-ci il tarixdə ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 4 təqvim günü pul əvəzi ödənilməsi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, barəsində əsassız tətbiq olunmuş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün 705 manat aylıq əmək haqqının, 9 ay üçün ümumillikdə 6.345 manat əmək haqqını ödəməklə onun əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi və hüquqlarının kobud surətdə və davamlı pozulması nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən 5.000 manat pul məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə 63K nömrəli əmrlə ASC-də Elektron idarəetmə və müasir texnologiyalar departamentində Çağrı mərkəzi və innovativ həllərin tətbiqi şöbəsinin qaynar xətt qrupunun dispetçeri vəzifəsinə qəbul edilmiş, lakin xx.xx.2021-ci il tarixdə həmin vəzifədən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə heç bir xəbərdarlıq edilmədən azad edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 40 gün müddətinə ödənişli məzuniyyətə çıxaraq, xx.xx.2021-ci il tarixdə magistr təhsili ilə əlaqədar Avstriyanın İnsburk şəhərinə səfər etməsi zərurəti yaranmış, lakin məzuniyyət müddəti bitəndən sonra təhsil ilə əlaqədar işlərin yarımçıq qalması səbəbi ilə iş yerinə - həmin dövr işlədiyi şöbəyə faktiki nəzarəti həyata keçirən Firudin Ağayevə məlumat vermiş və əlavə 1 ay müddətinə öz hesabına məzuniyyətə çıxmasını və ya hər hansı möhlət verilməsini xahiş etmiş, sonuncu müvafiq köməklik göstərəcəyini vəd etmişdir. COVİD-19 pandemiyası ilə əlaqədar Asvtriyada sərt karantin rejiminin tətbiq edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ölkədən çıxış hökümət tərəfindən qadağan edilmişdir. X12 uzun müddət əsassız işə gəlməməsi səbəbi ilə gələcəkdə karyerasına ziyan vura biləcək Əmək Məcəlləsinin müvafiq maddəsi ilə işdən çıxarılmaması üçün öz ərizəsi ilə işdən çıxmasını təklif etmişdir. Ona görə, xx.xx.2021-ci il tarixdə mövcud vəziyyəti izah edərək, öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi barədə qərar qəbul edilməsi ilə bağlı rəsmi məktub ilə müraciət etmişdir. Həmin müraciətə cavab verilməmiş və xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir.
9. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, işəgötürənin (Cavabdeh ASC) 07 dekabr 2021-ci il tarixli 425 k saylı əmri ilə tərəflər arasında olan əmək müqaviləsinə xitam verilmişdir. Hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət etsə də iddia müddətini ötürmüşdür. İşin materiallarından görünür ki, əmr xx.xx.2021-ci il tarixdə verilməsinə baxmayaraq, iddiaçı məhkəməyə yalnız 16 iyun 2022-ci il tarixdə müraciət etmiş, bununla da nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçının cavabdeh ASC-yə qarşı əsassız işdən çıxarmanın ləğv edilməsi tələbinə dair iddia tələbinə dair icraat üzrə iddia müddətini tətbiq edərək iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 oktyabr 2022-ci il tarixli 2(004)-3689/2022 saylı qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia rədd edilmişdir.
11. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı, xx.xx.2021-ci il tarixdə məzuniyyəti bitsə də, işə gəlməmiş və işdə olmamasının üzürlü səbəbləri barədə heç bir sənəd təqdim etməmiş, beləliklə də əmək müqaviləsi üzrə öhədliklərini kobud şəkildə pozmuşdur. Belə olan halda işəgötürən Həmkarlar İttifaqına müraciət etmiş, Həmkarlar İttifaqının razılığı ilə işçi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. İddiaçının işə uzun müddət və üzürsüz səbəbdən gəlməməsi, onun kobud əmək pozuntularına yol verməsi hesab edildiyindən, işəgötürənin onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad etmək hüququ yaranmışdır.
12. Cavabdeh tərəfindən təqdim olunmuş iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşçiyə işdən azad olunma barədə əmrin və son haq-hesab sənədlərinin verilməsi vaxtı iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu vaxtı müəyyən etmək mümkün deyildir. Bu halda məhkəmə iddia müddətinin tətbiqini məqbul hesab etməmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, işdən azad olma barədə əmrin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. İşəgötürənin əmri qanuni olduğundan əmək haqqı ödənilməsi ilə bağlı tələb, həmçinin, mənəvi zərərin ödənilməsi ilə bağlı tələb, iş materialları ilə müəyyən edilmədiyindən, rədd edilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi, 68.2 “a”, 70 “ç”, 72, 80.1, Mülki Məcəllənin 21, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
15. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apelyasiya şikayətində iddia ərizəsində sadalananlar göstərilməklə qeyd edilmişdir ki, cavabdehi əvvəlcədən məlumatlandırması, fors-major hal ilə rastlaşaraq işi buraxması və digər hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
19. Cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
20. Maddə 10. “a” bəndinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir.
21. Maddə 70. “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
22. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
23. Maddə 71.3. İşəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
24. Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir.
25. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
26. Maddə 296, hissə 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
27. Maddə 296, hissə 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
36. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır.
37. Göründüyü kimi iddiaçı işə gəlməmiş və işdə olmamasının üzürlü səbəbləri barədə heç bir sənəd təqdim etməmiş, beləliklə də əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozmuşdur. Hazırda iddiaçının irəli sürdüyü formal əsaslarla qanuni və əsaslı əmrin ləğv edilməsi yolverilməzdir.
38. Əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir, əmrin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur.
39. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
40. Birinci instansiya məhkəməsi iddiaçıya işdən azad olunma barədə əmrin və son haq-hesab sənədlərinin verilməsi vaxtının iş materialları ilə müəyyən edilməməsi, bununla da iddiaçının hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu vaxtı müəyyən etmək mümkün olmaması əsası ilə iddia müddətinin tətbiqini məqbul hesab etməmişdir.
41. Kollegiya əlavə olaraq qeyd edir ki, iddia müddətinin tətbiqi əsaslı iddialar üzrə yolverilən olduğundan, hazırki işdə isə iddia əsaslı sayılmadığından, iddia müddətinin tətbiqinə ehtiyac qalmır.
42. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3689/2022 saylı iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.