Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6041/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma və mənzilə yaşayış (istifadə) hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və mənzilə yaşayış (istifadə) hüquqlarının itirilmiş hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma və mənzilə yaşayış (istifadə) hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair 2(011)-1557/2022 saylı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 1987-ci ildə X2 bitirmiş və mühəndis ixtisası üzrə Azərbaycan Respublikası Elmlər Akademiyasında işləmək üçün göndərilmiş İddiaçı gənc mütəxəssis kimi ünvan 1 ünvanında yerləşən 905 saylı 1 otaqlı mənzilə köçmək üçün 10 noyabr 1987-ci il tarixli 170 saylı order verilmişdir.
2. Bakı şəhəri 118 saylı Mənzil Kommunal İstismar İdarəsi tərəfindən verilmiş 20 oktyabr 2021-ci il tarixli 2417 saylı arayışa əsasən, cavabdehlər və onların yetkinlik yaşına çatmayan övladları X6 2020-ci ildə həmin mənzildə qeydiyyata alınmışlar.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər və onların yetkinlik yaşına çatmayan azyaşlı övladı 2015-ci il təvəllüdlü X3 ünvan 1 ünvanında yerləşən 905 saylı mənzilə yaşayış-istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, mənzil 10 noyabr 1987-ci il tarixli 170 saylı orderlə ona məxsusdur. Çıxarmaq istədiyi şəxslərin kim olmasından və onların mənzilə necə və hansı yolla qeydiyyata düşməsindən xəbəri olmamışdır. Hesab edir ki, cavabdehlər və onların yetkinlik yaşına çatmayan azyaşlı övladının mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməli və yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılmalıdırlar. Çünki onların həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və iddiaçı onların həmin mənzildə formal qeydiyyatda olmasına görə adambaşına hesaba alınan kommunal xidmət haqları ödəməli olur. Bu isə mülkiyyətçinin hüququna əsassız müdaxilədir.
5. Cavabdeh2 iddiaya yazılı etirazında qeyd etmişdir ki, o, 2009-cu ilin yay aylarında metronun “Əhmədli” stansiyasının yaxınlığında ev alqı-satqısı ilə məşğul olan Tağı və Eldar adlı şəxslərə müraciət edərək, 1 otaqlı ucuz qiymətə ev almaq istədiyini bildirmişdir. Ona mübahisəli mənzili göstərmişlər. Mənzildə yaşayan X5 adlı şəxslə mənzili 21000 ABŞ dollarına almağa razılaşmışlar. Ev-alqı satqısı ilə məşğul olan şəxslər isə mənzilin sənədləşməsini öz üzərlərinə götürmüşlər. O tələb olunan məbləği verdikdən bir neçə gün sonra həmin mənzilə köçmüşdür. Lakin həmin şəxslər mənzilin sənədlərini düzəldib ona verməmiş, aranı sakitləşdirmək üçün onları həmin mənzilə qeydiyyata salmışlar. Aldandığını başa düşüb Xətai Rayon Prokurorluğuna və Polis İdarəsinə müraciət etmişdir. Xətai rayon Polis İdarəsində aparılmış araşdırılma ilə müəyyən edilmişdir ki, yataqxanadakı həmin otaq boş bir otaq olmuş, Füzuli rayonundan məcburi köçkün düşmüş bir şəxs həmin otağı zəbt edib 2005-ci ilə qədər orada yaşamış, 2005-ci ildə isə həmin otağı X4 vermişdir. X5 da öz növbəsində onun pulunu alıb otağı ona vermişdir. 13 ildir ki, fasiləsiz olaraq ailə üzvləri ilə bu otaqda yaşayır, kommunal xidmət haqlarını ödəyir, həmin mənzildə pasport qeydiyyatındadır.
6. Birinci instansiya məhkəməsində işə baxılarkən İddiaçı izahatında göstərmişdir ki, 1987-ci ildə order əsasında həmin mənzilə köçmüş, iki il orada yaşadıqdan sonra ailə qurmaq üçün rayona getmiş, iki il rayonda yaşamış, geri qayıdanda ona məlum olmuşdur ki, mənzil Xocalıdan olan məcburi köçkünlər tərəfindən zəbt olunmuşdur. Bundan sonra bir daha rayona qayıdıb geri dönəndə ona məlum olmuşdur ki, mənzildə başqa ailə yaşayır. İddiaçı 1 il Hacıqabul rayonunda yaşamış, hal-hazırda isə Qobustanda kirayədə yaşayır. İddiaçı izahatında həmçinin bildirmişdir ki, o, 14 il Elmlər Akademiyasında işləmiş, mənzili oradan almışdır. Mənzilin orderi ləğv olunmamış, mənzili özəlləşdirməmiş və hal-hazırda orada pasport qeydiyyatındadır. (i.v.48)
7. Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2(011)-1557/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan övladları 2015-ci il təvəllüdlü X3 ünvan 1 ünvanında yerləşən 905 saylı mənzildən çıxarılması qət edilmişdir. (hakim Pərviz Zamanlı)
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının milli qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, beynəlxalq qanunvericilik baxımından onun mənzilə mülkiyyət hüququ əldə etməyə gözlənti hüququ olduğundan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 157.4. maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokoluna, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2018-ci il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycan qarşı” işi üzrə xx.xx.2007-ci il tarixli Qərarına, Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
11. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir.
12. Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
15. İddiaçı və onun nümayəndəsi Vəkil3 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək şikayətin təmin olunmamasını xahiş etdi.
16. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, üçüncü şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən, mənzil fondunu Azərbaycan Respublikası ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir : Dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu), Kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu), Mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativinin fondu), Vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir.
Həmin Məcəllənin 6-cı maddəsinə əsasən, yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüququ itirilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən, fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən, işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yaraqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzrlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi... 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı apellyasiya şikayətlərində qətnamənin ləğv olunub iddianın rədd olunması xahiş olunsa da, şikayətdə yalnız iddia tələbinin təmin olunan hissəsi mübahisələndirilmişdir. Buna görə də qətnamə mübahisələndirilən hissədə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan övladları 2015-ci il təvəllüdlü X3 ünvan 1 ünvanında yerləşən 905 saylı mənzildən çıxarılması barədə düzgün nəticəyə gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv olunmalı, iddia həmin hissədə də rədd edilməlidir.
20. İş materiallarından görünür ki, İddiaçı gənc mütəxəssis kimi ünvan 1 ünvanında yerləşən 905 saylı mənzilə köçmək üçün 10 noyabr 1987-ci il tarixli 170 saylı order verilmişdir.
21. İddia ərizəsinə həmin orderin lazımi qaydada təsdiq olunmamış kserosurəti əlavə olunmuş, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən həmin orderin əsli tələb olunub baxış keçirilərək kserosurəti ilə düzgün olması müəyyən edilmişdir.
22. İddiaçı izahatında həmin yataqxana otağında iki il yaşadığını, sonra isə ailə qurmaq üçün yaşadığı rayona getdiyini, rayonda iki il yaşayıb Bakı şəhərinə qayıtdığını, həmin yataqxana otağında məcburi köçkün ailəsinin məskunlaşdığını görüb onları otaqdan çıxarmadığını, 35 il evsiz yaşadığını göstərmişdir.
23. İddiaçı həmin yataqxana otağında bir müddət yaşamasını apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində təsdiq etmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 905 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.
25. Yenə Bakı Apellyasiya Məhkəməsinin sorğusuna Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 03 noyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 905 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Həmin binaya xidmət göstərən 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 118 saylı MKİS-in arxiv sənədləri arasında 905 saylı mənzilin İddiaçı istifadəsinə verilməsi barədə heç bir sənəd aşkar edilməmiş, həmin mənzildə uzun illər məcburi köçkün ailəsi məskunlaşmışdır.
26. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sorğusuna verdiyi 18 iyul 2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 905 saylı mənzildə Cavabdeh1, Cavabdeh2 və onların azyaşlı övladı X6 yaşayır. Adı çəkilən mənzilə aid hər hansı bir hüquqi sənəd (order, protokoldan çıxarış, sərəncam və yaxud kupça) əvvəldən və sonradan 118 saylı MKİS-ə təqdim edilməmişdir.
27. İş materiallarında olan sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən 905 saylı mənzildə iddiaçı və cavabdehlər, habelə sonuncuların azyaşlı övladı qeydiyyatdadır.
28. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 dekabr 2012-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı izahatı alınmış X5, X8 və X9 izahatlarında Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 905 saylı mənzili 2009-cu ildə Rafina İbrahimovaya 21000 ABŞ dolları məbləğində pul ödəməklə hər hansı yazılı müqavilə bağlanmadan aldığını təsdiq etmişlər.
29. Apellyasiya icraatı zamanı iddiaçı tərəf cavabdehlərin 905 saylı mənzildə deyil, 908 saylı mənzildə qeydiyyatda olduqlarını bildirmiş, bunun təsdiqi kimi Xətai RPİ-nin Bakı İnzibati Məhkəməsinə verdiyi xx.xx.2022-ci il tarixli cavab məktubunun surətini məhkəməyə təqdim etmişdir. Lakin iş materiallarında olan Azərbaycan Respublikası DİN-in verdiyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlardan və iş materiallarında olan digər sənədlərdən görünür ki, cavabdehlər məhz yataqxananın 905 saylı mənzilində qeydiyyatdadırlar.
30. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika institutunun Bakı Apellyasiya Məhkəməsinə verdiyi xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixindən xx.xx.2004-cü il tarixinə kimi Fizika institutunda böyük mühəndis, kiçik elmi işçi, elmi işçi vəzifələrində işləmişdir.
31. İş materiallarında olan İddiaçı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.2004-cü ildə öz xahişi ilə Fizika institutunda elmi işçi vəzifəsindən azad olunmuş və Dövlət Xüsusi Maşınqayırma və Kommersiya Komitəsində başqa işə keçmişdir.
32. Beləliklə, iş materiallarından görünür ki, İddiaçı gənc mütəxəssis kimi ünvan 1 ünvanında yerləşən 905 saylı mənzilə köçmək üçün xx.xx.1987-ci ildə order verilsə də, o cəmi 2 il həmin mənzildə yaşamış, daha sonra başqa ünvanlarda yaşamışdır. Bundan sonra 30 ildən yuxarı müddət ərzində o həmin mənzilə köçmək üçün hər hansı təşəbbüs göstərməmişdir.
33. İş materiallarından göründüyü kimi, İddiaçı 905 saylı mənzilə dair orderi Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 118 saylı MKİS-ə də təqdim etməmişdir.
34. Ötən 30 il müddət ərzində İddiaçı qeyd olunan mənzilə ehtiyacının olmasını nümayiş etdirməmiş, hətta gənc mütəxəssis kimi onu mənzillə təmin edən Elmlər Akademiyası ilə 2004-cü ildən əmək münasibətlərini könüllü olaraq kəsmişdir.
35. İşdən göründüyü kimi, mübahisəli 905 saylı yataqxana mənzili dövlət mənzil fondunda olmaqla özəlləşdirilməmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı mübahisəli mənzil münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 87 və 108-ci maddələrinin tələbləri baxımından həm mənzili 6 aydan yuxarı müddətə tərk edib daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyinə, həm də işlədiyi təşkilatla əmək münasibətlərini könüllü şəkildə kəsdiyinə görə qeyd olunan mənzilə bütün hüquqlarını itirmişdir.
37. Buna görə də kollegiya hesab edir ki, İddiaçı cavabdehləri mübahisəli yataqxana otağından çıxarmaq barədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Kollegiya hesab edir ki, iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ olmadığından, iddia müddətinin tətbiqi barədə ərizəni müzakirə etməyə zərurət yoxdur.
38. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2(011)-1557/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2(011)-1557/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan övladları 2015-ci il təvəllüdlü X3 ünvan 1 ünvanında yerləşən 905 saylı mənzildən çıxarılması” hissəsində ləğv edilsin. Həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı alınıb apellyatora ödənilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.