Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6043/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(004)-5041/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanda inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının blok 2, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 121 kv.m olan 98 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzilə dair onun sahiblik və istifadə hüquqlarının tanınması, həmin hüquqlara maneələrin aradan qaldırılması, cavabdeh tərəfindən mənzilin ona təhvil verilməsi, həmçinin ödənilmiş dövlət rüsumuna görə 120 (yüz iyirmi) manat və hüquqi xidmət göstərilməsi ilə bağlı ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(004)- 5041/2024 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi AR MPM-nin 39.1-ci maddəsinin təsiri dairəsinə düşmədiyindən, cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu olduğundan tələbə ərazi aidiyyəti baxımından Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxıla bilməz. Həmin qərardaddan İddiaçı şikayət verərək ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə onun arasında bağlanmış 15 aprel 2017-ci il tarixli müqaviləyə əsasən, MMC (direktor R.S.Əhmədov) Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanda inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının blok 2, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 121 kv.m olan 98 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzili iddiaçıya satmışdır. (pay kimi vermişdir). Həmin mənzilin dəyərini təşkil edən 72.600 (yetmiş ikimin altı yüz) manat (1 kv.m-600 manat) tərəfindən tam şəkildə cavabdehə ödənilmişdir. Bu həm müqavilədə, həm də cavabdeh tərəfindən verilmiş 15 aprel 2017-ci il tarixli arayışda öz əksini tapmışdır. Yuxarıda qeyd edilən mənzili aldığı vaxtdan mütəmadi olaraq yaşayış binasının tikilməsini, aparılan işləri izləmiş, icraçı (cavabdeh) ilə əlaqələr saxlamışdır. Bina tikildikdən sonra mənzili ona göstərildikdə, divarlara mobil nömrələrini də yazmışlar. Cavabdehin bir mənzili bir neçə ayrı-ayrı vətəndaşa satması, bununla bağlı cavabdeh və digər məsul şəxslər barəsində mülki və cinayət icraatı qaydasında işlərin olması haqqında məlumatı olduğu üçün o da, mənzilinin başqa şəxslərə satılacağından ehtiyat etmişdir. Son ilə qədər hazırki mənzillə bağlı hər hansı çətinliklə qarşılaşmamışdır. Cavabdehin razılığını alıb 2024-cü ilin iyun ayında mənzilə dəmir seyf qapı qoydurmuşdur. Hər dəfə cavabdehdən artıq təhviltəslim işlərinin aparmağı tələb etdikdə bir az gözləmələrini, mənzildə və binada bir sıra işlərin cavabdeh tərəfindən görülüb qurtarmasından sonra mənzili təhvil verəcəklərini bildirirmişlər. O da cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü digər tikinti təmir işlərinin aparılmasını gözləmişdir ki, mənzil ona təhvil verilsin və ailəsi ilə birlikdə mənzilə köçsün. Lakin bir neçə vaxt (təxminən 1-2 ay) bundan öncə ona məlum olmuşdur ki, onun mənzilinə başqa qapı qoyulub. Qapını döydükdə bir nəfər qapını açmışdır. Həmin şəxs usta idi və mənzildə təmir işləri görürdü. Ondan gördüyü işlərin kim tərəfindən tapşırıldığını soruşduqda bilmədiyini demişdir. Sonradan öyrənmişdir ki, guya mənzili Qabil adlı şəxs almışdır. Çox çətinliklə həmin şəxsin mobil nömrəsini tapıb ailə üzvləri vasitəsilə onunla əlaqə saxladıqda həmin şəxs bildirmişdir ki, guya 1 il əvvəl mənzili alıb. Sənədləri göstərməsini istədikdə isə onları get-gələ salmışlar, Qabil adlı şəxs isə onlara məsələni cavabdeh MMC ilə həll etmələrini deyib onunla bir daha əlaqə saxlamamalarını bildirmişdir. Cavabdehin mənzili başqasına satması mümkün deyil. Çünki iddiaçı həmin mənzili ilk alan şəxsdir. Hələ binanın özülü atılmamışdan o, qeyd edilən məzilə dair cavabdehlə müqavilə bağlamışdır. Həmçinin sonradan ona bildirişlər ki, guya mənzilin satıldığı adam bir qadındır. Ancaq yenə də ona heç bir sənəd təqdim edilmədiyi üçün o, mənzilinin satıldığına inanmır. Bununla bağlı o, Yasamal rayon Polis İdarəsinə şikayətlə müraciət etmişdir. Şikayəti üzrə toplanmış material Yasamal RPİ-nin 28-ci PŞ tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə verilməsi məsələsinə baxılması üçün Yasamal rayon prokurorluğuna, oradan isə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqi Tural Yaqubovun icraatında olan cinayət işinə əlavə olunması məsələsinə baxılmasından ötrü Bakı Şəhər Prokuroruna göndərilmişdir. Bundan sonra həmin şikayətlə bağlı ona başqa heç bir məlumat verilməmiş, özləri əlaqə saxlayıb aidiyyəti şəxslərdən məlumat almağa çalışsalar da bu mümkün olmamışdır. O və ailə üzvləri binanın iş icraçısı Filman müəllimlə (********** mobil nömrə ilə) və Rauf Əliyevlə mənzilin təhvil verilməsi ilə əlaqədar mütəmadi əlaqə saxlamışlar. Onlar mənzilində baş verənlərdən xəbəri olmadıqlarını bildirmişlər. Hansı ki, iş icraçısı binada olan hər şeydən xəbərdardır və onun icazəsi olmadan o öz mənzilinə belə daxil ola bilmirdi. Təxminən bir ay öncə bir divan aparıb mənzillərinə qoymaq istədikdə, onlara icazə verməmişlər, həmin divan hələ də binanın həyətindədir. Uzun illər mənzilin lazımı şəkildə təhvil verilmədiyini görüb dəfələrlə xahiş etmişdir ki, mənzili təhvil versinlər özləri təmir etdirib köçsünlər. Çünki həmin mənzilə çox böyük ehtiyacları var. Mənzili alarkən düşünmüşdür ki, bir oğlu ailəsi ilə həmin mənzildə yaşayar. Lakin əllərində olan illərdir topladıqları pul vəsaitini cavabdehə verdiklərindən başqa ev almaq imkanları olmadığından onlar darısqal mənzildə yaşamaq məcburiyyətində qalmışlar. Bu isə onun və ailəsi üçün narahatlıq yaradır. Cavabdeh tərəfindən mənzilinin uzun illərdə ona təhvil verilməməsi səbəbindən onun və ailə üzvlərinin yaşamaq hüquqları pozulmuş, illərdir nigarançılıq və gözlənti ilə yaşayırlar. Cavabdehlər barəsində Bakı Ağır Cinayətlər məhkəməsində inşa etdikləri bir çox mənzillərlə bağlı cinayət işinin olması onları qorxudur. Hesab edir ki, cavabdehin ona qarşı qanunsuz hərəkətlərinə məhkəmə qaydasında son qoyulmalıdır. Bununla bağlı məsuləlaqələndirici şəxlərlə dəfələrlə əlaqə saxlanılsa da, onlar hər dəfə müxtəlif bəhanələrlə vaxt qazanmağa, onu və ailə üzvlərini sakitləşdirməyə çalışırlar. Artıq onun 73 yaşı var, hələ də cavabdehdən dəyərini ödəyib aldığı mənzilə sahib ola bilmir. Qeyd edilənlərə görə artıq o Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin e- 2(004)-5041/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin iddia ərizəsi geri qaytarmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddia tələbini “müqavilə öhdəliklərinin icrası və mənzilin təhvil verilməsi” təşkil edir. Odur ki, həmin tələbə hüquqi şəxsin ünvanının olduğu yerə görə baxılmalıdır. Göstərilən qərardadı əsassız və qanunsuz hesab edir və buna görə də hesab edir ki, Yasamal Rayon Məhkəməsinin e-2(004)- 5041/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və iddia ərizəsi Yasamal Rayon Məhkəməsinin icraatına qəbul edilərək iddiaya mahiyyəti üzrə Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qeyd edilən iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl “müvəqqəti təminat tədbirinin tətbiqi” barədə eyni məzmunlu ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və hakim həmin ərizəni əvvəlcə qərardadla eyni əsasla (cavabdehin hüquqi ünvanı üzrə müraciət etməli olmasına) geri qaytarmış, sonra onun həmin qərardaddan verdiyi şikayət əsasında yeni qərardad çıxararaq müvəqqəti təminat tədbirinin görülməsi barədə qərardad qəbul edərək icraya yönəltmişdir. Həmçinin, iddia ərizəsinin məzmunundan aşkar surətdə görünür ki, İddiaçı mənzilə sahiblik hüquqları pozulur və həmin mənzilin qanunsuz sahiblikdən götürülməsi üçün məhkəmədə iddia qaldırmaq məcburiyyətindədir. Bu qanunsuz sahiblənmənin başqa şəxslər tərəfindən olması mümkün olduğu kimi, həm də Şirkətin özü tərəfindən olması halı mümkündür. İddiaçı mübahisəli mənzilə sahiblik hüququ (gələcək mülkiyyət hüququ) qeyd edilən müqavilədən yarandığı üçün həmin müqavilə iş materiallarına əlavə edilmişdir. Bugünkü gün vətəndaşın mənzilinə buraxılmaması və mənzilində qapısının dəyişdirilməsi və digər işlərin görülməsi aşkar surətdə göstərir ki, onun mənzilinə dair hüquqları (sahiblik, istifadə, ehtimal olunan mülkiyyət hüquqları) pozulur. Bu hüquqların bərpası üçün isə məhkəməyə müracət edərkən müstəsna aidiyyət qaydalarına müraciət edərək, mübahisəli mənzilin yerləşdiyi yer üzrə Yasamal Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Həmçinin, eyni predmet və eyni tələblə bağlı məhkəmə təcrübəsində Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-5029/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadını şikayətə əlavə edir. Həmin qərardadda da məhkəmənin mövqeyi ondan ibarətdir ki, mənzilin təhvil verilməsi ilə bağlı iddialar (müqavilə öhdəlikləri ilə bağlı olsa da) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq, mənzilin olduğu yerə görə verilməlidir. Belə ki, bu halda müstəsna aidiyyət müəyyən olunmuşdur ki, işin hansı məhkəməyə verilməsi iddiaçının iradəsindən asılı deyildir. Qeyd edilən maddədə göstərilən işlərə göstərilən məhkəmələrdə baxılması həmin tələblər üzrə yerində müayinə, sübutların toplanması, şahidlərin izahatlarının alınması kimi prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasını şərtləndirir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5041/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci və 35.2-ci maddələrinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinin tələblərinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Mülki prosessual qanunvericiliyin yuxarıda sadalanan maddələrində mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuş, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı bir sıra mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növləri (müstəsna və ya müqavilə aidiyyəti və s.) nəzərdə tutulmuş, 44-cü maddəsində isə məhkəmənin öz icraatına qəbul etdiyi işin başqa məhkəməyə verməli olduğu hallar göstərilmişdir. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə aid mübahisələrə yalnız mülkiyyət hüququnun tanınması, başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması barədə olduğu zaman müstəsna aidiyyət qaydaları şamil olunur, yəni iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, məhz həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya qeyd edir ki, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən həm də mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) nəzərə almalıdır. Belə ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. Kollegiya hazırki münasibətlərin hüquqi təbiətinə nəzər salaraq qeyd etməyi zəruri sayır ki, iddiaçının məhkəməyə müraciət etdiyi tələblər onunla cavabdeh “İnşaat Konstruksiyaları" MMC arasında yaşayış sahəsinə dair bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə bağlıdır. Belə ki, iddiaçının məhkəməyə müraciət etməklə əldə etməyə çalışdığı nəticə ilk öncə, müqaviləyə əsasən yarandığı ehtimal edilən hüquqların mövcudluğunun və qarşı tərəfin üzərinə düşən öhdəliyin icrasından birtərəfli imtinanın qanunsuz olmasının təsbit edilməsindən ibarətdir. Beləliklə də, məhkəmə kollegiyası müvafiq qanunvericilik normalarını iş materialları ilə müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, hazırki mübahisənin mahiyyəti işə müstəsna aidiyyət qaydasında əşyanın olduğu ərazidə yerləşən məhkəmələr tərəfindən baxılmasını istisna edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Beləliklə hazırki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından, bununla da iddia ərizəsinin verilməsi zamanı MPM-nin tələblərinə riayət edilmədiyindən, kollegiya birinci instansiya məhkəməsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(004)-5041/2024 saylı qərardadı ilə razılaşaraq qeyd edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin sözügedən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5041/2024 saylı 20 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-6043/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6043/2024
22.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver