Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6044/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin məcburi qaydada satılaraq satışdan əldə edilmiş vəsaitin bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-1187/2020 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsindəki 28 saylı evin ümumi sahəsi 66,11 kv.metr olan 105 nömrəli mənzilinin satıcısı o, təyin edilməklə məcburi qaydada satılması və satışdan əldə ediləcək pul vəsaitinin mülkiyyətçisi kimi onun, cavabdeh olan oğlu Cavabdeh, qızları X2 və X1 arasında bərabər məbləğdə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-1187/2020 saylı qərardadı ilə mülki iş məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət, məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə təmin olunmayaraq, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə görə məhkəmə tərəfindən qanunsuz və əsassız qərardad qəbul edilmişdir. Mənzilin mülkiyyətçisi olsa da, cavabdeh, yəni oğlu həmin mənzildə qeydiyyatda olmaqla, mənzili satmağa razılıq vermir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən 8 saylı evin 105 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (146.1-ci maddə). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (146.2-ci maddə). Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə də qeyd olunanlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən 8 saylı evin 105 nömrəli mənzilinin yeganə mülkiyyətçisi olduğundan, həmin mənzilə dair sərbəst şəkildə öz istədiyi kimi sərəncam vermək hüququna malikdir və hazırki iddiaya məhkəmədə baxılmalı deyildir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və doğrudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Kollegiya qeyd edir ki, cavabdeh mənzilin satılmasına maneçilik törətdiyi təqdirdə, iddiaçı mülkiyyətçi olaraq cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi (işin müəyyən edilmiş halları nəzərə alınmaqla müvafiq kompensasiya verilməklə və ya verilməməklə) barədə iddia qaldıra bilər. Mülkiyyətçisi olduğu mənzilin satılması yalnız iddiaçının iradəsindən asılıdır və cavabdeh bu iradənin ziddinə hərəkət etmək imkanında deyildir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mülki iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1187/2020 saylı mülki iş üzrə xx xxxxxx 2020-ciil tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-6044/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6044/2020
27.07.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver