Məhkəmə qərarları › İş №2(103)-6044/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6044/2025

21.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6044/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh DİN-nin Mühafizə İdarəsinə qarşı iş üzrə (Açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv olunması, işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-3933/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 07.01.2008-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikası Cavabdehnə Yevla RMŞ MMC üzrə mühafizəçi vəzifəsişə işə qəbul edilmişdir.

2. Yevlax rayon Mühafizə Şöbəsinin rəisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xidməti xasiyyətnaməyə görə o, xidmət apardığı müddət ərzində özünü müsbət tərəflərdən göstərmişdir. İdarənin əmr və göstərişlərini mütəmadi olaraq öyrənir, peşə hazırlığı dərslərində fəal iştirak edir, vaxtlı-vaxtında xidmətqabağı təlimatlarda və xidmətin yekun təhlilində iştirak edir. Lakin mühafizəçi İddiaçı xidmətdən kənar vaxtlarda taksi fəliyyəti ilə məşğul olmuşdur. DİN-in mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. Qüvvədə intizam cəzası yoxdur.

3. Yevlax rayon Mühafizə Şöbəsinin ilk Həmkarlar Təşkilatının keçirdiyi iclasının xx.xx.2025-ci il tarixli 2 №-li protokolunda göstərilmişdir ki, xidməti intizamı pozduğuna görə mühafizəçi İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün BMİ-nin rəhbərliyi qarşısında vəsatət qaldırılması qərara alınmışdır.

4. “Mühafizə hissələrinin bir qrup əməkdaşı və mülki mühafizəçisinin intizam məsuliyyətinə cəlb edilmələri barədə” Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Xidməti yoxlamanın nəticəsinə dair TİŞ-in rəyinə əsasən xx.xx.2025-ci il tarixli əmrində göstərilmişdir ki, “....Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydalarfnın 2.1.1 və 2.1.11-ci bəndlərinin tələblərini pozaraq xidmətdən kənar vaxtlarda gəlir əldə etmək məqsədilə etibarnamə əsasında idarə etdiyi “VAZ 21070” markalı, Az **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olduğuna, bununla da DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə görə Yevlax Rayon Mühafizə Şöbəsinin mülki mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi hissənin Həmkarlar təşkilatının yığıncağının qərarı da nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunsun...”

5. Azərbaycan Respublikasının DİN-in Baş Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-17/Ə(ş/h)677/2025 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixli 3-13-17/Ə140/2025 nömrəli əmrinin və xx.xx.2025-ci il tarixli 3-13-17/(ş/h)677/2025 nömrəli əmrinin ləğv edilməsi və onun Yevlax Rayon Mühafizə Şöbəsinin mülki mühafizəçisi (fəhlə) vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının DİN-in Baş Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13- 17/(ş/h)677/2025 nömrəli əmrinə əsasən xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) Yevlax Rayon Mühafizə Şöbəsinin mülki mühafizəçisi (fəhlə) vəzifəsindən azad edilməsi əmr edilmişdir. Əsas: DİN-in Baş Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-17/Ə140/20 nömrəli əmridir. O, DİN-in Baş Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli 3- 17/Ə140/2025 nömrəli əmrini və Azərbaycan Respublikasının DİN-in Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli 3- 13-17/(ş/h)677/2025 nömrəli əmrini qanunsuz və əsassız hesab edir. Belə ki, o, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini həmişə layiqincə yerinə yetirmişdir. Heç bir pozuntuya və məsuliyyətsizliyə yol verməmişdir. O, yuxarıda qeyd etdiyi kimi, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulması ilə işdən çıxarılmışdır. Yuxarıda qeyd etdiyi kimi, onun işlədiyi müddətdə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmə halında heç bir nöqsanı olmamışdır. Eyni zamanda aşağıda göstərilən qanun normasında təsbit edilmiş yəni Əmək Məcəlləsinin 72- ci maddəsində göstərildiyi hallara (əmək vəzifələrinin kobud şəkildə pozulması hallarına) yol verməmişdir. O, tutduğu vəzifədən tamamilə səbəbsiz olaraq kənarlaşdırılmışdır.

8. Cavabdehin nümayəndəsi iddiaya qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı Baş Mühafizə İdarəsinin nüfuzuna xələl gətirən hərəkətə yol verərək xidmətdən kənar vaxtlarında gəlir əldə etmək məqsədilə etibarnamə əsasında idarə etdiyi "Vaz 2107” markalı, Az **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyət göstərdiyinə, bununla da "Azərbaycan Respublikası Daxlli İşlər Nazirliyinin Baş Muhafizə İdarəsinin mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları"nın 2.1.1 və 2.1.11-ci bəndlərinin tələblərini pozduğuna görə bağlanmış əmək müqaviləsi DİN-nin Birləşmiş Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunmuşdur. İddiaçı xidmətdə mənfi xarakterizə olunur. İddiaçı xidmətdə yol verdiyi nöqsanlar həmin hissənin yerli Həmkarlar Təşkilatının yığıncağında geniş müzakirə edilmiş və üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Baş İdarə rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. Həmçinin, iddiaçı Yevlax Rayon Mühafizə Şöbəsi tərəfindən müxtəlif vaxtlarda yəni xx.xx.2008-ci il tarixdə 42 saylı əmrlə geyim forması qaydalarını pozduğuna görə “töhmət”, xx.xx.2010-cu il tarixdə 42 saylı əmrlə geyim forması qaydalarını pozduğuna görə “töhmət”, xx.xx.2021-ci il tarixdə 136 saylı əmrlə xidməti postda sayıqlığını itirərək yatdığına görə "töhmət” və xx.xx.2023-cü il tarixdə 3-13-17- 50/Ə76/2023 saylı əmrlə xidməti postda sayıqlığını itirərək yatdığına görə "töhmət” verilmişdir. Göründüyü kimi, iddiaçı 4 dəfə intizam tənbehinə cəlb edilmiş, lakin bundan heç bir nəticə çıxarmamışdır.

9. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, DİN-in Baş Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-17/Ə140/2025 nömrəli əmrinin və Azərbaycan Respublikasının DİN-in Baş Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13- 17/(ş/h)677/2025 nömrəli əmrinin ləğv edilməsi və onun Yevlax Rayon Mühafizə Şöbəsinin mülki mühafizəçisi (fəhlə) vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi, xx.xx.2008-ci il tarixdə 42 saylı əmrlə geyim forması qaydalarını pozma səbəbilə verilmiş töhmətin ləğv edilməsi, xx.xx.2010-cu il tarixdə 42 saylı əmrlə geyim forması qaydalarını pozma səbəbilə verilmiş töhmətin ləğv edilməsi, xx.xx.2021-ci il tarixdə 136 saylı əmrlə xidməti postda sayıqlığın itirilməsi (yatdığına görə) verilmiş töhmətin ləğv edilməsi, xx.xx.2023-cü il tarixdə 3-13-17-50/Ə76/2023 saylı əmrlə xidməti postda sayıqlığını itirərək yatdığına görə verilmiş töhmətin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əmrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 3933/2025 nömrəli qətnaməsi ilə (hakim N.İ.Abbasov) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının DİN-in Baş Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13- 17/Ə(ş/h)677/2025 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Yevlax Rayon Mühafizə Şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçisi (fəhlə) vəzifəsinə bərpa edilməsi qət edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi səbəbi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) göstərilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, işçinin taksi fəaliyyəti ilə məşğul olması işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulması anlamına gəlmir. İşəgötürənin verdiyi əmr tam əsassız olmaqla ləğv edilməlidir.

14. “Azərbaycan Respublikası DİN-nin Müəssisədənkənar Mühafizə xidmətinin Əsasnaməsi”nin 13-cü bəndində mühafizə xidməti işçilərinin vəzifələri, hüquqları və məsuliyyəti müəyyən olunmuşdur. Bu bənddə iddiaçıya istinad olunan xəta – vəzifə pozuntusu və ya məsuliyyətə səbəb olan hal kimi nəzərdə tutulmamışdır.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 70 “ç”, 72, 71.2-3, 84-cü maddələrinə, “Polis haqqında” Qanunun 1-ci maddəsinə, “Dövlət qulluğu haqqında” Qanunun 2.4-cü maddəsinə, “Azərbaycan Respublikası DİN-nin Müəssisədənkənar Mühafizə xidmətinin Əsasnaməsi”nə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddiaya qarşı verilmiş etirazın məzmununa uyğun olmaqla əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, iddiaçının işdən azad olunması ilə bağlı qəbul edilən qərar özlüyündə əsaslı olsa da, birinci instansiya məhkəməsi tərəfindən çıxarılan nəticələr kifayət qədər yanlış olmaqla hüququn tətbiqi və bu qəbildən olan işlər üzrə mövcud olan praktikanın kobudcasına pozulması ilə çıxarılmışdır. Belə ki, İddiaçı müəssisə daxili inzitam qaydalarını tənzimləyən “Azərbaycan Respublikası Daxili Nazirliyinin Baş Mühafizə İdarəsinin mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları”nın 2.1.11 (xidmətin və başqa dövlət orqanlarının nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir) və 2.1.1-ci (insan hüquq və azadlıqlarına hörmətlə yanaşmalı, ümumi qəbul olunmuş əxlaq normalarını və etik davranış qaydalarını gözləməli, üzərinə düşən vəzifələri vicdanla yerinə yetirməlidir) bəndlərinin tələblərini kobud surətdə pozaraq DİN-nin Mühafizə xidmətinin nüfuzuna xələl gətirə biləcək hərəkətə yol vermişdir. Yevlax Rayon Mühafizə Şöbəsinin sabiq mülki mühafizəçisi İddiaçın xidmətdən kənar vaxtlarında gəlir əldə etmək məqsədilə etibarnamə əsasında idarə etdiyi "Vaz 2107” markalı, Az **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti göstərməsi DİN-nin Baş Mühafizə İdarəsinin hüquqlarına və qanunla qorunan mənafelərinə xələl gətirən hərəkətlərə yol verməsi ilə nəticələnmişdir. Məhkəmə tərəfindən işin araşdırılması zamanı həm qanunvericilik, həm də bu sahədə mövcud olan praktika nəzərə alınmamışdır. Bunun nəticəsində də işdəki halları və qanunvericiliyin mövqeyini özündə adekvat formada əks etdirməyən qətnamə qəbul olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin qətnamənin ləğv edilməsi ilə bağlı tələbi odur ki, xx.xx.2025-ci ildə intizam tənbehi verilib, 12 mayda isə şəxsiyyət üzrə əmr verilib. Əsas etik davranış qaydalarının yaradılmasının səbəbidir, Baş Mühafizə İdarəsinin əsas vəzifələrindən biri də obyektlərin etibarlı mühafizəsidir, inzibati xidmət ərazilərini mühafizə edirlər. Bununla bağlı istər polis əməkdaşları olsun, istərsə də mülki mühafizəçi olsun, digər işlərdə işləməyi tövsiyə etmirlər. Bunun da səbəbi odur ki, iddiaçı istirahət etməlidir ki, xidmətini düzgün yerinə yetirsin. Əgər istirahət verilirsə və şəxs onu səmərəli istifadə etmirsə, digər fəaliyyətlə məşğul olursa, onda öz fəaliyyəti artıq sual altına düşür. 12 mayda qəbul edilən əmr əmək müqaviləsinin ləğv edilməsi ilə bağlıdır. 10 may tarixli inzibati əmr odur ki, xidməti araşdırma gedir. İddiaçı ilə əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir. Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin dəyişdirilməsi ilə bağlı rəhbərliyin mövqeyi mənfidir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, o, 2 gün evdə olurdu, imkan yox idi deyə taksi fəaliyyəti ilə məşğul olurdu. Birinci instansiya məhkəməsində də bildirdi ki, cavabdehdən heç nə istəmir, sadəcə maddənin götürülməyini istəyir. Bir də 2008-ci ilin töhmətlərini yazıblar, onun üstündən gör neçə il keçib. Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə xitam verilməsini istəmir, nə də ki, cavabdeh təşkillardan əmək haqqı tələbi var. Həmin vaxtı çağırıb ona desəydilər ki, ərizəni yaz, öz ərizəsi ilə işdən çıxardı. Maddənin dəyişdirilməsini əsas iş tapmaq üçün istəyir, çünki evdə işləyən təkcə odur. Özü də kirayədə qalır, heç olmasa Yevlaxda özünə bir iş tapsın. Maddə var deyə onu işə götürmürlər. Hələ ki, taksi fəaliyyəti ilə məşğuldur.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 11.b. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Maddə 70.ç. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 186. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

22. Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-13/Q6/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları” Bənd 2.1. Mülki mühafizəçi xidmət vaxtı aşağıdakılara riayət etməlidir: 2.1.1. İnsan hüquq və azadlıqlarına hörmətlə yanaşmalı, ümumi qəbul olunmuş əxlaq normalarını və etik davranış qaydalarını gözləməli, üzərinə düşən vəzifələri vicdanla yerinə yetirməlidir; 2.1.11. Xidmətin və başqa dövlət orqanlarının nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir;

23. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnaməsi” Bənd 10-1. Daxili işlər orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrə işə götürülən mülki işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırki işdə iddia təmin edildiyindən, apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. İşdən görünür ki, Yevlax Rayon Mühafizə Şöbəsində mülki mühafizəçisi vəzifəsində xidmət aparan iddiaçı xidmətdən kənar vaxtlarda gəlir əldə etmək məqsədilə taksi fəaliyyəti ilə məşğul olduğuna görə cavabdehin xx.xx.2025-ci il tarixli, 3-13- 17/Ə(ş/h)677/2025 nömrəli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsi”nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

29. Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

30. İşdən görünür ki, cavabdehin mübahisələndirilən xx.xx.2025-ci il tarixli əmri həmin idarənin xx.xx.2025-ci il tarixli əmrinə əsaslanır, sonuncu əmrdə isə iddiaçı tərəfindən “Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları”nın 2.1.1 və 2.1.11-ci bəndlərinin pozulmasına istinad edilir.

31. Həmin bəndlərə əsasən iddiaçı insan hüquq və azadlıqlarına hörmətlə yanaşmalı, ümumi qəbul olunmuş əxlaq normalarını və etik davranış qaydalarını gözləməli, üzərinə düşən vəzifələri vicdanla yerinə yetirməli, xidmətin və başqa dövlət orqanlarının nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.

32. Lakin hazırki iş üzrə iddiaçı tərəfindən belə hərəkətlərin edilməsi, yəni xidmətdən kənar vaxtlarda gəlir əldə etmək məqsədilə taksi fəaliyyəti ilə məşğul olarkən hər hansı şəxsin hüquq və azadlıqlarını, ümumi qəbul olunmuş əxlaq normalarını və etik davranış qaydalarını pozması, xidmətin və başqa dövlət orqanlarının nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməsi müəyyən edilmir.

33. O da qeyd edilməlidir ki, Yevlax rayon Mühafizə Şöbəsinin rəisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xidməti xasiyyətnamədə iddiaçı müsbət xarakterizə olunmuş, yalnız yekunda iddiaçının xidmətdən kənar vaxtlarda taksi fəaliyyəti ilə məşğul olduğu vurğulanmışdır.

34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinə ərizə təqdim edərək cavabdehdən məcburi iş buraxma üçün əmək haqqı tələbinin olmadığını bildirdiyindən birinci instansiya məhkəməsi əmək qanunvericiliyin tələblərini rəhbər tutaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 3-13-17/Ə(ş/h)677/2025 nömrəli əmrinin ləğv edilməsi və iddiaçının əvvəlki vəzifəsinə işə bərpa edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

35. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-3933/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar