Məhkəmə qərarları › İş №2(103)-6045/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6045/2023

10.10.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6045/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Firmasına və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydalarının tətbiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Firmasına və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3585/2019 saylı, 10 iyul 2019-cu il tarixli qətnaməsindən cavabdeh "xxxx" Firması tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. "xxxx" Firmasına məxsus “Daewoo BS090” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobus xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır.

2. Cavabdeh1 fırmasında sürücü işləmiş Cavabdeh2 xx.xx.2018-ci il tarixdə təxminən saat 20:35 radələrində etibarnamə əsasında idarə etdiyi “Daewoo BS090” markalı, **-TH- *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Lökbatan-Xocasən yolunun 5-ci km-də Xocasən qəsəbəsindən Lökbatan qəsəbəsi istiqamətində yaşayış məntəqəsində hərəkətdə olarkən avtobusun ön tərəfi ilə onun hərəkətdə olduğu istiqamətdə yolun sağ kənarındakı ehtiyyat hissi ilə hərəkət edən piyada X2 vurmuş, nəticədə ehtiyatsızlıqdan sonuncunun ölümü, həmçinin Cavabdeh1 firmasına məxsus olan “Daewoo BS090” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı səmişin avtobusuna ümumilikdə 980 manat məbləğində ziyan vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş, piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət almış şəxsə yardım göstərmədən hadisə yerindən qaçmışdır.

3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2019-cu il tarixli, 1(002)-349/2019 nömrəli ittiham hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-cü və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əmələni törətməkdə təqsirli bilinmişdir.

4. "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkən X1 hüquqi varisi X5 hesabına 5000 manat məbləğində sığorta ödənişi köçürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" Sığorta Şirkəti ASC cavabdehlər "xxxx" Firmasına və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 5.000 manat məbləğində verilmiş sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Sığorta Şirkətində xx.xx.2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Daewoo BS090” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobus sığorta müddətində xx.xx.2018-cı il tarixdə Bakı şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində piyada X3 vurmuş, sonuncu hadisə yerində ölmüşdür. Qəbul olunmuş qərara əsasən Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra Cavabdeh2 hadisə yerindən yayınmışdır Zərərçəkənin ölümü ilə əlaqədar hüquqi varisinə 5.000 manat sığorta ödənişi verilmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3585/2019 nömrəli, 10 iyul 2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Firmasından 5.000 (beş min) manat məbləğində verilmiş sığorta ödənişinin əvəzinin və 30 (otuz) manat dövlət rüsumunun "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında araşdırılmış sübutlarla Cavabdeh2 tərəfindən işçisi olduğu, sərnişin daşıma fəaliyyəti ilə məşğul olan "xxxx" Firmasına məxsus, "xxxx" Sığorta Şirkətində xx.xx.2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Daewoo BS090” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusla xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi törədərək piyada X3 vurması, sonuncunun hadisə yerində ölməsi, hadisəni törətdikdən sonra Cavabdeh2 hadisə yerindən yayınması, iddiaçı tərəfindən zərər çəkənin hüquqi varisi X5 hesabına 5000 manat sığorta ödənişinin həyata keçirilməsi, bununla da, zərərin əvəzini tələb etmək hüququnun ödənilmiş sığorta ödənişi məbləğində iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-yə keçməsi müəyyən edilmişdir.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-3585/2019 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin Cavabdeh1 firmasına münasibətdə rədd olunmasını xahiş etmişdir.

10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş üçün əhəmiyyətli halları yetərincə araşdırmamış, firmanın üzərinə şirkət tərəfindən vurulmamış zərərin ödənilməsi öhdəliyini qoymuşdur. Delikt Cavabdeh2 Əliqulu oğlu tərəfindən törədilsə də məhkəmə iddianı həmin hissədə rədd etmiş, bütün məbləğin Cavabdeh1 firması tərəfindən ödənilməsi qənaətinə gəlmişdir. Həmçnin qeyd etmişdir ki, birinci instansiya məhkəməsində onların iştirakını təmin etməmişdir.

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 firması tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın ona münasibətdə təmin olunmuş hissəsində ləğv olunması və rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın Cavabdeh1 firmasına aid hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

17.936-cı maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

18. 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. 19.1099-cu maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 20.1114.1-ci maddəsinə müvafiq olaraq başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun

21.14.1.3-cü maddəsinə əsasən, şəxsin ölümü fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün hesab edilir. 22.25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır.

23. 53.1 və 53.2-ci maddələrinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. 24.63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərəalınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

27.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan qətnamənin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 28.Belə ki, yuxarıda sadalanan maddələrdən müəyyən edildiyi kimi zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 29.Subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. 30.İş materiallarından göründüyü kimi xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli olan avtomobilin sürücüsü Cavabdeh2 əmək müqaviləsinə əsasən sürücü vəzifəsində çalışmaqla digər cavabdehlə əmək münasibətlərində olmuşdur. "xxxx" Firmasına məxsus “Daewoo BS090” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobus xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalandığından Sığorta Şirkəti tərəfindən zərərçəkən üçüncü X1 hüquqi varisi X5 hesabına 5.000 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. 31.Yol-nəqliyyat hadisəsi törədildiyi zaman Cavabdeh2 Cavabdeh1 firması ilə əmək münasibətlərində olması, onun müvafiq hüquqi şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına şirkətin nəzarəti altında fəaliyyət göstərməli olan zaman qanunsuz əmələ təqsirli olaraq yol verməsi, habelə hadisə yerindən yayınması halları Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-cü və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2019-cu il tarixli, 1(002)-349/2019 nömrəli ittiham hökmü ilə müəyyən edilmişdir. Belə ki, həmin hökmlə müəyyən edilmiş bu faktlar hazırki mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırma predmeti ola bilməz. 32.Beləliklə Cavabdeh2 hadisə yerindən yayındığından sığorta ödənişi vermiş iddiaçının (sığortaçının) verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. İddiaçı tələbini Mülki Məcəllənin 1097 və 1099-cu maddələrinə əsasən yolnəqliyyat hadisəsini törətmiş sürücüyə, həmçinin onun əmək münasibətlərində olması səbəbindən, işəgötürən kimi "xxxx" Firmasına qarşı irəli sürmüşdür. Cavabdeh-apellyator isə apellyasiya şikayətində göstərmişdir ki, yol-nəqliyyat hadisəsinin baş verməsində sürücünün təqsirli olması müəyyən edildiyindən, o, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət nəticəsində mülki hüquq pozuntusu törətmiş şəxs olaraq mülki hüquq məsuliyyətinə cəlb edilməli, iddia şirkətə münasibətdə isə rədd edilməldir. 33.Mülki Məcəllənin mülki hüquq pozuntularına (delikt) aid maddələrinin məzmununa əsasən müəyyən edilir ki, zərərvuran şəxsin əmək münasibətlərində olması halında Mülki Məcəllənin 1099-cu maddəsi tətbiq edilməlidir. Mülki hüquq pozuntusu nəticəsində zərər ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə bağlı vurulmuş olsa belə, əgər zərərvuran əmək müqaviləsi əsasında və ya mülki hüquqi müqavilə üzrə hüquqi və ya fiziki şəxsin tapşırığı ilə fəaliyyət göstərirsə, bu zaman işəgötürən və ya tapşırığı verən məsuliyyət daşımalıdır. 34.Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. 35.Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 36.Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. 37.Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. 38.Beləliklə birinci instansiya məhkəməsi işəgötürən-"xxxx" Firmasına aid hissədə iddianı təmin etməklə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində həmin cavabdehə münasibətdə hər hansı pozuntuya yol verməmişdir. İddianın Cavabdeh2 münasibətdə təmin edilməməsi isə iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən mübahisələndirilməmişdir. 39.Həmçinin qeyd edilməlidir ki, "xxxx" Firmasının Cavabdeh2 vurduğu zərərin əvəzini sığorta şirkətinin xeyrinə tam icra etməsi nəticəsində Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, digər cavabdehə qarşı ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ əmələ gələcəkdir. 40.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3585/2019 nömrəli, 10 iyul 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 firması tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar