Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6047/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 Çərkəz oğlunun və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 11 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı 2003-cü ildən 20 sentyabr 2022-ci il tarixədək Bakı şəhəri, Nəsimi rayonu 96 saylı uşaq bağçasının müdiri vəzifəsində işləmişdir. İddiaçı ilə cavabdeh arasında müddətli əmək müqavilələri bağlanmış, 07 iyul 2022-ci il tarixdə K-660 saylı əmrlə əmək müqaviləsinin vaxtı 07 iyul 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək uzadılmışdır. 15 sentyabr 2022-ci il tarixdə iddiaçı Bakı şəhəri Baş Təhsil İdarəsində öz arzusu ilə işdən çıxma barədə ərizə təqdim etmişdir. 19 sentyabr 2022-ci il tarixdə iddiaçı təkrar ərizə ilə Bakı şəhər Baş Təhsil İdarəsinin müdirinə və AR Elm və Təhsil nazirinə müraciət edərək ilkin ərizəsinin etibarsız sayılmasını xahiş etmiş və işinə davam etmək istədiyini bildirmişdir. 20 sentyabr 2022-ci il tarixdə iddiaçının əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə görə öz ərizəsi əsasında xitam verilməsi barədə AR Elm və Təhsil Nazirinin K-1049 və Bakı şəhəri Baş Təhsil İdarəsinin 27 sentyabr 2022-ci il tarixli K-1275 saylı əmrlər imzalanmışdır. İddiaçı göstərilən əmrlərin ləğv edilməsi, işə bərpa və buraxılmış müddət üçün əmək haqqının ödənilməsi tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, mülki işə baxılmağa hazırlıq müddətində AR Elm və Təhsil Nazirliyinin 30 dekabr 2022-ci il tarixli, K- 1560 saylı Əmrinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə 20 sentabr 2022-c il tarixli, K-1049 saylı Əmr ləğv edilmiş və o, Bakı şəhəri 96 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə bərpa edilmiş, əmrdən irəli gələn zəruri tədbirlərin görülməsi insan resursları şöbəsinə və Bakı şəhər Baş Təhsil İdarəsinə tapşırılmışdır. Daha sonra AR Elm və Təhsil Nazirliyinin 11 yanvar 2023-cü il tarixli 96 saylı əmri ilə iddiaçının əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müddətin başa çatması) əsası ilə xitam verilmişdir.
a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 yanvar 2023-cü il tarixli K-96 saylı əmr ləğv olunmaqla vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, habelə qanunsuz işdən azad edilmə ilə əlaqədar çəkdiyi xərclərin ödənilməsi, mənəvi ziyana görə 50 min manat məbləğində kompensasiya ödənilməsi barədə qətnamə, Bakı şəhər Baş Təhsil İdarəsinin müdiri M.Vəliyeva və Təhsil Nazirliyi əməkdaşları R.İbrahimov və A.Rəhimovun qanunsuz hərəkətləri barəsində Xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 sentyabr 2022-ci il tarixdə Bakı şəhər Baş Təhsil İdarəsinə çağırılmış, özlərini daxili nəzarət sektorunun əməkdaşları kimi təqdim etmiş Aydın Rəhimov və Elman İbrahimov adlı şəxslər tərəfindən barəsində rüşvət görüntüləri olması, görüntülərin sosial media vasitəsilə yaydırılacağı, üzünə adam qoyulacağı, xidməti fəaliyyətinin yoxlatdırılacağı, ləkələyici məlumatlarla işdən azad olunacağı ilə hədələnmiş, şantajla təhdid edilməklə öz iradəsi əleyhinə 20 sentyabr 2022ci il tarixdə işdən azad edilməsi barədə Təhsil Nazirinin adına ərizə yazmağa məcbur edilmişdir. O, dərin stress və psixoloji təzyiq altında öz iradəsi əleyhinə işdən azad edilməsi barədə ərizə yazaraq E.İbrahimova təqdim etmiş, daha sonra təhdid və hədəqorxu altında işdən azad edilməsi haqda ərizə yazmağa məcbur edilməsi haqda məlumat vermək üçün Bakı şəhər Baş Təhsil İdarəsinin müdiri M.Vəliyevanın qəbuluna düşmək istəsə də, sonuncu onu qəbul etməkdən imtina etmişdir. Məlum olmuşdur ki, bu hədə qorxu və şantajla Təhsil Nazirinin adına işdən azad edilməyə razılıq vermə tələbinin sifarişçisi M.Vəliyevadır. İlkin ərizəsinin etibarsız sayılması barədə ərizə vermiş, bu ərizə Bakı şəhər Baş Təhsil İdarəsində qeydiyyata alınmış, lakin Elm və Təhsil Nazirliyinə göndərilməmiş və əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalanmışdır. Elm və Təhsil Nazirinin 30 dekabr 2022-ci il tarixli K-1560 saylı əmrinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqda xx.xx.2022-ci il tarixli K1049 saylı əmr ləğv edilmiş, o, Bakı şəhəri 96 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə bərpa edilmiş, lakin əmr icra olunmamışdır. Məlum olmuşdur ki, Bakı şəhər Baş Təhsil İdarəsinin müdiri M.Vəliyeva 96 saylı bağçaya müdir vəzifəsinə öz yaxın adamını təyin etmək istədiyi üçün işə bərpa haqda Təhsil Nazirinin əmrini icra etmədən onun əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi haqda Elm və Təhsil Nazirliyinə təqdimat vermiş, Elm və Təhsil Nazirinin müavini F.Qurbanov tərəfindən 11 yanvar 2023cü il tarixdə əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi haqda Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmr verilmişdir. Hətta həmin əmr barədə 28 yanvar tarixinədək ona məlumat verilməmişdir. Hesab edir ki, işə bərpa barədə həmin əmr icra edilmədən 10 gündən sonra Nazir müavininin əmri ilə işdən azad edilə bilməzdi. O, 38 illik pedaqoji staja malik, son 20 il ərzində isə 96 saylı bağçanın müdiri vəzifəsində peşəkarcasına qüsursuz işləmiş, heç vaxt intizam məsuliyyətinə cəlb edilməmiş, əksinə, dəfələrlə mükafatlandırılmışdır. Qanunsuz olaraq işdən azad edilməsi Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli əmri ilə etiraf olunmuşdur.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1532/2023 saylı, 03 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Əfəndizadə) iddia qismən təmin edilərək, İddiaçı əmək müqaviləsinin müddətinin başa çatması əsasına görə işdən azad edilməsinə dair Azırbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 11 yanvar 2023-cü il tarixli, K-96 saylı əmrinin ləğv edilməsi, İddiaçı Bakı şəhəri Nəsimi rayonu 96 saylı uşaq bağçasının müdiri vəzifəsinə bərpa edilməsi, 11 yanvar 2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43, 45, 46-cı maddəsinin 6-cı hissəsi, 49-cu maddəsinin 1-ci hissəsi, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi, 73-cü maddəsinin 1-ci hissəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hesab etmişdir ki, müddətli müqaviləyə ən geci 9 yanvar tarixində xitam verilə bilərdi. Lakin, işəgötürən xx.xx.2023-c il tarixli əmrlə müqaviləyə xitam vermişdir. Məhkəmə onu nəzərə almamışdır ki, həmin dövrdə işçi faktiki olaraq əmək funksiyasını yerinə yetirməmiş və işəgötürənlə hər hansı əmək münasibətləri mövcud olmamışdır. İşə baxan məhkəmə bu halı nəzərə almamışdır. ETN-nin qeyd edilən əmrində nazirliyin xx.xx.2022-ci il tarixli, K-1049 saylı əmri ləğv edilmiş, yeni əmək müqaviləsinin bağlanması nəzərdə tutulmamışdır. Belə ki, tərəflər arasında mövcud olan müqavilənin müddəti xx.xx.2022-ci il tarixinədək müəyyən edildiyindən, tərəflər arasında yeni əmək müqaviləsinin bağlanmasına zərurət qalmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
10. İddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
11. Maddə 43, 2-ci hissə, “d” bəndi. Əmək müqaviləsinin müddəti əmək müqaviləsində mütləq göstərilməlidir.
12. Maddə 45, 1-ci hissə. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
13. Maddə 46, 6-cı hissə. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.
14. Maddə 49, 1-ci hissə. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
15. Maddə 68, 2-ci hissə, “b” bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.
16. Maddə 73, 1-ci hissə. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
17. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
22. İşin müəyyən edilmiş mübahisəsiz hallarından göründüyü kimi, xx.xx.2020-ci ildə iddiaçının 65 yaşı tamam olduğundan onunla bağlanmış əmək müqaviləsinin müddəti əvvəlcə 1 il, 2021-ci ildə isə daha 1 il müddətinə uzadılmışdır. Eyni zamanda məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra X2 xx.xx.2022-ci il tarixli, K-660 nömrəli əmri ilə müqavilənin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Müqavilə müddəti bitdikdən sonra Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçı ilə əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müddətin başa çatması) xitam verilmişdir. Əmr nazir səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Firudin Qurbanov tərəfindən imzalanmışdır.
23. İddiaçının tələbi 11 yanvar 2023-cü il tarixli K-96 saylı əmr ləğv olunmaqla vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi və s. barədədir.
24. Birinci instansiya məhkəməsi iddianı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində əsaslı sayaraq təmin etmiş və bu zaman aşağıdakıları nəzərə almışdır.
25. Məhkəmənin qənaətinə görə müqavilə müddəti bitdikdən sonrakı bir həftə ərzində işəgötürən tərəfindən müqaviləyə xitam verilməsi ilə bağlı iradə ifadəsi bildirilmədiyindən, eyni zamanda, əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə yerləşdirilmədiyindən əmək müqaviləsinə xitam verilməsi barədə əmr hüquqi qüvvəyə minməmiş, əmək münasibətləri davam etdirilmişdir. Bununla da, tərəflər arasında bağlanmış əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunmuşdur. Belə olan vəziyyətdə isə həmin müqavilənin qüvvədə olduğu müddətdə cavabdeh tərəfindən əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilməsi qanunsuz olmuşdur. Məhkəmə həmçinin işin araşdırılan hallarına əsaslanaraq qeyd etmişdir ki, iddiaçının işə bərpa edilməsinə dair AR Elm və Təhsil Nazirliyinin 30 dekabr 2022-ci il tarixli, K-1560 saylı Əmrinin mövcud olmasına baxmayaraq, həmin əmr icra olunmamış, iddiaçı faktiki olaraq öz vəzifələrinin icrasına buraxılmamış, məcburi işburaxma dövrü üçün ödənilməli olan əmək haqqı məbləği ona ödənilməmişdir. Halbuki, əmrin özündə bu məsələlər öz əksini tapmış, məhz adıçəkilən əmrin qəbul edilməsi, iddiaçının işdən çıxarılma barədə ilkin əmrin ləğv edilməsi onun iddia ərizəsini geri götürməsinə səbəb olmuşdur. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
27. Beləliklə, məhkəmə hesab etmişdir ki, Elm və Təhsil Nazirliyi ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, K-96 saylı əmr qanuni sayıla bilməz və buna görə də həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. İddia tələbi əmrin ləğv edilməsi və işə bərpa hissəsində əsaslı sayıldığından iddia tələbi məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir.
28. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
30. Apellyasiya şikayətinin dəlillərinə görə əmək müqaviləsinin müddəti bitdikdən sonra iddiaçı faktiki olaraq əmək funksiyasını yerinə yetirməmiş və işəgötürənlə hər hansı əmək münasibətləri mövcud olmamışdır. Məhkəmə işə baxarkən bu halı, eləcə də Nazirin xx.xx.2022-ci il tarixli əmrində yeni əmək müqaviləsinin bağlanmasının nəzərdə tutulmadığını nəzərə almamışdır. Tərəflər arasında mövcud olan müqavilənin müddəti xx.xx.2022-ci il tarixinədək müəyyən edildiyindən, tərəflər arasında yeni əmək müqaviləsinin bağlanmasına zərurət qalmamışdır.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə ilk növbədə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitdiyi günə aydınlıq gətirilməsini zəruri hesab edir.
32. X2 xx.xx.2022-ci il tarixli, K-660 nömrəli əmrinin məzmunundan göründüyü kimi əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Bu isə o deməkdir ki, müqavilə müddətinin sonu xx.xx.2022-ci il qəbul edilməlidir. xx.xx.2022-ci il iş günü olmuş, ondan sonra gələn xx.xx.2022-ci il tarixi və 2024-cü ilin 1-4 yanvar tarixləri qeyri-iş günlərinə təsadüf etmişdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, işəgötürən Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələbinə müvafiq olaraq xx.xx.2022-ci il tarixdən başlamaqla müddət bitdikdən sonrakı bir həftə ərzində müqaviləyə xitam verilməsinə öz münasibətini bildirməli idi. Həmin normaya görə tərəflərdən heç biri bu bir həftə ərzində müqaviləyə xitam verilməsini tələb etmirsə, əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
34. Əmək Məcəlləsinin 8-ci maddəsinin 3-cü hissəsinin tələbinə görə illərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir.
35. Məhkəmə kollegiyası Əmək Məcəlləsinin 8-ci maddəsinin 3-cü hissəsini hazırkı mübahisəyə tətbiq edərək qeyd edir ki, həmin Məcəllənin 73-cü maddəsi ilə müəyyən edilmiş bir həftəlik müddətə xx.xx.2022-ci ildən başlamaqla xx.xx.2023-cü ilə qədər davam edən qeyri-iş günləri də daxildir. Qeyri-iş günlərindən sonrakı ilk iş günü isə xx.xx.2023-cü ilə təsadüf edir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə nə xx.xx.2023-cü ildə, nə də həftəlik müddətin davam etdiyi sonrakı iş günlərində deyil, həmin müddət keçdikdən bir neçə gün sonra xx.xx.2023-cü il tarixdə xitam vermişdir ki, bu da Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbinə ziddir.
36. Əmək müqaviləsinin müddəti bitdikdən sonra iddiaçının əmək funksiyasını faktiki olaraq yerinə yetirməməsinə və işəgötürənlə hər hansı əmək münasibətində olmamasına gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən xx.xx.2022-ci il tarixli əmrlə iddiaçını əvvəlki vəzifəsinə bərpa etməklə əslində onunla əmək münasibətlərini davam etdirməkdə maraqlı olduğunu nümayiş etdirmişdir. Bu hal əmrin özünün məzmunundan da aydın görünür. Belə ki, əmrdə iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi Nazirliyin İnsan resursları şöbəsinə və Bakı şəhəri üzrə Təhsil idarəsinə tapşırılmışdır. Lakin işdən göründüyü kimi, həmin əmr verildikdən sonra işəgötürənin üzərinə müvafiq vəzifə qoyulmuş qurumları tərəfindən iddiaçının əmək fəaliyyətini davam etdirməsinə hər hansı şərait yaradılmamışdır. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Digər tərəfdən, xx.xx.2023-cü il tarixli əmrə əsasən iddiaçı ilə əmək müqaviləsinə əmək funksiyalarının, vəzifə öhdəliklərinin yerinə yetirilməməsi, kobud şəkildə pozulması əsası ilə deyil, müqavilə müddətinin bitməsi əsası ilə xitam verilmişdir.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmamış, Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozulmuşdur.
38. Məhkəmə kollegiyası işin müəyyən edilən bu faktiki hallarını nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 03 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.