Məhkəmə qərarları › İş №2(103)-6048/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6048/2020

16.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6048/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh12, Cavabdeh11, Cavabdeh6 Adil oğlunun iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 1467/20 saylı qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh12 və qeyrilərinə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müracət edərək cavabehlərin Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, 89/1 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev, iş N 2(004)-1467/20) iddia qismən təmin olunaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 Adil oğlunun, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, 89/1 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. İddiaçı iddianın təmin olunmayan hissəsindən narazı qalaraq apelyasiya şikayəti vermiş və şikayətində qətnamənin qismən ləğv olunmasını, cavabdehlər Cavabdeh12, Cavabdeh11, Cavabdeh5, Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, 89/1 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yasamal rayonu, 2-ci Alatava, 89/1 ünvanında yerləşən fərdi yaşayış evi 1991-ci ildən onun tam mülkiyyətindədir. O, hazırda həmin evi özgəninkiləşdirmək istəsə də, orada qeydiyyatda olan cavabdehlər yazılı razılıq vermədiklərindən bu hüququndan istifadə edə bilmir. Cavabdehlər bu hərəkətləri ilə onun Konstitusiyada təsbit olunmuş mülkiyyət hüquqlarını həyata keçirməsinə maneçilik törədirlər. Halbuki, cavabdehlər onun mülkiyyətində olan evdə formal olaraq qeydiyyatda olsalar da, faktiki olaraq həmin ünvanda yaşamırlar. İddiaçı qeyd olunanları nəzərə alaraq cavabdehlərin mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehlərdən Cavabdeh12 və Cavabdeh11 iddianı qəbul etməmiş və mübahisəli evdə yaşadıqlarını, başqa yaşayış yerlərinin olmadığını bildirmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması, iddiaçının mülkiyyət hüququnun pozulması ilə əsaslandırılmışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh12 və Cavabdeh11 apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Digər Cavabdeh6 Adil oğlu apelyasiya şikayətinin əsaslı olduğunu bildirərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 Adil oğluna, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 aid hissədə təmin olunmuş, digər cavabdehlər Cavabdeh12, Cavabdeh11, Cavabdeh5 və Cavabdeh1 aid hissədə isə rədd edilmişdir. İddianın təmin olunan hissəsindən işdə iştirak edən şəxslər tərəfindən apelyasiya şikayəti verilməmişdir. İddiaçı qətnaməni yalnız iddianın rədd olunan hissəsində apelyasiya qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız iddianın rədd edilən hissəsində iddiaçının apelyasiya şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh11 aid hissədə ləğv edilməli, ona qarşı iddia tələbi qismən təmin olunmalı, qətnamənin mübahisələndirilən qalan hissəsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə aır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, 89/1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir və onun həmin ev üzərində mülkiyyət hüququ xx.xx.1991-ci ildə qeydiyyata alınmışdır. Cavabdehlərdən Cavabdeh12 iddiaçının oğlu, Cavabdeh11 gəlini, 2007-ci il təvəllüdlü Orxan və 2009-cu il təvəllüdlü Cavabdeh1lar isə nəvələridir. İşin 51-ci vərəqində olan nikah şəhadətnaməsinə əsasən Cavabdeh12la Cavabdeh11 nikahı xx.xx.2019-cu il tarixdə Yasamal rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi xx.xx.2020-ci il tarixli Forma 2 arayışına əsasən Cavabdeh12 mübahisəli evə 2002-ci ildə, Cavabdeh11 2010-cu ildə, onların övladlarından Orxan 2007-ci ildə və Ayxan 2009-cu ildə pasport qeydiyyatına alınmışlar. Birinci instansiya məhkəməsi bu cavabdehlərə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbini rədd edərkən aşağıdakıları nəzərə almışdır. Birinci instansiya məhkəməsi ilk növbədə MPM-nin 217.2-ci maddəsini rəhbər tutaraq xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü və hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci, eləcə də Mülki Məcəllənin 228.1, 228.2, 228.5-ci maddələrinə istinad etmişdir. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Birinci instansiya məhkəməsi işin faktiki hallarına hüquqi qiymət verərək bu qənaətə gəlmişdir ki, cavabdehlər Cavabdeh12 və Cavabdeh11, onların yetkinlik yaşına çatmayan övladları - xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh5 və xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh1 mübahisəli evin yaşayış sahəsindən istifadə hüququna malik olan şəxslərdir. Onlar, həmin mənzildə mülkiyyətçinin razılığı ilə ailə üzvü kimi bu günə kimi uzun müddət yaşamaqla Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri qaydasında həmin hüququ əldə etmişlər və onların mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarına yalnız mülkiyyətçi tərəfindən müvafiq kompensasiya verilməklə xitam verilə biləcəyinə görə iddia tələbi həmin cavabdehlərə münasibətdə təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni əsaslandırarkən yuxarıda qeyd olunan maddi hüquq normaları ilə yanaşı Azərbaycan Respublikası Konstitusiyasının 43cü maddəsinin İ hissəsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 2-ci, 9-cu maddələrinə də istinad etmişdir. İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığına, onun mülkiyyət hüququnun pozulduğuna istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apelyasiya qaydasında mübahisələndirilən hissədə Cavabdeh12 və onun yetkinlik yaşına çatmamış iki övladına – Orxan və Cavabdeh1lara münasibətdə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin həmin cavabdehlərə aid hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə Cavabdeh12 və onun yetkinlik yaşına çatmamış iki övladına – Orxan və Cavabdeh1lara aid hissədə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti həmin hissədə təmin edilməməlidir. İddiaçı Cavabdeh12 və onun yetkinlik yaşına çatmayan övladlarının mübahisəli evdə yaşamadıqlarını, başqa yerdə yaşadıqlarını göstərsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, həmin cavabdehlər mübahisəli evdə yaşamaqla həmin yaşayış sahəsindən istifadə hüququna malik olan şəxslərdir və onların başqa yaşayış sahələri yoxdur. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni Cavabdeh11 aid hissədə düzgün həll etməmiş, həmin hissə üzrə işin müəyyən edilmiş hallarından düzgün nəticəyə gəlməmiş və nəticədə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh11 mülkiyyətçinin ailə üzvü olmadığından və mülkiyyətçi ilə Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan qaydada yazılı razılaşma (kontrakt) bağlamadığından onun mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Mülki Məcəllənin 228.2 və 228.5-ci maddələrinin məzmunundan göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas verən yazılı razılaşma dedikdə iki tərəf arasında bağlanan, notariat qaydasında təsdiq edilən və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan əqd başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində işlədilən “mülkiyyətçinin razılığı” dedikdə qanunverici məhz bu cür bağlanmış yazılı razılaşmanı nəzərdə tutur ki, Cavabdeh11 ilə də belə bir razılaşmanın bağlanması müəyyən edilmədi. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx xxx 2008-ci il tarixli qərar qəbul etmişdir. Plenum həmin qərarda özünün bu xarakterli mübahisələr üzrə daha əvvəllər formalaşdırdığı hüquqi mövqelərinə də istinad etmişdir. Plenum Mülki Məcəllənin 228.5-ci maddəsində «mülkiyyətçinin razılığı» müddəasını məhz digər ailə üzvlərinə münasibətdə şərh edərək qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Bu müddəa Mülki Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti Cavabdeh11 aid hissədə qismən əsaslıdır və ona görə qətnamə həmin hissədə ləğv olunmaqla iddia tələbi qismən təmin olunmalı, Cavabdeh11 mübahisəli yaşayış sahəsindən istifadə hüququnun olmadığı müəyyən edilməlidir. Belə ki, Cavabdeh11 mübahisəli evdən istifadə hüququ yaranmadığından məhkəmə kollegiyası olmayan hüquqa xitam verilməsini qanuni məqsədlərə uyğun saymır və bu səbəbdən yalnız müəyyən edilən faktı – istifadə hüququnun olmadığını qeyd etməklə kifayətlənir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh11 yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinin rədd olunması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin olunsun. Cavabdeh11 Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, 89/1 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququnun olmadığı müəyyən edilsin. Qətnamə apelyasiya qaydasında mübahisələndirilən digər hissədə həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar