Məhkəmə qərarları › İş №2(103)-605/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-605/2021

27.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-605/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlunda ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X7, X5, X2, Cavabdeh2, X1 və X4 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 12 iyun 2020-ci il tarixli qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə verdikləri apellyasiya şikayətinə əsasən işə, apellyatorların iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Ağdam rayonundan məcburi köçkün olan cavabdehlərin ona məxsus və ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 131,3 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olması “Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş” QYM seriyalı, 002945 saylı, 14.06.2005-ci il tarixli “Qeydiyyat vəsiqəsi” ilə təsdiq edilir. Buna baxmayaraq cavabdehlər həmin sahəni zəbt etmişlər. İddiaçı sahənin boşaldılmasını cavabdehlərdən dəfələrlə tələb etsə də, cavabdehlər qanunsuz hərəkətlərinə davam edirlər. Cavabdehlər tərəfindən iddiaya qarşı verilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və onun ailə üzvləri, Cavabdeh1 və onun ailə üzvləri yaşadıqları Ağdam rayonunu, erməni işğalı nəticəsində, 1993-cü ildə məcburi olaraq tərk etmiş və Bakı şəhərinə köçərək iddia ərizəsində qeyd edilən qeyri-yaşayış sahəsində məskunlaşmış və o vaxtdan etibarən həmin sahədə yaşayırlar. Həmin sahə məhz onlar tərəfindən yaşayış üçün yaralı vəziyyətə salınmış, abadlaşdırılmışdır. Onlar orada yaşayayaşaya iddiaçı sahəni qanunsuz olaraq və saxta yolla özəlləşdirmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 12.06.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi işin hallarını araşdırmamışdır. Belə ki, həmin ünvan qeyri-yaşayış sahəsi deyil, yaşayış evidir və cavabdehlər 1993-cü ildən etibarən həmin ünvanda məcburi köçkün kimi yaşayırlar. Onların yaşadığı sahənin onların xəbəri olmadan iddiaçı tərəfindən özəlləşdirilməsi qeyriqanunidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətin əsaslarına uyğun izahat verdilər. İş üzrə digər cavabdehlər, iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş sənədlərdən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 21.05.2005-ci il tarixdə "xxxx" MMC-nin adına ilkin qeydiyyata alınmışdır. Ümumi sahəsi 131,3 kv.m, əsas sahəsi 94,3 kv.m, yardımçı sahəsi 36,5 kv.m olan həmin qeyri-yaşayış sahəsi 21 saylı DNK-nın 4ə/1-78 reyestr nömrəli, 26.05.2005-ci il tarixli "xxxx" əsasən MMC tərəfindən İddiaçı satılmışdır və hazırda da sonuncunun mülkiyyətindədir. QYM seriyalı, 002945 saylı, 14.06.2005-ci il tarixli “Qeydiyyat vəsiqəsindən” görünür ki, mübahisəli sahə xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi “Daşınmaz əmlakın dövlət reyestrində” iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdehlərin dəlili ondan ibarətdir ki, iddiaçının adına verilmiş qeydiyyat vəsiqəsi etibarsızdır. Belə ki, cavabdehlər həmin yaşayış sahəsində uzun müddətdir ki, yaşayırlar. Onların məlumatı olmadan iddiaçının adına qeydiyyat vəsiqəsinin verilməsi əsassızdır. Məhkəmə bildirir ki, hazırki işin apellyasiya icraatı zamanı cavabdehlər mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətində olmasına dair verilmiş “Qeydiyyat vəsiqəsinin etibarsız sayılması barədə” Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi vermiş və həmin məhkəmənin 12.10.2020-ci il tarixli qətnaməsi (İş № 2(005)- 3125/2020) ilə iddia rədd edilmişdir. Nərimanov Rayon Məhkəməsinin həmin qətnaməsindən hazırki iş üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 12.03.2021-ci il tarixli qətnamə ilə (İş № 2(103)-2790/2021) apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin 12.10.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Qeyd edilən məhkəmə aktları qanuni qüvvəsini almışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə, cavabdehlərin yuxarıda göstərilən dəlilinin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq olunmadığını nəzərə alaraq hesab edir ki, dəlil əsassızıdır. Bu baxımdan qəbul edilməlidir ki, mübahisəli sahənin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halını təşkil edir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İşin mübahisəsiz olan digər halı ondan ibarətdir ki, Ağdam rayonundan məcburi köçkün olan cavabdehlər mübahisəli sahədə yaşayırlar. Onların orada məskunlaşmasına nə əvvəlki, nə hazırki mülkiyyətçi (iddiaçı) razılıq verməmişlər. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasına görə, mülkiyyət toxunulmazdır (maddə 13.). Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (maddə 29.). Mülki Məcəllənin 152-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, milli qanunlarla yanaşı beynəlxalq qanunveriliciyədə nəzər salındıqda müəyyən edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Qeyd olunan maddi hüquq normalarının tələblərinin hazırki işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, mübahisəli yaşayış sahəsi üzərində mülkiyyət hüququ iddiaçıya məxsusdur. Cavabdehlərin iddiaçıya məxsus yaşayış sahəsindən onun iradəsinə zidd istifadə etməsi iddiaçının mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı qanunvercilik normalarının tələblərini pozur. Buna görə də cavabdehlər həmin sahədən çıxarılmalıdırlar. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 iyun 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar