Məhkəmə qərarları › İş №2(103)-6051/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6051/2020

20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6051/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair vəsatətin rədd olunması barədə qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə əsas borc üzrə 2 000 000 manat, borcun gecikdirilməsinə görə illik 21%-lə hesablanmış faiz borcu üzrə 1092 000 manat olmaqla, cəmi 3 092 000 manat məbləğində pul vəsaitinin və dövlət rüsumunun əvəzi kimi 30 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 vəsatətlə məhkəməyə müraciət edərək mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, o, rəsmi olaraq Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 5, mənzil 18 ünvanında qeydiyyatdadır və həmin ünvanda da yaşayır. Prosessual qanunvericiliyin tələbinə əsasən cavabdeh olaraq ona qarşı iddia Bakı şəhəri Nizami Rayon Məhkəməsinin yurisdiksiyasına aiddir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli qərardadı ilə (hakim A.Həsənova, iş N 2(011)-2218/20) mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət təmin olunmamışdır. Cavabdeh S.Ağayev həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, onlar heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qərardadından yalnız Cavabdeh2 şikayət vermişdir. Digər cavabdeh qərardadı apelyasiya qaydasında mübahisələndirməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qərardadın qanuniliyini və əsaslılığını yalnız Cavabdeh2 şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi Cavabdeh1 ünvan 1 mənzil 74 ünvanında, digər Cavabdeh2 isə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 5, mənzil 18 ünvanında qeydiyyatda olduğunu müəyyən edərək bu qənaətə gəlmişdir ki, iddia ərizəsi cavabdehlərdən birinin qeydə alındığı yer üzrə Xətai Rayon Məhkəməsinə düzgün verilmişdir və ona görə işə aidiyyəti üzrə Xətai Rayon Məhkəməsində baxılmalı, Cavabdeh2 vəsatəti təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 35.1, 36.2-ci maddələri ilə əsaslandırmışdır. MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə cavabdehlərdən biri Bakı şəhəri Xətai rayonu ərazisində qeydiyyatda olduğundan birinci instansiya məhkəməsi tərəfindən aidiyyət qaydaları pozulmamışdır və ona görə də məhkəmə Cavabdeh2 bununla bağlı vəsatətini rədd etməkdə haqlı olmuşdur. Cavabdeh2 şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qərardad həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 22 may 2020-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar