Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6054/2024 25.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (bundan sonra - birinci instansiya məhkəməsi) müraciət edərək, kommunal ödənişlərin icra edilməməsi nəticəsində yaranmış, ümumilikdə 7485 manat məbləğində borcun, habelə dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İdda tələbi belə əsaslandırılmışdır ki, 2011-ci ilin yanvar ayından etibarən “ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasında sakinlər məskunlaşmışdır. Həmin dövrdən ümumi yığıncağın qərarına əsasən binada yaşayan sakinlərdən kommunal xidmət haqları yığılır. Belə ki, sözügedən binanın C blokunda sahəsi 131 kv.m-dən ibarət 86 saylı mənzilin və sahəsi 113 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin sahibi Cavabdeh kommunal xidmətlərə görə ödənişləri vaxtı-vaxtında ödəmir. Demək olar ki, istifadəsində olan sahəsi 113 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə görə 2011-ci ildən hazırki günə qədər kommunal ödəniş ödəməmişdir. Həmin sahəni də mənzil kimi istifadə edir. Dəfələrlə rəsmi müraciət etmələrinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələrlə ödənişlərdən boyun qaçırmışdır. Hətta məsələ ilə əlaqədar bir dəfə məhkəməyə də müraciət olunaraq, iddia təmin edilmiş və məhkəmə qərarına əsasən məcburi kommunal borcunu ödəmişdir. Yenə hazırda cavabdehin kommunal borcu yaranmışdır. Hazırda cavabdehin, sahəsi 113 kv.mdən ibarət qeyri-yaşayış sahəsinə görə 4000 manat və sahəsi 131 kv.m-dən ibarət mənzilinə görə 3485 manat kommunal borcu yaranmışdır. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdarlıq etmələrinə baxmayaraq, cavabdeh kommunal ödənişlərin ödənilməsində qərəzli olaraq problemlər yaratmışdır. Birinci instansiya məhkəməsi 19 iyul 2024-cü il tarixli qərardad (2(005)-3021/24 nömrəli mülki iş üzrə, hakim Tağıyeva Nərgiz) qəbul edərək mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, "xxxx" MMC-nin Cavabdeh qarşı kommunal borcun tutulması və sair tələbinə dair mübahisəyə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyildir və eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçı həmin qərardaddan şikayət verərək, onun ləğv, iddia tələbinin isə təmin olunması barədə çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi kommunal ödənişlər ilə əlaqədar tələb olunan hazırkı məbləğin digər məhkəmələrdə tələb olunan məbləğdən fərqli olmasına əhəmiyyət verməmişdir. Məhkəmədə iş üçün mühüm əhəmiyyət kəsb edən sübutlar obyektiv araşdırılmamışdır. Belə olan halda, qərardad ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi ilə bağlı mövqeyi əsaslı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı "xxxx" MTK cavabdehlər X10, X11, X7 və Cavabdeh qarşı kommunal borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok D, mənzil 56-da yaşayan X1 olan 540 manat borcunun, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok A, mənzil 8-də yaşayan X2 olan 2288 manat borcunun, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok B2, mənzil 9-da yaşayan Məmmədova Lalənin kooperativə olan 3540 manat borcunun, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok C, mənzil 86-da yaşayan Cavabdeh kooperativə olan 5139 manat borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4156/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə qismən ləğv edilmiş, iddianın həmin hissədə qismən təmin edilməsi və Cavabdeh 1500 manat pulun iddiaçı "xxxx" MTK-nın xeyrinə tutulması qət edilmişdir; - Sonradan iddiaçı "xxxx" MMC yenidən Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzilin və 113 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin kommunal xidmətlərinə görə 7371 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-522/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə Cavabdeh ünvan 3 ünvanı üzrə xx.xx.2021-ci il tarixədək yaranmış kommunal borcun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması hissəsində icraata, eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnamə mövcud olduğundan xitam verilmişdir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-522/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kommunal ödəniş tələbinə dair ilk iddiası təmin edilməmiş, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsızlığı və müqavilə üzrə edilmiş ödənişlərin geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2672/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(005)-522/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2672/2024 nömrəli xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Mülki prosessual qanunvericiliyə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir (MPM-in 261.0.2-ci maddəsi). Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2672/2024 nömrəli xx.xx.2024-ci il tarixli qətnaməsinin hazırda qüvvədə olduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməklə qanuni və əsaslı nəticəyə gəlmiş, prosessual hüquq normasını düzgün tətbiq etmişdir. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlili olan hazırda tələb olunan məbləğlə digər məhkəmələrdə tələb olunan məbləğlərin fərqli olmasına münasibətdə qeyd edir ki, iş materiallarında olan ünvan 5 ünvanında yerləşən yaşayış kompleksinin binasında blok C qeyri-yaşayış sahəsi-113 m2 sahibi Cavabdeh "xxxx" MMCyə olan kommunal borcuna dair cədvəldən görünür ki, iddiaçı həm hazırkı, həm də əvvəlki məhkəmələrdə bu cədvələ uyğun olaraq yaranmış borcu tələb edir. Mübahisəli məbləğ istər hazırkı, istərsə də əvvəlki məhkəmələrdə tələb olunmuş 2011-2023-cü ilin avqust ayına qədər olan kommunal borcları əhatə edir. Bu baxımdan, kollegiya hesab edir ki, tələbin əsası eyni olduğundan sadəcə predmetdəki pulun məbləğinin fərqli olması mübahisəyə məhkəmə müstəvisində təkrar baxılmasına əsas vermir. Beləliklə, şikayətin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsassızdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə, həmin Məhkəmənin bir sıra qərarlarında təsbit olunmuş hüquqi müəyyənlik prinsipinə də uyğun sayır. Avropa İnsan Hüquqları Məhkəməsi “X3 Partiyası və başqaları Rusiyaya qarşı” işi üzrə 11 yanvar 2007-ci il tarixli qərarında xatırladır ki, “hüquqi müəyyənlik tələbi res judicata prinsipinə, yəni qərarların qətiliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Bu prinsip onu vurğulayır ki, heç bir tərəf sadəcə iş üzrə yeni məhkəmə iclasının keçirilməsi və iş üzrə yeni qərar çıxarılması məqsədi ilə qəti və məcburi qərara yenidən baxılması üçün müraciət edə bilməz. Məhkəmə qərarlarına yenidən baxmaq üzrə yuxarı məhkəmələrin səlahiyyəti işə yenidən baxılması məqsədi ilə yox, yalnız məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasının nəticələrini düzəltmək məqsədi ilə həyata keçirilməlidir. Məsələyə münasibətdə iki nöqteyi-nəzərin mümkünlüyü isə işə yenidən baxılması üçün əsas deyil. Bu prinsipdən istisnalara yalnız o halda yol verilə bilər ki, istisnanın zəruriliyi işin mühüm və inkarolunmaz hallarından irəli gəlsin. Avropa İnsan Hüquqları Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin Məhkəmənin başqa bir qərarında isə qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003-cü il tarixli işi). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6054/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6054/2024
25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver