Məhkəmə qərarları › İş №2(103)-6055/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6055/2023

18.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6055/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər:(““əmrin ləğv olunması, işə bərpa buraxılmış müddətə görə əmək haqqının ödənilməsi””) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdehin nümayəndələri X19, X3, Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “əmrin ləğv olunması, işə bərpa buraxılmış müddətə görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4206/2023 saylı işi üzrə 11 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli 3912 saylı əmək müqaviləsində müqavilənin müddətsiz müqaviləyə keçməsini nəzərə almaqla, xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən çıxarılan əmrin qanunsuz hesab edilərək ləğv olunması, işə bərpa olunması və buraxılmış müddətə görə əmək haqqının xx.xx.2023-cü il tarixdən hesablanmaqla ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4206/2023 saylı işi üzrə 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 2-ci, 35-ci maddəsinin 4-cü hissəsinə; Əmək Məcəlləsinin 10, 11, 45, 68, 70, 71, 72, 76.1, 80.1, 84, 186, 294.1; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarına; Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına; "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarına; Mülki Prosessual Məcəlləsinin 14.2. 77.1, 88, 217.4, 218.3-cü maddələrinə; "Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2015-ci il tarixində əmək müqaviləsi əsasında Cavabdeh 5 saylı Tikinti Quraşdırma Bölümünün tərkibində olan Cavabdeh 3 saylı Tikinti Quraşdırma Sahəsinin Xidmət qrupunun Çilov adası üzrə təmirçi çilingəri vəzifəsinə işə qəbul olunmuşdur, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir, bu barədə bildiriş xx.xx.2023-cü il tarixdə İddiaçı göndərilmişdir, əmək müqaviləsinə xitam verilməsi əsası “heç bir üzrlü səbəb olmadan bütün günü ərzində işçinin işə gəlməməsidir”, işçinin əmək intizamına cəlb edilməsi barədə işəgötürənin əsaslandırılmış əmri vardır, işçinin işdən azad olunması zamanı Həmkarlar İttifaqının razılığı olmuşdur, işçinin əmək funksiyası “avadanlıq və maşınların təmiri, quraşdırılması və sökülməsi, sınanması və tənzimlənməsi”dir,böyük mexanikin vəzifə funksiyalarına “təmirçi çilingərlərin təlimatlandırılması və biliklərinin yoxlanması” daxildir. Həmçinin məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, işçi 2022-ci ildə 6-7 ay davamlı olaraq təhkim olunduğu iş yerində olmamışdır, işçinin tabe olduğu bölümün buna hər hansı bir razılığı olmamış, o, bu barədə qəsdən məlumatlandırılmamışdır, iddia tələbi “əmrin qanunsuz hesab edilərək ləğv olunması, işə bərpa olunması və buraxılmış müddətə görə əmək haqqının xx.xx.2023-cü il tarixdən hesablanmaqla ona ödənilməsi” barədədir. Bununla belə, işəgötürən tərəfindən əmək qanunvericiliyinin pozulması, iddiaçının işburaxmasının üzrlü səbəbləri, həmçinin cavabdehin iddiaçıya qarşı qərəzli olması halları məhkəmə tərəfindən müəyyən olunmadı. İddia tələbi əsaslı deyil və ona görə də məhkəmə tərəfindən təmin oluna bilməz. Belə ki, mübahisəsiz hallardır ki, İddiaçı rəsmi iş yeri Çilov adasıdır, işçi 2022-ci ildə uzun müddət həmin iş yerində olmamışdır, onun bu müddət ərzində gördüyü işlər əmək funksiyasına aid deyil və işdə olmaması barədə məlumat nəzarət funksiyasını yerinə yetirən şəxsdən (X8) qəsdən yayındırılmışdır, onun bütün iş günü ərzində işdə olmaması qanunvericiliklə nəzərdə tutulmuş üzrlü səbəblərə aid deyildir, üzrlü səbəb olmadan işçinin bütün işgünü işdə olmaması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardandır, işçinin üzun müddət üzrsüz səbəbdən iş yerində olmaması ilə öz vəsifə öhdəliklərini yerinə yetirməməsi əmək intizamına və işəgötürənin hüquqlarına əhəmiyyətli dərəcədə təsir edir,işçinin işdən çıxarılması barədə əmr verilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir, bu barədə müvafiq təşkilatdan razılıq alınmışdır,əmrin forma və məzmununa dair tələblər gözlənilmişdir,həmçinin əmr əsaslandırılmışdır, işəgötürənin qərəzli davranışına dair işçinin hər hansı bir iradı yoxdur.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Cavabdeh ilə İddiaçı arasında bağlanmış 3912 saylı, xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı 5 saylı Tikinti Quraşdırma bölümünün Xidmət qrupunda təmirçiçilingər vəzifəsinə işə qəbul olunmuş, əmək müqaviləsi xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək bir il müddətində bağlanmışdır, əmək haqqı 791,05 manatdır, 75% (331,45 manat) dəniz əmsalıdır, işəgötürən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Cavabdehdir. Həmçinin həmin müqavilənin 3-cü bəndinə əsasən işçinin əmək funksiyası tikinti meydançasında avadanlıqların, maşınların, mexanizmlərin və mühərriklərin mürəkkəb təmir işlərinin yerinə yetirilməsi, xüsusən mürəkkəb avadanlığın, aqreqat və maşınların təmiri, quraşdırılması və sökülməsi, sınanması, tənzimlənməsi və təmirdən sonra təhvil verilməsi, detal və qovşaqların 6-7-ci kvalitetləri (1-2-ci dəqiqlik dərəcələri) üzrə çilingər emalı, gərgin və kip oturma şəraitində qovşaq və avadanlığın sökülməsi, təmiri və yığılmasıdır. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən, bu əmək funksiyasından hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə onlara əlavə funksiyanın daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir; - xx.xx.2023-cü il tarixli, BPM**********46 saylı mədaxil qəbzinin surətinə əsasən, X26 tərəfindən xx.xx.2023 tarixli 14- 2-14/3-1i-663/2023 saylı əmrə əsasən, X4, X11, X12 və X15 tərəfindən dəymiş ziyanın ödənişi təyinatı ilə 25502,60 manat ödənilmişdir; - Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Cavabdeh 14-2-14/3-1K-88/2023 saylı xx.xx.2023-cü il tarixli "əmək müqaviləsinin ləğv edilməsi haqqında” Əmrin surətinə əsasən, 5 saylı Tikinti Quraşdırma bölümünün Xidmət qrupunda təmirçi-çilingər vəzifəsində işləyən İddiaçı ilə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir; - “İntizam məsuliyyətinə cəlb olunma və digər məsələlər haqqında” 14-2/3-1i-22/2023 saylı xx.xx.2023-cü il tarixli əmrə əsasən, NQTT-nin bütün struktur bölmələrində işə davamiyyət hallarının uyğunluğunun araşdırılmasının və 2 ay müddətində təkliflərlə birlikdə SOCAR-ın Prezidentinə təqdim edilməsinin SOCAR-ın Baş ofisinin Daxili Nəzarət Departamentinə (T.Rüstəmov) tapşırılması, bu əmrin preambula hissəsində adları keçən şəxslərin (X13, X20, X21, X14 və İddiaçı) əmək qanunvericiliyinin tələblərinə uyğun intizam məsuliyyətinə cəlb edilməsi və 15 gün müddətində görülmüş tədbirlərlə bağlı SOCAR-ın Baş ofisinə məlumat verilməsi, 2022-ci il ərzində iş vaxtının uçotu tabellərində əsassız olaraq iş vaxtının qeyd edilməsi nəticəsində İddiaçı hesablanmış 25502,60 manat məbləğində dəymiş zərərin qanunvericiliyə uyğun pozuntuya yol vermiş şəxslərdən tutulması və NQTT-nin xeyrinə bərpa edilməsi ilə bağlı tədbirlərin görülməsi, işçilərin işə davamiyyətinin, iş vaxtının uçotu tabellərinin yazılmasına nəzarət, eləcə də düzgün qeydiyyatın aparılması proseduruna və işçilərin dəniz obyektlərinə göndərilməsi proseslərinə nəzarətin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görülməsinin Cavabdehnə (Q.Seyfullayev) tapşırılması, əmrin icrasına nəzarətin vitse-prezident X.Məmmədova tapşırılması, bu əmrin qüvvəyə minmə tarixinin onun elektron sənəd dövriyyəsi sistemində təsdiq olunduğu tarix olmasının müəyyən edilməsi əmr edilmişdir; - 14-2-14/3-1i-663/2023 saylı, xx.xx.2023-cü il tarixli “İntizam məsuliyyətinə cəlb edilmə haqqında” Əmrə əsasən, Əmək və icra intizamını, Trestin daxili intizam qaydalarını, habelə əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozaraq üzrlü səbəb olmadan 2022-ci il ərzində təsdiq olunmuş iş qrafikinə uyğun olaraq təhkim olunduğu Çilov adasında yerləşən iş yerinə getmədiyinə görə 5 saylı TQB-nin xidmət qrupunun 5-ci dərəcəli təmirçi çilingəri İddiaçıla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi, Əmək və icra intizamını, Trestin daxili intizam qaydalarını, habelə əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq 2022-ci il ərzində işçilərin qrafik üzrə Çilov adasına getməsi və gəlməsini təsdiq edən gəmilərin sərnişin siyahılarına saxtakarlığa yol verməklə İddiaçı adını əlavə etdiyinə və ona iş vaxtının uçotu tabellərində əsassız olaraq iş günlərinin qeyd olunmasına şərait yaratdığına görə 5 saylı TQB-nin 3 saylı TQS-nin rəisi X6 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin "c” bəndinə əsasən aylıq əmək haqqının 10%-i həcmində cərimə edilməsi, əmək və icra intizamını, habelə əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq tabeliyində olan işçinin il ərzində işə davamiyyətinə zəif nəzarət etdiyinə və işçiyə iş vaxtının uçotu tabellərində telefonla məlumat alaraq iş günü qeyd etdiyinə görə 5 saylı TQB-nin böyük mexaniki X17 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin "b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi, əmək və icra intizamını pozaraq bilavasitə rəhbərlik etdiyi sahəyə (dəniz sahəsi) nəzarəti zəiflətdiyinə görə 5 saylı TQB-nin rəis müavini X21 və işçilərin işə davamiyyətinə ümumi rəhbərliyi düzgün təşkil etmədiyinə və bu sahəyə zəif nəzarət etdiyinə görə 5 saylı TQB-nin rəisi X9 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin "a” bəndinə əsasən töhmət verilməsi, 5 saylı TQB-nin rəisi B.Həmidova hazıkı əmrlə İddiaçı, YMəmmədov, N.Nəsirov, V.Əhmədovu tanış etməsinin, rəhbərlik etdiyi bölümdə əmək və icra intizamının möhkəmləndirilməsi üçün zəruri tədbirlər görməsinin, habelə 25502,60 manat məbləğində dəymiş zərərin Trestin cari hesabına ödənilməsini təmin etməsinin tapşırılması, insan resursları şöbəsinin rəisi Aqşin Hüseynzadə və İqtisadiyyat və Uçot Departamentinin rəisi Mübariz Səfərova bu əmrdən irəli gələn məsələlərin həllini təmin etmələrinin tapşırılması, Y.Məmmədov, N.Nəsirov, V.Əhmədov və B.Həmidovun gələcəkdə bu cür halların təkrar olunacağı təqdirdə barələrində daha ciddi intizam tənbehi tətbiq olunacağının nəzərlərinə çatdırılması, əmrin icrasına nəzarətin baş mühəndis-müdir müavini Elmirzə Adgözəlova həvalə edilməsi əmr edilmişdir; - xx.xx.2023-cü il tarixdə İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış tərtib edilmişdir, imtina edən tərəf "Neftqaztikinti” Tresti, iştirak edən tərəf isə X5r; - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Neftqaztikinti” X7 Komitəsinin "təqdimata baxılmasının nəticəsi haqqında” məktuba əsasən, Həmikarlar İttifaqı Komitəsi 5 saylı TQB-nin xidmət qrupunun təmirçi çilingəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə etiraz etmir, 3 saylı TQS- nin rəisi X16 ilə bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 70- ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılığın verilməməsi, barəsində intizam tənbehinin tətbiq edilməsinin tövsiyyə olunması barədə qərar qəbul etmişdir; - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Neftqaztikinti” X7 Komitəsinin iclasının xx.xx.2023-cü il tarixli protokoluna əsasən, İddiaçı iştirakı ilə, 5 saylı TQB-nin 3 saylı TQS-nin rəisi X16 ilə bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılığın verilməməsi, barəsində intizam tənbehinin tətbiq edilməsinin tövsiyə olunması, xidmət qrupunun təmirçi çilingəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin AR ƏMnin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılığın verilməsi qərara alınmışdır; - Məhkəmənin sorğusu əsasında Cavabdeh tərəfindən daxil olan məktuba əlavə olunmuş İş Qrafiki və Stat Cədvəlinə əsasən, 3 saylı Tikinti Quraşdırma Sahəsi Cavabdeh 5 saylı Tikinti Quraşdırma Bölümünün tərkibindədir, X1 böyük mexaniki vəzifəsində, X16 3 saylı Tikinti Quraşdırma Sahəsinin rəisi vəzifəsində, İddiaçı isə 3 saylı Tikinti Quraşdırma Sahəsinin Xidmət qrupunun Çilov adası üzrə təmirçi çilingəri vəzifəsində olmuşdur; - 5 saylı Tikinti Quraşdırma Bölümünün Xidmət qrupunun “Vəzifə Standartları”na əsasən, təmirçi-çilingərin əmək funksiyası avadanlıq və maşınların təmiri, quraşdırılması və sökülməsi, sınanması və tənzimlənməsidir; - İddiaçı məxsus “Şəxsi Vərəqə”nin surətinə əsasən, sonuncu dəfə SOCAR Cavabdeh 5 saylı Tikinti Quraşdırma bölümünün xidmət qrupunda təmirçi-çilingər vəzifəsində işləmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, heç bir üzürlü səbəb olmadan bütün günü işə gəlməməsinə görə onunla bağlanmış əmək müqaviləsi 14-2-14/3-1088/2023 saylı əmrə əsasən ləğv edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-4206/2023 saylı qətnaməsinin ləğv olunması,İddiaçı cavabdeh AR DNŞ Neftqazikinti Trestinə qarşı əmrin ləğv olunması,işə bərpa,buraxılma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1; Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissə, 83-cü maddəsinin 1-ci hissəsinə istinadən qeyd edilmişdir ki, əmək müqaviləsi fasiləsiz olaraq beş ildən artıq davam edərsə,müddətsiz əmək müqaviləsi hesab edilir. İşə əlavə olunan sənədlərdən göründüyü kimi,müddətsiz əmək müqaviləsinin yenidən müddətli əmək müqaviləsinə keçməsinə dair tərəflər arasında yeni bir müqavilə bağlanmamışdır. Belə olan halda hansı müqaviləyə xitam oluna bilərdi. Ən əsası iddiaçının müəssisəyə hər hansı bir maddi ziyan vurmasını təsdiq edən sənəd və sübut yoxdur. Belə olan halda hansı əmək funksiyasını pozmaqdan söhbət gedə bilərdi. Məhkəmə bunları tam araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdiilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa,onda istər işçi,istərsə də işəgötürən tərəfindən və istərsə də, tərəflərin iradəsindən aslı olmayan hallarda bu Məcəllənin 68,69.70.73,74,və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri(sərəncamı,qərarı) ilə rəsimləşdirilməlidir. Həmin Məcəllənin Maddə 84-cü maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (srəncamının,qərarının) sıra nömrəsi,tarixi və onu imzalayan işəgötürənin vəzifəsi,adı,atasının adı,soyadı,işçinin adı, əmək müqaviləsinin ləğv edilməsinin əsaslar,həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi,hissəsi və bəndi,əmək müqaviləsinin ləğv edilməsii qaydası nəzərdə tutulmuş, bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin(sərəncamın qərarın)verilməsi üçün əsas hesab olunan rəsmi sənəddir. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri: əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191.2-ci maddəsinin "b" və "c" bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşəxəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır. Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsinin məzmununa görə işəgötürənin işçiyə vurduğu zərər və işçinin çəkdiyi müvafiq xərclər işəgötürən tərəfindən bütövlükdə ödənilməlidir. Əmək Məcəlləsinin 195-ci maddəsinin və 239cu maddəsinin 1-ci hissəsinin əlaqəli təhlili belə nəticəyə gəlməyə imkan verir ki, işəgötürənin təqsirinin həcminin tam və ya qismən olmasından asılı olmayaraq, Əmək Məcəlləsinin 191-ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda, işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır.Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla,təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilmişdir. Məkəmə qətnamə qəbul edərkən,Konstitusiya məhkəməsinin qərarının da tələbini pozmaqla ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin qətnaməsi müvafiq orqanlar üçün məcburi xarakter daşınması qanunvericilikdə öz əksini tapmışdır. Cavabdehin dediyi kimi işçi iş saatlarını buraxmış və ya işlə bağlı hər hansı bir nöqsanı olduğu tədqirdə ilk öncə ona xəbərdarlıq olmalı idi. Belə ki, iddiaçı barəsində hər hansı bir xəbərdarlıq və ya töhmət olmadığı halda, birbaşa işdən azad olunması əmək qanunvericiliyinin tələbinə ziddir. Məhkəmə yalnız qarşı tərəflərin verdiyi ifadə əsasında iddia tələbini rədd etmiş,halbuki iddiaçının işdən azad olması üçün heç bir əsas yoxdur. Belə ki, iddiaçı tərəfdən müəssisəyə heç bir maddi ziyan dəyməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 iddiaçının uzun müddət təhkim olunduğu Çilov adasında iş yerinə getmədiyini, işə getməməsi barədə heç bir məlumat vermədiyini, bu səbəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunduğunu, bununla bağlı Həmkarlar ittifaqı Komitəsinin iclasının keçirildiyini, iddiaçının özünün həmin iclasda iştirak edərək verdiyi izahatı ilə iş yerində olmadığını etiraf etdiyini qeyd etmiş, apellyasiya şikayətini əsassız hesab etdiklərini bildirmiş və təmin edilməməsini xahiş etmişdir.

6. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560, 1096, 1097; "İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya"nın 41; Əmək Məcəlləsinin 10, 68-76, 296- 300; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 80-82, 88, 106.2, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilənlərə görə, sübutetmə vəzifəsi və apellyasiya baxışının hədləri baxımından tələbin təmin edilməsi üçün fərqli əsaslar aşkar edilmir.

9. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən: Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

10. Həmin Məcəlləsinin 71-ci maddəsinə əsasən: 1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

11. Məcəllənin 72-ci maddəsinə əsasən: Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c)təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

12. Məcəllənin 186-cı maddəsinə əsasən: 1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c)kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.

13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4206/2023 saylı işi üzrə 11 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar