Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6055/2025 28.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Kamran Əkbərovdan ibarət tərkibdə, Gülər Alıyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ və X1 Sistemlərinin İstismarı İdarəsinə qarşı “əmrin ləğv olunması və işə bərpa barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-2836/2025 nömrəli qətnaməsindən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ 4 nömrəli Regional Sukanal İdarəsi İmişli sukanal sahəsi istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun Yeni Bəhrəmtəpə qəsəbəsi, məcburi köçkünlər üçün şəhərciyin nasos qurğularının maşinisti vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi işəgötürənin xx.xx.2024-cü il tarixli 877/k nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilib. Həmin normaya görə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İddiaçının əmək müqaviləsi ştat ixtisarına görə ləğv edilib. Birinci instansiya məhkəməsində icraat 2.İddia ərizəsində tələb olunub ki, həmin əmr ləğv edilsin və iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun. 3.Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, əmr ləğv edilsin, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-də nasos qurğularının maşinisti vəzifəsinə bərpa edilsin və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Apellyasiya instansiyası məhkəməsində icraat 4.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 5.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 6.Cavabdehlərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 7.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində göstərilən əsasla ləğv edilməsi üçün həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. 8.Müəyyən olundur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən işəgötürən həmkarlar ittifaqı təşkilatının razılığını alımayıb. Belə ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə əsas kimi HİK-nin xx.xx.2024-cü il tarixli 13-16-9-4/1-13/2024 nömrəli məktubuna istinad olunub. Həmin məktub işə əlavə edilməyib. Bununla yanaşı, həmkarlar ittifaqı təşkilatı sədrinin məktubu həmkarlar ittifaqı təşkilatının razılığı hesab olunmur. 9.Birinci, razılığın bir nəfər (sədr) tərəfindən verilməsi qanunvericiliyə uyğun deyil. “Həmkarlar ittifaqları haqqında” Qanunun 1-ci maddəsində qeyd olunub: “Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin ... əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün ... birləşdiyi ... müstəqil ictimai, qeyri-siyasi təşkilatdır”. Göründüyü kimi, həmkarlar ittifaqı “işçilərin birləşdiyi təşklat” kimi xarakterizə olunur. Həmin Qanunun 11-ci maddəsində isə qeyd olunub ki, həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir. İşçi həmkarlar ittifaqı təşkilatına ona görə üzv olur ki, əmək müqaviləsinin ləğvi zamanı öz həmkarları tərəfindən müdafiə olunsun. Odur ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsində “həmkarlar ittifaqı təşkilatının razılığı” deyildikdə həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında verilmiş razılıq nəzərdə tutulur. 10.İkinci, razılıq məktubda deyil, qərarda ifadə olunmalıdır. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinin üçüncü cümləsində qeyd olunub: “Həmkarlar ittifaqı təşkilatı ... özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir”. Göründüyü kimi, “əsaslandırılmış yazılı qərar” ifadəsindən istifadə olunub. Qərar tələb edilməsinin səbəbi isə onunla bağldır ki, həmkarlar ittifaqı təşkilatı kollegial qurumdur, kollegial iradə qərarda ifadə olunur. 11.Apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı bildirdi ki, həmkarlar ittifaqı təşkilatının üzvlərinin yığıncağı keçirilməyib. Cavabdehin nümayəndəsi isə apellyasiya icraatı zamanı məhkəmə iclasına gəlməmiş, həmkarlar ittifaqı təşkilatının üzvlərinin yığıncağının keçirilməsi barədə sübut təqdim etməmişdir. 12.Beləliklə, əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edildiyinə görə, əmr qanunsuzdur. İşin digər hallarının araşdırılmasının zərurət yoxdur, çünki işin nəticəsi üçün əhəmiyyəti yoxdur, həmkarlar ittifaqının razılığının olmaması iddianın təmin edilməsi üçün kifayətdir. Ona görə də məhkəmə Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib. 13.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-2836/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6055/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6055/2025
28.11.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver