Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6056/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyul 2024-cü il tarixli qətnamədən cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil2 və cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X4 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh Agentliyin onun əmək müqaviləsinin ləğv edilməsi və Salyan rayonu A.İbadov adına Pambıqkənd tam orta məktəbinin direktor vəzifəsindən azad edilməsi barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə - məktəbin direktor vəzifəsinə bərpa edilməsi və pedaqoji fəaliyyətini davam etdirmək üçün dərs saatlarının qaytarılaraq tədrisin davam etdirilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq onun işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün hər iki vəzifəyə uyğun əmək haqqının cavabdeh Agentlikdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 1998-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmiş, xx.xx.1998-ci il tarixdə Salyan rayonu A.İbadov adına Pambıqkənd kənd orta məktəbində fizika müəllimi vəzifəsinə təyin edilmişdir. xx.xx.1999-cu il tarixli, 2 saylı əmrlə həmin məktəbdə direktor müavini vəzifəsinə, Salyan rayon Təhsil Şöbəsinin xx.xx.2005-ci il tarixli, 91 saylı əmri ilə həmin məktəbə direktor vəzifəsinə təyin edilmişdir. İddiaçı ilə bağlanmış “Əmək müqaviləsi” cavabdeh Agentliyin (nömrəsiz və tarixsiz) əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. İddiaçının işlədiyi bütün müddət ərzində heç bir qüsuru, hər hansı bir iradı, töhməti, xəbərdarlığı, hər hansı bir pozuntusu və s. olmamışdır. Əksinə işlədiyi müddət ərzində o daima irəli çəkilərək əvvəlcə məktəbdə direktor müavini, sonra isə həmin məktəbə direktor vəzifəsinə irəli çəkilmiş, yüksək və aparıcı işinə görə nümunəvi işçi kimi rəhbərlik tərəfindən qiymətləndirilmişdir. Lakin cavabdeh Agentliyin Şirvan-Salyan Regional Təhsil İdarəsinin yeni təyin olunmuş müdiri Sənan Mənsimlinin və çalışdığı məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Aybəniz Şahbazovanın (onun məqsədi iddiaçının yerinə başqa şəxsi (A.Məhərrəmovu) direktor vəzifəsinə gətirməkdir və bütün işləri o düzüb qoşubdur) təşkilatçılığı ilə iddiaçıya qarşı yalan, böhtan xarakterli məlumatlar toplanmış və məktəb kollektivinə qarşı hədə-qorxu gələrək, son aylarda müxtəlif yollarla iddiaçını və digərlərini kütləvi şəkildə tutduqları vəzifələrdən uzaqlaşdırmaq istəmişlər. Bu məqsədlə dəfələrlə iddiaçıya ərizə yazaraq öz xahişi ilə direktor vəzifəsindən uzaqlaşmasını bildirmişlər. Əgər könüllü olaraq işdən ərizə ilə getməsə, o zaman qanunvericiliyin digər imkanlarından istifadə etməklə, qondarma bəhanələrlə, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işdən qovulacağını bildirmişlər. Sonuncu dəfə Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin xx.xx.2024-cü il tarixli əmri ilə (halbuki, belə bir səlahiyyəti yoxdur) komissiya yaradılaraq 2 gün ərzində, yəni 2024-cü ilin fevral ayının 26-28 tarixlərdə yoxlama aparılaraq (həmin vaxt iddiaçı xəstə olmuşdur) tələm-tələsik qərar qəbul edilmişdir. 2006-cı il tarixdən hesablama palatası, Maliyyə Nazirliyi, hər il Salyan Rayon Təhsil Şöbəsinin daxili yoxlamaları olmuş və sonuncu geniş yoxlama 2018-ci ildə 13 saylı X8 və 2023-cü ilin oktyabr ayında Salyan Rayon Təhsil Sektoru tərəfindən geniş yoxlama aparılmışdır. Sual olunur, niyə 4 aydan sonra yoxlama aparılır və bu qədər qüsur aşkar edilir? Həmin komissiyanın tərkibinə müxtəlif yerlərdə işləyən şəxslər daxil edilmiş və elə həmin gün araşdırma aparılmışdır. Sual olunur, həmin gün onları necə bir yerə topladılar və ya onlar hansı qaydada məlumatİandırıldılar? Bir gün ərzində bu qədər araşdırma necə yekunlaşdırıldı? Ümumiyyətlə həmin şəxslər yoxlamada iştirak edibmi? və s. Südabə Abdullayevaya 2006-cı ilədək əmək haqqı kartla verilmirdi. Əmək haqqını cədvələ qol çəkərək alırdı. 2006-cı ildən sonra əmək haqqı kartla alınırdı. Südabə Abdullayevanın kartı bacısında olurdu. X10 məktəbin xadiməçisidir. Aytəkin Rəsulova kənddə bankomat olmadığı üçün və yoldaşının vəfatı səbəbilə yalnız maaş veriləndə kartı ona verirdi. Aytəkin xanımın xahişi ilə maaşı alıb, kart ilə birgə özünə qaytarırdı. Çünki, o, həm savadsız idi və həm də kənddə bankomat yox idi. İddiaçı, mərkəzə gedəndə kartdan pulu çıxarırdı. Gülnar Qurbanova xx.xx.2016-cı il tarixdən işə qəbul olunmuşdur. İşlədiyi tarixdən bugünkü günə qədər kartı özündə olub. Gülnar Qurbanovanın övladları azyaşlı olduqları səbəbindən o, bəzən işə gəlmirdi. Lakin bu davamlı olmayıb. Sevər Nuriyeva işə qəbul olandan analıq məzuniyyətinə çıxıb. Himayəsində azyaşlı övladı var. İşə gəlib. Lakin bəzən övladları xəstə olanda işə gəlməyib. Əmək haqqı kartı özündə olub. Əmək haqqını özü alıb. Şəhanə Əsgərova, Sevər Nuriyeva, Gülnar Qurbanova, Samirə Camalova işə girmək müqabilində iddiaçıya pul verməyiblər. Onlar məşğulluğun göndərişi əsasında işə qəbul olublar. Nurlana Abbasova mövsümi ocaqçı vəzifəsinə təyin olunub. Kartı özündə olub. Maaşı özü alıb. İşə də gəlib. Fərdi təhsildə keçirilən dərsi Nuranə müəllimə tədris etmişdir. Jurnalını yazıb, dərsini keçib, əmək haqqı pulu karta köçəndə özü pulunu almışdır. Gülünə müəllimə Yağmur adlı şagirdə dərs keçməsə də, əmək haqqı kartı özündə olub, pulu özü almışdır. Rübabə Əsgərova da fərdi tədrisdə dərs keçməyib, əmək haqqı pulunu özü almışdır. Lakin bunlar məktəbin dərs hissə müdiri Səbinə Səmədovanın məsuliyyətsizliyindən baş vermişdir. Bölünmə dərslərində bölünmə müəllimləri dərsləri özləri keçmişlər, jurnalları yazmışlar və əmək haqlarını özləri almışlar. Bu şəxslər Lətifə müəllimə, Ramiz müəllim, Ayəddin müəllim, Mehriban müəllimə və Rübabə müəllimədir. Siniflər dərs zamanı birləşdirilməmişdir. Bölünmə dərslər zamanı şagirdlər boş sinif otaqlarında bölünərək dərs keçmişlər. Məsələn, fiziki tərbiyə dərsində şagirdlər zalda olmuşlar. Bu zaman boş qalan sinif otaqlarında ingilis dili dərsləri bölünərək keçirilmişdir. Fiziki tərbiyə dərsləri zamanı şagirdlər idman zalına aparılmışdır. Fakültativ dərsləri də müəllimlər həm 2022/2023, həm də 2023/2024 tədris ilində özləri keçmiş, jurnalları özləri yazmış, əmək haqlarını özləri almışlar. Mehriban Cahangirova, Ayəddin Abıyev, Abbas Məhərrəmov, Nurlan Nuriyev və Lazər müəllimə dərslərini özləri keçib, jurnalı özləri yazıb, əmək haqqını özləri alıb. İlhamə Qaraxanova həm 2022/2023, həm də 2023/2024-cü tədris ilində fakültativ dərsi özü keçib, jurnal özü yazıb, əmək haqqı özü alıb. Bənövşə müəllimə İV sinifdə 1 saat dərsdənkənar məşğələni özü keçib, jurnalı özü yazıb, əmək haqqını özü alıb. Ayşən müəllimə dərsi özü keçib, jurnalı özü yazıb, əmək haqqını özü alıb (1 saat fakültativ pulu Ayşən müəllim üçün 80 manat deyil, çünki yeni gələn müəllimdir və stavkası çox aşağıdır). Dilbər müəllimə dərsi özü keçib, jurnalı özü yazıb, əmək haqqını özü alıb (Regional Təhsil idarəsində məcbur edilərək izahat yazdırdılar ki, özü dərs keçməyib, lakin o dərs keçmişdir). Nailə Abbasova İİİ “b” sinfində dərsdənkənar məşğələni özü keçib, jurnalı özü yazıb, əmək haqqını özü alıb (o heç bir izahat verməyib). Dərnəklər bütün müəllimlər tərəfindən keçirilib. X12 nümayəndəsi Aqil Bəşirov məcbur edərək izahat yazdırıb ki, dərnəklər keçirilməyib. Dərnəklərin keçirilməsinə nəzarət sinifdən xaric işlər üzrə direktor müavinin vəzifəsidir. X1 dərnəklərə nəzarət etməlidir. Dərnəklərə nəzarət təlim-tərbiyə işləri üzrə müavinlər Səbinə Səmədova və Aybəniz Şahbazovanın vəzifə borcudur. Evdə təhsil alan şagirdə müəllimlər dərs keçmək üçün dərs cədvəlinə uyğun olaraq evlərə getmişlər. Hər ay valideynlər tərəfindən razılıq ərizəsi alınmışdır. Əgər belə bir hal var idisə, valideynlər niyə razılıq ərizəsi yazırdılar? Bütün dərslər müəllimlər tərəfindən keçirilib, pulunu da özləri alıblar. Aybəniz Şahbazova iddiaçıya şər atıb. O, iddiaçıya heç vaxt 20 manat pul verməyib. Dərsə gəlməmək müqabilində iddiaçıya pul verilməsi yalandır. Təmir üçün müəllimlər hər il öz aralarında yığışaraq emulsiya, rəng, lak və s. almışlar. Məktəbin fasad hissəsini isə iddiaçı, öz əmək haqqısı hesabına təmir etmişdir. Məktəb təmirində şagirdlərin valideynlərindən təmir işini bacaranlar kömək edib. Təmir işini görən ustaya da iddiaçı, öz əmək haqqısı hesabına pul vermişdir. Sinif açılma söhbəti olmayıb. Sadəcə işçilərdən bir nəfər şəhid anasının əl vergisi düzgün hesablanmamışdır. 433 manat pul idi. Şəhid anasına narahat olmamasını deyib. Maddi vəziyyəti yaxşı olmadığı üçün müəllim yoldaşlardan “özünə yaxın olan” müəllimlərdən 50, 30, 20 manat borc almışdır. Siyahı ilə gələn ayların maaşında hissəhissə qaytaracaqdı. Sinif açılmasında pul söhbəti yoxdur. İddiaçı, 433 manatın 400 manatını şəhid anasına vermişdir ki, şəhid anası inciməsin. Özü verməyə çalışmışdır, lakin maddi imkanı aşağı olub. Attestat veriləndə pul almaq söhbəti yalandır. Aybəniz xanımın şər-böhtanlarına görə iddiaçı onu məhkəməyə verəcək. Aybənizin böhtanları və Regional Təhsil idarəsinin hərəkətləri səbəbindən iddiaçı iki dəfə beyin insultu keçirmişdir. Səhhətinə ziyan dəyib. Səs yazısı iddiaçının deyil. Məktəbin katibəsi Şəhanə Əsgərova və Aybəniz Şahbazovanın iddiaçını işdən çıxarmaq üçün qurduğu oyundur. Onlar əlbir olmuşlar. Məktəbdə olmayan şeyləri iddiaçıya böhtan ataraq bir kağıza yazmış, Regional Təhsil İdarəsinin nümayəndəsi Rövşən Allahverdiyeva heç bir əsas olmadan vermişlər ki, qanunsuz olan bu kağız parçası əsasında məktəbdə Aqil Bəşirovun rəhbərliyi ilə yoxlama edilmişdir. Aqil Bəşirov müəllim və texniki işçilərə müəyyən pul miqdarı yazılmış kağızla məcburi şəkildə məktəbdə olmayan şeyləri boyunlarına qoymuş, əks halda onların işlərinə xitam veriləcəyi ilə onları qorxutmuşdur. İşlərini itirmək qorxusundan işçilər onun dedikləri ilə razılaşmışlar. Aqil müəllim hər bir işçi ilə kobud hərəkətlərlə rəftar etmiş, qorxudaraq izahatlar almışdır. Aqil hər bir işçi ilə izahatı bunlar dediyi kimi yazmasa, işlərinə xitam veriləcəyini demiş, hətta telefonla Regional İdarəylə danışaraq filankəsin işinə xitam verilsin deyərək işçiləri qorxudub və işçilər “xitam verməyin, siz deyəni yazacağıq” demişlər. İddiaçı, fevral ayının 26-da səhər işə gəlib. Özünü pis hiss elədiyi üçün Şirvan Şəhər Mərkəzi Xəstəxanasına getmək üçün məktəbdən çıxmışdır. Yolda ona müavin Səbinə Səmədova zəng etmiş və demişdir ki, məktəbə yoxlama gəlib. Yoxlama iki qrup şəklində məktəbə gəlmişdi. Bir qrup Bəşirbəyli korpusuna, digəri Pambıqkənd korpusuna. Aqil Bəşirov iddiaçını direktor otağından qovmuşdur. Aktda qeyd olunur ki, müəllim və texniki işçilərdən izahat alınan zaman o, direktor otağında olmuşdur. Yalan məlumatdır. İddiaçı və müavinlər izahat alınan zaman orada olmamışlar. Abunə pulu 3-5 manatı “mənə yaxın olan adamlar” verib. 120 manat (səhv etmirsə) - 4 ədəd “Qələbə” qəzetinə 3 aylıq abunə olmuşlar. Müqavilərə pul söhbəti olmayıb. Əvvəllər elektron imza yaranan vaxtlarda imzaları özləri etmirdilər. İddiaçı, elektron imzanı aparıb internet olan yerlərdə müqavilələri işlədirdi. İndi elektron imza məktəbdədir. Heç bir pul alınmayıb. İmzaları özləri edirdilər. İməcilikdə pul söhbəti yalandır. 13 saylı maliyyə hesablaşma mərkəzi yaranandan sonra və hal hazırda Regional Təhsil İdarəsi yaranandan məktəblərdə pul yığımı olmur. Siniflər şagirdlərin sayına uyğun açılır. Pul ilə sinif açılmır. Dərsə gəlməyən şagirdlərlə təşkilatçı Aybəniz Şahbazova məşğul olmalıdır, bu onun vəzifə borcudur. Aybəniz Şahbazova vəzifəsini düzgün yerinə yetirmədiyi, verdiyi tapşırıqları yerinə yetirmədiyi üçün iddiaçı ona “səndən təqdimat yazacam” deyib. O da iddiaçıya belə şər-böhtanlar atmışdır. Hər kəs şahiddir ki, Aybəniz Şahbazova vəzifə tapşırıqlarını yerinə yetirmədiyi üçün onun işini də iddiaçı görməyə məcbur olurdu. O, məktəb və bazarı səhv salıb, məktəbdə alver işləri aparırdı. Direktor olaraq məktəbində belə hallardan əsəbləşib, ona haqlı olaraq etirazını bildirmişdir. O, Rövşən Allahverdiyevə əsassız, şər böhtan kağızı yazdı. Şagirdlərə qiymət yazmağa onun səlahiyyəti yoxdur. Yazılanlarla razılaşmır. Şər-böhtan yazmaqda Aybəniz Şahbazovanın əlbiri məktəbin katibəsi Şəhanə Əsgərovadır ki, o, məktəbdən əri üçün iş istəyir. 2016-cı ildə məktəbdə gözətçi işi yarandı. Bu iş üçün Məşğulluqdan göndəriş verdilər. X11 əri Natiq Əsgərov şər-böhtanla müəyyən qurumlara müraciət etdi. Odur ki, onun gözətçi göstərişi ləğv olundu, ona iş verilmədi. Şəhanə ərinin işsiz qalmasının günahını iddiaçıda görür, 2018, 2019, 2020-ci illərdə ərinin adından Şəhanə Əsgərova iş adı ilə iddiaçıdan şikayət ərizələri də yazıblar. Lakin Salyan Təhsil Şöbəsi araşdırma apardı və ərizələrin əsassız olduğu sübut olundu. İddiaçıya şər-böhtan atılıb. O, haqqını tələb edir. Heç bir əsas olmadan, yalan məlumatlarla işdən çıxarılmışdır. O, işinin bərpa olunmasını istəyir. O, fevral ayının 27-də həkimə getmişdir. Həmin tarixdə Aqil Bəşirov xəstəxanaya zəng vurub ki, xahiş etmişdir ki, iddiaçını xəstəxanaya götürməsinlər. Buna görə də onu Şirvan xəstəxanasında qəbul etmədilər. Fevral ayının 29-da o, xəstəxanaya yenidən gəlib. Başının MRT-ni, ürək kardioqramını, şəkər müayinəsini görən həkim onu beyin insultu diaqnozu ilə xəstəxanaya yerləşdirdi. Lakin Salyan Təhsil Sektorunun müdiri Razıgül Dadaşova ona yenidən zəng elədi, “sən hansı xəstəxanadasan”. O, demədi ki, hansı xəstəxanadadır, çünki onu xəstəxanadan çıxartdıracaq. 5 gün xəstəxanada yatdı, mart ayının 15-nə kimi bülletendə olub. Mart ayının 15-i Şirvan-Salyan Regional Təhsil idarəsi onu idarəyə çağırdı. Regional təhsil idarəsi Həmkarlar iclası keçirtdi, o, onlara bülletendə olduğunu desə də, əhəmiyyət vermədilər. Həmkarlar qərar olaraq 70-ci maddənin “ç” bəndi ilə o razılaşmayıb. X17 Təhsil Sektorunun müdiri Razıgül Dadaşova onu otağa çağırmış və “Get, otur işində. Oranın direktoru sizsiniz. Sizi işdən çıxartmayacağıq” demişdir. Bülleten günü, yəni 15 martda onu işə göndərdi. O, 16 martdan işə başlamalı idi. Bülleteninə əsasən, xx.xx.2024-cü il tarixində bülletendə ola-ola onu necə işə qaytarıblar? xx.xx.2024-cü il tarixində möhürü onu necə aktla almamışlar? xx.xx.2024-cü il tarixində səhər tezdən Razıgül Dadaşovanın əmri ilə iddiaçı, möhürü onu əvəz edən Yeganə Cəfərovaya vermişdi. Axşamüstü isə möhür aktla ona verilmişdir. Bu da bir oyun idi. 18, 19 mart tarixlərdə işdə olmuşdur. 27 mart tarixdə onu əsassız olaraq Eşqi Bağırovun əmri ilə işdən çıxartdılar. Pambıqkənd kənd tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 29 saylı əmrinə əsasən vəzifə bölgüsü rəhbər işçilər arasında bölünmüşdür: İ “a” - İV “a” siniflərində Ramiz İbrahimova; İ “b” - İV “b” siniflərində Ülkər Məmmədovaya; V-İX siniflərdə Səbinə Səmədova; X-Xİ siniflərdə Aybəniz Şahbazovaya həvalə olunmuşdur. Belə olan təqdirdə V-İX siniflərdə davamiyyət, KSQ, BSQ yazılışı Səbinə Səmədovaya aiddir, məsuliyyəti o daşıyır. X-Xİ siniflərdə məsuliyyəti Aybəniz Şahbazova daşıyır. Belə olan halda Şahnaz Həşimovaya aid olan məsələnin məsuliyyətini Aybəniz Şahbazova daşıyır. Şahnaz Həşimova məktəbə gəlmiş, İX sinfi bitirmiş və valideynin ərizəsi ilə 10-cu sinfə qəbul edilmişdir. X sinfin axırında - may ayında dərsə gəlməyib. Pedaqoji şuranın qərarı ilə xx.xx.2023-cu il tarixli, 07 saylı qərarı ilə təkrar sinifdə saxlanıldı və 2023-2024-cü tədris ilində təkrar olaraq X sinifdə saxlanıldı, o dərsə gəlmədi, “q” qoyuldu, qiymət yazılmadı. 30 yanvar 2024-cü il tarixdə pedoqoji şuranın 03 saylı qərarı ilə valideyninin ərizəsi ilə məktəbdən çıxarılmışdı. Bu barədə Şirvan-Salyan Regional İdarəsi də cavab yazmışdır. Pedoqoji şuranın qərarına əsasən şagirdi qanuni olaraq məktəbdən çıxarmışlar. xx.xx.2024 tarixdə pedoqoji şura keçirilib, qanuni olaraq, şəkillər çəkilib. 21 nəfər dərsə gəlməyən şagirdlər haqqında dəfələrlə Aybəniz Şahbazovaya demişdir. Lakin əhəmiyyət verməmişdir. Summativlərin yazılışı dərs hissə müdiri Səbinə Səmədovaya aid vəzifə borcudur. Bəs niyə o cavab vermir? X3 məktəbdən xəbəri olmayıb. Davamiyyət deyəndə, süd butulkalarını götürüb düşüb kəndin içinə süd almağa. Dərsdən çıxanda 50 butulka ilə Şirvana süd satmağa aparırdı. Günortadan sonra Aybəniz məktəbdə olmurdu, alverə gedirdi. Lakin bugün işdən uzaqlaşdırılmalı olan o olsa da, iddiaçı işdən uzaqlaşdırılmışdır.
3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Nazirliyin yanında Şirvan- Salyan Regional Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb edilmişlər. b) cavabdehin iddiaya etirazı barədə məlumat
4. Cavabdeh Agentliyin iddiaya etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Salyan Rayon Təhsil Şöbəsinin (indiki Şirvan-Salyan Regional Təhsil İdarəsi) xx.xx.2005-ci il tarixli, 95 nömrəli əmri ilə həmin tarixdən Salyan rayon Pambıqkənd kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. Agentliyin direktoru X7 xx.xx.2024-cü il tarixli, 3-29-69/3-1-252K/2024 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Həmin əmrin əsası kimi Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin əsaslandırması, Həmkarlar Təşkilatının xx.xx.2024-cü il tarixli qərarı, müvafiq izahatlar və aktlar göstərilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin və Salyan rayonu A.İbadov adına Pambıqkənd kənd tam orta məktəbinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Aybəniz Şahbazovanın təşkilatçılığı ilə ona qarşı yalan, böhtan xarakterli məlumatlar toplanmış və məktəb kollektivinə hədə-qorxu gələrək, son aylarda müxtəlif yollarla onu və digərlərini kütləvi şəkildə tutduqları vəzifədən uzaqlaşdırmaq istəyirdilər. Halbuki, iddiaçı vəzifəyə təyin edildiyi vaxtdan təxminən bir il sonra hüquqa və qanuna zidd əməllərlə öz fəaliyyətində nöqsanlara yol vermiş, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini və əmək funksiyalarını lazımi qaydada icra etməmiş, müxtəlif üsullarla rəhbərlik etdiyi məktəbin digər əməkdaşlarını ələ alaraq dövlət büdcəsi vəsaitlərini külli miqdarda mənimsəmişdir. Belə ki, Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-34/3- 2-16F/2024 nömrəli əmrinə əsasən yaradılmış monitorinq komissiyası məktəbdə maliyyə-təsərrüfat və tədris-pedaqoji sənədlərin işlənməsini, tədris prosesinin və bağlanmış əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinin qanunvericiliyin tələblərinə uyğun olması vəziyyətini araşdırmışdır. Araşdırma 13 komissiya üzvü, iddiaçı, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Səbinə Səmədova, həmin məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Aybəniz Şahbazovanın iştirakı ilə 26-xx.xx.2024-cü il tarixlərində aparılmışdır. Monitorinq zamanı yoxlama aparılmış məktəbdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli F-438 nömrəli əmri ilə təsdiq edilmiş “məktəb sənədlərinin aparılması və saxlanması haqqında təlimat qaydaları”nın, “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə” barədə Elm və Təhsil Nazirliyinin xx.xx.2010-cu il tarixli, 1486 nömrəli əmrinin, Əmək Məcəlləsinin, “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” Elm və təhsil nazirinin xx.xx.2014-cü il tarixli, 645 nömrəli əmrinin, Azərbaycan Respublikasının elm və təhsil nazirinin “Ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üçün tədris planlarının təsdiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli 3-29/3-2-484F/2023 nömrəli əmrinin, “Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin (fakultativ kursların) təşkili Qaydası” barədə Elm və təhsil nazirinin xx.xx.2022-ci il tarixli, F-529 nömrəli əmrinin, “Ümumi təhsil müəssisələrində dərnəklərin təşkili Qaydası”nın təsdiq edilməsi barədə” nazirin xx.xx.2022-ci il tarixli, F-382 nömrəli əmrinin, “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 77 nömrəli qərarının, “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydasının təsdiq edilməsi barədə” Elm və Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, 8/1 nömrəli Kollegiya Qərarının, Nazirliyin “Məktəbdaxili qiymətləndirmənin təşkilinə dair tövsiyələr”i barədə xx.xx.2021-ci il tarixli Təlimatın və əlaqəli digər aktların tələblərinin pozulduğu, dövlət büdcəsinə ümumilikdə 106.119,99 manat ziyan vurulduğu aşkar edilmişdir. Sözügedən monitorinq keçirilən zamanı iddiaçı müvafiq məzmunlu izahatlar yazmış, “Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbdə keçirilmiş monitorinqin nəticələri haqqında arayışda” göstərilən nöqsanlara yol verdiyini etiraf etmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi oxşar məqamlar yuxarıda qeyd edilən və onun tərəfindən şəxsən tərtib edilən izahatlarla təkzib edilir. İddiaçı həmin iddia ərizəsinin bir sıra abzaslarında özünün törətdiyi hüquq pozuntularını “mənə yaxın olan adamlar” başlığı altında etiraf etmiş, “özümə yaxın olan müəllimlər”dən müxtəlif məbləğlərdə aldığı rüşvəti “borc” və ya “abunə pulu” kimi qələmə verməklə həmin məbləğlərdə pul vəsaitini aldığını etiraf etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, yoxlama zamanı Aqil Bəşirov onu direktor otağından qovmuş, aktda qeyd olunduğunun əksinə müəllim və texniki işçilərdən izahat alınarkən direktor otağında olmamışdır. Qeyd edilən halla bağlı aparılmış araşdırmanın nəticəsində məlum olmuşdur ki, monitorinqin aparılması zamanı komissiya üzvləri tərəfindən direktor da daxil olmaqla məktəbin heç bir işçisinə zorakılıq tətbiq edilməmiş, etik davranış qaydaları pozulmamış, monitorinq qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmış və yekunlaşdırılmışdır. İddiaçı iməclik və aylıq adı altında yığılan pulları iddia ərizəsində təkzib edərək yalan olduğunu göstərsə də, iddiaçının yuxarıda qeyd edilən izahatlarından da göründüyü kimi o, müxtəlif dövrlərdə mütəmadi olaraq müxtəlif məbləğlərdə pul vəsaitlərini əsassız olaraq məktəb kollektivindən toplamışdır. İddiaçının yol verdiyi nöqsanlar və törətdiyi hüquq pozuntuları nəticəsində dövlət büdcəsinə ümumilikdə 106.119,99 manat ziyan vurulduğu sübuta yetmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin nömrəsi və tarixi mövcud deyildir. Agentlik daxilində əmrlər “X9” (DMS) vasitəsilə gücləndirilmiş elektron imzadan istifadə etməklə həyata keçirilir. Sənədlər elektron imza ilə imzalanır və möhürlənir. Sənədin üzərində mövcud olan QR kodu skan etdikdən sonra onun üzərindəki təhlükəsizlik kodunu daxil etməklə sənədin nömrəsini, sənədin tarixi, imzalayan şəxs və imzalayan şəxsin vəzifəsi elektron sistem vasitəsilə görmək mümkündür. Sözügedən əmr Agentliyin direktoru Eşqi Bağırov tərəfindən xx.xx.2024-cü il tarixində 3-29-69/3-1-252K/2024 nömrəsi ilə imzalanmışdır. Beləliklə, əmrin tarixi və nömrəsi mövcuddur, bu barədə iddiaçının iddiası əsassızdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, işəgötürən qanunvericiliyin tələbini kobud şəkildə pozaraq məktəbin öz həmkarlar təşkilatı olmasına baxmayaraq, başqa təşkilatın razılığını almışdır. Qeyd edilən məsələ ilə bağlı aparılmış araşdırmanın nəticəsində müəyyən edilmişdir ki, məktəbin həmkarlar ittifaqı təşkilatına deyil, Regional Təhsil İdarəsinin İlk həmkarlar təşkilatına üzvdür və onun işəgötürəni qismində məhz Regional Təhsil İdarəsinin çıxış etdiyindən, bu hissədə qanunvericiliyin tələbi gözlənilmiş və işçinin üzvü olduğu həmkar ittifaqı təşkilatından razılıq alınmışdır. c) birinci instansiya məhkəməsində verilmiş izahatlar barədə məlumat
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, bildirmişdir ki, məktəbin direktoru kimi işlədiyi dövrdə onun 12 dərs saatı olmuşdur. Onun direktor vəzifəsinə xitam verilməsi ilə bağlı əmr olsa da, müəllim kimi fəaliyyətinə xitam verilməsi barədə əmr mövcud deyil. Qarşı tərəf müəllim kimi fəaliyyətinə xitam verildiyini bildirsə də, bununla bağlı sübut təqdim etmir.
6. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 məhkəmə baxışı iclasında iştirak edərək, əlavə olaraq bildirmişdir ki, iddiaları əvvəlcə işdən azad olunma əmrinin ləğv edilərək iddiaçının əvvəlki işinə bərpasına dair olsa da, sonradan iddia tələblərini dəqiqləşdirmişlər. Hazırda iddiaçının qanunsuz olaraq pedoqoji fəaliyyətdən kənarlaşdırılmasının dayandırılması və tədrisin davam etdirilməsinə imkan verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Bu iddia tələbləri həm hüquqi, həm də faktiki cəhətdən əsaslıdır. Belə ki, “Təhsil haqqında” Qanuna görə, ümumi təhsil məktəblərinin kollegial ali idarəetmə orqanı pedaqoji şuradır. Şübhəli hal olduğu halda, iddiaçı pedaqoji şuraya dəvət olunmalı idi, habelə prokurorluğun araşdırmasının nəticəsinə uyğun olaraq ya vəzifəsindən kənarlaşdırılmalı, ya da vəzifəsində qalıb işləməli idi. Kütləvi pozuntular aşkarlandığı təqdirdə, məktəb nəzarətə götürülüb yoxlanma aparılmalı idi. Lakin, bunlar həyata keçirilməyib, müxtəlif kəndlərdən olan komissiya üzvlərinin 2 günə apardığı yoxlama nəticəsində iddiaçının hüquqlarının pozulmasına gətirib çıxaran yekun qərar verilib – onun (iddiaçının) vəzifəsinə xitam verilib. Halbuki, Maliyyə Nazirliyi tərəfindən uzun müddət yoxlama aparılmışdır. Həmin yoxlanma hələ də yekunlaşmamışdır. Sözügedən komissiya isə 2 günə cinayət əməlinin olmasını müəyyən etmişdir.
7. Cavabdeh Agentliyinin nümayəndəsi X6 məhkəmə baxışı iclasında iştirak edərək, iddia tələbinə etiraz etmiş və bildirmişdir ki, hər hansı bir şəxs məktəbə direktor vəzifəyə təyin edilən zaman həmin şəxslə yeni müqavilə bağlanılır. Bu zaman onun müəllim kimi fəaliyyətinə xitam verilir və direktor vəzifəsinə təyin edilir. Bu isə “Ümumi Təhsil Haqqında” Qanunun 27-ci maddəsi və Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 156 nömrəli qərarına uyğun həyata keçirilir. İndiki halda da bu cür olmuşdur – iddiaçı əvvəlcə müəllim kimi fəaliyyət göstərmiş, direktor vəzifəsinə təyin edildikdən sonra isə, müəllim kimi vəzifəsinə xitam verilmişdir. Müvafiq əmrləri məhkəməyə təqdim etmişlər, lakin müəllim kimi vəzifəyə təyin olunan zaman müqaviləni tapa bilməmişlər. Ümumiyyətlə, müəllimlərin işə qəbulu qaydası fərqlidir. Müəllim kimi fəaliyyət göstərmək üçün MİQ imtahanından keçmək zəruridir. Nazirlər Kabinetinin qərarına görə də, ancaq mərkəzləşdirilmiş qaydada Təhsil Nazirliyinin keçirdiyi müsabiqədən keçən şəxslər müəllim kimi fəaliyyət göstərə bilərlər. Məsələ ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılaraq iddiaçının əlavə 3 illik fəaliyyəti də yoxlanılır.
8. Müstəqil tələb irəli sürməyən İİİ şəxs olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X13 məhkəmə baxışı iclasında iştirak edərək, iddia tələbinə etiraz etmiş və bildirmişdir ki, “Təhsil Haqqında” Qanunun 36.1-ci maddəsinə görə, əmək müqaviləsinə xitam verilmiş işçi 1 il müddətinə pedoqoji fəaliyyətlə məşğul ola bilməz. İddiaçının da, müəllim kimi fəaliyyət göstərmək hüququ yoxdur. İddiaçı yalnız MİQ imtahanından keçdikdən sonra müəllim kimi fəaliyyətə başlaya bilər. İddiaçı tərəfindən korrupsiya halları ilə bağlı etik davranış qaydalarında pozunutlara yol verilib. Direktor kimi vəzifəsinə xitam verilən şəxs yalnız MİQ imtahanından keçərək müəllim kimi fəaliyyət göstərə bilər. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
9. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, İddiaçı Salyan rayonu Pambıqkənd kənd orta məktəbində pedoqoji fəaliyyətinin davam etdirilməsini və həmin fəaliyyətə uyğun məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə həvalə olunmasını, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.
10. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının məktəb direktoru olaraq qüsurlara yol verməsi və bu səbəbdən də əmək müqaviləsinə xitam verilməsi müəyyən edilsə də, onun həmin tədris müəssisəsində müəllim kimi fəaliyyətinin davam etdirilməsinə mane ola biləcək hər hansı bir əsas müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının Salyan rayonu Pambıqkənd kənd orta məktəbinə fizika müəllimi olaraq işə götürülməsinə dair əmək müqaviləsi və buna dair xx.xx.1998-ci il tarixli əmr hələ də qüvvədə olduğundan, onun həmin məktəbdə müəllim olaraq fəaliyyətinə heç bir maneə törədilə bilməz. Rayon Məhkəməsi, iddiaçı ilə müəllim kimi əmək münasibətinin davam etdiyi halda, cavabdehin onu pedaqoji fəaliyyətdən qanunsuz olaraq kənarlaşdırılması ilə bağlı gəldiyi qənaətə uyğun həmçinin hesab etmişdir ki, bu hal (iddiaçının müəllim kimi işindən kənarda qalması) işəgötürənin təqsirinə görə baş verdiyindən iddiaçıya məcburi iş buraxma dövrü üçün əmək haqqı da verilməlidir. e) apellyasiya şikayəti barədə məlumat
11. Cavabdeh Agentlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində qismən ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaya qarşı verilmiş etirazın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı məktəbin direktoru vəzifəsinə təyin edilmiş, onun müəllim kimi ayrıca fəaliyyəti olmamış, onunla əmək müqaviləsi yalnız məktəb direktoru kimi bağlanmış, müəllim kimi ayrıca əmək müqaviləsi bağlanmamışdır. İşçi vəzifədə irəli çəkildiyi zaman onun işəgötürəni dəyişmədiyi halda əmək müqaviləsinə xitam verilmir və yalnız onun əmək müqaviləsinə dəyişiklik edilir. Lakin Rayon Məhkəməsi iddiaçının müəllim kimi əmək müqaviləsinin olması ilə bağlı səhv qənaətə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. f) apellyasiya baxışının hədləri barədə məlumat
13. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.
14. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh Agentlik isə qətnaməni qismən, yəni iddianın təmin edilməsi hissəsini mübahisələndirmişdir. O, qətnamənin qalan hissəsini, yəni iddianın rədd edilməsi hissəsini mübahisələndirməmişdir.
15. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
17. Cavabdeh Agentliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddiaya qarşı verilmiş etirazın, habelə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi.
18. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasına iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və iddia ərizəsinin, Rayon Məhkəməsinin qətnaməsinin məzmununa uyğun izahat verdilər.
19. Üçüncü şəxs olan Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi X13 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdir.
20. O, apellyasiya baxışının növbəti iclasına gəlməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir.
21. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə xəbərdar olunsa da, apellyasiya baxışı iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
22. Məhkəmə, hazırkı qətnamənin 20 və 21-ci bəndələrində qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq MPM-in 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
23. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını həmin hədlər çərçivəsində araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, işin müəyyən olunmuş hallarına görə iddiaçı, Salyan Rayon Təhsil Şöbəsinin 1 saylı xx.xx.1998-ci il tarixli əmrinə əsasən Salyan rayon Pambıqkənd kənd tam orta məktəbinə fizika ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmiş, 23 saylı xx.xx.1999-cu il tarixli əmr ilə həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi boş olduğuna görə həmin vəzifəyə təyin edilmiş, 91 saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən isə 1 il sınaq müddətinə həmin məktəbin direktoru vəzifəsinə irəli çəkilmişdir.
25. Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-252K/2024 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmiş, əmrə əsas kimi Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin əsaslandırması, Həmkarlar Təşkilatının xx.xx.2024-cü il tarixli qərarı, müvafiq izahatlar və aktlar göstərilmişdir.
26. Həmin əmrdən aydın olur ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbdə aparılmış yoxlama nəticəsində tədris prosesinin təşkili, əmək qanunvericiliyinə əməl edilməsi, evdə təhsilin təşkili, dərslərin əvəzetmə ilə verilməsi və rəsmiləşdirilməsi, şagirdlərin dərsə davamiyyəti, normativ sənədlərin işlənməsi, dövlət əmlakının mühafizəsi və istifadəsi sahəsində ciddi nöqsanlara yol verildiyi aşkar edilmişdir. Məktəbin direktoru olan iddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmişdir.
27. Salyan rayonu üzrə təhsil sektorunun müdiri Razıgül Dadaşova, Salyan rayonu üzrə təhsil sektorunun metodisti Yeganə Cəfərova və Salyan rayonu üzrə təhsil sektorunun metodisti Fərqanə Cəbrayılovanın imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən aydın olur ki, cavabdeh Agentliyi tərəfindən Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru olan iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmiş, Əmək Məcəlləsinin 189.3-cü maddəsinə əsasən iddiaçı həmin intizam tənbehi əmri ilə tanış edilərək ona əmək kitabçasının iş yerindən götürülməsi təklif olunmuş, lakin o, bundan imtina etmişdir.
28. Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən iddiaçıya məktub ünvanlanaraq, əmək kitabçasının təhvil verilməsi üçün həmin idarənin Salyan şəhərində yerləşən inzibati binasına gəlməsi və inzibati təşkilat sektoruna müraciət etməsi təklif edilmiş, habelə onun razılığı əsasında əmək kitabçasının poçt vasitəsilə qeydiyyatda olduğu ünvanına göndərilmə imkanı barədə məlumatlandırılmışdır.
29. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissəsinin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (maddə 35.; hissə İİ və Vİ). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz (maddə 71.; hissə İ və İİ).
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.
31. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
32. Əmək Məcəlləsinin tələblərinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər (maddə 70.; bənd “ç”). Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz (maddə 70.; hissə 2.).
33. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun və digər normativ hüquqi aktlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir (maddə 33.1.). Normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq təhsilverənlərin (müəllimlərin) hüquqlarından biridir (maddə 33.2.1.). Dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təhsil müəssisələrində təhsilverənlərin sosial müdafiəsi bu Qanunla, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər qanunları ilə, həmçinin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Təhsil işçilərinin əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin edilir (maddə 36.).
34. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2” görə, Agentliyin vəzifələri içərisində dövlət təhsil müəssisələri işçilərinin əməyinin stimullaşdırılmasına, o cümlədən onların mükafatlandırılmasına dair təklifləri Nazirliyə təqdim etmək (3.1.30.); təhsil müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək (3.1.34.); müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və ümumiləşdirmək (3.1.37.) kimi vəzifələr mövcuddur. Eyni zamanda dövlət təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsinə, maddi rifahının yaxşılaşdırılmasına və onlara dövlət qayğısının artırılmasına dair təklifləri Nazirliyə təqdim etmək (4.1.7.) Agentliyin əsas hüquqlarından biri kimi göstərilmişdir.
35. Hazırkı işin müəyyən olunmuş və iş üzrə tərəflər arasında mübahisə doğurmayan hallarına görə, iddiaçı, Salyan Rayon Təhsil Şöbəsinin 1 saylı xx.xx.1998-ci il tarixli əmrinə əsasən Salyan rayon Pambıqkənd kənd tam orta məktəbinə fizika ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmişdir. O, 23 saylı xx.xx.1999-cu il tarixli əmr ilə həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi boş olduğuna görə həmin vəzifəyə təyin edilmişdir. 91 saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən isə iddiaçı 1 il sınaq müddətinə həmin məktəbin direktoru vəzifəsinə irəli çəkilmişdir. İddiaçı direktor müavini və direktor vəzifələrini icra etməklə yanaşı, fizika müəllimi kimi pedaqoji fəaliyyətini də davam etdirmiş və 12 saat dərs yükü olmuşdur. Cavabdeh Agentliyin nümayəndəsi də birinci instansiya və apellyasiya instansiya məhkəmələrində verdiyi izahatında iddiaçı ilə müəllim kimi əmək müqaviləsinin bağlandığını qəbul etmiş, həmçinin həmin müqavilənin ləğv edilməsinə dair məlumatının olmadığını göstərmişdir.
36. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, iddiaçı ilə müəllim kimi bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi müəyyən edilmədiyindən, qəbul edilməlidir ki, iddiaçının pedaqoji fəaliyyətdən kənarlaşdırılması əsassız olmuşdur. Bununla bağlı iddiaçının irəli sürdüyü dəlillər əsaslıdır.
37. İddiaçının məktəb direktoru olaraq qüsurlara yol verməsi və bu səbəbdən də əmək müqaviləsinə xitam verilməsi müəyyən edilsə də, onun həmin tədris müəssisəsində müəllim kimi fəaliyyətinin davam etdirilməsinə mane ola biləcək hər hansı bir əsas müəyyən edilməmişdir.
38. Bununla yanaşı qeyd edilməlidir ki, əmək qanunvericiliyi işçinin öz əmək funksiyaları ilə yanaşı başqa vəzifələr üzrə əmək funksiyalarını tam və ya qismən icra etməsini qadağan etməmiş, əksinə bu cür hallarda əməyin ödənilməsi qaydasını ayrıca tənzimləmişdir (Əmək Məcəlləsi; maddə 160 və 161.).
39. Buna görə də, qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının Salyan rayonu Pambıqkənd kənd orta məktəbinə fizika müəllimi olaraq işə götürülməsinə dair əmək müqaviləsi və buna dair xx.xx.1998-ci il tarixli əmr hələ də qüvvədə olduğundan, onun həmin məktəbdə müəllim olaraq fəaliyyətinə heç bir maneə törədilə bilməz.
40. Apellyasiya şikayətinin müzakirə edilən bu nəticəyə aid dəlili əsassızdır.
41. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə həmçinin qət etmişdir ki, işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqı cavabdeh Agentlik tərəfindən iddiaçıya ödənilməlidir.
42. Məhkəmə qeyd edilən bu nəticəni əsaslı, bu nəticəyə adi apellyasiya şikayətinin dəlilini isə əsassız hesab edir.
43. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin mənasına görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. i) apellyasiya baxışının nəticəsi
44. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
45. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
46. Məhkəmə həmçinin bildirir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir. 47 İşdə iştirak edən digər şəxslər tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından, həmin şəxslər hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.
48. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyul 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər – Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Nazirliyin yanında Şirvan-Salyan Regional Təhsil İdarəsi hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.