Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6057/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul tələbi"nə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2(003)- 3260/2020 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, Cavabdeh2 90.100 manat və digər cavabdeh X1 8.600 manat, ümumilikdə 98.700 manat məbləğin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddətdir ki, qızıl alveri ilə məşğul olur. Cavabdeh2 onunla uzun müddət qızıl alış-verişi etmiş və onda etibar və inam yaratmışdır. Belə ki, bir müddət aldığı qızılların satışını həyata keçirdikdən sonra ödənişlər etsə də, sonda onu aldadaraq, ona məxsus olan 100.000 (yüz min) manat məbləğində qızıl-ziynət əşyalarını ələ keçirmiş, pullarını ödəməmişdir. Bundan sonra cavabdehlə nə qədər danışıqlar aparsa da, son sözü bu olmuşdur ki, “get, hara deyirsən de, mən sənə heç nə verməyəcəm”. Cavabdeh2 iddiaçıya məxsus olan qızıl-ziynət əşyalarını ələ keçirib mənimsəmiş və onların dəyərini ödəməmişdir. Aralarında keçən danışıqlardan aydın olur ki, özü ona 98.700 manat məbləğində borcu olduğunu etiraf edir, ilk əvvəllər borcu hissəhissə qaytaracağına söz versə də, sonralar guya qaytardığını deyir. Üstəlik, qeyd edir ki, “get, hara şikayət edirsən, et”. Hesab edir ki, adamın niyyəti sadəcə onun mallarını mənimsəmək və ya sataraq pul əldə etmək olub. Bundan əlavə, ərizəyə əlavə edəcəyi diskdə öz səsi ilə borcunun olmasını təsdiq edən səs yazıları var ki, bu Anarənin ona külli miqdarda borcu olmasını etiraf edir. Habelə, yazılarda da ona borcu olmasını təsdiq edir. Anarə adlı şəxs ondan aldığı qızılları kimə satdığını və kimdə nə qədər borcu olduğunu etiraf edən özünün əl yazıları var. Belə ki, cavabdehin dediyinə görə, Mətiş adlı şəxsə 3650 manatlıq qızıl vermiş, həmin qızıldan mənə cəmi 600 manat qaytarmış, Mətişin bacısına 3270 manatlıq qızıl vermiş, 350 manat qaytarmış, Rövşanə adlı xanıma 850 manatlıq qızıl vermiş, 400 manat qaytarılmış, Təranə adlı şəxsə 1300 manatlıq qızıl vermiş, 400 manat qaytarmış, Günel adlı şəxsə 1930 manatlıq qızıl vermiş, 500 manat qaytarılmış, Aynurə adlı şəxsə 1500 manatlıq qızıl verilmiş, 400 manat qaytarlmış, Anarənin özünə sep və qolbaq (600 manat dəyərində) verilmiş, 200 manat qaytarılmış, Leyla adlı şəxsə 800 manatlıq qızıl vermiş, 350 manat qaytarılmış, Rəna adlı şəxsə 1100 manatlıq qızıl verilmiş, 400 manat qaytarılmış, müəllimlərə 6800 manatlıq qızıl verilmiş, 2720 manat qaytarılmış, Sveta adlı şəxsə 630 manatlıq qızıl verilmiş, 300 manat qaytarılmış, Aygün adlı şəxsə 600 manatlıq qızıl verilmiş, 300 manat qaytarılmış, Şəbnəm adlı şəxsə 550 manatlıq qızıl verilmiş, 250 manat qaytarılmış, Dilarə adlı şəxsə 650 manatlıq qızıl verilmiş, 300 manat qaytarılmış, Aysun adlı şəxsə 1070 manat dəyərində qızıl verilmiş, 400 manat qaytarılmış, Şəhla adlı şəxsə 450 manatlıq qızıl verilmiş, 200 manat qaytarılmış, Nazilə adlı şəxsə 490 manat dəyərində qızıl verilmiş, 150 manat qaytarılmış, Xavər adlı şəxsə 2210 manat qızıl verilmiş, Mətişin qardaşına 2550 manatlıq qızıl verilmiş, Zülfüqara 1090 manat qızıl verilmiş, 100 qramlıq külçə verilmiş, qiyməti 2600 manat, Həyat adlı şəxsə 1850 manatlıq qızıl verilmiş, Sürəyya adlı şəxsə 14000 manatlıq, Sürəyyanın qızına isə 7600 manatlıq qızıl verilmiş, Anarənin özü 3385 manat dəyərində qızıl almış, Larisa adlı baldızı ondan 8600 manat dəyərində qızılı alıb Anarənin özünə vermiş, 32460 manat dəyərində qızılı Anarə alıb kimə verdiyini bildirməmişdir. Bu siyahıda qeyd etdiklərini Anarə özü ona bildirmiş və Anarənin sözlərinə görə tərtib etmişdir. Ümumilikdə, Anarə ondan 98.700 manat dəyərində qızılı alaraq pulunu geri qaytarmamışdır. Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi tərəfindən təhqiqatçısı tərəfindən qəbul edilmiş ‘'Cinayət işinin başlanmasının rədd edilməsi haqqında “ 05.08.2020-ci il tarixli Qərardan da göründüyü kimi, Cavabdeh2 öz izahatında ondan 35.000 manat məbləğində dəyəri olan qızılı alıb dəyərini ödədiyini bildirsə də, hazırda ona 90.100 manat məbləğində pul borcludur. İşin faktiki hallarından və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05.08.2020-ci il tarixli qərardan da göründüyü kimi, Cavabdeh2 ilə arasında qızıl-zinət əşyaları ilə bağlı şifahi formada alqı-satqı müqaviləsi bağlanmışdır. Bu alqı-satqı müqaviləsinə uyğun olaraq İddiaçı Cavabdeh2 2018-ci ildən 2019-cu ilin fevral ayına kimi olan müddət ərzində 120-130 min manat dəyərində qızıl-zinət əşyaları vermişdir və daha sonra Cavabdeh2 həmin məbləğdə olan puldan ona qalan 90.100 manat borcunu qaytarmamışdır. Tərəflər arasında olan söhbətlər və whatsapp yazışmaları zamanı Cavabdeh2 ona borcu olduğunu etiraf etmişdir. İşin faktiki hallarından da göründüyü kimi, Cavabdeh2 öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Onunla Cavabdeh2 arasında müqavilə olsa da, cavabdeh şifahi alqı- satqı müqaviləsi üzrə öz üzərinə düşən vəzifələri icra etməmişdir. İşin faktiki hallarından da göründüyü kimi, Cavabdeh2 borcu hissə-hissə qaytaracağına söz versə də, öz öhdəliklərini icra etməmiş və nəticədə ona maddi ziyan vurmuşdur. Qeyd olunanlara əsasən Cavabdeh2 90.100 manat və digər cavabdeh X1 8600 manat, ümumilikdə 98.700 manat məbləğin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2(003)-3260/2020- 008 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 iddiaçının xeyrinə 35.000 manat məbləğində borcun tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı və cavabdeh apellyasiya şikayətləri verərək, iddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2(003)- 3260/2020 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində, Cavabdeh2 35.000 manat məbləğndə borcun 11 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi hissəsində dəyişdirilərək 90.100 məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq ödənilməsi, iddianın rədd edilmiş hissəsinin ləğv edilərək 8.600 manat pul vəsaitinin Cavabdeh1 tutularaq onun xeyrinə ödənilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini, cavabdeh isə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2(003)-3260/2020-008 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi hərtərəfli və obyektiv araşdırmamış, işdə olan sübutları tam dəqiq tədqiq etməmiş, işə birtərəfli yanaşaraq, qanunvericiliyin tələblərini pozmaqla ona münasibətdə ədalətsz qərar çıxarmışdır. Belə ki, məhkəmə cavabdehin iddiaçıdan aldığı qızıl-zinət əşyalarının miqdarı və dəyəri barədə öz xətti ilə yazmış olduğu siyahını və “WhatsApp” vasitəsi ilə göndərdiyi səs yazılarını araşdırmamış, hüquqi qiymət verməmişdir. Məhkəmə cavabdehin izahatını mötəbər sübut kimi qəbul edərək işə birtərəfli yanaşmaqla, bərabərlik və ədalətlilik prinsiplərini pozmuşdur. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci insansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh2 hal-hazırki vəziyyətdə İddiaçı borcu yoxdur. Xəzər Rayon Məhkəməsinin çıxarılan qətnaməsində iddiaçının mötəbər sübut təqdim etmədiyi qeyd edilsə də, cavabdehdən 35.000 manat pul tutulması qət edilmişdir. Məhkəmə sübutlara düzgün qiymət verməmiş, işin hallarını düzgün müəyyən etməmişdir. Həmçinin, məhkəmə guya Cavabdeh2 və onun vəkilinin iddianı qismən etiraf etməsini qeyd etsə də, əslində onlar iddianı qəbul etməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil2 vermiş olduqları apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, csvsbdeh tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz edərək rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil3 vermiş olduqları apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, iddiaçını apellyasiya şikayətinə isə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 avqust 2020-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında cinayət işinin başlanması rədd edilmişdir. İş materialları və işin məhkəmə iclasında araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh2 arasında 2017-2018-ci illər ərzində qızıl-zinət əşyalarının alqı-satqısı ilə bağlı münasibətlər olmuşdur. Belə ki, Cavabdeh2 İddiaçı müxtəlif qızıd-zinət əşyaları alaraq başqa şəxslərə satmışdır. Bir müddət işləri qaydasında getsə də, sonradan götürülmüş qızıl-zinət əşyalarının pulunun Cavabdeh2 tərəfindən qaytarılmasında çətinliklər olmuş və İddiaçı bununla bağlı polisə müraciət etmişdir. Polisdə aparılan təhqiqat nəticəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. İşin mübahisəli halları isə ondan ibarətdir ki, iddiaçı cavabdehlərə verdiyi qızıl-zinət əşyalarının dəyərindən Cavabdeh2 90.100 manat, digər cavabdeh Larisə Mansuravanın isə 8.600 manat ona borclarının qaldığını, lakin həmin borcu ödəməkdən imtina etdiklərini bildirir. Cavabdeh2 isə onların arasında 35.000 manatlıq qızıl-zinət əşyaları ilə bağlı alver olduğunu, həmin puun bir hissəsini qaytardığını, hazırda onun iddiaçıya 3200 manat borcunun qaldığını bildirir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2019-cu il 18 mart tarixli Qərarında qeyd edilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ….Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2016cı il 23 fevral tarixli Qərarında qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, Qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsinin öz qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasə mülki mübahisənin tərəfləri öz tələblərinin və etirazlarının əsasını təşkil edən halları özləri sübut etməyə borcludurlar. Bu mövqedən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin tərəfləri də öz dəlillərinin əsasını təşkil edən halları hər biri söbut etməyə borcludur. İddiaçı Cavabdeh2 verdiyi qızıl-zinət əşyalarına görə sonuncunun ona 90.100 manat borcunun olduğunu bildirsə də, cavabdeh izahatında yalnız 35.000 manatlıq qızılzinət əşyası götürdüyünü bildirdiyindən, məhkəmə kollegiyası həmin iddia tələbinin cavabdeh tərəfindən etiraf edilmiş 35.000 manat hissəsinin əsaslı olması qənaətinə gəlir. Bununla yanaşı, Cavabdeh2 həmin borcdan böyük hissəsini iddiaçıya qaytardığını, hazırda cəmi 3200 manat borcu qaldığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, məhkəmə həmin halın sübuta yetmədiyini bildirir. Bu yerdə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 apellyasiya şkayətində birinci instansiya məhkəməsində nə onun, nə də onun nümayəndəsi tərəfindən borc məbləğinin etiraf edilmədiyini bildirsə də, məhkəmə iclasının protokollarından görünür ki, həm o, həm də onun məhkəmə iclasında iştirak edən nümayəndəsi onun tərəfindən 35.000 manatlıq qızıl-zinət əşyalarının alındığını bildirmişdir. Bundan başqa, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 polisdə verdiyi izahatında da 30.000- 35.000 manatlıq qızıl-zinət əşyalarını iddiaçıdan götürdüyünü etiraf etmişdir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin Cavabdeh1 8.600 manat borcun tutulmasına dair hissəsi əsaslı olmamışdır. Belə ki, iddiaçı bu iddiaçını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, üstəlik bu borcun hansı şəraitdə və nə zaman yarandığını izah edə bilməmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı onun tərəfindən öz iddiasını təsdiq edəcək sübut qismində onunla cavabdeh arasında olan telefon danışığını əks etdirən diskin olduğunu bildirsə də, məhkəməyə belə bir disk təqdim eolunmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş WhatsApp sosial şəbəkəsi üzərindən aparılan yazışmalarla bağlı kollegiya qeyd edir ki, həmin yazışmaların kimlər arasında nə vaxt aparılması, ümumiyyətlə hazırkı mübahisənin tərəflərin aid olub-olmaması da müəyyən deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı tərəfindən Cavabdeh2 35.000 manatlıq qızıl-zinət əşyalarının satış məqsədi ilə verilməsi və həmin əşyaların dəyərinin cavabdeh tərəfindən iddiaçıya qaytarılmaması halı məhkəmə araşdırması zamanı sübuta yetmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlərin həm şifahi, həm də yazılı formada bağlanmasına yol verilir. Həmin Məcəllənin 329.3-ci maddəsinə görə, şifahi bağlanan bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri özhüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbinin Cavabdeh2 İddiaçı xeyrinə 35000 manat məbləğində pul vəsaitinin tutulması hissəsinin təmin olunması qanunamüvafiq və əsaslıdır və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası izah edir ki, apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2(003)-3260/2020- 008 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6057/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6057/2021
05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver