Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6058/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2348/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh MTK-ya qarşı «öhdəliyin icrası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə onun arasında bağlanmış 09 iyul 2014cü il tarixli müqavilənin ləğv edilməsi və Bakı şəhəri Nəsimi rayonu məhəllə 968, Süleyman Rüstəm, Mir Qasımov və X1 küçələrinin kəsişməsində yerləşən yaşayış binasında, 3-cü girişin 5-ci mərtəbəsində olan 127 saylı, ümumi sahəsi 206,3 m2, 4 otaqlı mənzil üçün ödədiyi 309.450 (üç yüz doqquz min dörd yüz əlli) manat məbləğində pulun ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbləri dəqiqləşdirilmişdir).
2. Cavabdeh MTK İddiaçı qarşı «işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələblərinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı 200.000 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2348/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi (hakim İbadzadə Anar) ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
5. Cavabdeh qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qeyd etmişdir ki, Cavabdeh MTK-nın sədri X2 ilə aralarında 09 iyul 2014-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən «Kooperativ» Bakı şəhəri Nəsimi rayonu məhəllə 968, Süleyman Rüstəm, Mir Qasımov və X1 küçələrinin kəsişməsində yerləşən yaşayış binasından, 3-cü girişinin 5-ci mərtəbəsində olan 127 saylı, ümumi sahəsi 206,3 kv.m., 4 otaqlı mənzili «Payçıya», yəni iddiaçıya verməyi, «Payçı» isə həmin sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş şəkildə mənzilin dəyərinin vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Onun tərəfindən mənzilin dəyəri tam şəkildə Kooperativə ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Cavabdeh isə müqavilə öhdəliklərini icra etməməklə, mənzili keçən uzun müddət ərzində ona təhvil verməməklə hüquqlarını pozmuş, cavabdehə bu barədə dəfələrlə şifahi və yazılı müraciətlər etsə də, hər dəfə müəyyən bəhanələrlə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyin icrasından yayınmışdır. İşin təkzibedilməz hallarına və göstərilən qanunvericilik aktlarına əsasən hesab edir ki, mübahisə predmeti təşkil edən mənzilin dəyəri tərəfindən tam məbləğdə ödənildiyindən müqavilə üzrə öhdəliklərini icra etmiş, lakin cavabdeh isə üzərinə götürdüyü öhdəliyə vicdanla yanaşmayaraq icra etməmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, qeyd edilən bina ümumiyyətlə tikilməmiş və binanın tikilməsi nəzərdə tutulan ərazidə köhnə tikililər mövcuddur və sakinlər yaşayır. Bununla da məlum olmuşdur ki, 2014-cü il tarixdən bu ana qədər digər binalar tikilərək təhvil verilsə də, lakin iddiaçıya satılmış mənzil olan bina, ümumiyyətlə, inşa edilməmişdir. Bundan sonra, İddiaçı mənzilin təhvil verilməsinin mümkün olmaması səbəbi ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə onun arasında bağlanmış 09 iyul 2014-cü il tarixli müqavilənin ləğv edilməsi və Bakı şəhəri Nəsimi rayonu məhəllə 968, Süleyman Rüstəm, MirQasımov və X1 küçələrinin kəsişməsində yerləşən yaşayış binasında, 3- cü girişin 5-ci mərtəbəsində olan 127 saylı, ümumi sahəsi 206,3 kv.m., 4 otaqlı mənzil üçün ödədiyi 309.450 (üç yüz doqquz min dörd yüz əlli) manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyator şikayətində qətnamənin ilkin iddia hissəsində ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək göstərdi ki, rayon məhkəməsi işa baxarkən maddi və prosessual hüquq normalarını pozmuş, iddiaçının tələbini dəyişərək, mənzilə görə ödəmiş olduğu təlb etməsinə əhəmiyyət verməmiş, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir, bu səbəbdən də, qətnaməni ilkin iddaya aid hissədə tam ləğv edərək tərəflər arasında mənzilə dair bağlanmış müqaviləyə görə ödədiyi pulun tutulması barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, həmin dövrdə məlum hadisələrlə bağlı MTK rəhbərliyi vəziyyətdən çıxmaq üçün, yalandan, icra müddəti göstərilməyən uydurma bir müqavilə tərtib edib vermişlər, tərəflər arasında bağlanmış həmin müqavilə görünüş üçün bağlanmış uydurma əqddir, təbii ki, həmin müqaviləyə görə də MTK-ya hər hansı pul ödənilməmişdir, cinayət işi üzrə əldə olunmuş sübutlarla da bu hallar təsdiq olunur, odur ki, şikayətin təmin olunmamasını xahiş etdi. Sübutların tədqiqi:
9. Cavabdeh MTK-nın sədri X2 ilə İddiaçı arasında bağlanan 09 iyul 2014-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhəri Nəsimi rayonu məhəllə 968, Süleyman Rüstəm, Mir Qasımov və X1 küçələrinin kəsişməsində yerləşən yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binada 3-cü blokun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi layihə üzrə 206,3 m2 təşkil edən 4 otaqlı, 127 saylı mənzili «Kooperativ» «Payçı»ya (mənzilin on kalkulyasiya dəyərini tam müqavilədə müəyyən edilmiş qayda ilə ödədikdən sonra) verməyi, «Payçı» isə həmin mənzili qəbul etməyi öz ohdəsinə götürmüşdür.
10. 2014-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu məhəllə 968, Süleyman Rüstəm, Mir Qasımov və X1 küçələrinin kəsişməsində Cavabdeh MTK-nın inşa etdiyi yaşayış binasından 3-cü girişinin 5-ci mərtəbəsində 127 saylı ümumi sahəsi 206,3 m2 olan 4 otaqlı mənzili alqı-satqı müqaviləsi əsasında almış və payçı mənzilin tam dəyərini ödəmişdir.
11. Birinci instansiya məhkəməsi tərəfindən 08 iyul 2021-ci il tarixdə keçirilmiş yerli baxış zamanı məlum olub ki, MTK-ya ayrılmış 3 və 4-cü blokların yerləri tam sökülməmişdir, bir hissəsində hələ də yaşayış var, 6 mənzil sökülməlidir, lakin hələ də sökülməyib.
12. Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsindən hazırkı mübahisə tərəfləri ilə bağlı Cavabdeh Mənzil Tikinti Kooperativinin müraciəti əsasında araşdırma aparılıb-aparılmaması, iş üzrə təqsirləndirilən və ya zərərçəkmiş şəxs qismində tanınma barədə qərarın qəbul edilib- edilməməsi barədə məlumatların verilməsi və zəruri sənədlərin surətlərinin təqdim olunması xahiş olunmuşdur.
13. Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsindən daxil olmuş məlumatda qeyd edilir ki, Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı davam etdirilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin bəzi vəzifəli şəxsləri tərəfindən hakimiyyətdən sui-istifadə, rüşvət alınması, özgə əmlakının hədə-qorxu ilə tələb edilib ələ keçirilməsi, vəzifə saxtakarlığı və digər qanunsuz əməllərin törədilməsi faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 193-1.3.1, 193- 1.3.2, 294.3, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 318.2, 341.2.1,341.2.3-cü maddələri ilə istintaq olunur. Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri Rauf Bayramovun qeyd edilən müəssisənin mülkiyyətində olmuş 309.450 manat dəyərində mənzilin dəyəri ödənilmədən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən gəlinmiş hədə-qorxu nəticəsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu İddiaçı adına rəsmiləşdirilməsi, təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına dair müraciəti ilə əlaqədar cinayət işi üzrə zəruri istintaq və prosessual hərəkətlər icra edilmişdir. Aparılmış istintaq zamanı Cavabdeh Mənzil Tikinti Kooperativinin mülkiyyətində olmuş mənzilin dəyərinin İddiaçı tərəfindən ödənilməsi təsdiq olunmayaraq, hazırda həmin əmlaka olan hüququn hədə-qorxu ilə ələ keçirilməsi faktı üzrə təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində iş üzrə cinayət təqibi davam etdirilməklə, həmin xüsusatlarla əlaqədar toplanmış zəruri sənədlərin surətləri Məhkəməyə göndərilmişdir.
14. Materiala əlavə edilmiş xx.xx.2022-ci il tarixli protokolda İddiaçı dindirmə zamanı 2014-cü ilin yay aylarında Kooperativin ərazisinə getdiyini, oradakı tanımadığı şəxslərə yeni tikilən binada 3-cü mətəbədən aşağı olmayan, 6-cı mərtəbədən yuxarı olmayan mənzil almaq istədiyini bildimiş, onlar ona 4 otaqlı 290 kvm. mənzilin qiymətinin 310.000 manat olduğunu bildirmiş, bir neçə gün fikirləşdikdən sonra, həmin şəxlərə evin pulunu nəğd şəkildə vermiş həmin şəxslər də on də ona müqavilənin bir nüsxəsini, kassa mədaxil orderinin nüsxəsini, maliyyə arayışını vermişlər. İddiaçı nəyə görə hansı səbəbdən 1-ci və 2-ci bloklar tikildiyi halda məhz 3-cü blokdan ev aldığını izah edə bilməmiş, MTK-nın Ramiz Süleymanov, Əlixan Cəfərovu, Vahid alışovu tanımadığını bildirmiş, MTK tərəfindən mənzillərin kvadrat metri ən yuxarı həddə 1200 manatdan satıldığı halda, mənzili kv.m-i 1500 manat olmaqla almasının səbəbini izah edə bilməmiş, MTK tərəfindən 2015-ci ilin mart ayına kimi heç bir şəxsə maliyyə arayışı verilmədiyi halda, ona 2014-cü ilin yay aylarında maliyyə arayışı verilməsinin səbəbini izah edə bilməmişdir.
15. Materiala əlavə edilmiş xx.xx.2022-ci il tarixli protokolda İddiaçı MTK ilə müqavilə bağladığı xx.xx.2014-cü il tarixdə ümumiyyətlə Cavabdeh MTK-nın ofisinin anten dairəsində yəni, Bakı şəhəri Nəsimi rayonu, Mirqasımov küçəsində olmadığı müyyən olunmuşdur
16. Həmin ********* nömrəli cinayət işi üzrə dindirilən şahid X2 bildirmişdir ki, 2013-2014-cü illər ərzində Cavabdeh MTK-nın direktoru işləyib, 2014-cü ilin yay aylarında özlərini keçmiş MTN əməkdaşı kimi təqdim edən şəxslərin hədə qorxusu ilə tikilməmiş 3-cü blokda 206 kv.m mənzili İddiaçı adına rəsmiləşdirdilər, sənədlər iki nüsxədə tərtib olundu, İddiaçı şəxsiyyət vəsiqəsinin surəti təqdim edilmişdi, özü heç vaxt ofisə gəlməyib (xx.xx.2022-ci il tarixli protokol).
17. Həmin ********* nömrəli cinayət işi üzrə dindirilən şahid X3 bildirmişdir ki, 2015ci ildən ərzində Cavabdeh MTK-nın sədri vəzifəsində işləyib, 2013-cü ilin yay aylarında Bak şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində bina tikintisinə başlandı, o da nəzarət edirdi, 2014-cü ilin yay aylarında özlərini keçmiş MTN əməkdaşı kimi təqdim edən şəxslər ofisə gəlmiş, R.Süleymanov onları qarşılamış, Nazirlik üçün ev ayrılmalı olduqlarını, yoxa tikinti üçün böyük problem yaradacaqlarını bildirmiş, ev versələr problem olmayacağını bildirmişlər, o razılaşmadıqda, ona kobud şəkildə ev veriləcəyini bildirmiş, İddiaçı şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişlər. Bundan sonra həmin şəxslərin hədə qorxusu ilə tikilməmiş 3-cü blokda 206 kvm. mənzili İddiaçı adına rəsmiləşdirdilər, sənədlər iki nüsxədə tərtib olundu, İddiaçı şəxsiyyət vəsiqəsinin surəti təqdim edilmişdi, özü heç vaxt ofisə gəlməyib. Bir müddət keçdikdən sonra tanımadığı şəxs sənədləri gəlib ofisdən götürdü.
18. Həmin ********* nömrəli cinayət işi üzrə dindirilən şahid X5 bildirmişdir ki, 2013- 2015-ci illərdə Cavabdeh MTK-nın baş mühasibi vəzifəsində işləyib, 2014-cü ilin yay aylarında keçmiş MTN əməkdaşlarını ofisə gəlməsini, onların hədə-qorxusu ilə tikilməmiş 3-cü blokda 206 kv.m mənzili İddiaçı adına rəsmiləşdirdiklərini qeyd etdi. Onun iştirakı olmadan kassaya hər hansı məbləğin mədaxil olunmadığını bildirdi. Ümumiyyətlə, o işlədiyi dövrdə həmin evə görə kassaya pul mədaxil olunmadığını bildirdi. Müqavilə hədəqorxu nəticəsində yazılmışdır. Tətbiq edilən maddi hüquq normaları:
1. Maddə 5.3. mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
2. Maddə 16.1.fiziki və hüquqi şəxslər yalnəz və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui-istifadə edilməsinə yol verilmir.
3. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
4. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
5. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
6. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
7. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Tətbiq edilən prosessual hüquq normaları:
8. Mülki Prosessual Məcəllə
9. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
10. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
11. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
12. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
13. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
14. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
15. 372.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
18. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
19. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
20. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Hüquqi dəyərləndirmə:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən yalnız ilkin iddia tələbi hissədə yoxlayır.
24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, ilkin iddia tələbi hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi təmin edilməməlidir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
26. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli № 02/2022 sayli Qərardadında da eyni hüquqi mövqe müəyyən olunmuşdur.
28. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
29. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
30. Kollegiya bildirir ki, ilkin iddia tələbini təmin etməyən rayon məhkəməsi qətnamədə tərəflər arasında mənzil alqı-satqısına dair qüvvədə olan müqavilə olduğunu, cavabehin müqavilənin icra edilməsinə zəmin yaratmaq üçün ərazidə olan özbaşına tikililərin sökülməsinə qanuni yollarla nail olunmağa cəhd etməsini qeyd etmişdir. Başqa sözlə, rayon məhkəməsi iddia tələbinin təmin edilməsində imtina edərkən cavabdeh MTK tərəfindən müqaviləyə uyğun olaraq mənzilin hal-hazıradək iddiaçıya təhvil verilməməsinin obyektiv səbəblərlə bağlı olmasına istinad etmişdir. Bununla da, bəlli olur ki, rayon məhkəməsi həmin müqaviləni etibarlı əqd hesab etmişdir.
19. Halbuki, hazırkı işin müəyyən olunmuş hallarından, tərəflərin izahatları, iddiaçının və MTK-ın işçilərinin cinayət iş üzrə verdiklərin ifadələri, habelə tərəflərin müqaviləyədək və müqavilədən sonrakı hərəkətlərini nəzərə aldıqda aşkar müəyyən olunur ki, Cavabdeh MTK-nın sədri X2 ilə İddiaçı arasında Bakı şəhəri Nəsimi rayonu məhəllə 968, Süleyman Rüstəm, Mir Qasımov və X1 küçələrinin kəsişməsində yerləşən yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binada 3-cü blokun 5-ci mətəbəsində yerləşən ümümi sahəsi layihə üzrə 206,3 m2 təşkil edən 4 otaqlı, 127 saylı mənzili «Kooperativ» «Payçı»ya (mənzilin on kalkulyasiya dəyərini tam müqavilədə müəyyən edilmiş qayda ilə ödədikdən sonra) verməyi, «Payçı» isə həmin mənzili qəbul etməyi öz ohdəsinə götürməsi barəsində bağlanılan 09 iyul 2014-cü il tarixli müqavilə görünüş üçün bağlanmış və tərəflər üçün hər hansı hüquq və vəzifələr yaratmayan (puç) əhəmiyyətsiz əqddir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi müqavilə ilə eyni tarixli pulun ödənilməsinə dair maliyyə arayışı da həmin müqavilənin (əqdin) ayrılmaz tərkib hissəsi olmaqla, o da görünüş üçün tərtib olunmuşdur, bu səbəbdən həmin arayış da puçdur, əhəmiyyətsizdir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı nə ilkin tələbinə, nə də pulun ödənilməsinə dair dəyişdirilmiş tələbinə dair məhkəməyə biri digərin tamamlayan, təkzibolunmazlıq bağlı tələblərə cavab verən və hər hansı əsaslı şübhədənkənar sübut təqdim edə bilməmişdir.
32. MPM-in 385-ci maddəsində birinci instansiya məhkəməsinin məhkəmə aktlarının apellyasiya qaydasında ləğvinin əsasları müəyyən olunmuşdur: maddi hüquq normasının düzgün tətbiq edilməməsi (maddə 385.1.1.); məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması (maddə 385.1.2.). Nəticə:
33. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verdiyindən, eləcə də gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, apellyasiya baxışının predmeti olan ilkin iddia tələbi hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi (başqa əsasla) təmin edilməməlidir.
34. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
36. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2348/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, ilkin iddia tələbi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, ilkin iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev