Məhkəmə qərarları › İş №2(103)-606/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-606/2025

21.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-606/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı2, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) X4 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı2 1990-cı ildə X6 ilə evlənib ailə qurmuşlar, birgə nikahlarından İddiaçı1 və İddiaçı3 adlı uşaqları olmuşdur. İddiaçı2 X6 ilə evlənəndən sonra ünvan 1 ünvanda yerləşən evə (bundan sonra – mübahisəli ev) köçmüş, ailəsi və Nabil Əhmədovun anası Seyidxanım Əhmədova ilə birlikdə yaşamışlar. Mübahisəli ev özbaşına tikilidir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 1990-cı ildə X6 ilə evlənib ailə qurmuşlar. X3 xx.xx.2023-cü il tarixdə, qaynanası Seyidxanım Əhmədova isə xx.xx.2023-cü il tarixdə vəfat etmişlər. Onlar ünvan 2 ünvanda yaşamışlar və onlara məxsus bütün əşyaları və əmlakları həmin fərdi yaşayış evində yerləşir. X6 və qaynanası vəfat etdikdən sonra cavabdehlər onları evə buraxmamışlar. Cavabdeh1 telefonla onunla əlaqə saxlayarkən, ona hədə-qorxu gəlmiş, öldürməklə hədələmişdir. İddiaçı2 34 ildir ki, həmin fərdi yaşayış evində yaşayır, həmin evə gəlin gəlmiş, hal-hazırda orda-burda qalır və evə getməyə qorxur. Fərdi yaşayış evinin qapısının qıfılını dəyişmişlər, dəfələrlə evə köçüb yaşamağa cəhd etsə də, cavabdehlər buna imkan verməmişlər. Həmçinin onlar həmin fərdi yaşayış evində doğulmuş, ataları və anaları ilə birlikdə yaşamışlar. Onlar uzun müddət həmin fərdi yaşayış evində yaşamaqla təsərrüfatı aparmış, fərdi yaşayış evi onların daimi yaşayış yeri olmuşdur.. Qeydiyyatda olduğu ünvan başqa şəxsə məxsusdur, orada yaşamamışlar.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev, iş № 2(001)-4525/24) iddia təmin edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, ddiaçıların sözügedən evdə yaşamalarını cavabdehlərdən Cavabdeh1 da təsdiq etmişdir. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçılara qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Bununla yanaşı cavabdehlərin özlərinin həmin evdə yaşamaları və oradan istifadə etmələri də iş üzrə müəyyən edilmir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 5.3, 6.2, 11, 14.2.1, 18, 27.1, 27.3, 180, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh1 şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçlar İddiaçı1 Nəbi qızı, İddiaçı2 və İddiaçı3 iddia qaldırmaq üçün subyektiv hüququ malik deyildir. İddiaçıların fərdi yaşayış evinə heç bir aidiyyatı yoxdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdeh1 və onun nümayəndəsi (vəkili) S.Əkbərov məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdeh1 əlavə olaraq bildirdi ki, o, İddiaçı2 mübahisəli evdə yaşamasına etiraz etmir, gəlib yaşaya bilər, lakin digər iddiaçıların mübahisəli evdə yaşamalarını istəmir.

13. İddiaçı2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

14. Digər iddiaçılar İddiaçı1, İddiaçı3 və digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsala da, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası) Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. – Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı işdə iddia təmin olunduğundan və qətnaməni apellyasiya qaydasında yalnız Cavabdeh1 mübahisələndirdiyindən qətnamənin əsaslılığı həmin cavabdehin apellyasiya şikayətinə münasibətdə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Yuxarıda qeyd olunduğu kimi, iddiaçılar uzun müddət mübahisəli fərdi yaşayış evində birgə yaşadıqlarına istinad edərək həmin evə köçürülmələri tələbi ilə çıxış edirlər.

21. Cavabdeh1 isə iddiaçıların həmin evdə 20 ildən çoxdur ki yaşamadıqlarını, İddiaçı2 onun dayısı ilə 34 il evli olmasına baxmayaraq, 20 ildir ki ayrıldıqlarını, cavabdehlərin hazırkı iddiaya aidiyyətləri olmadığını bildirmişdir.

22. Birinci instansiya məhkəməsi iddianı iddiaçıların sözügedən evdə yaşamalarını cavabdehlərdən Cavabdeh1 da təsdiq etdiyi, sonuncunun (cavabdehin) özünün həmin evə hüququnu təsdiq edən sübutlar təqdim olunmadığı, cavabdehlərin özlərinin həmin evdə yaşamaları və oradan istifadə etmələrinin müəyyən olunmadığı əsası ilə təmin etmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir.

24. Özbaşına tikililərə köçürülmə tələbi üzrə mübahisələrin həlli ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır.

25. Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə, özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi, yaxud belə tikilinin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir.

26. Mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və iddiaçılar tərəfindən yaşayış sahəsi kimi istifadə olunub. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadıqları ehtimal olunarsa, o zaman bərabərlik prinsipinə uyğun olaraq iddiaçıların da həmin şərtlər daxilində özünün zəhməti ilə inşa edilmiş bu evdə yaşamaq hüquqları vardır. Bu yanaşmanın əksi, yəni iddiaçıların evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçıların da cavabdehlərlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə, onların mübahisəli evə köçürülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır.

27. Apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə apellyasiya baxışı zamanı Biləcəri bələdiyyəsinə, Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə müvafiq sorğular verildi və alınan cavablar əsasında bir daha müəyyən olundu ki, mübahisəli tikiliyə və onun yerləşdiyi torpaq sahəsinə dair nə Bələdiyyədə, nə də Nümayəndəlikdə heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Mübahisəli tikili mərhum X1 tərəfindən zəbt olunmuş torpaq sahəsində inşa olunan evdir və Bələdiyyənin elektron bazasında vergi ödəyicisi kimi o qeydə alınmışdır. İddiaçı2 onun gəlini, yəni oğlunun arvadı, Cavabdeh1 isə onun nəvəsidir.

28. Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmunundan görünür ki, iddiaçı Polis idarəsinə yazdığı xx.xx.2023-cü il tarixli şikayət ərizəsində də mübahisəli evdə ərinin ölümünə qədər yaşadığını, ərinin və qaynanasının ölümündən sonra Cavabdeh1 onu evdən çıxarmaq istədiyini, əks halda onu öldürməklə hədələdiyini göstərmişdir. Bu isə onu göstərir ki, iddiaçı Polis idarəsinə şikayət yazarkən hələ evdən çıxarılmamış, orada yaşamışdır. Polis idarəsinə müraciətinin səbəbi isə cavabdeh tərəfindən evdən çıxarılmağının qarşısını almaqdan ibarət olmuşdur.

29. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də MPM-nin 385.2-ci maddəsi rəhbər tutulmaqla birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar