Məhkəmə qərarları › İş №2(103)-6063/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6063/2021

01.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6063/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı Rianna Mixaylovnanın nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə X1 Lalə Novruz qızına qarşı “ləyaqətsiz vərəsə kimi tanınma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mərhum X8 ləyaqətsiz vərəsəsi hesab edilməsi, vərəsəlik yolu ilə məcburi pay kimi əldə etdiyi miras əmlakların və 3000 manat gəlirin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, bacısı olan cavabdeh ona miras əmlakdan pay düşməməsi üçün 84 yaşlı anaları X10 aldadaraq onun Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evdə yerləşən 53 saylı mənzilini analarının mənzil və maddi təminatının ömürlük qarşılanması müqabilində və qayğısına qalacaqlarına söz verərək bağışlama yolu ilə ələ keçirmiş, bununla da onu miras əmlakdan pay almaq hüququndan məhrum etmiş, lakin bağışlama başa çatdıqdan sonra anasına öz mənzilində yer versə də, bağışlanma qurtardıqdan sonra anasına qarşı münasibəti pis mənada kəskin dəyişmiş, anasına qarşı hörmətsizlik göstərmiş, ələ salmış, hər addımda təhqir etmiş, ona yük olmağını tez-tez üzünə vurmuş, onu ac saxlamış, xəstə vəziyyətində ona qayğı göstərməmiş, hətta ona qarşı fiziki zorakılıq da göstərmiş, bağışlamadan təxminən bir ay sonra anasını öz evindən çıxararaq 2018-ci ilin may və iyun aylarında yaşaması üçün Bakı şəhərinin Əhmədli qəsəbəsində kirayəyə mənzil tutub onu oraya köçürmüş, mənzilin 2 aylıq kirayə haqqını da ödəmiş, 2 ay sonra mənzilin kirayə haqqını ödəmədiyindən anası məcburiyyət qarşısında qalaraq 2018-ci ilin iyul ayında mənzildən çıxmış, yenidən kommunal xidməti olmayan otaqda yaşamağa davam etmişdir. Cavabdeh mərhumun evini ələ keçirdikdən sonra anasına heç bir qayğı göstərməmiş və xəstə halda günlərlə ac, dərmansız saxlamış, anası məcburiyyət qarşısında qalıb kömək üçün ona müraciət etdiyindən İsraildən Azərbaycana gələrək anasına maddi köməklik göstərmiş, anasına kirayəyə ev tutaraq kirayə haqqını ödəmişdir. Bu hallar mərhum analarının Cavabdeh qarşı məhkəmələrdə qaldırdığı iddia ərizələrinin, apelyasiya şikayətlərinin, polis, prokurorluq orqanlarına və Nəsimi rayon İcra Hakimiyyətinin başçısına yazdığı şikayət ərizələrinin mətnlərində öz əksini tapmışdır. Fakt odur ki, ananın hədiyyə verdiyi ev sökülmüş və yeni ev tikilənə kimi tikintini aparan “xxxx” MMC cavabdehə hər ay 500 manat kirayə haqqı ödəmişdir ki, mülkiyyətçi həmin mənzildə yaşasın. Lakin hədiyyə alanların Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, dalan 13-də 9 saylı mənzilləri olduğundan öz mənzillərində yaşamalarını davam etdirərək əldə etdikləri pulları özlərinə götürərək bu pulu hədiyyə verən və mənzilindən məhrum olan ananın mənzil kirayə haqqının ödənilməsinə yönəltməmişlər. Nəticədə cavabdeh və onun uşaqları hədiyyə verilən evin sökülməsi ilə əlaqədar aldıqları puldan ananın kirayə qaldığı mənzilin kirayə haqqını ödəməkdən və qayğısına qalmaqdan, yəni üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən birtərəfli qaydada imtina etmişlər. Ona görə də miras qoyan 2 ilə yaxın müddət ərzində pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəmələrdə iddia qaldırmış, cavabdeh tərəfindən oğurlanmış pullarının geri alınması məqsədilə polis və prokurorluq orqanlarına çoxsaylı şikayətlər yazmışdır. Ümumiyyətlə, cavabdehin məqsədi mərhumun digər vərəsəsi kimi onu gələcəkdə açılacaq miras əmlakdan pay almaq hüququndan məhrum etmək olmuşdur. Eyni zamanda mərhum iddia ərizəsində göstərmişdir ki, “sonradan mənə məlum olmuşdur ki, qızım Cavabdeh, nəvələrim X6 və X4 məni aldadıb əmlakımı bağışlama müqaviləsi ilə ələ keçirməkdə məqsədləri mənim son iradəmi həyata keçirərkən mənə mane olmaq, digər övladımın vərəsəliyə çağırılmasına və mirasdan pay almasına maneçilik törətmək olmuşdur”. Belə ki, miras qoyan X14 tərəfindən 07 dekabr 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 19-da yerləşən, 3 otaqlı, 73 kv.m yaşayış sahəsi olan 53 saylı mənzilə dair Cavabdeh ilə hədiyyə verən X14 arasında bağlanmış "Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin, Cavabdeh ilə X9 arasında bağlanmış 19 iyun 2016cı il tarixli "Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin, Cavabdeh ilə X11 arasında bağlanmış 19 iyun 2019-cu il tarixli "Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin, X4 adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli RX seriyalı Çıxarışın, X6 adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli, RX seriyalı Çıxarışın ləğv edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 19-da yerləşən, 3 otaqlı, 73 kv.m yaşayış sahəsi olan 53 saylı mənzilə dair mülkiyyət hüququnun ona qaytarılması barədə ərizə verilmiş, Nəsimi Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, bundan başqa mərhum X14 cavabdehdən aliment alınmasına dair Nəsimi Rayon Məhkəməsində iddia qaldırmış, birinci instansiya məhkəməsi mərhumun iddia tələbini təmin etməmişdir. Daha sonra X14 Nəsimi rayon İcra Hakimiyyətinə ünvanladığı 19 avqust 2019-cu il tarixli ərizəsində Cavabdeh və X5 onun qızının və nəvəsinin ona qayğı göstərib onu saxlamaqdan, maddi yardım göstərməkdən imtina edilməsindən və küçəyə atılmasından şikayət edərək onların İXM-nin 190-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələri üçün tədbir görülməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri cənab Hafiz Aberkarov özünün 04 oktyabr 2019-cu il tarixli məktubu ilə X3 və X7 İXM-nin 190-cı maddəsinin və Ailə Məcəlləsinin müddəalarını nəzərə alaraq, Rimma Alimovanı saxlamağa və ona qayğı göstərməyə borclu olduqları, əks halda onların məsuliyyətə cəlb olunmaları barədə rəsmi qaydada xəbərdar edilmişlər. Bundan başqa X14 Nəsimi rayon Polis .öbəsinə, Nəsimi rayon prokuroruna, Bakı şəhər prokuroruna şikayət ərizəsi verərək Cavabdeh, nəvələri X4 və X6 onun yaşayış yerinə daxil olmaqla, evinin qapısının qıfılını sındırmaqla ora daxil olub ordan 3000 manat pulunu gizlicə talamaqla oğurlamaları barədə məlumat vermişdir. Nəsimi rayon Polis Şöbəsinin müstəntiqi X2 31 avqust 2019-cu il tarixli qərarı ilə Alimova Rimmanın ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmin qərardan ibtidai istintaqa rəhbərlik edən prokurora şikayət verilmiş, o isə anasının xahişi ilə İsrail dövlətindən Bakıya gələrək öz pulu ilə anasına yaşamaq üçün hər bir şəraiti olan kirayəyə mənzil tutaraq onu ora köçürmüş, anasının ölümünə bir həftə qalana qədər mənzilin kirayə haqqını və anasının bütün ehtiyaclarını ödəmişdir. Cavabdeh anasını evinə aparandan 5-6 gün sonra anası ölmüşdür. Analarının sirli ölümü şübhələr yaratdığından bu barədə Nəsimi rayon prokurorluğuna şikayətlər vermişdir. Analarının ölümündən sonra cavabdeh vəsiyyətnamə ilə ona vəsiyyət edilmiş evi onun razılığı olmadan kirayə vermiş və əldə etdiyi pulu mənimsəmiş, evə dair çıxarışı da ona verməkdən imtina etmiş, miras əmlakı mülkiyyətinə keçirməsinə maneçilik törətmişdir. Göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri miras qoyanın son iradəsinin həyata keçirilməsinin əleyhinə, digər halda isə miras qoyanın artıq vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı yönəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçının nümayəndəsi onun ləğv, iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual qanunvericiliyin tələblərini pozduğunu irəli sürmüşdür. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, cavabdeh və onun vəkili isə iddianın əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, tərəflər bacıdırlar və iddiaçı, cavabdehin övlad kimi üzərinə düşən vəzifələri yerinə yetirmədiyini, analarına qarşı laqeydlik nümayiş etdirdiyini, hətta onu döydüyünü irəli sürməklə onun ləyaqətsiz vərəsə kimi tanınmasını tələb etməkdədir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, mərhumə X14 Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi 19 saylı evin 53 saylı mənzilini 01.04.2016-cı il tarixdə Cavabdeh bağışlamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ilə onun “daşınmaz əmlakın bağışlanması müqavilələrinin ləğvi və sair” tələbinə dair iddiası qismən təmin edilmiş, Rimma Qereyevna 23.10.2019-cu il tarixdə vəfat etmiş, Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddianın rədd edilməsi qət olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 avqust 2020-ci tarixli qərarı ilə apellyasiya instansiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının öz iddiasının hüquqi əsası kimi istinad etdiyi Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 13.12.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “…Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur”. İşin hallarından görünür ki, Cavabdeh miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi, özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi halı müəyyən edilməmişdir; bu isə iddianın əsaslandırıldığı faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaması deməkdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-437/2021 saylı iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar