Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6063/2022 19.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-404/2022 saylı, 02 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Azərbaycan Respublikası Müdafiə nazirinin 29 dekabr 2020-ci il tarixli müvafiq əmri ilə cavabdeh, 2-ci dərəcəli kapitan Cavabdeh2 «Hərbi xidmət keçmə haqqında Əsasnamə»nin 156 (V) bəndinə uyğun olaraq xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cavabdeh2 yaşa görə əmək pensiyaçısıdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlər Cavabdeh2 və Dadaşova (Rəhimova) Elnarə Mirzəbala qızına qarşı xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Dadaşova (Rəhimova) Elnarə Mirzəbala qızının ünvan 1 ünvandan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, 2-ci dərəcəli kapitan, N nömrəli hərbi hissədə X1 rəisi vəzifəsində işləmiş Cavabdeh2 xx.xx.N-ci il tarixli raportla həmin hərbi hissə komandirinə müraciət edərək ailə vəziyyətinə, eləcə də onun və ailə üzvlərinin 14 il müddətində kirayədə qalmasına əsaslanaraq «Puta» hərbi şəhərciyində yerləşən xüsusi təyinatlı yaşayış binasından onun mənzillə təmin edilməsinə göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh2 həmin hərbi hissənin X1 rəisi vəzifəsində xidmət etməsi, eləcə də onun ailə vəziyyəti, xx.xx.2010-cu il tarixdən digər cavabdeh Dadaşova (Rəhimova) Elnarə Mirzəbala qızı ilə nikahda olması, onların birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü və xx.xx.2013-cü il təvəllüdlü iki qızının olması və digər diqqətə layiq hallar nəzərə alınmaqla, Cavabdeh2 yuxarıda sözügedən raportuna istinadən ailə üzvləri ilə birlikdə yaşamaları üçün Bakı şəhəri Qaradağ rayonu «Puta» hərbi şəhərciyində ona 57/2 saylı binadan 110,39 m2 sahədən ibarət 3 otaqlı xüsusi təyinatlı yaşayış sahəsi olan 6 saylı mənzil ayrılmışdır. Cavabdeh2 həmin hərbi hissəyə verdiyi N noyabr N-ci il tarixli yazılı iltizamda ona ayrılmış yuxarıda sözügedən xüsusi təyinatlı yaşayış sahəsi fonduna aid olan hərbi şəhərciyin 57/2 saylı ünvanda yerləşən 6 saylı mənzili xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq N nömrəli hərbi hissənin Mənzil İstismar Xidmətinə yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. Müdafiə nazirinin 29 dekabr 2020-ci il tarixli müvafiq əmri ilə cavabdeh, 2-ci dərəcəli kapitan Cavabdeh2 «Hərbi xidmət keçmə haqqında Əsasnamə»nin 156 (V) bəndinə uyğun olaraq xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cavabdeh2 hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra ona yuxarıda sözügedən xüsusi təyinatlı yaşayış sahəsi fonduna aid mənzili boşaltması və aidiyyəti üzrə təhvil verilməsi barədə Cavabdeh2 müvafiq bildiriş göndərilsə də, o, həmin mənzili boşaltmamışdır. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət mənzil fondlarının yaşayış sahələrinin məcmusuna daxil olan xüsusi təyinatlı mənzil Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsində nəzərdə tutulan digər şəxslərlə yanaşı hərbi orqanlarda xidmətdə olan şəxslərə də verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 103.3-cü maddəsinin tələbinə görə xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Nəzərə alınmalıdır ki, Cavabdeh2 hərbi xidmətdən ehtiyata buraxıldığından, eləcə də onun xüsusi təyinatlı yaşayış sahəsinə aid olan yuxarıda sözügedən mənzildən çıxarılmasını istisna edən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.2-102.2.4-cü maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından o, digər ailə üzvləri ilə birlikdə hərbi xidmət keçmə müddəti ərzində ona ailə üzvləri ilə birlikdə yaşamaları üçün verilmiş mənzildən çıxmaqla, həmin mənzili boşaltmalı və aidiyyəti üzrə təhvil verilməlidir. Yuxarıda sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən hesab edirlər ki, Cavabdeh2 hərbi xidmətdən ehtiyata buraxıldığından və bununla əlaqədar onunla bağlanmış kirayə müqaviləsinin müddəti başa çatdığından onun və digər cavabdehin yuxarıda sözügedən mənzildən çıxarılmalarına və həmin mənzilin aidiyyəti üzrə Mənzil İstismar Xidmətinin əməli istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməlidir. Bundan başqa, «Azərbaycan Respublikası Silahlı Qüvvələrdə Xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 02 nömrəli qərarının 1.15-ci bəndindən görünür ki, mülki şəxslər sırasından olan əhalinin yaşadığı məntəqələrdən kənarda yerləşən, müvafiq qaydada hasarlanmış, ərazisinə yalnız xüsusi vəsiqə əsasında daxil olmağa icazə verilən, bəzi hallarda, əlavə olaraq ərazisində patrulluq etmə aparılan hərbi şəhərciklər qapalı hərbi şəhərciklərə aiddir. Bununla da, 2-ci dərəcəli kapitan Cavabdeh2 Azərbaycan Respublikası Müdafiə nazirinin 29 dekabr 2020-ci il tarixli müvafiq əmri ilə «Hərbi Xidmətkeçmə haqqında Əsasnamə»nin 156 «v» (xəstəliyə görə) bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmasını xüsusi ilə qeyd etmək lazımdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.2-ci maddəsində göstərilir ki, işəgötürənin təqsiri üzündən baş vermiş əmək xəsarəti nəticəsində əlil olmuş İ və ya İİ qrup əlillər, əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar peşə xəstəliyinə tutulma nəticəsində əlil olmuş İ və ya İİ qrup əlillər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrini yerinə yetirən zaman xəstəlik nəticəsində yalnız İ və ya İİ qrup əlil olmuş hərbi qulluqçular yaşayış sahəsi verilmədən çıxarıla bilməz. Cavabdeh2 2020-ci ilin dekabr ayından ehtiyata buraxılsa da, lakin o, bu günədək İ və ya İİ qrup əlilliklə bağlı rəsmi sənədlər təqdim edə bilməmişdir. Ona görə də, Cavabdeh2 yuxarıda qeyd olunan maddənin təsir dairəsinə düşmür. Çünki, «Hərbi Qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və ya daha çox xidmət etmiş, xidməti mənzillərdə yaşayan və yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulardan başqa) qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətində yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq hüququ vardır. O cümlədən yaşayış yeri olmayan Azərbaycan Ordusunun hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulardan başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi qaydasının təkmilləşdirilməsi məqsədi ilə «hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2006-cı il tarixli 171 nömrəli qərarının 2-ci bəndinə əsasən Bakı şəhərində yaşayış yeri olmayan hərbi qulluqçulara hər ay 150 manat, onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün isə kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə pul kompensasiya verilir. Yəni, hərbi qulluqçuya məsələn, üç ailə üzvlərinin sayına görə 375 manat məbləğində pul kompensasiyası ödənilir. Bununla da, belə nəticəyə gəlmək olur ki, Cavabdeh2 ailə üzvlərinin sayına görə hər ay Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2006-cı il tarixli 171 nömrəli qərarının 2-ci bəndinə əsasən 375 manat məbləğində pul kompensasiyası ödəniləcək. Yəni, «Hərbi Qulluqçuların Statusu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən onun mənzil hüququ yaransa da o, qeyri-qanuni həmin xüsusi təyinatlı yaşayış sahəsini özündə saxlaya bilməz. Çünki ona xidməti istifadə üçün verilmiş xüsusi təyinatlı yaşayış sahəsi hazırda həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular və onların ailə üzvləri üçün nəzərdə tutulmuşdur.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-404/2022 saylı, 02 iyun 2022-ci il tarixli qətnaməsi (hakim Kamran Əsədov) ilə iddia tələbi təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh2 20 təqvim ilindən çox hərbi xidmət etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh2 və Dadaşova (Rəhimova) Elnarə Mirzəbala qızına qarşı «xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddiası rədd edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
7. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, məhkəmə qətnaməsi əsassız və qanunsuz olduğundan, qəbul edilərkən işin halları tam və hərtərəfli araşdırılmadığından aşağıdakı əsaslara görə ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, Bakı şəhəri Qaradağ rayonu "Puta" hərbi şəhərciyi 57/2, 6 saylı mənzil Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 97-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Sözügedən xüsusi təyinatlı yaşayış binası dövlət vəsaiti hesabına tikilmiş, həyəcan toplanışı zamanı hərbi hissədə xidmət edən hərbi qulluqçuların vaxtında hərbi hissəyə toplanması və döyüş tapşırığını vaxtında yerinə yetirməsi məqsədi ilə N nömrəli hərbi hissənin hərbi qulluqçuları üçün nəzərdə tutulmuşdur. Həmin əsaslarla Cavabdeh2 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etdiyinə görə ailə üzvləri ilə birlikdə 110,39 kv. metr sahədən ibarət 3 (üç) otaqlı xüsusi təyinatlı yaşayış sahəsi ayrılmışdır. Mübahisəli mənzilə köçməzdən əvvəl Cavabdeh2 N nömrəli hərbi hissəyə verdiyi N noyabr N-ci il tarixli yazılı iltizamda ona ayrılmış sözügedən xüsusi təyinatlı yaşayış sahəsi fonduna aid olan hərbi şəhərciyin 57/2 saylı ünvanında yerləşən 6 saylı mənzili xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq N nömrəli hərbi hissənin Mənzil-İstismar Xidmətinə yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. Lakin tərəflərin arasında bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilənin (2.4.11 və 5-ci bəndinin) şərtlərini pozaraq hərbi xidmətdən tərxis olunduqdan sonra Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xüsusi təyinatlı yaşayış sahəsini hərbi hissənin mənzil orqanlarına təhvil verməmiş, mənzilin könüllü təhvil verilməsi barədə bildiriş göndərilsə də, o, mübahisəli mənzili təhvil verməkdən imtina etmiş, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Ordusunun hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulardan başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının ödənilməsi qaydasının təkmilləşdirilməsi məqsədi ilə "Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2006-cı il tarixli 171 nömrəli qərarının 2-ci bəndinə əsasən, Bakı şəhərində yaşayış yeri olmayan hərbi qulluqçulara hər ay 150 (yüz əlli) manat, onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün isə kompensasiya məbləğinin 50 (əlli) faizi miqdarında əlavə pul kompensasiya verilir. Yəni, hərbi qulluqçuya məsələn, üç ailə üzvlərinin sayına görə 375 manat məbləğində pul kompensasiyası ödənilir. Bununla da belə nəticəyə gəlmək olur ki, Cavabdeh2 ailə üzvlərinin sayına görə hər ay Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2006-cı il tarixli 171 nömrəli qərarının 2-ci bəndinə əsasən, 375 manat məbləğində pul kompensasiyası ödəniləcək. Yəni, "Hərbi Qulluqçuların Statusu haqqında" Qanununa əsasən, onun mənzil hüququ yaransa da, o, qeyri qanuni həmin xüsusi təyinatlı yaşayış sahəsini özündə saxlaya bilməz. Çünki, ona xidməti istifadə üçün verilmiş xüsusi təyinatlı yaşayış sahəsi hazırda həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuları və onların ailə üzvləri üçün nəzərdə tutulmuşdur. Hərbi qulluqçunun xidməti münasibətləri artıq mövcud olmadığına görə, yaşadıqları xidməti mənzili bağladıqları kirayə müqaviləsinin şərtlərinə uyğun olaraq təhvil verməyə borcludurlar.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi və digər cavabdeh Dadaşova (Rəhimova) Elnarə Mirzəbala qızı məhkəmə iclasında iştirak etmirlər və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 5.1.Hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Maddə 102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: - 102.2.2. yaşa görə pensiyaçılar;
11. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 9.5.1. Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır.
12. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 12.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticə düzgün olmuşdur.
20. İkincisi, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Mənzil Məcəlləsinin 5.1, 5.3 və 102.2-ci maddələrinin, eləcə də «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
21. İddiaçı qətnamənin qanunsuz və əsassız olduğunu apellyasiya şikayətində qeyd etsə də bu qanunsuzluğun nədən ibarət olduğunu, əsassızlığın isə nədə ifadə olunduğunu aydın şəkildə göstərmir. Belə ki, cavabdehin hərbi qulluqçu olması, 20 ildən artıq xidmət etməsi(özünün bildirdiyinə görə 24 il, 8 ay), «Hərbi xidmət keçmə haqqında Əsasnamə»nin 156 (V) bəndinə uyğun olaraq 29 dekabr 2020-ci ildə xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılması və bu günə qədər mübahisəli xidməti mənzildə 5 nəfər ailə üzvü ilə birgə yaşaması, başqa yaşayış sahəsinin olmaması, yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almadığı işin mübahisəsiz halıdır. Ən azından ona görə ki, iddiaçı tərəf bu halları iddia tələbində və apellyasiya şikayətində mübahisələndirmir.
22. İddiaçı bəyan edir ki, cavabdeh xidməti dövründə təmin olunduğu mənzili hərbi xidmətdən ehtiyata buraxıldığı vaxtdan təhvil verməli idi. Ancaq iddiaçı unudur ki, cavabdehin qeyd olunan xidməti mənzi təhvil verməməsi və orada ailə üzvləri ilə birlikdə yaşaması üçün qanuni əsası vardır. Belə ki, Mənzil Məcəlləsinin 102.2 və 102.2.2-ci maddəsinin imperativ tələbinə əsasən əsasən cavabdeh ailə üzvləri ilə birlikdə qeyd olunan xidməti yaşayış sahəsindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyaçısı olduğundan digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz.
23. İddiaçı həmçinin bəyan edir ki, məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsini də düzgün tətbiq etməmiş, çünki, cavabdehə pensiya yaşa görə deyil xidmət illərinə görə təyin edilmişdir. Bu dəlillə əlaqədar isə qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun“ 4.1-ci maddəsinə əsasən əmək pensiyasının 3, yəni yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növü vardır. Həmin Qanunun 9.5 və 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan maddə “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlanır. Göründüyü kimi, əmək pensiyalarının yalnız 3 növü vardır. Başqa sözlə, xidmət illərinə görə pensiya növü mövcud deyil. O başqa məsələ ki, cavabdehə yaşa görə əmək pensiyası güzəştli şərtlərə əsasən təyin edilmişdir. Ancaq bu da o demək deyil ki, cavabdeh yaşa görə əmək pensiyaçısı deyildir. Ona görə də cavabdehin Mənzil Məcəlləsinin 102.2-ci maddəsinin təsir dairəsinə düşməməsi dəlili də əsassızdır.
24. Bundan əlavə, iddia tələbi «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsinin dispozisiya şərtləri ilə də uzlaşmır. Çünki, cavabdeh yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi ilə təmin edilməmişdir.
25. İddiaçının "Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2006-cı il tarixli 171 nömrəli qərarına istinad etməsi də əsassız olmuşdur. Çünki, qeyd olunan Qərarda pul kompensasiyasının hərbi qulluqçu olan şəxslərə verilməsi nəzərdə tutulur. Cavabdeh isə xəstəliyi ilə əlaqədar artıq hərbi xidmətdən tərxis olunmuşdur.
26. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-404/2022 saylı, 02 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-404/2022 saylı, 02 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.