Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6065/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər-Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı2, Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 qarşı "torpaq sahəsinə yaradılan maneələrin aradan qaldırılması" tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(007)-679/2021 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 qarşı "torpaq sahəsinə yaradılan maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 19.10.1994-cü il tarixli 14 saylı Sərəncamı ilə “Dədə Qorqud-10” kiçik müəssisəsinə ayrılmış 0,52 ha torpaq sahəsindən faktiki olaraq qalmış 148,4 kv.m torpaq sahəsinin onun tərəfindən, bacıları, qardaşları tərəfindən istifadə olunmasına yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Fərəddin qızına həvalə edilməsinə dair qətnamə qəbul edilməklə iddianın təmin edilməsini xahiş etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(007)-679/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(007)-679/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçıapellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfələrin izahatını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(007)-679/2021 saylı qətnaməsi hazırkı iş üzrə mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğundan ləğv edilməli və mülki iş aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin arasında olan mübahisə bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərdən (“Dədə Qorqud-10” kiçik müəssisəsinin payçıları arasındakı mübahisə olduğundan) yarandığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun18 Sentyabr 2020-ci il tarixli 10 No-li Qərarının 8-ci bəndində qeyd edilmişdir ki,”Nəzərə alınmalıdır ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar.” Kollegiya qeyd edir ki, ümumi məhkəmə 01 yanvar 2020-ci il tarixədək məhkəmə aidiyyəti qaydaların pozmaqla işi öz icraatına qəbul etmişdirsə, öz təşəbbüsü ilə və ya tərəflərin vəsatətinə əsasən işi aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərməlidir. Bu qayda, 01 yanvar 2020-ci il tarixdən sonra aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmiş işlərə münasibətdə də qüvvədədir. Çünki MPM-in 31.2-ci maddəsində təsbit edilmişdir ki, MPM-in 32.2, 32.3 və 32.4- cü maddələrində müəyyən olunmuşdur ki, işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bu baxımdan birinci instansiya məhkəməsi hazırkı işə məhkəmə aidiyyəti qaydalarını pozmaqla baxmışdır. Ona görə də qətnamə ləğv edilməli, mülki iş aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalı olduğundan iş aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. MPM-in 365-ci maddəsinə əsasən Apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. MPM-in 387.2.-ci və 387.2.1.-ci maddələrinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir: Yuxarıda göstərilənlərə əsasən və MPM-in 32.4, 387 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(007)-679/2021 saylı qətnaməsi hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğundan ləğv edilsin və iş aidiyyatı üzrə Bakı kommersiya məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6065/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6065/2021
17.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver