Məhkəmə qərarları › İş №2(103)-6068/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6068/2022

01.11.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6068/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X7, cavabdehin nümayəndələri X8 və Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "işə bərpa və məcburi buraxma müddətinə görə əmək haqqının ödənilməsi" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2442/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "işə bərpa və məcburi buraxma müddətinə görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 01 aprel 2019-cu il tarixindən "xxxx" ASC-nin Biləcəri ETSİ-nin Enerji satış şöbəsinin nəzarətçi-mühəndisi vəzifəsinə təyin edilmişdir. "xxxx" ASC-nin k/22-00148 saylı, 17 yanvar 2022-ci il tarixli əmrinə əsasən əmək funksiyalarının icrası zamanı ciddi nöqsanlara yol verdiyinə və əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifələrini keyfiyyətsiz yerinə yetirdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Əmrdə göstərilir ki, “Biləcəri ETSİ”-nin Enerji satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı Biləcəri ETSİ-nin inzibati ərazisində X14 məxsus obyektə “Asan Kommunal” Mərkəzinə müraciət olunmadan, rüsumdan yayınaraq X9 məxsus mənzilin 2007- ci il tarixində qeydiyyata alınmış üç fazalı elektrik sayğacı gətirərək quraşdırmış, daha sonra abunə kodu yeni abonentin, yəni Sakit Nağıyevin adına dəyişdirilmişdir. Digər abonent üçün isə “Asan Kommunal” Mərkəzinə müraciət olunaraq yeni abunə kodu açılmış və bir fazalı sayğac quraşdırılmışdır. Qeyd olunanlara bağlı Biləcəri ETSİ-nin nəzarətçi-mühəndisi Hüquq İdarəsinə dəvət edilərək izahatı alınmış və göstərilən əməlləri törətdiyini öz izahatında etiraf etmişdir.” İddiaçı “Biləcəri ETSİ”-nin Enerji satış şöbəsinin nəzarətçi-mühəndis işləməklə Sulutəpə qəsəbəsi ərazisinə baxırmış, təxminən 2021-ci ilin yanvar ayinin 15-də Xocahəsən qəsəbəsi ərazisinə baxan nəzarətçi-mühəndis Natiq Quliyev xəstə olduğuna görə ondan xahiş etmiş ki, Xocahəsən qəsəbəsi ərazisində X5 evində olan üç fazalı sayğacı çıxarıb X12 evinə quraşdırsın. O da onun xahişini yerinə yetirmiş, montyorla birlikdə həmin işi icra etmişdir. Sayğacın sənədləşdirilməsi ilə əlaqədar bütün sənədlər yerində imiş, X5 notariusda təsdiqlənmiş ərizəsi də var imiş, 2021-ci ilin avqust ayının 18- də Satış Departamentinin sədr müavini Rauf Əhmədov onu çağırıb bildirmişdir ki, qanunsuz olaraq sayğac dəyişdirilmişdir. Ona ərizə yazıb işdən çıxmağımı təkidlə tələb etmiş, sonra onu Hüquq şöbəsinə çağırmışlar. Lakin o, izahat yazıb bildirmişdir ki, onun heç bir günahı yoxdur. Yalnız iş yoldaşının xahişini yerinə yetirmiş və heç bir qanunsuzluğa yol verməmişdir. Sonra o, öz işini davam etmişdir. 2022-ci ilin yanvar ayının 17-də əmri verilmişdir. xx.xx.2022-ci il tarixli əmr qərəzli xarakter daşıyır və tamamilə qanunsuz və əsassız bir əmrdir. İşlədiyi müddətdə qüsursuz işləmiş, heç bir intizam xətasına yol verməmiş, rəhbərlik tərəfindən heç bir intizam tənbehi almamışdır. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin k/22-00148 saylı, 17 yanvar 2022-ci il tarixli əmrinin ləğv olunması və 17 yanvar 2022-ci il tarixindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməyi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2442/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Ramin Xəlilov).

4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayət verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri:

5. Apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarını kobud surətdə pozmuş və səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, iddiaçının öz işinə səhlənkar yanaşması səbəbindən əmək müqaviləsinin və vəzifə təlimatının tələblərini kobud surətdə pozmuş, vətəndaşlara məqsədli şəkildə ödənişdən yayındırılmasına şərait yaratmış və nəticədə "xxxx" ASC-yə zərər vurmuşdur. İddiaçı 01 aprel 2019-cu il tarixdən "xxxx" ASC-nin Biləcəri ETSİ-nin Enerji satış şöbəsinin nəzarətçi-mühəndisi vəzifəsinə təyin edilmişdir. "xxxx" ASC-nin k/22-00148 saylı, 17 yanvar 2022-ci il tarixli əmrinə əsasən əmək funksiyalarının icrası zamanı ciddi nöqsanlara yol verdiyinə və əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifələrini keyfiyyətsiz yerinə yetirdiyinə görə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Əmrdə göstərilir ki, “Biləcəri ETSİ-nin Enerji satış şöbəsinin nəzarətçi-mühəndisi İddiaçı Biləcəri ETSİ-nin inzibati ərazisində X14 məxsus obyektə “Asan Kommunal” Mərkəzinə müraciət olunmadan, rüsumdan yayınaraq, X9 (abunə kodu: **********00042) məxsus mənzilin 2007-ci il tarixdə qeydiyyata alınmış üç fazalı elaktrik sayğacı gətirərək quraşdırmış, daha sonra abunə kodu yeni abonentin, yəni Sakit Nağıyevin adına dəyişdirilmişdir. Digər abonent üçün isə “Asan Kommunal” Mərkəzinə müraciət olunaraq yeni abunə kodu açılmış və bir fazalı sayğac quraşdırılmışdır (abunə kodu: **********70389). Qeyd olunanlara bağlı Biləcəri ETSİ-nin nəzarətçi-mühəndisi İddiaçı Hüquq İdarəsinə dəvət edilərək izahatı alınmış və göstərilən əməlləri törətdiyini öz izahatında etiraf etmişdir.” Cavabdehlə bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. İddiaçı “Biləcəri ETSİ-nin Enerji satış şöbəsinin nəzarətçi-mühəndisi işləməklə Sulutəpə qəsəbəsi ərazisinə baxmışdır. Təxminən 2021-ci ilin yanvar ayının 15-də Xocahəsən qəsəbəsi ərazisinə baxan nəzarətçi-mühəndis Natiq Quliyev xəstə olduğuna ondan xahiş etmişdir ki, Xocahəsən qəsəbəsi ərazisində X5 evində olan üç fazalı sayğacı çıxarıb X12 evinə quraşdırsın. Cavabdeh də onun xahişini yerinə yetirib montyorla birlikdə həmin işi icra etmişdir. Sayğacın sənədləşdirilməsi ilə əlaqədar bütün sənədlər yerində idi. X5 notariusda təsdiqlənmiş ərizəsi var. 2021-ci ilin avqust ayının 18-də Satış departamentinin sədr müavini Rauf Əhmədov cavabdehi çağırıb bildirmişdir ki, qanunsuz olaraq sayğacı dəyişdirmişdir. Cavabdehə ərizə yazıb işdən çıxmağını təkidlə tələb etdilər. Sonra onu Hüquq şöbəsinə çağırdılar. Lakin o izahat yazıb bildirmişdir ki, onun heç bir günahı yoxdur. Yalnız iş yoldaşının xahişini yerinə yetirmiş və heç bir qanunsuzluğa yol verməmişdir. Sonra o öz işini davam etmişdir. 2022-ci ilin yanvar ayının 17-də əmri verildi. xx.xx.2022-ci il tarixli əmr qərəzli xarakter daşıyır və tamamilə qanunsuz və əsassız bir əmrdir. İşlədiyi müddətdə qüsursuz işləmiş, heç bir intizam xətasına yol verməmiş, rəhbərlik tərəfindən heç bir intizam tənbehi almamışam. Yuxarıda qeyd olunanlardan göründüyü kimi cavabdeh, İddiaçı işlədiyi müddətdə daima əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmişdir. İş materiallarına əlavə olunmuş sənədərdən də göründüyü kimi, o şəxsən öz əmək funksiyasinı və müqavilə üzrə üzərimə götürdüyü öhdəlikləri, həmçinin əmək vəzifələrini pozmamış, sadəcə olaraq iş yoldaşının xahişini yerinə yetirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, işçinin əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəlikləri, əmək vəzifələrindən fərqlənir. Əmək funksiyası işçinin yerinə yetirdiyi iş və ya xidmətdir. Əmək vəzifəsi əmək funksiyalarının düzgün, vicdanla və qanuna uyğun olaraq yerinə yetirilməsidir. Əmək funksiyasının pozulması, işçinin yerinə yetirməli olduğu işlərin yerinə yetirilməməsidir (işçinin üzürsüz səbəbdən işə gəlməməsi, işdə olduğu müddətdə əmək funkisayalarına aid olmayan işlərlə məşğul olması və s.). Əmək funksiyası yerinə yetirilərkən qanuna zidd hərəkət edilməsi, verilmiş tapşırıqların düzgün yerinə yetirilməməsi isə əmək vəzifəsinin pozulması hesab edilir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1. işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə. 2. Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Lakin birinciinstansiya məhkəməsi qeyd edilən əmrin qanuniliyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin ikinci hissəsi yəni Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulması ilə əsaslandırmaqla maddi hüquq normasını səhv tətbiq etmişdir. Cavabdeh öz əmək funksiyasını və əmək vəzifələrini qərəzsiz və vicdanla yerinə yetirmişdir. Bundan başqa birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının törətdiyi nöqsan əmək vəzifələrinin kobud pozulması kimi hesab edilsə belə bu nöqsana görə tənbeh işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək, lakin intizam xətasının törədildiyi gündən altı aydan gec olmayaraq verilə bilər. Belə ki, AR Əmək Məcəlləsinin 187-cimaddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkaredildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. İş materiallarından görünür ki, iddiaçının yol verdiyi nöqsan kimi sənədləşdirilmiş hadisə 2021ci ilin yanvar ayının 15-də baş vermiş, 2021-ci ilin dekbar ayında həmin nöqsana görə işçi izahat yazmışdır. İntizam tənbehi isə intizam xətasının törədildiyi vaxtdan 1 il müddət keçdikdən və həmin xətanın aşkar olunduğu gündən isə 1 ay keçdikdən sonra xx.xx.2022-ci ildə tətbiq edilmişdir. Qeyd edilən halın araşdırılması hazırkı iş üzrə mübahisənin düzgün həlledilməsi üçün mühüm əhəmiyyətə malik olsa da birinci instansiya məhkəməsi bu halı araşdırmamışdır. Tərəflərin izahatları:

6. Kollegiya iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili A.Mirzəzadə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdilər.

7. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndələri T.Aslanov və R,Hüseynova apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi:

9. Belə ki, mülki işin materiallarında olan “elektron notariat” X1 çıxarışdan görünür ki, X15 Bakı şəhəri 11 saylı notariat ofisində bildirmişdir ki, adına olan **********00042 nömrəli abonent kodunun və işıq sayğacının X12 adına rəsmiləşdirməsinə etirazı yoxdur.

10. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədova İddiaçı tərəfindən verilmiş yazılı izahatda qeyd edilmişdir ki, o, sayğacın bir ünvandan digər ünvana daşınmasında yalnız iştirak etmiş, nə daşınmadan əvvəl, nə daşınmadan sonra olan mövzularda iştirak etməmiş, məlumatı olmamışdır.

11. Mülki işin materiallarında olan hüquq idarəsinin rəisi Arif Ləzimzadə tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədova ünvanlanmış 01 dekabr 2021-ci il tarixli təqdimatdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədrindən xidməti vəzifələrinin icrasında nöqsanlara yol vermiş əməkdaşların intizam məsuliyyətinə cəl olunması məsələsinə baxılması üçün Xidməti məlumat üzrə göstəriş verməyi xahiş olunmuşdur.

12. Mülki işin materiallarında olan 16 dekabr 2021-ci il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 Qərarına əsasən Biləcəri ETSİ-nin Enerji Satış şöbəsinin nəzarətçi mühəndis İddiaçı, Suraxanı RETSİ-nin Enerji Satış şöbəsinin nəzarətçi mühəndisləri X10, X18, Maştağa ETSİ-nin Enerji Satış şöbəsinin nəzarətçi mühəndis X16, Bağlar ETSİ-nin Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi X6 barəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İşlər İdarəsi tərfindən verilmiş təqdimatın təmin edilməsinə və adları qeyd olunan işçilər ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə X11 etiraz etmədiyi qərara alınmışdır.

13. Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 17 yanvar 2022ci il tarixli, k/22-00148 saylı “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrindən görünür ki, əmək funksiyalarının icrası zamanı ciddi nöqsanlara yol verdiyinə və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini keyfiyyətsiz yerinə yetirdiyinə görə Biləcəri ETSİ-nin Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilməsi əmr edilmişdir.

14. Mülki işin materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası: 70 “ç”, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan əmək vəzifələrini kobudşəkildə pozduqda.

15. Mülki işin materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmış, lakin iştirak etməmişdir. Apellyasiya baxışının həddləri:

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir.

21. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

22. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır.

23. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

25. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

26. Həmin Məcəllənin 187.3-cü maddəsinə əsasən, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Hüquqi dəyərləndirmə:

27. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

28. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qətnaməni onunla əsaslandırmışdır ki, “...İddiaçı iştirakı ilə Biləcəri ETSİ-nin inzibati ərazisində X14 məxsus obyektə “ASAN Kommunal” Mərkəzinə müraciət olunmadan, rüsumdan yayınaraq, X9 məxsus mənzilin 2007-ci il tarixində qeydiyyata alınmış üç fazalı elektrik sayğacı gətirilərək quraşdırılmış, daha sonra abunə kodu yeni abonentin, yəni Sakit Nağıyevin adına dəyişdirilmişdir. Digər abonentə isə “ASAN Kommunal” mərkəzinə müraciət olunaraq yeni abunə kodu açılmış və bir fazalı sayğac quraşdırılmışdır. ... iddiaçının öz işinə səhlənkar yanaşması səbəbindən əmək müqaviləsinin və vəzifə təlimatının tələblərini kobud şəkildə pozmuş, vətəndaşlara məqsədli şəkildə ödənişdən yayındırılmasına şərait yaratmış və nəticədə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə zərər vurulmuşdur.”

29. Göründüyü kimi, birinci instansiya məhkəməsi işəgötürənin (cavabdehin) əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini qanuni hesab etmişdir.

30. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, qeyd edir ki, hazırki mübahisəyə yalnız işçinin (iddiaçının) öz işinə səhlənkar yanaşması, əmək funksiyalarını pozması, öhdəliklərini lazımınca yerinə yetirməməsi müstəvisindən qiymət verilməməli, həmçinin işəgötürənin (cavabdehin) əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin tələblərinə əməl edib-etməməsi də yoxlanılmalıdır.

31. Kollegiya iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb və tərəflərin izahatlarını dinləyib belə qənaətə gəlir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilmə ilə bağlı Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri pozulmuşdur.

32. Belə ki, Əmək Məcəlləsinin qeyd edilən 187.2-ci maddəsi intizam tənbehinin işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilməsi təsbit edilmişdir. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

33. Kollegiya qeyd edilən hüquq normasına əsasən vurğulayır ki, əmək müqaviləsinin ləğv edilməsi intizam tənbeh tədbirinin bir növüdür. Belə olan halda, hazırki iş üzrə işçi (iddiaçı) tərəfindən əmək intizamının pozulmasını hesab edən işəgötürən (cavabdeh) əmək müqaviləsinə xitam versə də, Əmək Məcəlləsinin 187-ci maddəsində təsbit edilmiş müddətlərə riayət etməmişdir.

34. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, iddiaçının yol verdiyi nöqsan kimi sənədləşdirilmiş hadisə 2021-ci ilin yanvar ayının 15-də baş vermiş, 2021-ci ilin noyabr ayında həmin nöqsana görə işçi izahat yazmışdır. İntizam tənbehi isə intizam xətasının törədildiyi vaxtdan 1 il müddət keçdikdən və həmin xətanın aşkar olunduğu gündən isə 2 ay keçdikdən sonra xx.xx.2022-ci ildə tətbiq edilmişdir.

35. Göründüyü kimi, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri pozulmaqla əmək müqaviləsinə xitam verildiyindən birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsindən ibarət mövqeyi əsaslı hesab edilə bilməz.

36. Kollegiya həmçinin qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman, iddiaçının vəkili izahatında bildirmişdir ki, iddiaçı barəsində tənbeh tədbirinin tətbiqinə səbəb olmuş sayğacın yeri dəyişdirilməmiş və cavabdehə bununla bağlı maddi zərər dəyməmişdir. Belə olan halda, sayğacın yerinin həqiqətən də dəyişdirilməsi və bunun nəticəsində cavabdehə ziyan dəyməsini sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin, cavabdeh bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

41. Kollegiya iddia tələbinin məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

42. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

43. Şərh olunan maddi hüquq normasına əsasən, məhkəmə fərdi əmək mübahisəsinə baxarkən iddiaçının tələblərinin haqlı olduğu, onunla bağlanmış əmək müqaviləsinə qanunun tələbləri pozulmaqla xitam verildiyi qənaətinə gəldiyi təqdirdə, əvvəlki işinə bərpa olunması ilə yanaşı, vurulmuş maddi zərərin işə götürəndən tutulmasını qərara ala bilər.

44. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilərək, iddia tələbi təmin edilməli, "xxxx" ASC-nin k/22-00148 saylı, 17 yanvar 2022-ci il tarixli əmri ləğv edilməli, İddiaçı "xxxx" ASC-nin “Biləcəri ETSİ-nin Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi vəzifəsinə bərpa edilməli, 17 yanvar 2022-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

46. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

47. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

48. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

49. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:

50. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilərək, iddia tələbi təmin edilməli, "xxxx" ASC-nin k/22-00148 saylı, 17 yanvar 2022-ci il tarixli əmri ləğv edilməli, İddiaçı "xxxx" ASC-nin “Biləcəri ETSİ-nin Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi vəzifəsinə bərpa edilməli, 17 yanvar 2022-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.

51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2442/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. "xxxx" ASC-nin k/22-00148 saylı, 17 yanvar 2022-ci il tarixli əmri ləğv edilməli, İddiaçı "xxxx" ASC-nin “Biləcəri ETSİ-nin Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi vəzifəsinə bərpa edilsin. 17 yanvar 2022-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı "xxxx" ASC tərəfindən iddiaçı X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar