Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6069/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı hərrac nəticələrinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi barədə mülki iş üzrə (açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı hərrac nəticələrinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(006)-155/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 may 2021-ci il tarixli Y-20 saylı Hərracın nəticələri haqqında yekun Protokoluna əsasən "xxxx" ASC ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi 63113 manata almışdır.
2. 31 may 2022-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləyə əsasən müqavilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış və müqaviləyə əsasən cavabdeh "xxxx" ASC ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi 63113 manata almışdır.
3. 09 aprel 2021-ci il, 07 may 2021-ci il tarixli hərrac bildirişlərinə və 043465, 043585 saylı xəbərnamələrə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə bildirişlər X4 göndərilməklə ona çatdırılmışdır.
4. “Market” reklam və elanlar qəzetinin 09 aprel 2021-ci il tarixli 69(10759) saylı, 07 may 2021-ci il tarixli 77(10767) saylı və 21 may 2021-ci il tarixli 79(10769) saylı buraxılışlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərrac barədə mətbuatda məlumat verilmişdir.
5. Abşeron Rayon Məhkəməsinin 08 avqust 2017-cı il tarixli, 2(012)-3641/2017 nömrəli qətnaməsi ilə X2 25 iyul 2014-cü il tarixli, 129461-CNS-7311 saylı kredit müqaviləsinə əsasən 34817,08 ABŞ dolları əsas, 7003,03 ABŞ dolları faiz, cəmi 41820,11 ABŞ dolları məbləğində krediti borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatı Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə 30 manat xidmət haqqı və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, tutmanın X4 məxsus olan ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H,Əliyev prospekti, döngə 1-də yerləşən 0,03 ha torpaq sahəsinə və üzərindəki 6 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və onun satışdan əldə edilmiş pul vəsaitinin hesabına X3 Cavabdeh ASC-yə olan cəmi 41820,11 ABŞ dolları, 30 manat xidmət haqqı və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 99000 manat müəyyən edilməsi, Cavabdeh ASC-yə ödənilməli olan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə edilmiş pul vəsaitinin qalan hissəsinin cavabdeh X4 qaytarılması qət edilmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli, 2(105)-30/2020 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 08 avqust 2017-cı il tarixli, 2(012)3641/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2020-ci il tarixli, 2(102)-5443/2020 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli, 2(10)-30/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(0l2)-3509/2021 nömrəli qətnaməsi ilə 12 yanvar 1980-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.
9. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, e-2(006)- 1920/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)” ASC-yə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(103)-7802/22 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, e-2(006)-1920/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 may 2023-cü il tarixli, 2(102)-1421/2023 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 2(103)-7802/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə həyat yoldaşı X7 arasında bağlanmış 25 iyul 2014-cü il tarixli, 129461-CNS-7311 saylı kredit və ipoteka müqavilələrinin, keçirilmiş hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi, cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Daha sonra iddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, “Bank VTB" ASC ile əri X7 arasında bağlanmış 25 iyul 2014-cü il tarixli, 120461-CNS-7311 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin kredit müqaviləsi əsasında bağlanmış 25 iyul 2014-cü il tarixli, 129461-CNS-7311 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, döngə 1 ünvanında yerləşən ümumi 0.03 ha torpaq sahəsi olan 2 mərtəbəli, 4 otaqlı, 95.67 m2 yaşayış, 08.39 m2 köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, döngə 1 ünvanında yerləşən, ümumi 0.03 ha torpaq sahəsi olan 2 mərtəbəli, 4 otaqlı, 95.67 m2 yaşayış, 08.30 m2 köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evi üzrə cavabdehin adına verilmiş olan RX **********749-10301 saylı reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmənin 05 iyul 2022-ci il tarixli e-2(006)-1920/2022 nömrəli qərardadı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin və həmin müqavilə əsasında bağlanılmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələblərindən İddiaçı Cavabdeh ASC-yə qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsinə dair iddia tələbi ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır.
13. İddia və iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" (Azərbaycan) ASC-nin 25 iyul 2014-cü il tarixli 129461-CNS-73.11 saylı “Girovlu istehlak kreditisaylı kredit” müqaviləsinə əsasən həyat yoldaşı X7 illik 25% faiz olmaqla 60 ay müddətinə 38.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kreditin təminatı kimi istifadələrində olan ünvan 1 ünvanında yerləşən evi ipoteka ilə cavabdeh "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Həyat yoldaşı fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Belə ki, yoldaşının psixi problemləri vardır və psixi qüsurun nəticəsində həyat yoldaşının üz hərəkətlərinin mənasını anlaya bilməməsini və bir sıra hallarda öz hərəkətlərini idarə edə bilməməsi halları da baş verirdi. Bununla bağlı Abşeron rayon Məhkəməsinə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbi ilə müraciət elmişdir. Abşeron rayon Məhkəməsi 2(012)-3509/2021 nömrəli iş üzrə aparılan araşdırma nəticəsində ərizəsi təmin olunaraq, həyat yoldaşı X7 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmiş və onun qəyyumu təyin edilmişdir. Fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən bağlanılan əqd məhkəmə tərəfindən etibarsız sayıb bilər. Belə ki, yoldaşı X7 2021-ci ildə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş olsa da, onun psixi problemləri anadan gəlmə olmuş, bu hallar Abşeron rayon Məhkəməsi tərəfindən keçirilən ekspertizalar nəticəsində sübuta yetirilmişdir. Cavabdeh ilə həyat yoldaşı arasında həmin əqd bağlanarkən bundan xəbəri olmamışdır. Belə ki, həmin kredit müqaviləsi bağlanarkən həyat yoldaşı fəaliyyət qabiliyyətli olmamışdır. Həmin kredit müqaviləsinə əsasən isə mülkiyyətində və istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, döngə 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsinə və üzərindəki 6 saylı fərdi yaşayış sahəsi 25 iyul 2014-cü ildə bağlanmış 129461-CNS-73.11 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdeh "xxxx" ASC borcun ipoteka yüklü edilmiş əmlaka yönəldilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iş üzrə qətnamə çıxarılmışdır. Həmin qətnaməyə əsasən ipoteka yüklü edilmiş əmlak barəsində məcburi icra hərəkətləri həyata keçirilmiş və satılması üçün açıq hərraca çıxarılmışdır. "xxxx" MMC tərəfindən verilmiş 31 may 2021-ci il tarixli Y-20 saylı hərracın nəticələri barədə protokola əsasən mübahisə obyekti olan ipoteki yüklü edilmiş mənzil ipotek asaxlayan "xxxx" ASC tərəfindən əldə edilmişdir. Hesab etmişdir ki, mənzilin satışına dair hərrac qanunsuz keçirilmişdir və onun nəticələri etibarsız sayılmalıdır.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(006)- 155/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
15. Qətnamənin əsaslarına görə, iddiaçı kredit və ipoteka müqavilələrini eyni əsasla (əri X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi) mübahisələndirmiş və iddiaçının iddiası qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, e-2(006)-1920/2022 nömrəli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh ASC ilə iddiaçının əri X7 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsinə dair iddiaçının irəli sürdüyü dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakterlidir və mübahisələndirilən müqavilələrinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanması qənaətinə gəlmək üçün əsas vermir. Həmin qətnamədən göründüyü kimi, ipoteka və kredit müqavilələrinin etibarlı olması, iddiaçının əri X3 həmin müqavilələri anlaqlı vəziyyətdə bağlaması sözügedən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edildiyindən, həmin faktlar hazırki işdə iştirak edən şəxslər üçün predyusial əhəmiyyət daşıyır və yenidən mübahisələndirilə bilməz. Beləliklə, iş üzrə preyudisial əhəmiyyət kəsb edən qətnamə ilə tərəflər arasında olan kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə münasibətlərə hüquqi qiymət verilmişdir. İşdə, ümumiyyətlə hərracın nəticələrinin etibarsız olmasına dair heç bir mötəbər yazılı sübut yoxdur və onun iddia etdiyi məsələlərə dair artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Eyni zamanda iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün məhkəmə tədqiqatı zamanı hər hansı əsas müəyyən edilməmiş, eyni zamanda iddiaçı bunun üçün hər hansı əsas olan hər hansı bir sübutu məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416.1-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 42.1, 44-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlillərinə görə, “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə görə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir”. Lakin hazırkı icra işində bu maddənin tələbi pozularaq, ipoteka qoyana onun ipoteka saxlayanla qarşılıqlı razılığının alınması üçün müraciət olunmamışdır. "xxxx" MMC-nin əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisə olması müəyyən olunmur. "xxxx" MMC elanı kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında dərc etdirməmiş, elan və bildirişi borcluya verməmişdir. Satış protokolundan (15 % və 25 % qiymətin aşağı salınmasından) məlum olur ki, ilkin və təkrar hərraclar iştirakçı olmadığına görə baş tutmamışdır. Lakin, “Bakı Hərrac Mərkəzi" MMC qanunun tələbini pozaraq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada ilkin hərracın baş tutmamasını elan etməmişdir. Təkrar harracla da bağlı normanın tələbləri tamamilə pozulmuşdur: "xxxx" MMC kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirməmiş, ipoteka qoyana bildiriş verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasnı xahiş etdi.
21. İddiaçının nümayəndəsi Nümayəndə3 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
23. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; Maddə 42.2. Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır.Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir.Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir; Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; Maddə 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur; Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın; Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər; Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir; Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
27. Apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, icra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Lakin hazırkı icra işində bu maddənin tələbi pozularaq, ipoteka qoyana onun ipoteka saxlayanla qarşılıqlı razılığının alınması üçün müraciət olunmamışdır.
28. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında Çıxarışdan görünür ki, "xxxx" MMC 12 fevral 2016-cı il tarixdə dövlət qeydiyyatından keçməklə hazırda da fəaliyyət göstərən kommersiya hüquqi şəxsdir.
29. Bundan başqa, məhkəmənin sorğusuna cavab olaraq 11 dekabr 2023-cü il tarixli məktubla bildirilmişdir ki, "xxxx" MMC Respublikası Əmtəə Birjasının tərkibində 2016-cı ildən hal – hazıra kimi fasiləsiz fəaliyyət göstərir. Göründüyü kimi "xxxx" MMC hazırda bu sahədə fəaliyyət göstərən hüquq şəxsdir ki, bu da iddiaçının "xxxx" MMC-nin əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisə olması müəyyən olunmaması barədə dəlilini təkzib edir.
30. "xxxx" MMC-nin elanı kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında dərc etdirməməsi, elan və bildirişi borcluya verməməsi barədə dəlil də iş materialları ilə təkzib olunur.
31. İlk növbədə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Göründüyü kimi, qeyd olunan normanın məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya və yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edəcək qadağa qoyulmur. “İpoteka haqqında” Qanun 42.1-ci maddəsində isə elanın və bildirişin anlayışları fərqləndirilib, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulub. Yəni, qanunvericilikdə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya və yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edəcək qadağa qoyulmamışdır.
32. Bununla yanaşı iş materiallarından görünür ki, hərracların keçirilməsi barədə “Market” reklam və elanlar qəzetinin müxtəlif buraxılışlarında rəsmi məlumat dərc olunmuşdur.
33. "xxxx" MMC-nin 09 aprel 2021-ci il tarixli, 49 nömrəli hərrac bildirişindən görünür ki, əmlakın hərraca çıxarılması tarixi 05 may 2021-ci il tarix müəyyən olunmuş, bu bildiriş borclu X4 göndərilmişdir.
34. “Market” qəzetinin hərrac işinə əlavə edilmiş nüsxəsindən də görünür ki, keçiriləcək hərrac barədə qəzetdə məlumat yerləşdirilmişdir. Hərrac barədə “e-lot.az” saytında məlumat yerləşdirilməsi barədə çıxarış da iş materiallarına əlavə edilmişdir.
35. Eyni prosedur qaydalara təkrar hərracın keçirilməsi zamanı əməl edilmiş, bildirişlər borcluya göndərilməklə, müvafiq olaraq qəzetdə internet saytda məlumatlar yerləşdirilmişdir.
36. Göründüyü kimi, iddiaçının dəlillərin hər biri iş materialları ilə təkzib olunur. Bundan əlavə, iddiaçı şikayət dəlillərinin əsası kimi istinad etdiyi hallara dair hər hansı sübut təqdim etməmiş, ümumilikdə hərracın keçirilməsi barədə prosedur qaydalara əməl edilməməsi barədə fikirlərini yalnız formal mülahizələrlə əsaslandırmışdır.
37. O da qeyd olunmalıdır ki, qanunvericiliyin normalarına əsasən hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişləri borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən taparaq bildirişi ona təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərmək vəzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmiş sayılır.
38. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
39. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(006)-155/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(006)-155/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev