Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6072/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi" tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı və onun nümayəndə və vəkili Vəkil2 Möhlud oğlunun iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-130/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüquqlarına xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 8 saylı evin 15 saylı mənzilindən istifadə hüquqlarının xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 8 saylı evin 15 saylı mənzili əvvəllər atası X4 məxsus olub. X24 xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən, müraciətinə əsasən mərhum atasının mirası üzrə 50 saylı notariat kontorunda vərəsəlik işi açılıb və X24 tərəfindən 09 aprel 2014-cü il tarixdə, 50 saylı notariat kontorunda adına rəsmiləşdirilmiş vəsiyyətnamə və bacısı X13 ilə bağlanılmış “Miras qalmış əmlakdan çatası payın əvəzinə kompensassiyanın verilməsi barədə” müqavilə əsasında 50 saylı notariat kontorundan ona xx.xx.2021-ci il tarixli “X12 Hüququ haqqında Şəhadətnamə” verilib ki, həmin şəhadətnamə əsasında da həmin mənzil üzərində onun mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına xx.xx.2022-ci il tarixli çıxarış verilib. İddia tələbi üzrə cavabdehər Cavabdeh1 və Cavabdeh2 əvvəllər onunla eyni mənzildə yaşasalar da, qardaşı (Cavabdeh1 həyat yoldaşı, Cavabdeh2 atası) X9 27 fevral 2010-cu il tarixdə vəfat etdikdən sonra, cavabdehlər öz istəkləri ilə, özlərinə aid olan bütün əşyaları da çıxarıb aparmaqla, mülkiyyətində olan mənzildən köçüb, daimi yaşamaq üçün Biləcəri qəsəbəsi ərazisində yerləşən və özlərinə məxsus olan fərdi yaşayış evinə köçüb gediblər ki, onlar hazırda da həmin ünvanda yaşamaqla, həmin vaxtdan bir daha mülkiyyətində olan mənzilə qayıtmayıb və bir gün olsun belə onlarla birlikdə yaşamayıblar. Məhkəmənin nəzərinə onu da çatdırmaq istəyir ki, iddia tələbi üzrə hazırki mülki iş məhkəmənin icraatında baxılan zaman cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona və digərlərinə qarşı "vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş mülkiyyət hüququ haqqında çağırışın ləğv edilməsi və məcburi pay hüququnun müəyyən edilməsi" barədə iddia tələbi ilə məhkəməyə müraciət etsələr də, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, İş № e-2(007)-3059/2023 saylı qətnaməsilə onların iddia tələbi rədd edilib, həmçinin cavabdehlər tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti də hazırda qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2406/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilməyib. Hazırki ərizəsinə əlavə edilmiş, həmin iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, iş № e-2(007)-3059/2023 saylı qətnaməsində də qeyd edilənlərdən: Məhkəmədə şahid qismində dindirilmiş X14, X10, X2, Yüzbaşev Aslan Əbdül-Hüseyn oğlunun, X1 və X15 ifadələrindən, həmin iş materiallarında olan Nizami MKTB-nin 28 saylı MKİS-in xx.xx.2023-cü il tarixli, 454 nömrəli arayışından, Qonşuların “AKT”dan, habelə həmin iş üzrə iddia ərzəsinin məzmunundan da aydın göründüyü kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum qardaşı X9 27 fevral 2010-cu il tarixdə vəfat etdikdən sonra, heç bir mübahisə və münaqişə olmadan, yalnız öz istəkləri ilə onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 8 saylı evin 15 saylı mənzildən köçüb, Biləcəri qəsəbəsi ərazisində yerləşən və özlərinə məxsus olan fərdi yaşayış evinə gediblər ki, onlar hazırda da daimi olaraq həmin ünvanda yaşyırlar. Məhkəmənin nəzərinə onu da çatdırmaq istəyir ki, cavabdehlərin 15 ilə yaxın bir müddətdir ki, onun mülkiyyətində olan mənzildən öz istəkləri ilə, özlərinə aid olan bütün əşyaları da aparmaqla köçüb gedərək başqa ünvanda, Biləcəri qəsəbəsi ərazisində yerləşən, özlərinə məxsus fərdi yaşayış evində daimi olaraq yaşamalarına və mülkiyyətində olan həmin mənzilə ümumiyyətlə ehtiyaclarının olmamasına baxmayaraq, onların yalnız formal olaraq onun mülkiyyətində olan mənzildə qeydiyyatda olması nəticə etibarı ilə öz mülkiyyəti üzərində onun konstitusion hüquqlarının kəskin pozulması ilə yanaşı, həmçinin, cavabdehlərin də əvəzinə hər gün artan mənzilin bəzi kommunal xərclərini ödəmək zərurətini də yaradıb ki, həmin səbəblərdən də hesab edir ki, mülkiyyət hüququ ilə ona məxsus olan həmin mənzildə cavabdehlərin istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 8 saylı evin 15 saylı mənzilində cavabdehər Cavabdeh1 və Cavabdeh2 istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Nizami Rayon Məhkəməsinin 2(007)-130/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Qumru Əliyeva) ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilmiş, məhkəmə xərcləri İddiaçı aid edilmişdir.
4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən birgə apellyasiya şikayəti verərək, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini bildirmiş, həmçinin qeyd etmişdir ki, onlar öz xoşluqları ilə yox, Cavabdeh1 ərinin vəfatından sonra həmin evdə onlara qarşı olan təzyiqlər nəticəsində məcbur olub çıxıb getmişlər. Bu səbəbdən qətnamə ləğv edilərək, onların hər birinə 10.000 kompensasiya ödənilməsi müqabilində istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndə və vəkili Vəkil2 ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin iddiaçı qeyd etdi ki, iddiaçının atası cavabdehlərə Biləcəri qəsəbəsində torpaq sahəsində hər cür şəraiti olan ev tikmiş, cavabdehlər də həmin evə köçərək orada yaşayırlar, onların iradələrinə zidd olaraq mənzildən çıxarılması uydurmadır, cavabdehlər bu mülahizəni yalnız kompensasiya almaq naminə irəli sürmüşlər, onların bu mülahizəsi tam əsassızdır, onlar öz razılıqları ilə köçüb gediblər.
7. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Qətnamə qəbul edildikdən sonra Cavabdeh1 vəkili Vəkil1 məhkəmə zalına daxil olaraq, xeyli müddətdir ki, gəldiklərini, zalda işə baxıldığından gözlədiklərini bildirmiş, lakin araşdırma zamanı məhkəmə iclas katibinin məhkəmə zalının qarşısında gözləmə yerində olan tərəfləri zala dəvət etdiyi, iddiaçı tərəfin dəvətə əsasən zala daxil olduğu, cavabdehlərin isə həmin vaxt məhkəmə iclas zalının qarşısındakı gözləmə yerində olmadıqları onlara bildirilərkən, cavabdeh tərəf zalın qarşısındakı gözləmə yerində deyil, binanın girişindəki yerdə olduqlarını, hətta qarşı tərəfin gəlib keçdiyini gördüklərini demişlər. Belə olan halda isə, hətta məhkəməyə gəldikləri halda belə, məhz tərəfin öz laqeydliyi səbəbindən məhkəmə iclasında iştirak etmədikləri məlum olur. Sübutların tədqiqi:
10. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** №-si ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
11. Asan 5 tərəfindən verilmiş ******* saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2, X11, X17 və X6 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar.
12. AZ-İ № 400079 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2010-cu il tarixdə ölmüşdür.
13. AZ-İ № 158243 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
14. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 1S/2-25825-23 saylı məktubundan görünür ki, Cavabdeh1 xx.xx.1991-ci il, Cavabdeh2 xx.xx.2008-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadırlar.
15. Nizami Rayon Məhkəməsinin e-2(007)-3059/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçılar Cavabdeh2 və X3 cavabdehlər Bakı şəhəri 50 saylı Notariat ofisinə, İddiaçı və X8 qarşı “vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mülkiyyət hüququ haqqında verilmiş çıxarışın ləğv edilməsi və məcburi pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2406/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamədən görünür ki, apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3059/2023 saylı iş üzrə xx.xx.2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası
17. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. Maddə 29.İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
19. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi:
20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
23. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
24. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
25. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər.
26. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
27. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
28. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.
29. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi
30. Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri
31. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
32. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.
33. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
34. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
35. Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ
36. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir.
37. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.
38. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
39. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması
40. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
41. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması
42. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir.
43. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
44. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarı.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarı. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 217.2. Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
49. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
50. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
51. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
52. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
53. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
54. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
55. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
56. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
57. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
58. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
60. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
61. Məhkəmə kollegiyası gəlmiş tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
62. Belə ki, hazırkı işin faktiki hallarından görünür ki, cavabdehlər mərhum Telman Xankişiyevin ölümündən sonra mübahisəli mənzili tərk etmişlər. Məhkəmənin icraatında olmuş və qanuni qüvvəyə minmiş e-2(007)-3059/2024 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, Nizami MKTB-nin 28 saylı MKİS-in xx.xx.2023-cü il tarixli, 454 nömrəli arayışına əsasən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 8 saylı evin 15 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. X5 və onun oğlu Cavabdeh2 qonşuların aktına əsasən 2011-ci ilin mart ayından həmin mənzildən köçüb getmişlər və həmin mənzildə yaşamırlar. Cavabdehlər mənzilə qeydiyyata alınarkən mübahisəli mənzil mərhum Mirzə Xankişiyevin mülkiyyətində olmuş, onun vəfatından sonra isə oğlu, iş üzrə iddiaçının adına xx.xx.2022-ci ildə dövlət qeydiyyatına alınmışdır.
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
64. Mülki iş materiallarına əsasən müəyyən edilmişdir ki, cavabdehlər mərhum Telman Xankişiyevin ölümündən sonra mübahisəli mənzili tərk etmişlər.
65. Nizami Rayon Məhkəməsinin e-2(007)-3059/2024 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, Nizami MKTB-nin 28 saylı MKİS-in xx.xx.2023-cü il tarixli, 454 nömrəli arayışına əsasən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 8 saylı evin 15 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. X5 və onun oğlu Cavabdeh2 qonşuların aktına əsasən 2011-ci ilin mart ayından həmin mənzildən köçüb getmişlər və həmin mənzildə yaşamırlar.
66. Cavabdehlər mənzilə qeydiyyata alınarkən mübahisəli mənzil mərhum Mirzə Xankişiyevin mülkiyyətində olmuş, onun vəfatından sonra isə oğlu, iş üzrə iddiaçının adına xx.xx.2022-ci ildə dövlət qeydiyyatına alınmışdır.
67. İddiaçı hazırkı iddia tələbini irəli sürərkən öz iddiasını belə əsaslandırmışdır ki, cavabdehlər uzun illərdir ki, könüllü olaraq köçmüşlər və mübahisəli mənzildə yaşamır və onların qeydiyyatı formal xarakter daşıyır. Rayon məhkəməsi də iddianı təmin etmişdir.
68. Qətnamə ilə razılaşmayan cavabdehlər apellyasiya şikayətində iddia olunan tarixdən mənzildən getsələr də, mənzildən öz xoşluqları ilə yox, onlara olan təzyiqlər nəticəsində məcbur qalıb getdiklərini bildirmişlər.
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.
70. Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
71. Kollegiya hazırkı iş üzrə cavabdehlərin apellyasiya şikayətinin onların təzyiqlər nəticəsində mənzildən köçüb getmələri barədə dəlili üzrə qeyd edir ki, cavabdehlər istinad etdikləri həmin halı MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən sübut etməli olduğu halda, bu hala dair sübut təqdim edə bilməmişlər. Bundan başqa, cavabdehlər iradəsinə zidd olaraq mənzildən istifadə imkanlarından məhrum olunduqlarını bildirsələr də, keçən on ildən artıq müddət ərzində həmin hüquqlarının müdafiəsi üçün səlahiyyətli dövlər orqanlarına və ya məhkəməyə hər hansı bir müraciət etməmişlər. Demək ki, cavabdehlərin mənzildən iradələrinin ziddinə getmələri barədə bildirdikləri əsassızdır.
72. Bu hal, eləcə də 2011-ci ildən bəri cavabdehlərin iddiaçının mənzilində davamlı olaraq, həm də bu qədər uzun müddət yaşamamaları belə qənaətə gəlməyə əsas verir ki, cavabdehlərin həmin mənzilə olan ehtiyacı aradan qalxmış və onlar mənzildən öz istəklərinə əsasən getmişlər.
73. Cavabdehlərin apellyasiya şikayətində onların hər birinə 10.000 manat kompensasiya ödənilməsi ilə bağlı xahişlərinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, bu tələb hüququ mülkiyyətçiyə məxsus olan hüquqdur, həm bu tələbə bağlıdır, cavabdehlər isə mənzilin mülkiyyətçisi deyillər, eləcə də hazırkı işdə onların belə bir tələbi olmamışdır.
74. Belə olan halda, məlum olur ki, cavabdehlərin 2011-ci ildən həmin evdən öz istəklərinə əsasən köçüb getmələri, həmin yaşayış sahəsinə olan ehtiyaclarının aradan qalxması və həmin vaxtdan iddiaçıya məxsus evdə yaşamamaları səbəbindən rayon məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur, odur ki, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir.
75. Məhkəmə Kollegiya yuxarıda qeyd edilən əsaslara görə qeyd edir ki, MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
76. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etbarı ilə düzgün hüquqi nəticəyə gələrək iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
77. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehlərin özlərinə aid edilməlidir.
78. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin 2(007)-130/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.