Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6074/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı «müqavilə öhdəliklərinin yerinə yetirilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(004)-3273/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı «müqavilə öhdəliklərinin yerinə yetirilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi, 39 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 50 kv.m qeyri-yaşayış sahəsinin naturada ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 29 avqust 2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" Mənzil Tikinti kooperativi ilə aralarında imzalanmış müqavilənin şərtlərinə görə Bakı səhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində tikilən 12 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, 50 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi ona satılmışdır. İstinad edilən müqavilənin 2.1-ci bəndinə görə "xxxx" bu müqavilənin 1.3-cü bəndində göstərilən 50 kv.m qeyri-yaşayış sahəsinin 3-cü şəxslərin hüquqlarından azad olmasına, həmin sahənin girov və ya başqa şəxslərə satılmamasına təminat verir. Müqavilənin 2.2-ci bəndinə görə "xxxx" öhdəsinə götürür ki, «Payçı»ya satmış olduğu 50 kv.m qeyri-yaşayış sahəsinin cizgi-plan sənədlərini dəqiq çəkərək, öz möhürü ilə təsdiq edib «Payçı»ya təhvil verir. Həmin sahəyə sərbəst giriş çıxışı təmin etmək üçün satmış olduğu qeyri-yaşayış sahəsinə girişi (pilləkən) təmin edir. Müqavilənin 2.3-cü bəndində qeyd edilir ki, «Bu müqavilə "xxxx"nın Yasamal rayonu, D.Bünvadzadə küçəsində tikilən 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, 103,7 kv.mdən ibarət sahəsi olan 53 saylı mənzilin alqı-satqısına dair 2007-ci ildə imzalanmış müqavilə üzrə «Payçı»ya "xxxx" tərəfindən vurulmuş ziyanın (MTK həmin mənzili təkrar başqa bir şəxsə satdığı və mənzil üçün ödənilmiş 25000 manat «Payçı»ya qaytarılmadığı üçün) əvəzi olaraq imzalanır. Bu müqavilə tam hüquqlu alqı-satqı müqaviləsidir və «Payçı» bu müqavilə əsasında ona satılmış bu əmlaka istədiyi vaxt qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə edə bilər». Müqavilənin 2.4-ci maddəsinə görə "xxxx" müqavilə imzalandığı gün «Payçı»ya vurmuş olduğu ziyanın əvəzi olan qeyriyaşayış sahəsini naturada AKT-la təhvil verir. Müqavilənin 2.3-cü maddəsindən göründüyü kimi cavabdeh bundan əvvəlki müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, daha əvvəl mənə satmış olduğu mənzilin pulunu alsa belə mənzili mənə təhvil verməmişdir. Hazırkı müqavilə istinad edilən müqavilə üzrə vaxtilə ödənilmiş pulun dəyəri əvəzinə imzalanmışdır. Lakin cavabdeh müqavilə öhdəliklərini növbəti dəfə yerinə yetirməkdən yayınır. Müqavilə şərtlərinə görə qeyri-yaşayış sahəsi müqavilə imzalandıqdan dərhal sonra ona təhvil verilməli idi. Lakin cavabdeh hər dəfə vaxtı uzatmaqla müqavilə öhdəliklərindən yayınmaqda davam edir. Müqavilə öhdəliklərinin yerinə yetirilməsinə dair iddiaçı tərəfindən cavabdehin ünvanına pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək heç bir cavab alınmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(004)- 3273/2020 saylı qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia təmin olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işə onların iştirakı olmadan baxılması, hazırki müqavilənin iddiaçı ilə MTK arasında 2007-ci ildə bağlanmış digər müqavilə üzrə ödənilmiş 25000 manat pul vəsaitinin qaytarılmasının təminatı olması, bu barədə işdə müvafiq sübutlar olması, hazırda iddiaçıya dəymiş 25000 manat ziyanın ödənilməsi istiqamətində görülməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan 29 avqust 2019-cu il tarixli, 53 saylı müqaviləyə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi ilə iddiaçı arasında imzalanmış müqavilənin şərtlərinə görə MTK Bakı səhəri, Yasamal rayonu, D.Bünvadzadə küçəsində tikilən 12 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 50 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini İddiaçı satmışdır. İşdə olan maliyyə arayışından görünür ki, İddiaçı "xxxx" MTK-ya 25000 manat məbləğində pul ödəmişdir. İşdə olan "xxxx" MTK tərəfindən verilmiş 29.08.2019-ci il tarixli öhdəlikdən görünür ki, MTK-nın sədri X4 bu iltizamla üzərinə götürür ki, "xxxx" ilə İddiaçı ilə arasında 29 avqust 2019-cu il tarixdə imzalanmış müqavilə üzrə MTK tərəfindən Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində tikilmiş 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, 103,7 kv.m-dən ibarət olan 53 saylı mənzil üçün 2007-ci ildə İddiaçı tərəfindən ödənilmiş 25000 manat vəsait 196 saylı MTK tərəfindən 01.01.2020-ci il tarixədək Payçıya tam qaytarılacaq. İşdə olan 196 saylı MTK tərəfindən verilmiş 29.08.2019-ci il tarixli İddiaçı tərəfindən imlzalanmış iltizamdan görünür ki, o, 196 saylı MTK ilə aralarında 29 avqust 2019-cu il tarixdə imzalanmış müqavilə üzrə MTK tərəfindən Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində tikilmiş 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, 103,7 kv.m-dən ibarət olan 53 saylı mənzil üçün 2007-ci ildə ödədiyi 25.000 manat vəsait 196 saylı MTK tərəfindən 01.01.2020-ci il tarixədək ona tam qaytarıldığı təqdirdə 29 avqust 2019-cu il tarixli, həmin binanın 1-ci mərtəbəsində yerləşən 50 kv.m-dən ibarət qeyriyaşayış sahəsinin ona satılmasına dair müqavilədən imtina edəcək. Göstərilən müddətin son gününədək 25000 manat ona ödənildiyi andan bu iltizamda göstərmiş olduğu öhdəliklər tərəfindən icra ediləcəkdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasə - 29 avqust 2019-cu il tarixli, 53 saylı müqaviləyə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi ilə iddiaçı arasında imzalanmış müqavilənin şərtlərinə görə MTK Bakı səhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində tikilən 12 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, 50 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini İddiaçı satmışdır. Maliyyə arayışından görünür ki, İddiaçı MTK-ya 25000 manat məbləğində pul ödəmişdir. Lakin, MTK-nın sədri X2 Mahir Şahbaz oğlu ilə aralarında 29 avqust 2019-cu il tarixdə imzalanmış müqavilə üzrə MTK tərəfindən Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində tikilmiş 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, 103,7 kv.m-dən ibarət olan 53 saylı mənzil üçün 2007-ci ildə İddiaçı tərəfindən ödənilmiş 25000 manat vəsait MTK tərəfindən 01.01.2020-ci il tarixədək «Payçı»'ya tam qaytarılacağı barədə üzərinə öhdəlik götürsə də, öhdəliyi yerinə yetirə bilməmişdir. Belə ki, iş materiallarında nə mübahisəli mənzilin iddiaçıya təhvil verilməsini, nə də iddiaçı tərəfindən cavabdehə ödənilmiş 25000 manat pulun geri qaytarılmasını təsdiq edən heç bir sənəd yoxdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi, 39 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 50 kv.m qeyri-yaşayış sahəsi naturada iddiaçıya təhvil verilməlidir. Məhkəmə kollegiyası iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Tərəflər arasında 29 avqust 2019-cu il tarixli, 53 saylı müqavilənin bağlanması mübahisələndirilmir. Həmin müqavilənin şərtlərinə görə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı səhəri, Yasamal rayonu, D.Bünvadzadə küçəsində tikilən 12 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 50 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməlidir. Belə ki, müqavilənin 2.1-ci bəndinə görə "xxxx" bu müqavilənin 1.3-cü bəndində göstərilən 50 kv.m qeyri-yaşayış sahəsinin 3-cü şəxslərin hüquqlarından azad olmasına, həmin sahənin girov və ya başqa şəxslərə satılmamasına təminat verir. Müqavilənin 2.2-ci bəndinə görə "xxxx" öhdəsinə götürür ki, «Payçı»ya satmış olduğu 50 kv.m qeyri-yaşayış sahəsinin cizgi-plan sənədlərini dəqiq çəkərək, öz möhürü ilə təsdiq edib «Payçı»ya təhvil verir. Həmin sahəyə sərbəst giriş çıxışı təmin etmək üçün satmış olduğu qeyri-yaşayış sahəsinə girişi (pilləkən) təmin edir. Müqavilənin 2.3-cü bəndində qeyd edilir ki, «Bu müqavilə "xxxx"nın Yasamal rayonu, D.Bünvadzadə küçəsində tikilən 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, 103,7 kv.m-dən ibarət sahəsi olan 53 saylı mənzilin alqı-satqısına dair 2007-ci ildə imzalanmış müqavilə üzrə «Payçı»ya "xxxx" tərəfindən vurulmuş ziyanın (MTK həmin mənzili təkrar başqa bir şəxsə satdığı və mənzil üçün ödənilmiş 25000 manat «Payçı»ya qaytarılmadığı üçün) əvəzi olaraq imzalanır. Bu müqavilə tam hüquqlu alqı-satqı müqaviləsidir və «Payçı» bu müqavilə əsasında ona satılmış bu əmlaka istədiyi vaxt qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə edə bilər». Müqavilənin 2.4-ci maddəsinə görə "xxxx" müqavilə imzalandığı gün «Payçı»ya vurmuş olduğu ziyanın əvəzi olan qeyri-yaşayış sahəsini naturada AKT-la təhvil verir. Müqavilənin tərəflər arasında razılaşdırılmış şərtlərindən göründüyü kimi, iddiaçı mübahisə predmeti olan daşınmaz əmlak (50 m2 qeyri-yaşayış sahəsi) üzərində əmlak hüquqları əldə etmişdir və cavabdehin həmin əmlakı iddiaçıya təhvil vermək vəzifəsi vardır. Cavabdeh apellyasiya şikayətində 29 avqust 2019-cu il tarixdə tərəflər arasında öhdəlik və iltizamın imzalanmasını göstərmişdir. Belə ki, işdə olan "xxxx" MTK tərəfindən verilmiş 29.08.2019-ci il tarixli öhdəlikdən görünür ki, MTK-nın sədri X4 bu iltizamla üzərinə götürür ki, "xxxx" ilə İddiaçı ilə arasında 29 avqust 2019-cu il tarixdə imzalanmış müqavilə üzrə MTK tərəfindən Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində tikilmiş 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, 103,7 kv.m-dən ibarət olan 53 saylı mənzil üçün 2007-ci ildə İddiaçı tərəfindən ödənilmiş 25000 manat vəsait 196 saylı MTK tərəfindən 01.01.2020-ci il tarixədək Payçıya tam qaytarılacaq. İşdə olan 29.08.2019-ci il tarixli İddiaçı tərəfindən imlzalanmış iltizamdan görünür ki, o, 196 saylı MTK ilə aralarında 29 avqust 2019-cu il tarixdə imzalanmış müqavilə üzrə MTK tərəfindən Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində tikilmiş 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, 103,7 kv.m-dən ibarət olan 53 saylı mənzil üçün 2007-ci ildə ödədiyi 25.000 manat vəsait 196 saylı MTK tərəfindən 01.01.2020-ci il tarixədək ona tam qaytarıldığı təqdirdə 29 avqust 2019-cu il tarixli, həmin binanın 1-ci mərtəbəsində yerləşən 50 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin ona satılmasına dair müqavilədən imtina edəcək. Göstərilən müddətin son gününədək 25000 manat ona ödənildiyi andan bu iltizamda göstərmiş olduğu öhdəliklər tərəfindən icra ediləcəkdir. Göründüyü kimi, tərəflərin əlavə razılaşması o halda qüvvədə olacaqdı ki, cavabdeh 01.01.2020-ci il tarixədək 25000 manat pul vəsaitini iddiaçıya ödəmiş olsun. Lakin, apellyasiya şikayətindən də göründüyü kimi, cavabdeh sonrakı öhdəliyinə də əməl etməmiş, müvafiq pul vəsaitini iddiaçıya ödəməmişdir. Belə olan halda isə cavabdeh iddiaçı ilə bağladığı 29 avqust 2019-cu il tarixli, 53 saylı müqavilənin şərtlərinə uyğun olaraq müqavilədə göstərilən əmlakı iddiaçıya təhvil vermək vəzifəsindən azad olmamışdır. Bununla yanaşı, müqavilədə birbaşa qeyd olunmuşdur ki, müqavilə imzalandığı gün «Payçı»ya vurmuş olduğu ziyanın əvəzi olan qeyri-yaşayış sahəsini naturada AKT-la təhvil verir. Həmçinin, müqavilənin 3.2-ci bəndində göstərilmişdir ki, «MTK qəbul edir ki, hazırki müqavilə üzrə Payçıya kompensasiya kimi vermiş olduğu 50 m2-dən ibarət qeyri-yaşayış sahəsinin tam dəfəri kimi həmin binada yerləşən 53 saylı mənzilə dair 2007-ci ildə bağlanmış müqavilə üzrə ödənilmiş 25000 manat təşkil edir. Göründüyü kimi, müqavilənin qeyd edilən şərtinə əsasən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin dəyəri ödənilmiş sayılır. MM-nin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25.10.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Beləliklə, məhkəmə kollegiyası, qeyd edilənləri məcmu halda nəzərə alaraq, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsalandıra və etirazının əsası kimi istinad etdikləri halları təsdiq edən sübutları təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətlərinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayətlər təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı «müqavilə öhdəliklərinin yerinə yetirilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(004)-3273/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(004)-3273/2020 saylı qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6074/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6074/2021
13.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver