Məhkəmə qərarları › İş №2(103)-6076/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6076/2021

02.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6076/2021 02.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi, vəkili X1, Cavabdeh və onun vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair mülki iş üzrə çıxarılmış Pirallahı Rayon Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2(094)-432/2019 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsində olan tikilidən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, oğlu Cavabdeh Çinqiz qızı ilə 2010-cu ildə qeyri rəsmi olaraq ailə qurmuş, 10 yanvar 2012-cu il tarixdə isə Qeydiyyat Şöbəsində nikahlarını rəsmiləşdirərək rəsmi olaraq nikaha daxil olmuşlar. Onların birgə nikahlarından iki uşaqları olub. Cavabdeh oğlu ilə ailə qurduqdan sonra onun yaşadığı evə gəlin gəlmişdir. Ailədə münasibətləri pozulduğundan oğlu X3 ərizəsinə əsasən Xaçmaz Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən onların arasında olan nikahları ləğv edilmişdir. Bundan sonra cavabdeh ona, oğluna və həyat yoldaşına qarşı Bakı şəhəri Pirallahı Rayon məhkəməsinə yaşadığı Bakı şəhəri ünvan 1 ünvanda yerləşən 2007-ci ildə inşa etdirdiyi özbaşına tikili olan ümumi sahəsi 60 kv.m 2 otaq mətbəğdən ibarət evə köçürülməklə istifadə hüququnun tanınmasına dair iddia tələbi ilə müraciət etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh iddia tələbi əsassız olduduğundan rədd edilmişdir. Bundan sonra cavabdehin apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Pirallahı Rayı Məhkəməsinin 15.05.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. 10 sentyabr 2019-cu il tarixdə o, evdə olmadığı vaxt cavabdeh özbaşına olaraq onun evinə gələrək yaşadığı torpaq sahəsində olan tikdirdiyi 2 otaq və bir mətbəxdən ibarət özbaşına tikiliyə daxil olmuşdur. Bundan sonra o, nə qədər cavabdehdən onun istifadəsində olan yaşayış sahəsindən çıxmasını tələb etsə də, onun sözlərinə məhəl qoymayaraq çıxmamış, o, bu barədə Polis Şöbəsinə müraciət etsə də, cavabdeh yalnız məhkəmə qətnaməsi əsasında evi tərk edəcəyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh Bakı şəhəri ünvan 1 ünvanda yerləşən 2 otaq və 1 mətbəxdən ibarət özbaşına tikilidən (evdən) çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2(094)-432/2019- 007 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qalmış Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin faktiki halları araşdırılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2021/2020 saylı 26 fevral 2020-ci il tarixli qətnaməsi ilə Pirallahı Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-664/2021 saylı, 19 aprel 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2120/2020 nömrəli 26 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdi və izahat verərək göstərdi ki, o, iddiaçının oğlu ilə evləndikdən sonra mübahisəli ünvanda olan birotaqlı özbaşına tikilidə yaşamışlar və onun iki uşağı da həmin evdə dünyaya gəlmişdir. Hazırda onun yaşadığı ikiotaqlı evdə isə onun bacısı öz ailəsi ilə birlikdə yaşamışdır. Həmin evi onlar 2011-2013-cü illər ərzində birlikdə inşa etmişlər, lakin sonradan bu evdə onun keçmiş qaynı Rafiq ailəsi ilə birlikdə yaşamışdır. Rafiq onun bacısı ilə nikahda olmuş, lakin sonradan onların da münasibətləri pozulmuş və boşanmışlar. Onlar boşandıqdan sonra isə bacısı evi tərk edərək getmiş və mənzil boş qalmışdır. Bundan sonra onun da ailəsində problemlər yaşanmağa başlamış və nəhayət, 2017-ci ildə o da ərindən boşanmışdır. O, əvvəlcə bir müddət Xaçmaz rayonunda valideynlərinin evində qalmış, təxminən bir ay yarım orada qaldıqdan sonra qaynanası onu uşaqları ilə birlikdə Bakıya gətirərək əvvəllər yaşadığı birotaqlı evə yerləşdirmişdir. Lakin qısa müddətdən sonra onunla əri qarşılıqlı razılıq əsasında həmin evi tərk etmiş və Pirallahı qəsəbəsində kirayə ev tutaraq orada yaşamışlar. Kirayədə qaldıqları müddətdə o, 2010- 2017-ci illər ərzində yaşadığı evə istifadə hüququnun tanınması və ora köçürülməsi ilə bağlı məhkəməyə müraciət etmiş, lakin iddiası təmin olunmamışdır. Buna baxmayaraq, həmin məhkəmə qərarı qəbul edilənə qədər, qarşılıqlı razılıq əsasıünda o, yenidən uşaqları ilə birlikdə mübahisəli ünvanda əvvəllər yaşadığı birotaqlı evə köçürülmüşdür. Təxminən bir ilə qədər həmin otaqda qaldıqdan sonra, iddiaçının digər oğlu tərəfindən onun azyaşlı qızına qarşı əxlaqsız hərəkət edildiyi üçün o, polisə müraciət etmiş, bundan sonra iddiaçı və ailəsi onun şikayətçi olmaması üçün özləri razılıq əsasında onu 2019-cu ilin sentyabr ayında hazırda qaldığı ikiotaqlı evə köçürmüşlər. Bu evlərin hamısı bir həyətdə yerləşsə də, hazırda qaldığı ev digər evlərdən təcrid olunmuşdur və birbaşa küçəyə açılan giriş-çıxış qapısı vardır. Onun şikayəti ilə polisdə başlanmış araşdırmaya xitam verildikdən sonra isə iddiaçılar yenidən onun hazırda qaldığı evdən çıxarılmasını tələb etməyə başlamışlar. Göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassızdır və rayon məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və izahat verərək göstərdi ki, cavabdeh onun keçmiş gəlinidir. O, 2010-cu ildə gəlin gəldiyi vaxtdan onlarla bir ünvanda yaşamışlar. Həmin ünvanda yerləşən mənzil onun mərhum anasına Artyomneft NQÇİ tərəfindən verilmiş barak tipli iki otaqdan ibarət mənzil olmuş, anası öldükdən sonra isə 2000-ci ildə evə dair şəxsi hesab onun adına keçirilmişdir. Onun mərhum atası hələ sağlığında bu iki otağa bitişik olan daha bir otaq inşa etmiş və ölənə qədər mərhum anası ilə birlikdə həmin otaqda yaşamışlar. 2007-ci ildə isə o, digər oğlu Rafiqin evlənib yaşaması üçün həmin evin həyətyanı sahəsində ikiotaqlı yaşayış sahəsi inşa etmişdir. O, özü gəmi kapitanıdır və işləyib pul toplayaraq həmin evi tikdirmişdir. Cavabdeh isə onların evinə 2010-cu ildə gəlin gəlmişdir. Həmin tikili onun yaşadığı barak tipli tikilidən bir qədər aralıda yerləşməklə təcrid olunmuş şəkildədir və birbaşa küçəyə açılan giriş-çıxış qapısı vardır. Həmin ev özbaşına tikilidir və heç bir sənədi yoxdur. Cavabdeh gəlin gəldiyi 2010-cu ildən birinci dəfə evi tərk etdiyi 2017-ci ilə qədər mərhum atasının inşa etdiyi birotaqlı tikilidə yaşamışdır. Sonradan ailədaxili problemlər səbəbindən cavabdeh yaşadığı evi tərk edib başqa bir şəxslə qaçıb getmiş və yalnız 8 aydan sonra cavabdehin qohumlarının xahişi ilə uşaqların körpə olmasına xatir onu təkrarən evə gətirmişlər. Cavabdeh evə qayıtdıqdan sonra da əvvəllər yaşadığı birotaqlı tikilidə məskunlaşmışdır. Həmin evdə bir müddət yaşadıqdan sonra isə cavabdeh onların xəbəri və razılığı olmadan, digər oğlu Rafiqin yaşadığı evə girmiş, evin qıfıllarını dəyişərək orada məskunlaşmış və dəfələrlə tələb etmələrinə baxmayaraq, evi tərk etməkdən imtina etmişdir. Onlar bununla bağlı müxtəlif orqanlara, o cümlədən polisə müraciət etsə də, cavabdeh yalnız məhkəmə qərarı ilə evdən çıxacağını bildirmiş və evi tərk etməkdən imtina etmişdir. Göstərilənləri nəzərə alaraq, iddiaçı qarşı tərəfin apellyasiya şikayətinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini o əsasla ləğv etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin mübahisəli faktiki hallarını müəyyən etmədən, həmin mübahisəli faktiki hallara uyğun maddi hüquq normalarını tətbiq etmədən, apellyasiya şikayətinin və ona etirazın dəlillərini müfəssəl araşdırmadan, bu dəlillər üzrə araşdırma aparmadan gəldiyi nəticəsi ilə ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli tikiliyə iddiaçının razılığı ilə köçüb-köçmədiyini, hansı əsaslarla, hansı vaxtdan həmin evdə yaşamasını araşdırmadan tərəflər arasında yaranmış hüquq münasibətlərinə hüquqi qiymət verməmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoci hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməməli, Pirallahı Rayon Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2(094)-432/2019-007 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin araşdırılan halları və tərəflərin verdikləri izahatlarla mübahisəsiz qaydada müəyyən edilir ki, Cavabdeh iddiaçının oğlu Şamil Ağayevlə 2010-cu il tarixdə qeyri-rəsmi ailə quraraq ünvan 2 ünvanda İddiaçı məxsus evdə yaşamağa başlamışdır. Qeyd edilən ünvanda üç tikili mövcuddur. Onlardan biri 2 otaqdan ibarət olmaqla barak tipli tikilidir və iddiaçının mərhum anasına sosial kirayə müqaviləsi əsasında verilmiş, onun vəfatından sonra 2000-ci ildə mənzilə dair maliyyə şəxsi hesabı İddiaçı adına dəyişdirilmişdir. Digər tikili 1 otaqdan ibarət olmaqla, İddiaçı mərhum atası tərəfindən həmin barak tipli tikiliyə bitişik olaraq özbaşına inşa edilmişdir. Həmin ünvanda olan üçüncü tikili isə hazırda cavabdehin yaşadığı 2 otaqdan ibarət olan tikilidir ki, bu tikilinin küçəyə ayrıca giriş-çıxış qapısı olmaqla, digər tikililərdən təcrid şəkildə inşa edilmişdir. Həmin tikili özbaşına inşa edilmişdir və ona dair, həmçinin tikilinin yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd mövcud deyildir. Cavabdeh 2010-cu ildən həmin ünvana köçdüyü vaxtdan ilk dəfə oranı tərk etdiyi 2017-ci ilə qədər, həmçinin sonradan 2018-ci ildə qarşılıqlı razılıq əsasında bu ünvana qayıtdığı vaxtdan 2019-cu ilin sentyabr ayına qədər barak tipli tikiliyə bitişik inşa edilmiş 1 otaqlı özbaşına tikilidə yaşamış, 2019-cu ilin sentyabr ayında isə həmin ünvanda təcrid şəkildə özbaşına inşa edilmiş 2 otaqlı tikiliyə köçmüşdür və hal-hazırda da həmin tikilidə yaşayır. İşin mübahisələndirilən faktiki halları isə ondan ibarətdir ki, iddiaçı mübahisəli tikilinin onun tərəfindən 2007-ci ildə inşa edildiyini, cavabdeh isə tikilinin onlar tərəfindən 2011- 2013-cü illərdə inşa edildiyini bildirir. Həmçinin, iddiaçı cavabdehin mübahisəli tikiliyə onun razılığı və xəbəri olmadan, özbaşına daxil olduğunu, cavabdeh isə iddiaçının və ailə üzvlərinin razılığı ilə həmin tikiliyə köçürüldüyünü bildirir. Qeyd edilən mübahisəli hallarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, özbaşına tikili ilə bağlı "xxxx" MMC tərəfindən tərtib edilmiş, «Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair Hesabat cədvəli»ndə həmin tikilinin 2007-ci ildə inşa edildiyi göstərilir. Hesabat cədvəlinin özü isə 10.10.2011-ci ildə tərtib edilmişdir. Həmin hesabat cədvəlinin həqiqiliyi tərəflər mübahisələndirmirlər. Belə olan təqdirdə, məhkəmə kollegiyası mübahisəli tikilinin 2007-ci ildə tikilməsinə dair iddiaçının dəlillərini daha əsaslı və işin hallarına uyğun hesab edir. Cavabdehin mübahisəli tikiliyə hansı şəraitdə daxil olması ilə bağlı tərəflərin dəlilləriilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin ora özbaşına daxil olduğunu bildirsə də, cavabdeh bunun iddiaçının razılığı ilə olduğunu göstərir və bu dəlilini onunla əsaslandırır ki, həmin vaxt iddiaçının oğlu tərəfindən onun azyaşlı qızına qarşı edilmiş əxlaqsız hərəkətlə bağlı o polisə müraciət etdiyindən, onun şikayətini geri götürməsi məqsədilə iddiaçı və ailə üzvləri onu həmin tikiliyə köçürmüşlər. İş materiallarında olan Pirallahı RPŞ tərəfindən qəbul edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 02 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Cavabdeh 17.09.2019-cu il tarixdə keçmiş qaynı Rafiq Ağayev tərəfindən döyülməsi ilə bağlı polisə etdiyi şikayət əsasında araşdırılma aparılmış, 02 dekabr 2019-cu il tarixdə onun döyülərək yüngül dərəcəli bədən xəsarəti alması, həmçinin onun azyaşlı qızına qarşı əxlaqsız hərəkətlər edilməsi ilə bağlı xüsusatlar təsdiqini tapmadığından, cinayət işinin başlanılması rədd edilmişdir. Qeyd edilən qərarın məzmunundan da göründüyü kimi, həmin qərar qəbul edilərkən tərəflər arasında hər hansı barışıq olmamış, cinayət işinin başlanması tərəflərin barışığı əsasında deyil, cinayət hadisəsinin olması sübuta yetmədiyindən rədd edilmişdir. Qərardan görünür ki, cavabdehin keçmiş qaynanası Venera Ağayeva izahat verərkən sözsöhbət olmasın deyə, Cavabdeh tələbi ilə yaşadıqları otaqların qapısın ayırmışlar. Göründüyü kimi, polis tərəfindən aparılan həmin araşdırma zamanı tərəflər arasında barışıq olmamış, tərəflər Cavabdeh 2 otaqdan ibarət digər tikiliyə köçürülməsi barədə deyil, onların yaşadığı otaqların qapılarının ayrılması barədə razılığa gəlmişlər. Tərəflər arasında münasibətlərin pis olduğu və cavabdehin şikayəti əsasında iddiaçının ailə üzvləri barədə polisdə araşdırma getdiyi vaxtda iddiaçının öz razılıı ilə cavabdehi yaşadığı 1 otaqlı tikilidən çıxararaq daha yaxşı şəraitli 2 otaqlı evə köçürməsini məhkəmə işin hallarına, tərəflər arasında həmin vaxt mövcud olmuş münasibətlərin xarakterinə uyğun hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin mübahisəli tikiliyə iddiaçının razılığı və xəbəri olmadan özbaşına daxil olması ilə bağlı iddiaçının dəlilini əsaslı hesab edir. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh iddiaçı tərəfindən inşa edilmiş özbaşına tikiliyə iddiaçının xəbəri və razılığı olmadan özbaşına daxil olmaqla, orada yaşamağa başlamışdır. Cavabdehin ona ödənilməli olan aliment borcundan imtina etməsi müqabilində ona mübahisəli evə köçürüb yaşamasına icazə verilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin razılaşma cavabdehin hazırda özbaşına olaraq girib yaşadığı 2 otaqlı tikilidən deyil, bundan əvvəl yaşadığı 1 otaqlı tikiliyə köçüb yaşaması ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İşin müəyyən edilən hallarından və qanunvericiliyin yuxarıda sadalanan müddəalarından məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Bakı şəhəri Pirallahı Rayon məhkəməsinə yaşadığı Bakı şəhəri ünvan 1 ünvanda yerləşən mübahisəli 2 otaqlı tikili İddiaçı tərəfindən özbaşına inşa olunmaqla, onun faktiki sahibliyində və istifadəsində olmuş, Cavabdeh həmin tikiliyə İddiaçı iradəsinə zidd olaraq özbaşına daxil olmuş və orada məskunlaşmış, nəticədə İddiaçı həmin tikiliyə faktiki sahiblikdən özbaşına məhrum edilmişdir. Bununla da, İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Pirallahı Rayon Məhkəməsinin 14.11.2019-cu il tarixli 2(094)-432/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi : Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2(094)-432/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar