Məhkəmə qərarları › İş №2(103)-6076/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6076/2025

12.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6076/2025 12.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, e- 2(008)-1783/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı üçüncü şəxs Cavabdeh və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyatın qismən ləğv edilməsi, çıxarışın, plan və ölçünün verilməsi” tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, e-2 1(112)-610/2023 nömrəli qərarı ilə təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi,186 nömrəli Bağ-Tikinti Kooperativinin ərazisində olan bağ sahələrinin Yerləşmə Sxeminə zidd olaraq, daşınmaz əmlakın dövlət reyestrində 1843 nömrəli bağ sahəsinə dair Cavabdeh adına aparılmış qeydiyyatın 1845 nömrəli bağ sahəsinə düşən hissəsində (437,0 kv.m ölçüdə) ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 186 nömrəli Bağ-Tikinti Kooperativinin ərazisində olan 0,12 ha. ölçüdə 1845 nömrəli bağ sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2024-cü il tarixli, 2-1(103)-518/2024 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən verilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli çıxarışla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi,186 nömrəli Bağ-Tikinti Kooperativinin ərazisində 0,12 ha. ölçüdə 1845 nömrəli bağ sahəsi (Yeni qaydalarla AZ1059, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pərviz Səmədov küçəsi, giriş 69) üzərində İddiaçı xüsusi mülkiyyət hüququ tanınmışdır. Hazırda iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsi boşaldılaraq qanuni istifadəsinə qaytarılması, torpaq sahəsində qanunsuz inşa edilmiş özbaşına tikilinin sökülməsi və 100 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 1694 nömrəli Sərəncamı və həmin Sərəncam əsasında verilmiş 40 nömrəli orderlə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 186 nömrəli Bağ-Tikinti Kooperativi (BTK) ərazisində 0,12 ha. ölçüdə 1845 nömrəli bağ sahəsi İddiaçı ayrılmışdır. Bağ sahələrinin yerləşmə sxeminə əsasən bütün bağ sahələri, o cümlədən 1843, 1844, 1845, 1846 nömrəli və digər bağ sahələri ərazidən keçən bağlararası yola perpendikulyar, yəni 25 metrlik hissəsi yola paralel, 48 metrlik hissəsi perpendikulyar yerləşmişdir. Buna baxmayaraq, 186 nömrəli, BTK-nın 1843 nömrəli bağ sahəsinə dair hüquqlar qeydiyyata alınarkən və seriya MH ******* nömrəli çıxarış və torpaq sahəsinin plan və ölçüsü Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına tərtib edilərkən bağ sahələrinin yerləşmə sxeminin əksinə olaraq, sözügedən 1843 nömrəli bağ sahəsi öz ərazisi də daxil olmaqla əlavə olaraq 1844 və 1845 nömrəli bağ sahələrinin üzərinə işlənmişdir. Belə ki, cavabdehə ayrılmış 1843 nömrəli bağ sahəsinin 0,12 ha. sahəsinin cəmi 99 kv.metr hissəsi sxem üzrə özünə aid olan hissəyə, yerdə qalan 562 kv.metr hissəsi 1844 nömrəli bağ sahəsinə və 498 kv.metr hissəsi isə 1845 nömrəli bağ sahəsinin üzərinə işlənilmişdir. Hüquqların bu formada əsassız qeydiyyatı ona gətirib çıxarmışdır ki, 1843 nömrəli bağ sahəsinin 1846 nömrəli bağ sahəsi ilə qonşuluğu yaranmışdır. Halbuki, 186 nömrəli BTK-nın ərazisində olan bağ sahələrinin yerləşmə sxeminə əsasən bu iki bağ sahəsi arasında 50 metrlik məsafə olmaqla, 1844 və 1845 nömrəli bağ sahələri mövcuddur. İddiaçı üçüncü şəxs Cavabdeh və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyatın qismən ləğv edilməsi, çıxarışın, plan və ölçünün verilməsi” tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, e-2 1(112)-610/2023 nömrəli qərarı ilə təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi,186 nömrəli Bağ-Tikinti Kooperativinin ərazisində olan bağ sahələrinin yerləşmə sxeminə zidd olaraq, daşınmaz əmlakın dövlət reyestrində 1843 nömrəli bağ sahəsinə dair Cavabdeh adına aparılmış qeydiyyatın 1845 nömrəli bağ sahəsinə düşən hissəsində (437,0 kv.m ölçüdə) ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 186 nömrəli Bağ-Tikinti Kooperativinin ərazisində olan 0,12 ha. ölçüdə 1845 nömrəli bağ sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Birinci instansiya Məhkəməsinin həmin qərarı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2024-cü il tarixli, 2-1(103)-518/2024 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Cavabdeh tərəfindən verilmiş kassasiya mümkün sayılmamışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən verilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli çıxarışla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi,186 nömrəli Bağ-Tikinti Kooperativinin ərazisində 0,12 ha. ölçüdə 1845 nömrəli bağ sahəsi (Yeni qaydalarla AZ1059, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pərviz Səmədov küçəsi, giriş 69) üzərində İddiaçı Baladay oğlunun xüsusi mülkiyyət hüququ tanınmışdır. Lakin hazırda Cavabdeh əvvəllər etdiyi zəbt və faktiki qanunsuz olaraq inşa etdiyi özbaşına tikililər torpaq sahəsindən istifadəni mümkünsüz etməklə onun mülkiyyət hüquqlarını pozur. Bununla yanaşı İddiaçı nümayəndəsi-Vəkil1 xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən, İddiaçı məxsus torpaq sahəsinin boşaldılaraq qanuni istifadəsinə qaytarılması, torpaq sahəsində qanunsuz inşa edilmiş bütün özbaşına tikililərin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli e-2(008)- 1783/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində (Yeni qaydalarla: AZ 1059, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pərviz Səmədov küçəsi, giriş 69) qanunsuz inşa edilmiş bütün özbaşına tikililərin Cavabdeh hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya qaytarılması, 50 (əlli) manat ekspertiza xərcindən 25 manat iddiaçıdan, 25 manat isə cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş ekspert rəyi ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış tikililər iddiaçıya məxsus sahədə yerləşir. Rəyi tərtib etmiş mütəxəssislər iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin koordinat məlumatları əsasında müvafiq ekspertiza keçirmiş və iddiaçıya məxsus 1845 nömrəli bağ sahəsi qeydiyyata alındıqdan sonra cavabdehin mişar daşı ilə hasarı sökülməmiş qalmışdır. Cavabdehin məhkəmə qətnaməsi əsasında ləğv edilmiş 0.0437 ha hissəsinə düşən 45.0 metr uzunluğunda hasarı iddiaçının **********36 reyestr nömrəli çıxarışa əsasən 1845 nömrəli bağ sahəsinə düşməsi müəyyən edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin qərarından da göründüyü kimi cavabdehə məxsus sahənin bir hissəsi iddiaçıya aid torpaq sahəsinə düşdüyündən, həmin torpaq sahəsində aparılmış tikinti işləri onun tərəfindən sökülməlidir. Eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsi barədə verilmiş ərizədən göründüyü kimi iddiaçı tərəfindən torpaq sahəsində heç bir tikinti işi aparmadığından qeyd olunan torpaq sahəsində olan bütün tikililərin cavabdeh tərəfindən sökülərək, sahənin ona təhvil verilməsini xahiş etmişdir. Məhkəmə keçirilmiş ekspertiza rəyinə münasibət bildirərək qeyd etmişdir ki, rəydə 45 metr daş hasarın iddiaçıya məxsus sahəyə düşdüyü göstərilsə də, məhkəmə araşdırması zamanı həmin tikili sahələrinin 45 metrdən çox olduğu müəyyən edilmiş və iddiaçı qeyd olunan torpaq sahəsində olan bütün özbaşına tikililərin sökülərək, sahənin ona təhvil verilməsini xahiş etdiyindən iddia təmin edilməlidir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh vicdansız sahib olmamışdır və iddiaçının göstərilən torpaq sahəsini qanunsuz zəbt etməmişdir. Belə ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin e-2-1(112) 610/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarından da aydın olur ki, cavabdeh mübahisə obyekti olan torpaq sahəsindən istifadəyə və sahibliyə başlamamışdan öncə həmin ərazi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində cavabdehin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bundan sonra o ərazi üzrə tikinti işləri aparmış və de yure və de fakto sahibliyi həyata keçirmişdir. Bu səbəbdən Mülki Məcəllənin 157-ci maddəsinin müvafiq bəndləri cavabdehə şamil edilməli idi. Faktiki olaraq cavabdehin göstərilən torpaq sahəsində bir neçə tikilisi var və düzgün ekspertiza keçirilsə idi, onlar müəyyən edilməli, eyni zamanda həmin ərazinin abadlaşdırılması və görülən işlərlə bağlı, yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər, qarşılıqlı iddia ilə məhkəməyə müraciət ediləcəkdir. Bundan başqa Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008) 1783/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 10/5333 nömrəli 15 avqust 2025-ci il tarixli rəyinə əsasən göstərilən torpaq sahəsi (1843 nömrəli bağ sahəsi) sənəd üzrə 0.1117 ha olsa da, faktiki olaraq 0.068 ha təşkil edir (0.0437 ha ləğv edilib). İddiaçı məxsus torpaq sahəsinin sərhədləri Ləhiş bağ sahəsi, 1845 nömrəli bağ sahəsinin planı və ölçüsündə öz əksini tapmışdır. İddiaçıya məxsus 1845 nömrəli bağ sahəsi ilə cavabdehə verilmiş 1843 nömrəli bağ sahəsinin məhkəmə qətnaməsi əsasında ləğv edilmiş 0.0437 ha hissəsində üst üstə düşmə olmuşdur (sənəd üzrə 0.0437 ha hissəsi ləğv edildikdən sonra üst-üstə düşmə yoxdur). İddiaçıya məxsus 1845 nömrəli bağ sahəsi qeydiyyata alındıqdan sonra cavabdehin mişar daşı ilə hasarı sökülməmiş qalmışdır. Cavabdehin məhkəmə qətnaməsi əsasında ləğv edilmiş 0.0437 ha hissəsinə düşən 45.0 metr uzunluğunda hasarı iddiaçının **********36 reyestr nömrəli çıxarışa əsasən 1845 nömrəli bağ sahəsinə düşməsi müəyyən edilmişdir. Absurd, ekspetiza rəyi barədə qaydalara əməl edilməyən və standart sözlərdən ibarət ekspert rəyi məhkəmənin qanuni qərar çıxarmasına mane olmuşdur. Belə ki, ekspertiza keçirilmiş torpaq sahəsinə heç bir ekspert tərəfindən baxış keçirilməmiş və sadəcə hansısa mütəxəssis rəyinin nüsxəsini eyniləşdirərək rəy formasına salınmışdır. Faktiki olaraq söküntü ərazisi və onun orda olan tikililəri heç biri nəzərə alınmamışdır. Göstərilən əsaslara görə, iş üzrə əlavə eskpertizanın keçirilmıəsi zərurəti vardır. Əks halda məhkəmənin ədalətli qərar verilməsi üçün faktiki hallar tam araşdırılmamış qalır və bu da özlüyündə vətəndaşın konstitusyon hüququ olan mülkiyyət hüququnun birbaşa pozuntusudur. Qeyd edilən hallar üzrə, torpaq üzərində faktiki tikililərin ekspertiza tərəfində müəyyən edilməməsi və onların hüquqi taleyi ilə bağlı araşdırılma aparılmayıb, qiymətləndirilməməsi məhkəmənin ədalətli nəticəyə gəlməməsinə səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Mülki Məcəllə:

152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ- əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Torpaq Məcəlləsi:

111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.3 Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi (Yeni qaydalarla: AZ 1059, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pərviz Səmədov küçəsi, giriş 69) İddiaçı xüsusi mülkiyyətindədir. Həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə keçirilmiş ekspert rəyi ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış tikililər iddiaçıya məxsus sahədə yerləşir. Hazırda cavabdeh apellyasiya şikayətində əlavə eskpertizanın keçirilməsinin zəruri olmasını bildirsə də, apellyasiya şikayətində cavabdeh özü qeyd etmişdir ki, göstərilən torpaq sahəsində bir neçə tikilisi mövcuddur. Başqa sözlə, apellyator konkret sökülməli olan tikilinin müəyyən olunmalı olmasını istəyir. Məhkəmə Kollegiyası hesab edir ki, işdə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi sxemlə və inzibati iddia üzrə araşdırma zamanı cavabdehin konkret zəbt etdiyi sahə müəyyən edildiyindən qətnamənin icrası da bu sənədlər üzrə həyata keçiriləcəkdir. Belə olan halda əlavə ekspertiza keçirilməsinə zərurət olmamışdır (i.v.43). Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilən yerində müayinə zamanı da iddiaçının mülkiyyətində olan sahənin cavabdehin istifadəsində olması öz təsdiqini tapmışdır. Digər tərəfdən cavabdeh yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır, çünki MPM-in 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Belə olan halda cavabdeh yaxşılaşdırma üçün xərclər çəkdiyini iddia edirsə bununla bağlı ayrıca iddia ilə məhkəməyə müraciət edə bilər. İşin faktiki hallarından da göründüyü kimi cavabdehə məxsus sahənin bir hissəsi iddiaçıya aid torpaq sahəsinə düşdüyündən, həmin torpaq sahəsində aparılmış tikinti işləri onun tərəfindən sökülməlidir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, rəydə 45 metr daş hasarın iddiaçıya məxsus sahəyə düşdüyü göstərilsə də, birinci instansiya məhkəməsi baxışı zamanı həmin tikili sahələrinin 45 metrdən çox olduğu müəyyən edilmiş və iddiaçı qeyd olunan torpaq sahəsində olan bütün özbaşına tikililərin sökülərək, sahənin ona təhvil verilməsini xahiş etdiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Kollegiya bu qənaətə gələrkən İddiaçı üçüncü şəxs Cavabdeh və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyatın qismən ləğv edilməsi, çıxarışın, plan və ölçünün verilməsi” tələbinə dair iddiası üzrə işə baxan Bakı İnzibati Məhkəməsinin təyin etdiyi ekspertiza rəyinin və özünün də 13 iyul 2023-cü il tarixli, e-2 1(112)-610/2023 nömrəli qərarı ilə müəyyən edilmiş halları nəzərə almışdır. Beləliklə də, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli e-2(008)- 1783/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar