Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6077/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı1, Cavabdehlər Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və 32 saylı MTK-ya qarşı “kooperativin üzvlüyünə qəbul edilməsi məsələsinə baxılmasının kooperativin ümumi yığıncağına həvalə edilməsi, payların müəyyən edilməsi, mənzilin özəlləşdirilməsində maneələrin aradan qaldırılması və çıxarışın verilməsi” tələbinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5974/2019 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və 32 saylı MTK-ya qarşı “kooperativin üzvlüyünə qəbul edilməsi məsələsinə baxılmasının kooperativin ümumi yığıncağına həvalə edilməsi, payların müəyyən edilməsi, mənzilin özəlləşdirilməsində maneələrin aradan qaldırılması və çıxarışın verilməsi” tələbi barədə iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. İddiaçı1, həmçinin iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123 saylı məhəllədə yerləşən 1\2 saylı evin 29 saylı mənzilinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və 32 saylı MTK-ya qarşı “kooperativin üzvlüyünə qəbul edilməsi məsələsinə baxılmasının kooperativin ümumi yığıncağına həvalə edilməsi, payların müəyyən edilməsi, mənzilin özəlləşdirilməsində maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, iddianı təmin etmə tədbirinin ləğv olunmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı1 şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəyə onun iştirakı olmadan baxılmışdır. İclasın təxirə salınmasını xahiş etsə də, nəzərə alınmamışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Apellyasiya baxışı zamanı İddiaçı1 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 şikayətə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər iddiaçılar və digər cavabdeh məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası iclasın həmin şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). Məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər (maddə 158.1.1). İddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər (maddə 162.1). İddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur (maddə 162.2). İddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər (maddə 162.3). İddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır (maddə 162.4). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx.xx.2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Prosessual qanunvericiliyin mənasına görə iddia tələbinin təmin ediləcəyi halda gələcək qətnamənin icrasını təmin etmək məqsədilə cavabdehə və digər şəxslərə müəyyən hərəkətlərin edilməsi qadağan oluna bilər. Lakin iddianın təmin edilməsi barədə ərizədə ilk növbədə görüləcək tədbirlərin məhz gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin edə biləcəyi əsaslandırılmalıdır. Baxılan iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmış və bu barədə məhkəmə qərardadı qanuni qüvvəyə minmişdir. Hazırda davam edən məhkəmə mübahisəsi olmadığını nəzərə alaraq, iddianı təmin etmə tədbirinin ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5974/2019 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6077/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6077/2020
11.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver