Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6080/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İlham Kərimli və Akif İsgəndərovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması və reyestr çıxarışının ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, hüquqi şəxs “Kaskad” firmasına məxsus olan, ünvan 1ünvanında yerləşən daşınmaz əmlaka dair 1-ci Cavabdeh1 ilə 2-ci Cavabdeh2 arasında bağlanmış 02.07.2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və onun əsasında verilmiş reyestr çıxarışı ləğv edilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayıətində tələb olunub ki, qətnamə ləğv edilsin. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Müqavilənin etibarsız sayılması üçün iddia ərizəsində 2 dəlilə istinad olunub: 1) əmlak dəyərindən dəfələrlə ucuz qiymətə satılıb; 2) müqaviləsi bağlanarkən notariusa təqdim edilən reyestr çıxarışı qüvvədə olmayıb 1-ci dəlillə bağlı məhkəmə qeyd edir ki, əmlakın dəyərindən aşağı qiymətə satılması alqı-satqı müqaviləsinin etibarsız sayılmasına əsas ola bilməz. Belə ki, Mülki Məcəllədə əqdin etibarsızlığına səbəb olan hallar müəyyən edilib, lakin həmin halların sırasında qiymətlə bağlı hal nəzərdə tutulmayıb. Qiymətlə bağlı qayda Mülki Məcəllənin 398-ci maddəsinə müəyyən edilib: qiymət müqavilə azadlığına uyğun olaraq tərəflərin razılaşması ilə müəyyən olunur. 2-ci dəlillə bağlı məhkəmə qeyd edir ki, müqavilə bağlanarkən notariusa təqdim edilən, əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədin (reyestr çıxarışının) qüvvədə olub-olumamasının hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyəti yoxdur. Belə ki, satılan əmlak hüquqi şəxsin (“Kaskad” firmasının) mülkiyyətində olub, müqavilənin tərəfi (satıcı) həmin hüquqi şəxs olub, 1-ci cavabdeh satıcının qanuni namayəndəsi (hüquqi şəxsin təsisçisi) kim alqı-satqı müqaviləsini bağlayıb. Əvvəlki reyestr çıxarışı (qüvvədən düşmüş) və yeni reyestr çıxarışı (qüvvədə olan) mahiyyətcə eyni sənəddir. Yəni hər iki reyestr çıxarışı eyni şəxsin (“Kaskad” firmasının) eyni əmlak (Zərgərpalan küçəsi, 19 “A”ünvanındakı əmlak) üzərində eyni hüququnu (mülkiyyət hüququnu) təsdiq edir. Bundan başqa, iddia ərizəsində iddiaçı qeyd edib ki, “Kaskad” firması onun mülkiyyətindədir, 1-ci cavabdeh onun mülkiyyətində olan firmanın əmlakını ondan xəbərsiz satıb. Əslində isə hüquqi şəxs heç kimin mülkiyyətində ola bilməz. Hüquqi şəxs subyektdir, subyekt mülkiyyətdə olmur, özü mülkiyyətçi olur. Hüquqi şəxsin adından müqaviləni onun qanuni nümayəndəsi (təsisçisi) kimi 1-ci cavabdeh bağlayıb. Həmin vaxt 1-ci cavabdehin adı hüquqi şəxslərin dövlət reyestrində qanuni təmsilçi kimi qeyd olunmuşdu, lakin bu qeydə əsas olan hal faktiki olaraq aradan qalxmışdı. Buna baxmayaraq müqavilə etibarsız sayıla bilməz. Belə ki, əmlakı müqavilə ilə əldə edən şəxs (alıcı) və həmin müqaviləni təsdiq edən şəxs (notarius) məhz reyestrin məlumatına istinad edir, çünki bu, rəsmi məlumatdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.3cü maddəsindən görünür ki, hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Nə qədər ki, yeni qanuni təmsilçi barədə məlumat qeyd alınmayıb, bu o deməkdir ki, əvvəlki qanuni təmsilçilik qüvvədədir. Hazırda “Kaskad” firmasının qanuni təmsilçisi iddiaçıdır. Əgər 1-ci cavabdeh, yəni firmanın əvvəlki qanuni təmsilçisi təmsilçilik funksiyasını lazımi qayada yerinə yetirməyibsə (hüquqi şəxsin əmlakını dəyərindən aşağı qiymətə satıbsa, müqavilə üzrə əldə etdiyi pulu hüquqi şxsin hesabına köçürməyibsə və s.), bunun nəticəsində “Kaskad” firmasına zərər vurulubsa, firma zərərin əvəzinin ödənilməsi üçün 1-ci cavabdehə qarşı iddia qaldıra bilər. Mülki Məcəllənin 49.3-cü maddəsində qeyd olunub: “Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir”. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6080/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6080/2021
02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver