Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6082/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-754/2022 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, Müəyyənetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2, İddiaçı1 və yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, korpus 3, ev 3, 6 saylı mənzildən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi və onların mənzilə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-754/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanda yerləşən 6 saylı mənzildən istifadə hüququnun həyata keçirilməsinə maneə törədilməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qadağan edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə köçürülməsi qət edilmişdir. Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(001)-754/2022 saylı qətnaməsindən xx.xx.2022-ci il tarixində apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-754/2022 saylı qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(001)-754/2022 saylı qərardadından şikayət vermiş, həmin qərardadın ləğv edilməsini və şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-754/2022 saylı, 04 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsində qeyd edilmişdir ki, Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 135.6-cı maddəsində qeyd edilmişdir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən isə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-754/2022 saylı qətnaməsi cavabdehə şəxsən xx.xx.2022-ci il tarixdə təqdim edilsə də, onun nümayəndəsi və vəkilinin elektron məhkəmə informasiya sistemində yaradılmış kabinetinə xx.xx.2022-ci ildə yerləşdirilməklə rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh2 tərəfindən nümayəndəyə onu təmsil etməklə bağlı bütün səlahiyyətlər verilmiş və qətnamə elektron qaydada tərtib edilən zaman nümayəndə səlahiyyətli olmuşdur. Buna baxmayaraq, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə artıq rəsmi qaydada təqdim edilmiş qətnamədən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, apellyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürməklə verilmiş və prosessual müddətin bərpası barədə vəsatət verilməmişdir. Kollegiya qeyd edir ki, qətnaməni nümayəndə və vəkil vasitəsilə almaq birinci instansiya məhkəməsində aparılmış icraatın yekun nəticəsi olan məhkəmə qətnaməsinin alınması ilə bağlı nümayəndənin və vəkilin məhkəmədə işi aparmaq səlahiyyətinə və vəzifələrinə aiddir. Nümayəndə və vəkilin cavabdehi apellyasiya instansiyasında təmsil edib-etməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin iş üzrə yekun məhkəmə aktını təmsil etdiyi şəxsə vaxtında təqdim etmək, yaxud bu barədə məlumat vermək vəzifəsi olmuşdur. Çünki, qətnamə onun elektron kabinetinə yüklənmişdir. Yəni, təmsil edən nümayəndə və vəkil təmsil edilənin özü və ona bərabər tutulan şəxs deməkdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, apellyasiya şikayətinin verilməsi üçün mülki prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddət üzrlü səbəb olmadan ötürülmüşdür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən məsələ üzrə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-754/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6082/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6082/2022
01.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver