Məhkəmə qərarları › İş №2(103)-6082/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6082/2024

23.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6082/2024 23.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: işə bərpa, iddia müddəti) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Cavabdeh MMC-nin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 3823/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh MMC (bundan sonra cavabdeh) arasında imzalanmış xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra tərəflər arasında xx.xx.2022-ci il tarixdə imzalanmış əlavə razılaşmaya əsasən xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinin müddətlə bağlı 2.2-ci bəndi (əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır) və əmək haqqı ilə bağlı 4.1-ci bəndi (işçiyə hər ay 300 manat məbləğində əmək haqqı ödənilir) dəyişdirilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli əmrinə əsasən iddiaçı ilə xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2 “b” (əmək müqaviləsinin müddətinin qutarması) bəndinə əsasən xx.xx.2022-ci il tarixində xitam verilmiş və ona son haqqhesab ödənilmişdir. Müraciətinə əsasən xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya əmrdən çıxarış, habelə əmək kitabçası təhvil verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Cavabdehnə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə (İcraçı Qurum) təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə (əvvəlki işinə) bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, heç bir əsaslı səbəb olmadan DOST İş Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixindən işdən azad olunmuşdur. İşdən azad olunarkən əmək kitabçası, əmrin surəti və son haqq-hesabın verilməsini şifahi və rəsmi müraciətlər etsə də, bugünə kimi cavab ala bilməmişdir. Ona göndərdikləri şablon məktubda qeyd olunur ki, əmək kitabçasının ona təqdim olunması ilə bağlı Mərkəzə yaxınlaşacağı və ya hansı ünvana poçt vasitəsi ilə göndərilməsi ilə bağlı müraciəti daxil olacağı təqdirdə müraciətində qeyd olunmuş sənədlər ona təqdim olunacaqdır. Halbuki, əmək kitabçasının, əmrin surətinin və son haqq-hesabın ödənilməsi ilə bağlı tərəfindən DOST İş Mərkəzinə rəsmi müraciət daxil olmuşdur. Onunla mərkəz arasında xx.xx.2019cu il tarixdə əmək müqaviləsi bağlanaraq Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim olunmuşdur. İşdən azad olunmağı ilə bağlı ona təqdim olunmayan əmri qanunsuz və əsassız sayır. Belə ki, işəgötürən bildirir ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Sonradan araşdırmanın nəticəsində ona məlum olmuşdur ki, onunla xx.xx.2019-cu il tarixində müqavilə bağlanılmış, həmin müqavilə əvvəl xx.xx.2019-cu il tarixində, sonradan isə xx.xx.2022-ci il tarixində xəbəri olmadan özbaşına dəyişdirilmişdir. Əmək müqaviləsinə etdikləri qanunsuz dəyişikliklər əsasında müqavilə müddətinin bitməsini əsas gətirərək onu işdən azad etmişlər. Onunla əmək müqaviləsi bağlanan zaman əmək müqaviləsinin bir nüsxəsi ona verilməmiş və bundan məlumatsız olmuşdur. İşəgötürən tərəfindən bugünə qədər Əmək Məcəlləsinin 83.2-ci maddəsinin də tələbləri pozularaq əmrin surəti, əmək kitabçası və son haqq-hesabı verilməmişdir.

4. Bundan sonra məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

5. Cavabdeh MMC iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən xx.xx.2022-ci il tarixində xitam verilmiş və son haqq-hesab ödənilmişdir. İddiaçı mübahisənin məhkəməyədək həll edilməsi üçün ilk öncə mediasiya prosesinin tətbiqi barədə xx.xx.2024-cü il il tarixli təkliflə Cavabdeh MMC-yə müraciət etmiş, təklif Cavabdeh MMC tərəfindən müvafiq olaraq cavablandırılmış, daha sonra iddiaçı Bakı 13 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya prosesi xx.xx.2024-cü il tarixində tərəflərin iştirakı ilə keçirilmiş və həmin tarixdə müvafiq arayış verilmişdir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq işə bərpa olunmaq üçün məhkəməyə iddia qaldırmaq müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bununla yanaşı Cavabdeh MMC iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, iddia tələbi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 84 nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər bir qayda olaraq 2 aya qədər müddətə təşkil olunur. AR ƏM-nin 47-ci maddəsinin “e” bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Belə ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən xx.xx.2022-ci il tarixində xitam verilmiş və son haqq-hesab ödənilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Rusiya Federasiyasında olduğu və işə mənfi davamiyyəti ilə bağlı xx.xx.2022-ci il tarixli akt İcraçı qurumun xx.xx.2022-ci il tarixli 320 nömrəli müşaiyət məktubu ilə Mərkəzə daxil olmuşdur. İddiaçı Rusiya Federasiyasında olduğu dövrdə ona xx.xx.2022-ci il tarixi üçün ödənilmiş olan əmək haqqı xx.xx.2022-ci il tarixdə Mərkəzin hesabına geri ödəmişdir. İddiaçı ötən dövr ərzində, yəni xx.xx.2022-ci il tarixdən hazırkı dövrə qədər əmək kitabçasının və xitam əmrininin ona təqdim edilməsi üçün Mərkəzə yaxınlaşmamış və hansı ünvana poçt vasitəsi ilə göndərilməsi ilə bağlı müraciəti daxil olmamışdır. İddiaçı əmək kitabçasının təqdim edilməsi ilə bağlı Mərkəzə yaxınlaşmağı və ya hansı ünvana poçt vasitəsi ilə göndərilməsi ilə bağlı xx.xx.2024 tarixli, 3-17-7/2-M- 25256/3/2024 nömrəli məktub poçt vasitəsilə yaşadığı ünvana göndərilmişdir. Göründüyü kimi, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə həmin dövrdə mövcud olan qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilmişdir. İddiaçı özü də əvvəlcədən onunla müddətli əmək müqaviləsi bağlanılmasına razı olmuş və həmin dövrlərdə bu halı heç vaxt mübahisələndirməmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 3823/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim X5)

8. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş, habelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci, 375.2-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini iddia ərizənin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işdən azad olunarkən əmək kitabçası, əmrin surəti və son haqq-hesab verilmədiyindən o, hüququnun pozulmasını aydınlaşdıra bilməmişdir. Hüququnun pozulmasına aydınlıq gətirilməsi məqsədi ilə müvafiq sənədlərin verilməsini şifahi və rəsmi müraciətləri ilə dəfələrlə tələb etsə də, işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozularaq heç bir cavab ala bilməmişdir. İşəgötürən bu sənədləri rəsmi qaydada verməməklə, məhkəməyə müraciət hüququnu məhdudlaşdırmışdır. Hətta dəfələrlə müraciətinə də baxmayaraq, məhkəməyə qədər qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədlər ona verilməmiş, yalnız məhkəmə vəsatətinin təmin olunmasından sonra müvafiq sənədlər ona təqdim olunmuşdur. Bu səbəbdən, onun hüququnun pozulmasının aşkar olunduğu gün müvafiq sənədlərin verildiyi gündür (xx.xx.2024-cü il) Məhkəməyə onun tərəfindən təqdim olunan sübutların heç biri araşdırılmamış və ondan istifadə olunmamışdır. Belə ki, əmək kitabçasının, əmrin surətinin və digər müvafiq sənədlərin xx.xx.2024-cü il tarixində ona təqdim olunmasına dair məhkəməyə rəsmi sübutlar təqdim etməsinə baxmayaraq, bu sübutların heç biri araşdırılmamış və ondan istifadə olunmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh MMC apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazı iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun əsaslandırmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İştirak etdiyi məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 ayrı-ayrılıqda apellyasiya şikayətini qəbul etməmiş və apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır; 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296.6-cı maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərara istinadən onu da qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

23. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən vurğulayır ki, tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinə əsasən iddiaçı xx.xx.2019-cu il tarixdə haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə imzalanmış əlavə razılaşmaya əsasən xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinin müddətlə bağlı 2.2-ci bəndi (əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır) və əmək haqqı ilə bağlı 4.1-ci bəndi (işçiyə hər ay 300 manat məbləğində əmək haqqı ödənilir) dəyişdirilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli əmrinə əsasən iddiaçı ilə xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2 “b” (əmək müqaviləsinin müddətinin qutarması) bəndinə əsasən xx.xx.2022-ci il tarixində xitam verilmiş və ona son haqqhesab ödənilmişdir.

24. Hazırda iddiaçı tutduğu vəzifədən azad olunarkən bu barədə əmrin surətinin, əmək kitabçasının və son haqq-hesabın ona verilmədiyini, bu səbəbdən hüquqlarının pozulmasını aydınlaşdıra bilmədiyini, əmək müqaviləsinin qanunsuz olaraq ləğv edildiyini iddia edir və tutduğu vəzifəyə bərpa edilməsini, habelə məcburi işburaxma müddəti üçün əmək haqqının tutulmasını tələb edir. Cavabdeh isə hazırki iddianın əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 aylıq müddət ötürülməklə verildiyini bildirir və iddia müddətini tədbiq etməklə iddianın rədd edilməsini xahiş edir.

25. Məhkəmə kollegiyası iş materiallarında cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin olduğunu və apellyasiya şikayətinin də bu istiqamət üzrə formalaşdığını nəzərə alaraq hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilib-edilməməsi aspektindən qiymət verilməli olduğunu zəruri hesab edir.

26. Bu konteksdə məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

27. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı).

28. Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar).

29. Bu baxımdan iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur.

30. Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsini mümkün olmadığı hallara aiddir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı.

31. Xüsusilə qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinin əmək mübahisələri üzrə bütün hallara şamil edildiyi düşünülsə belə, qanunverici şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq yuxarıda istinad edilən 3 sənədin verilməsinin əsas götürüldüyünü qeyd edərkən məsələyə hərfi mənada və zahiri konseptdən yanaşmamışdır. Başqa sözlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinin ağlabatan mühakiməsi ondan ibarətdir ki, şəxs bu 3 sənədin verilməsi ilə işdən azad edildiyindən məzmun etibarı ilə azad edilmə səbəbi barədə məlumatlı olur. Bu sənədlərin fiziki olaraq işçidə olmaması onun işdən azad edilməsi və bunun əsası barədə məlumatsız olması mənasını daşıya bilməz.

32. Bu baxımdan məhkəmə kollegiyası qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət vermək üçün iddiaçının hazırda qaldırdığı tələb üzrə hüququnun pozulduğu barədə məlumatlı olduğu tarixin başlanğıcının müəyyən edilməsini labüd sayır.

33. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı işdən çıxarılması ilə bağlı sənədlərin ona təqdim edilməsi üçün 2024-cü ilin yanvar (cavabdeh xx.xx.2024-cü il tarixli məktubun sonuncu abzasında bu məktuba istinad etmişdir) və may aylarında cavabdehə müraciətlər ünvanmışdır. Həmin müraciətlərin məzmunundan da aydın olur ki, iddiaçı xx.xx.2022-ci il tarixdən işdən azad edilməsindən və azad edilməsinə əsas olmuş hallardan məlumatlı olmuşdur.

34. Hər bir halda, 2022-ci ilin noyabr ayının əvvəllərindən iddiaçı hər iş günü artıq səhərlər həmin iş yerinə getmədiyini, iş yerindən əmək haqqı almadığını görmüş, bu faktın mövcudluğunu bilmiş və dərk etmişdir.

35. Məhkəmə kollegiyası “Elektron” məhkəmə informasiya sistemində olan “Sərhəd keçmə” haqqında məlumatlara istinadən xüsusilə o halı qeyd edir ki, əmrin surətinin, habelə əmək kitabçasının almadığını iddia edən iddiaçı, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı ümumiyyətlə ölkədə olmamışdır. Belə ki, həmin məlumatlara əsasən iddiaçı xx.xx.2022-ci il tarixdə ölkəni tərk etmiş və ölkəyə yalnız xx.xx.2023-cü il tarixdə, yəni təxminən 1 ildən sonra qayıtmışdır. Bu hal iddiaçıya hesablanmış əmək haqqı, məzuniyyət haqqı və tutulmalarla bağlı məlumatlarla da öz təsdiqini tapır. Bu məlumatlara əsasən iddiaçı 2022-ci ilin oktyabr ayında ümumiyyətlə iş yerinə gəlməmiş, halbuki həmin vaxt əmək münasibətlərində olmuş və iş yerində olmalı idi. Belə olan halda, iddiaçının nəinki yaşadığı ünvanda, hətta ölkədə olmaması səbəbindən onun iddia etdiyi sənədlərin ona verilməsi mümkün deyildi. Digər tərəfdən göstərilən müddətlərdə iddiaçının ölkə xaricində olması belə qənaətə gəlməyə əsas verir ki, onun bu sənədləri əldə etməyə və ümumiyyətlə öz əmək funksiyalarını davam etdirməyə hər hansı istəyi və marağı olmamışdır. İddiaçı işdən azad edildikdən təxminən 1 il 7 ay sonra mediasiya təşkilatına müraciət etmişdir.

36. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, nəticə etibarı ilə iddiaçı iddia tələbinin predmetini təşkil edən əsaslar üzrə əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Bununla bağlı cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmiş, iddiaçı isə müddətin ötürülməsinin üzürlü hesab edilməsinə və ötürülmüş müddətin bərpasına dair hər hansı məzmunda ərizə verməmiş və sübut təqdim etməmişdir. Bu da öz növbəsində hazırki iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini şərtləndirir və iddiaçıya məxsus əmək kitabçasının, habelə əmrin surətinin ona xx.xx.2024-cü il tarixdə verilməsi bu nəticəyə təsir edə bilməz. Bu baxımdan birinci instansiya məhkəməsi iddia müddətini tədbiq etməklə iddianı rədd etməkdə haqlı olmuşdur.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3823/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar