Məhkəmə qərarları › İş №2(103)-6083/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6083/2022

24.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6083/2022 24.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh X8rşı (Azərbaycan Respublikasının Təhsil Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-6083/2022 (Açar sözlər: “əmrin ləğv edilməsi, işə bərpa və sair”) Bakı şəhəri 24 oktyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehn nümayəndəsi Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(001)- 1664/2022 nömrəli qətnaməsindən Cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Bakı Humanitar Kollecində Musiqi və bədii yaradıcılıq iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

2. Kollecin direktoru tərəfindən imzalanmış 26 noyabr 2021-ci il tarixli 332 nömrəli əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

3. xx.xx.2021-ci il tarixli 332 nömrəli əmrə və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, Kollecin Musiqi və bədii yaradıcılıq işi şöbəsinin müdiri (İddiaçı) ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün xx.xx.2021-ci ildən xitam verilmişdir.

4. Əmək kitabçasının, əmək müqaviləsinin və xx.xx.2019-cu il tarixli 6 nömrəli əmrin surətlərindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Bakı Məktəbəqədər Pedaqoji Texnikumuna (xx.xx.2010-cu il tarixdən Bakı Sosial Pedaqoji Kolleci; xx.xx.2016-cı il tarixdən Bakı Humanitar Kolleci; xx.xx.2020-ci il tarixdən “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec) əmək müqaviləsi (müddətsiz) bağlanmaqla işə qəbul edilmiş, xx.xx.2016cı il tarixindən “Musiqi və Sosial Pedaqoji” şöbəsinə müdir, xx.xx.2019-cu il tarixdən “Musiqi və bədii yaradıcılıq” şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş və xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

5. Bakı Humanitar Kollecinin xx.xx.2021-ci il tarixli xəbərdarlıq bildirişinə əsasən, Kollecin xx.xx.2021-ci il tarixli 177 nömrəli əmri ilə İddiaçı müdiri vəzifəsində çalışdığı Musiqi və bədii yaradıcılıq işi üzrə vəzifə ştatı ixtisara düşməsi və tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyi bildirilmişdir.

6. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən verilmiş məktubdan görünür ki, Humanitar Kollecin xx.xx.2021-ci il tarixli 167 №-li Struktur dəyişikliyi barədə əmrinə əsasən 6 şöbə müdiri, o cümlədən Musiqi və bədii yaradıcığı işi şöbəsinin müdiri vəzifəsi ixtisar edilmişdir. İxtisara düşən 6 şöbə müdiri vəzifəsinə əvəzinə ixtisasların istiqamətlərinə və kollecin profilinə müvafiq 3 şöbə müdiri ştat vahidi yaradılmışdır.

7. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin xx.xx.2021-ci il tarixli 167 saylı əmrinə əsasən, Musiqi və bədii yaradıcılıq işi şöbəsinin müdiri ştatı ləğv edilmişdir.

8. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin xx.xx.2021-ci il tarixli 177 saylı əmrinə əsasən, ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif edilməsi əmr edilmişdir.

9. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X4 İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli 05 nömrəli məktubuna əsasən, İddiaçı Kollecdə ixtisar edilməsinə etiraz edilməmişdir.

10. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən, 10 sentyabr 2021-ci il tarixində kollecin iclas zalında ştatları ixtisara düşən işçilərlə iclas keçirilmiş, sabiq şöbə müdirlərinə vakant olan tyutor ştat vahidləri İxtisarın həyata keçirilməsinə nəzarət komissiyanın sədri tərəfindən təklif edilmişdir.

11. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 5/401 nöməli ekspert rəyinə əsasən, tədqiqata təqdim ediliş İddiaçı adına 845294 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsində olan “26 noyabr 2021 ildən 28 noyabr 2021 ilədək” yazısındakı “26” rəqəmlərin əvəzinə əvvəlcə “19” rəqəmləri, “28” rəqəmləri yerində əvvəlcə “20” rəqəmləri, “iyirmi altı noyabr” yazısındakı “iyirmi altı” sözlərinin yerində əvvəlcə “on doqquz” sözləri, “iyirmi səkkiz noyabr” yazısındakı “səkkiz” sözünün yerində əvvəlcə “noyabr” sözü, “iyirmi doqquz noyabr” yazısındakı “doqquz” sözünün yerində əvvəlcə “bir” sözü olmuş, sonradan üzərinə ağardıcı boya çəkilərək indiki rəqəmlər və sözlər icra edilmişdir.

12. Əmək qabiliyyətini itirmə vərəqələrinin qeydiyyat kitabının surətindən müəyyən edilir ki, cari müəssisə tərəfindən verilən əmək qabiliyyətini itirmə vərəqəsində İddiaçı adı sıra ardıcıllığı ilə 845294 nömrə ilə xx.xx.2021-ci il tarixdə qeyd edilmişdir.

13. “X13” tərəfindən məhkəmənin sorğusu əsasında təqdim edilmiş sənədlərdən (epikrizdən, xəstəlik tarixi vərəqindən və digər sənədlərdən) (i/v- 127-137) görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə əməliyyat olmuşdur.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı Cavabdeh PHŞ-ya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X14” MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 26 noyabr 2021-ci il tarixli 332 nömrəli əmrin ləğv edilməsi, iddiaçının Cavabdeh PHŞ-də vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə aylıq əmək haqqının iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı Humanitar Kollecində Musiqi və bədii yaradıcılıq iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Kollecin direktoru tərəfindən imzalanmış 26 noyabr 2021-ci il tarixli 332 nömrəli əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı hesab edir ki, əmr qanunvericiliyə zidd olaraq qəbul edilmişdir. Belə ki, iddiaçı həmin vaxtı işdə olmamış, müalicədə olmuşdur. Həmçinin işdən azad olunarkən iddiaçının 14 il iş stajının və digər üstünlüklərinin olması nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən iddiaçı verilmiş əmrin tamamilə qeyriqanuni və əsassız olduğunu hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

16. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirmişdir ki, kollec rəhbərliyi tərəfindən əmr qəbul edilən gün o, xəstəxanada əməliyyatda olmuş, buna dair sənədləri kollecə təqdim etmişdir.

17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə2 iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirdi ki, əmr qəbul edilən vaxt iddiaçının xəstəxanada əməliyyatda olmasını təsdiq edən sənədlərdə qanunsuzluq var. Xəstəxana tərəfindən verilən sənədin tarixində dəyişiklər edilmişdir. Bu hal ekspert rəyi ilə sübuta yetirilmişdir. Bu səbəbdən də iddiaçının iddiasını əsassız sayaraq tələbin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

19. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən üçüncü şəxs “X14” MMC-nin nümayəndəsi Orxan Kərimov izahatında bildirdi ki, İddiaçı həqiqətəndə xx.xx.2021-ci il Milana Hospitalda əməliyyatda olub və əməliyyatdan sonra xx.xx.2021-ci il tarixədək ona işlədiyi müəssisəyə təqdim etmək üçün əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. Həmin vərəqə yazılarkən tibb bacısı tərəfindən texniki səhvə yol verilmiş, lakin səhv tibb bacısı tərəfindən düzəldilərək (ağardıcı ilə ağardılaraq düzgün tarix yazılmışdır) İddiaçı təqdim edilmişdir.

20. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(001)- 1664/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdehn 26 noyabr 2021-ci il tarixli 332 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh X11 əvvəlki vəzifəsinə bərpa edilməsi, Cavabdeh tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2021-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilməsi qət olunmuşdur.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh 10 sentyabr 2021-ci il tarixli 167 saylı əmrlə 1,0 ştat vahidi - “Musiqi və bədii yaradıcılıq işi şöbəsinin müdiri” vəzifəsinin ləğv edilməsi və şöbə müdiri vəzifəsində çalışan İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsənin 70-ci maddəsinin “b” bəndi (ştat ixtisarı) ilə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmrini qəbul edərəkən, Əmək Məcəlləsinin 79-cu maddəsini nəzərə almadan qəbul etmişdir. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdə əmək qabiliyyətini müvəqqəti itirmiş və bu barədə cavabdeh məlumat vermişdir. Belə olan halda cavabdeh tərəfindən əmək qabiliyyətini müvəqqəti itirmiş işçinin işdən azad olunması qadağandır.

22. Həmçinin məhkəmə qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli 177 saylı əmrin 3bəndində ixtisar edilən(vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif olunması qeyd edilsə də, bu qaydaya cavabdeh tərəfindən əməl olunması heç bir yazılı sübutla təsdiq olunmur. Halbuki, Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə habelə Həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

23. Məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.

24. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmişdir. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdehin 26 noyabr 2021ci il tarixli 332 nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdehdə əvvəlki vəzifəsinə bərpa edilməli və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndinə, 8-ci bəndinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinə, 68-ci maddəsinə, 70-ci maddəsinə, 71-ci maddəsinə, 76-cı maddəsinə, 77-ci maddəsinə, 79-cu maddəsinə, 300-cü maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarına, “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

26. Qətnamədən Cavabdeh X16 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1664/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

27. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki,birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə qətnamədə yalnız iddianın təmin olunması istiqamətində əsaslandırma aparıb. Cavabdehin və müstəqil tələb irəli sürməyən 3-cü şəxsin təqdim etdiyi sübutları təhrif etmiş, onlara düzgün hüquqi qiymət verməmişdir. Tərəflərindən şahidin dindirilməsi eləcə də nizamnamə üzrə təsisçi Azərbaycan Respublikası Təhsil Nazirliyinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunması barədə vəsatət verilmiş lakin məhkəmə qərəzli mövqe nümayiş etdirərək həmin vəsatəti müzakirə etməkdən imtina etmiş bununlada prosessual normaları kobud şəkildə pozmuşdur. Məhkəmə cavabdeh tərəfindən həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinin pozulduğunu göstərib. Güya cavabdeh tərəfindən iddiaçıya heç bir vəzifə təklif olunmayıb və bu hal heç bir yazılı sübutla öz təsdiqini tapmır. Halbuki Kollecin ixtisarın həyata keçirilməsinə nəzarət komissiyası (sədr-tədris işləri üzrə direktor müavini X6, üzvlər-baş mühasib X3, hüquqşünas X1 və İnsan resursları və informasiya şöbəsinin müdiri X7) tərəfindən 10 Sentyabr 2021-ci il tarixdə kollecin iclas zalında ştatları ixtisara düşən işçilərlə (şöbə müdirləri ilə) iclas keçirilmişdir. İxtisarla bağlı bütün hallar barədə ətraflı məlumat verilmiş və onlara vakant olan tyutor ştat vahidləri təklif edilmişdir. Yuxarıda göstərilənlər aktlaşdırılmış və etiraza qoşma edilmişdir. Məhkəmənin tərəflərindən bu hal ilə bağlı yazılı sübut təqdim edilməməsinin vurğulaması yalnız qərəzə işarədir. Bu arqumentlə bir daha sübut olunur ki, məhkəmə işə tam, hərtərəfli və obyektiv baxmayıb. Məhkəmənin ilk əsaslandırması ondan ibarətdir ki, guya İddiaçı xx.xx.2021-ci il tarixdə (xitam barədə əmrin verildiyi gün) əmək qabiliyyətini müvəqqəti itirmiş və bu barədə cavabdehə məlumat vermişdir. Məhkəmə aydınlaşdırmayıb ki, əgər iddiaçı həqiqətəndə əmək qabiliyyətini 26 Noyabr 2021ci il tarixdə itiribsə və bu itirilmə cərrahi əməliyyat yolu ilə həyata keçirilibsə həmin gün bu barədə necə və hansı yolla cavabdehə məlumat verə bilər. Bundan başqa məhkəmə lazımi qaydada təsdiqi olmayan, hər kəsin özünün tərtib edib təqdim edə biləcəyi A4 formatında olan 2 vərəqdən ibarət kağızları (Əmək qabiliyyətini itirmə vərəqələrinin qeydiyyat kitabı) sübut qismində qəbul edərək qətnamədə qara hərflərlə göstərmişdir. Həmin vərəqlərdən birincisinin yəni düşündükləri qədər “kitab”dan çıxarış adlandırılan məfhumun yuxarı sağ küncündə möhür olmalı, müəssisənin adı yazılmalı, başlanıldığı və bitdiyi tarix göstərilməli və yaxud ən azından mülki prosessual qanunvericiliyə olaraq lazımi qaydada təsdiq edilməli idi. Məhkəmə qərəzli mövqeyini davam etdirərək heç bir sübuti və hüquqi əhəmiyyəti olmayan hər kəsin özünün tərtib edib təqdim edə biləcəyi A4 formatında olan kağıza (Əmək qabiliyyətini itirmə vərəqələrinin qeydiyyat kitabı) istinad etmişdir. Həmin sübuta (“kitab”dan çıxarışın 1-ci vərəqinə) diqqət yetirilsə görünər ki, adı Əmək qabiliyyətini itirmə vərəqələrinin qeydiyyat kitabı olan bu vərəqin (kitabın) hansı müəssisəyə aid olması göstərilməyib. Bundan başqa həmin vərəqdə başlama tarixi hissəsində gün olaraq 03 ay olaraq yoxdur il olaraq isə 2015 qeyd olunub. Həmin kitabın işlənilməsinin başlanma və bitmə vaxtıda müəmmalıdır. Kitabın 2-ci vərəqində yazılanlar çətinliklə oxunur. Məhkəmə böyük güc sərf edərək həmin vərəqədə olanları qətnamədə göstərə bilib. Bundan başqa həmin vərəqədə yalnız iddiaçının ad soyadı var və bəzi qrafalar müəammalı şəkildə doldurulmayıb. Yenə qeyd etmək zəruridir ki, bu vərəqdə lazımi qaydada təsdiq edilməyib. Həmçinin iddiaçıya qabaqcadan məlumat verilmişdir ki, “Musiqi və bədii yaradıcılıq işi şöbəsinin müdiri” vəzifəsinin ləğv edildiyindən onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcək. İddiaçının təqdim etdiyi əmək qabiliyyətinin olmaması vərəqəsi saxtalaşdırılmayıb o zaman nəzərə alınmalıdır ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin xitam veriləcəyini əvvəlcədən bilmiş (bu iddiaçının müxtəlif dövlət orqanlarına yazdığı şikayətində görünür) və qərəzli şəkildə heç bir həyati təhlükə olmadan “liposaksiya, abdominoplastika” əməliyyatı üçün Milano Hospitala müraciət etmişdir. Təyin edilmiş ekspertiza rəyi ilə müəyyən edildi ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək qabiliyyətinin olmaması vərəqəsi saxtalaşdırılıb. Bununla bağlı tərəflərindən xüsusi qərardad çıxarılması barədə də vəsatət verilmiş, lakin məhkəmənin qərəzli mövqeyi nəticəsində təmin edilməmişdir. Bundan başqa tərəflərinddən ektron məhkəmə portalı vasitəsi ilə 24 May 2022-ci il tarixdə eyni tipli iş üzrə qanuni qüvvəyə minmiş qətnamə əlavə edilmişdir. Lakin məhkəmə qanuni qüvvəsini almış məhkəmə aktına nəinki istinad etmək heç ümumiyyətlə onu qətnaməsində göstərməmişdir.

b) Apellyasiya şikayətinə yazılı etiraz

28. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında Cavabdehn nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

31. Apellyasiya baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X5 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

32. 35-ci maddəsinin 1-ci bəndində göstərilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır.

33. Həmin maddənin 8-ci bəndində göstərilir ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

34. 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir.

35. 12-ci maddəsinə əsasən İşəgötürənin əsas vəzifələri və məsuliyyəti 1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;

36. 68-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsinin əsasları 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü.

37. 70-ci maddəsinə əsasən şəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə.

38. 71-ci maddəsinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər 1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 2. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

39. 76-cı maddəsi Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər: 1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

40. 77-ci maddəsi Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları 1.İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

41. 79-cu maddəsi Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar 1. İşəgötürən tərəfindən: - əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;

42. 300-cü maddəsi Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri: Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarı:

43. Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.

“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı:

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

50. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

51. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

54. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

55. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

57. Belə ki, işin araşdırılan hallarından görünür ki, cavabdeh 10 sentyabr 2021-ci il tarixli 167 saylı əmrlə 1,0 ştat vahidi - “Musiqi və bədii yaradıcılıq işi şöbəsinin müdiri” vəzifəsinin ləğv edilməsi və şöbə müdiri vəzifəsində çalışan İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsənin 70-ci maddəsinin “b” bəndi (ştat ixtisarı) ilə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmrini qəbul edərəkən, Əmək Məcəlləsinin 79-cu maddəsini nəzərə almadan qəbul etmişdir. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdə əmək qabiliyyətini müvəqqəti itirmiş və bu barədə cavabdeh məlumat vermişdir. Belə olan halda cavabdeh tərəfindən əmək qabiliyyətini müvəqqəti itirmiş işçinin işdən azad olunması qadağandır.

58. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, əmr qəbul edilən vaxt iddiaçının xəstəxanada əməliyyatda olmasını təsdiq edən sənədlərdə qanunsuzluq var. Xəstəxana tərəfindən verilən sənədin tarixində dəyişiklər edilmişdir. Bu hal ekspert rəyi ilə sübuta yetirilmişdir.

59. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən üçüncü şəxs “X14” MMC-nin nümayəndəsi Orxan Kərimov izahatında bildirmişdir ki, İddiaçı həqiqətəndə xx.xx.2021-ci il Milana Hospitalda əməliyyatda olub və əməliyyatdan sonra xx.xx.2021-ci il tarixədək ona işlədiyi müəssisəyə təqdim etmək üçün əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. Həmin vərəqə yazılarkən tibb bacısı tərəfindən texniki səhvə yol verilmiş, lakin səhv tibb bacısı tərəfindən düzəldilərək (ağardıcı ilə ağardılaraq düzgün tarix yazılmışdır) İddiaçı təqdim edilmişdir.

60. Bundan başqa “X13” tərəfindən məhkəmənin sorğusu əsasında təqdim edilmiş sənədlərdən (epikrizdən, xəstəlik tarixi vərəqindən və digər sənədlərdən) (i/v- 127-137) görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə əməliyyat olmuşdur.

61. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2021-ci il tarixli 177 saylı əmrin 3-bəndində ixtisar edilən(vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif olunması qeyd edilsə də, bu qaydaya cavabdeh tərəfindən əməl olunması heç bir yazılı sübutla təsdiq olunmur. Halbuki, Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə habelə Həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

62. Məhkəmə Kollegiyası qeyd edir ki, əvvəllər də tərəfər arasında məhkəmə mübahisəsi olmuşdur.Belə ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdehn 09 iyul 2021-ci il tarixli 130 nömrəli əmrinin ləğv edilməsi barədə İddiaçı iddia tələbinin təmin olunması qət edilmişdir.Həmin qətnamədən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec” X9 verdiyi apellyasiya şikayəti Bakı apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin olunmamış, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

63. Yuxarıda sadalanan işin hallarına və qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmişdir. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdehin 26 noyabr 2021-ci il tarixli 332 nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdehdə əvvəlki vəzifəsinə bərpa edilməli və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

64. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbinin təmin edilməsi, Cavabdehn 26 noyabr 2021-ci il tarixli 332 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh X11 əvvəlki vəzifəsinə bərpa edilməsi, Cavabdeh tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2021-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür.

65. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(001)- 1664/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar