Məhkəmə qərarları › İş №2(103)-6086/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6086/2021

13.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6086/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Nəcəf oğlunun cavabdehlər Cavabdeh Fərman oğlu, X9, X7, X8, X2 və X3 qarşı “mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi barədə” ilk iddiasına, Cavabdeh Fərman oğlunun İddiaçı Nəcəf oğluna qarşı “mənzilin yaxşılaşdırılması üçün çəkilmiş xərclərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddiasına dair iş üzrə Binəqədi Rayon Məhkəməsinin 11.12.2017-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddiada tələb olunub ki, cavabdehlərin Binəqədi rayonu, İ.Dadaşov küçəsi, ev № 91-də yerləşən 54 №-li mənzilə (bundan sonra – mənzil) olan istifadə hüquqlarına xitam verilsin, onlar mənzildən çıxarılsınlar və mənzil iddiaçıya qaytarılsın. Qarşılıqlı iddiada tələb olunub ki, mənzildə aparılmış yenidənqurma və təmir işlərinə görə çəkilmiş xərcin əvəzi kimi 50.000 manat iddiaçıdan tutularaq Cavabdeh verilsin. Qətnamə ilə qət olunub ki, ilk iddia qismən təmin olunsun, cavabehlər mənzildən çıxarılsın və mənzil iddiaçıya təhvil verilsin, ilk iddianın qalan hissəsi təmin edilməsin, qarşılıqlı iddia qismən təmin olunsun, mənzildə aparılmış yenidənqurma və təmi işlərinə görə 30.111 manat iddiaçıan tutularaq Cavabdeh ödənilsin, qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll edilib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia təmin edilsin, qarşılıqlı iddia isə rədd olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıadkıları qeyd edir. Cavabdeh iddiaçının qardaşı oğludur. Digər cavabdehlər isə Cavabdeh ailə üzvləridir. Mənzil iddiaçının mülkiyyətindədir. Lakin mənzildə cavabdehlər yaşayırlar. İddiaçı işi ilə əlaqədar RF-da yaşadığından Cavabdeh mənzildə yaşamasına etiraz etməyib. Hazırda iddiaçı cavabdehlərin mənzildən çıxarılmasını tələb edir. Onun bu tələbi təmin olunmalıdır. Belə ki, cavabdehlərin mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllədə və Mənzil Məcəlləsində müəyyən edilmiş əsas yoxdur. Onlar mənzildə mülkiyyətçinin ailə üzvü qismində yaşamayıblar və mülkiyyətçi ilə onların arasında istifadə hüququna dair müqavilə bağlanmayıb. Odur ki, mülkiyyyətçi mənzilin boşaldılmasını tələb etdiyi andan cavabdehlər mənzildə yaşaması qanunsuz sahiblik sayılır. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mənzildən istifadə hüququna xitam verilməsi barədə tələb təmin oluna bilməz, çünki cavabdehlərin mənzildən istifadə hüququ yoxdur. Cavabdeh mənzildə yenidənqurma və təmir işlərinin aparılması üçün çəkdiyi xərcin əvəzinin ödənilməsi tələb edir. Ekspert rəyinə görə bu xərc 26.785 manat təşkil edir. İddiaçı xərcin əvəzini ödəməkdən imtina edir. İmtinanı onunla əsaslandırır ki, təmir işləri aparılmasını cavabdehə tapşırmayıb, habelə aparılan təmir işlərini bəyənmir. Buna baxmayaraq həmin xərcin əvəzi iddiaçıdan tutularaq cavabdehə verilməlidir. Belə ki, yenidənqurma və təmir işləri mənzilin yaxşılaşdırılması hesab olunur və onu mənzilə zərər yetirmədən mənzildən ayırmaq mümkün deyil. Odur ki, bu mübahisəyə özgə işlərinin tapşırıqsız aparılması barədə qaydalar tətbiq edilməlidir. Mülki Məcəllənin 1090.1-ci maddəsindən görünnür ki, əgər özgə işlərinin tapşırıqsız aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. “Mənafeyə və ehtimal olunan istəyinə uyğunluq” məsələsi iddiaçının sözləri ilə deyil, ağlabatan mühakimə əsasında həll olunur. Ağlabatan mühakimə əsasında yaxşılaşdırma işləri iddiaçının mənafeyinə və ehtimal olunan istəyinə uyğun sayılır, çünki həmin işlər mənzildə normal yaşayışı təmin edən və mənzilin dəyərini artıran işlərdir. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və hər iki iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 11.12.2017-ci il tarixli qətnaməsi ləğv edilsin. İlk iddia qismən təmin edilsin. Cavabdeh Fərman oğlu, X9, X7, X8, X2 və X1 rayonu, İ.Dadaşov küçəsi, ev № 91-də yerləşən 54 №-li mənzildən çıxarılsınlar və həmin mənzil İddiaçı Nəcəf oğluna qaytarılsın. İlk iddianın qalan hissəsi təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Həmin mənzildə aparılmış yenidənqurma və təmir işlərinə görə 26.785 (iyirmi altı min yeddi yüz səksən beş) manat İddiaçı Nəcəf oğlundan tutularaq Cavabdeh Fərman oğluna ödənilsin. Hər bir tərəfin çəkdiyi məhkəmə xərci onun özünə aid edilsin. Ekspertiza xərci kimi 125 manat İddiaçı Nəcəf oğlundan, 125 manat Cavabdeh Fərman oğlundan Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar