Məhkəmə qərarları › İş №2(103)-6087/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6087/2022

01.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6087/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-293/2022 saylı qərardadından Cavabdeh1 MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-293/2022 saylı qərardadına əsasən mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspertin müvafiq rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Cavabdeh1 MMC-nin nümayəndəsi X1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-293/2022 saylı qərardadından şikayət verərək, qərardadın icraatın dayandırılması hissəsində ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-293/2022 saylı qərardadı şikayət təmin edilməmiş, baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə işirak edən şəxslərin ərizəsi və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Həmin Məcəllənin 256.0.2-ci maddəsinə uyğun olaraq iş üzrə icraat ekspertin rəyi təqdim edilənədək dayandırılır. Kollegiya qeyd edir ki, ekspertiza təyin edilərkən ekspertizanın aparılması üçün mülki iş materialları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilir, belə olduqda iş üzrə icraatın aparılması və düzgün nəticəyə gəlinməsi mümkün deyildir. Həmçinin ekspertizanın rəyi iş üzrə düzgün və ədalətli qərar qəbul edilməsinə yardım edəcəkdir və bu səbəbdən ekspertiza mərkəzindən rəy təqdim edilənədək mülki iş üzrə icraatın davam etdirilməsi məqsədəmüvafiq deyildir. Həmçinin, cavabdehin nümayəndəsi iş üzrə icraatın dayandırılmali olmadığının iş üzrə həyata keçirilməli olan hansı prosessual hərəkətin edilməsi baxımından zəruriliyini əsaslandırmamışdır. Odur ki, kollegiya hesab edir ki, şikayətin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-293/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar