Məhkəmə qərarları › İş №2(103)-6087/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6087/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6087/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrisinə qarşı “kredit borcunun tutulması və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kredit borcunun tutulması və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-45/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 25 aprel 2018-ci il tarixli 109840-407052/2 nömrəli kredit müqaviləsi üzrə 7.938,28 manat əsas borc və 1.173,52 manat faiz borcu olmaqla, cəmi 9.111,80 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı olmaqla, cəmi 135 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 121.70 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 240.9 kv.m olan qeyriyaşayış sahəsinə (zirzəmi, yarımzirzəmi və 1-ci mərtəbə) yönəldilməsi, tutmanın girov obyektinin əvəzinə görə verilmiş Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumi sahəsi 44 kv.metr, 1 otaqdan ibarət olan 266 saylı mənzilə, Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumi sahəsi 114 kv.metr, 3 otaqdan ibarət olan 160 saylı mənzilə, həmin 12 mərtəbəli, 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36.75 kv.metr olan 21/A qeyri-yaşayış sahəsinə, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.metr olan 22 saylı qeyri-yaşayış sahəsinə, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 135.70 kv.mter olan 23 saylı qeyri-yaşayış sahəsinə və "xxxx" MMC tərəfindən Cavabdeh2 depozitinə qoyulmuş 162.194 manat pula yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).

2. Xətai Rayon Məhkəməsinin 2(011)-45/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Aygün Həsənova) ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 7.938,28 (yeddi min doqquz yüz otuz səkkiz manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas borc, 1.173,52 (bir min yüz yetmiş üç manat əlli iki qəpik) manat faiz borcu olmaqla cəmi 9.111.80 (doqquz min yüz on bir manat səksən qəpik) borc və ödənilmiş 121.70 (yüz iyirmi bir manat yetmiş qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi, keçirilmiş ekspertizanın dəyəri olan 300 manatın 150 (bir yüz əlli) manatının İddiaçı ASC-dən, qalan 150 (bir yüz əlli) manatın isə Cavabdeh2 alınıb "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:

3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayəti dəlili ondan ibarət olmuşdur ki, iddia tələbini tutmanın ipoteka predmetinin əvəzində verilmiş əmlaklara yönəldilməsi hissədə təmin etməyən məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.10-cu maddəsini nəzərə almamışdır. Həmin maddətə əsasən, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir.

4. Məhkəmə qətnamənin əsaslandırılma hissəsində qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, ipoteka predmeti olan əmlakın digər əmlakla əvəz edilməsi yalnız tərəflərin razılaşdırılması əsasında mümkündür və hazırki iş üzrə tərəflər arasında belə bir razılaşmanın olması aşkar edilmir Halbuki tərəflər arasında imlazalanmış xx.xx.2018-ci il tarixli sonrakı ipoteka müqaviləsi ilə ipoteka qoyanın vəzifələri müəyyən edilmişdir. Həmin müqavilənin 6.5-ci bəndinə əsasən, ipoteka predmeti tam və ya qismən zədələndikdə və ya onun mülikiyyət hüququna xitam verildikdə ipoteka predmetini ipoteka saxlayanla razılaşdırılmış müddətdə bərpa etmək və ya eyni dəyərli digər təminatla əvəz etmək kimi vəzifəsi nəzərdə tutulur. Odur ki, ipoteka predmeti olan əmlakın digər əmlakla əvəzedilməsi barədə razılaşma ipoteka müqaviləsində nəzərdə tutulduğundan sonradan təkrar razılaşmanın əldə edilməsinə ehtiyac yaranmır.

5. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı olmaqla, cəmi 135 manat xərcin iddiaçıya ödənilməsini qanunauyğun hesab etsə də qətnamənin nəticə hissəsində qeyd etməmişdir.

6. İşin faktiki halları ondan ibarətdir ki, tam və ya qismən zədələnmiş ipoteka predmeti olan əmlakın digər əmlakla əvəzedilməsi barədə razılaşmanın ipoteka müqaviləsində qeyd olunduğu halda məhkəmə ümumiyyətlə belə razılaşmanın olmadığını qeyd etmişdir.

7. Həmçinin, qanunsuz sökülmüş ipoteka predmetinə görə əvəz kimi verilmiş əmlakların tikintisinin başa çatmamasını əsas gətirərək, məhkəmə tələbin əvəz kimi verilmiş əmlaklara yönəldilməsi tələbini rədd etmişdir. Halbuki, məhkəmə icraatı zamanı müəyyən olunmuşdur ki, əvəz kimi verilmiş əmlaklardan birinin, yəni yəni Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “OLYMPUS PARK” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumisahəsi 114 kv.m, 3 otaqdan ibarət olan 160 saylı mənzilin tikintisi başa çatmış və borclu Cavabdeh2 təhvil verilmişdir. Lakin, buna baxmayaraq təqdim olunmuş faktiki hallar arışdırmadan məhkəmə yekun qərar vermişdir

8. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilərək və iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülkin iş materiallarında sənədlərdən görünür ki:

11. 25 aprel 2018-ci il tarixli 109840- 407052/2 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-dən illik 26 faiz dərəcəsi ilə 24 ay müddətinə 20.000 manat məbləğində kredit götürmüşdür.

12. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında 25 aprel 2018-ci il tarixli, 109840-407052/2 saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir.

13. İpoteka predmeti olan əmlakın "xxxx" MMC tərəfindən qanunsuz olaraq sökülməsi nəticəsində Cavabdeh2 ilə "xxxx" MMC arasında mübahisə yaranmışdır.

14. Mübahisəyə ilkin olaraq Bakı Kommersiya Məhkəməsində baxılmış, 2-2(113)- 231/2022 saylı qətnamə qəbul edilmiş, qətnamədə apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 121/2023 saylı qərardadı ilə Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi qərara alınmışdır. Barışıq sazişinə əsasən Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumi sahəsi 44 kv.metr, 1 otaqdan ibarət olan 266 saylı mənzil, Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumi sahəsi 114 kv.metr, 3 otaqdan ibarət olan 160 saylı mənzil, həmin 12 mərtəbəli, 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36.75 kv.metr olan 21/A qeyri-yaşayış sahəsini, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.metr olan 22 saylı qeyri-yaşayış sahəsini, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 135.70 kv.metr olan 23 saylı qeyriyaşayış sahəsini Cavabdeh2 mülkiyyətinə verilmiş və "xxxx" MMC tərəfindən Cavabdeh2 depozitinə qoyulmuş 162194 manat pul Cavabdeh2 verilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Maddə 269. Girov və ipoteka hüququ anlayışı.

20. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

21. Maddə 279. Girovla təmin edilən tələb. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir.

22. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

23. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası.

24. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir.

25. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun:

26. 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.

27. 27.3-cü madddəsinə əsasən, ipoteka qoyulmuş əşyadan istifadə qaydaları, ipoteka qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulduqda və belə pozuntu ipoteka qoyulmuş əşyanın məhvi və ya zədələnməsi təhlükəsini yaratdıqda, habelə ipoteka qoyulmuş əşyanın sığortalanması üzrə vəzifələr icra edilmədikdə ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilməzsə, ipoteka saxlayan tutmanı ipoteka predmetinə yönəldə bilər.

28. 48.1.4-cü maddəsinə əsasən, ipotekaya xitam verilməsinin əsaslarından biri ipoteka predmetinin məhv olmasıdır.

29. 32.1-ci maddəsinə əsasən, ipoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

35. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

36. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

37. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

40. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

42. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

43. Hazırkı halda, iddiaçı apellyasiya şikayətinin xahiş etdi hissəsində qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan məlum olur ki, iddia tələbinin ipoteka predmetinin əvəzinə verilmiş əmlaklara tutmanın yönəldilməsi barədə təmin edilməyən hissəsindən narazıdır, odur ki, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin əvəzinə verilmiş əmlaklara tutmanın yönəldilməsi barədə təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

44. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

45. Hazırkı mülki iş materiallarından məlum olur ki, tələbin yönəlməsinin istənildiyi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 240.9 kv.m olan qeyri-yaşayış sahəsi məhv edildiyindən, iddia tələbin ipoteka predmetinə tutmanın yönəldilməsi hissədə təmin edilməmişdir.

46. İddiaçı qeyd edir ki, həmin əmlak məhv olmamışdır. Belə ki, ipoteka predmeti olan əmlakın "xxxx" MMC tərəfindən qanunsuz olaraq sökülməsi nəticəsində Cavabdeh2 ilə "xxxx" MMC arasında mübahisə yaranmışdır. Mübahisəyə ilkin olaraq Bakı Kommersiya Məhkəməsində baxılmış, 2-2(113)-231/2022 saylı qətnamə qəbul edilmiş, qətnamədə apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 121/2023 saylı qərardadı ilə Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi qərara alınmışdır. Barışıq sazişinə əsasən Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumi sahəsi 44 kv.metr, 1 otaqdan ibarət olan 266 saylı mənzil, Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumi sahəsi 114 kv.metr, 3 otaqdan ibarət olan 160 saylı mənzil, həmin 12 mərtəbəli, 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36.75 kv.metr olan 21/A qeyri-, dən məlum olur ki, yaşayış sahəsini, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.metr olan 22 saylı qeyri-yaşayış sahəsini, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 135.70 kv.metr olan 23 saylı qeyriyaşayış sahəsini Cavabdeh2 mülkiyyətinə verilmiş və "xxxx" MMC tərəfindən Cavabdeh2 depozitinə qoyulmuş 162194 manat pul Cavabdeh2 verilmişdir.

47. Hazırda iddiaçı barışıq sazişi ilə cavabdehə verilən əmlaklara tutmanın yönəldilməsini tələb edir.

48. İddia tələbini həmin hissədə təmin etməyən rayon məhkəməsinin mövqeyi ilə razılaşmayan iddiaçının apellyasiya şikayətinin əsas dəlilləri aşağıdakılardır.

49. Birincisi iddia tələbini tutmanın ipoteka predmetinin əvəzində verilmiş əmlaklara yönəldilməsi hissədə təmin etməyən rayon məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.10-cu maddəsini nəzərə almamışdır.

50. Mülki Məcəllənin 269.10-cu maddəsinə görə, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir.

51. Kollegiya qeyd edir ki, həmin maddədən görünür ki, bu norma ipoteka predmeti olan əmlakın məhv olması və zədələnməsi nəticəsində həmin zərərin ödənilməsi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia qaldırmaq hüququnu nəzərdə tutur. Hazırkı tələbin ipoteka predmetinin əvəzinə verilmiş əmlaka yönəldilməsi tələbi baxımından bu norma əhəmiyyət kəsb etmir.

52. Apellyasiya şikayətinin digər dəlili odur ki, rayon məhkəməsi qətnamənin əsaslandırılma hissəsində qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, ipoteka predmeti olan əmlakın digər əmlakla əvəz edilməsi yalnız tərəflərin razılaşdırılması əsasında mümkündür və hazırki iş üzrə tərəflər arasında belə bir razılaşmanın olması aşkar edilmir. Halbuki tərəflər arasında imlazalanmış xx.xx.2018-ci il tarixli sonrakı ipoteka müqaviləsi ilə ipoteka qoyanın vəzifələri müəyyən edilmişdir. Həmin müqavilənin 6.5-ci bəndinə əsasən, ipoteka predmeti tam və ya qismən zədələndikdə və ya onun mülkiyyət hüququna xitam verildikdə ipoteka predmetini ipoteka saxlayanla razılaşdırılmış müddətdə bərpa etmək və ya eyni dəyərli digər təminatla əvəz etmək kimi vəzifəsi nəzərdə tutulur. Odur ki, ipoteka predmeti olan əmlakın digər əmlakla əvəzedilməsi barədə razılaşma ipoteka müqaviləsində nəzərdə tutulduğundan sonradan təkrar razılaşmanın əldə edilməsinə ehtiyac yaranmır.

53. Kollegiya bu dəlillə bağlı qeyd edir ki, ipoteka müqaviləsində ipoteka qoyanın ipoteka predmeti tam və ya qismən zədələndikdə və ya onun mülkiyyət hüququna xitam verildikdə ipoteka predmetini ipoteka saxlayanla razılaşdırılmış müddətdə bərpa etmək və ya eyni dəyərli digər təminatla əvəz etmək kimi vəzifəsi qeyd edilməsi, öz-özlüyündə ipoteka saxlayanın razılığı olmadan ipoteka predmeti olan əmlakın digər əmlakla əvəz edilməsi anlamına gəlmir.

54. Həmin müqavilənin 7.2-ci bəndində ipoteka saxlayanın hüquqları nəzərdə tutulmuşdur. Müqavilənin 7.3-cü bəndində qeyd edilir ki, ipotekasaxlayan özü tərəfindən müəyyən edilən nəzarətçilər vasitəsi ilə ipotaka predmetinin vəziyyətini sənədlər üzrə və faktiki yoxlamaq hüququ nəzərdə tutulub. Həmin müqavilənin 7.4.1-ci bəndinə görə ipoteka predmeti ipoteka qoyanın faktiki sahibliyindən faktiki çıxdıqda müqavilə üzrə öhdəliyin vaxtından əvvəl icra edilməsini tələb etmək hüququ da nəzərdə tutulub (i/v 31).

55. Mülki Məcəllənin 307.1-ci maddəsinə görə, “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir.

56. Göründüyü kimi həmin müqavilənin 6.5-ci bəndinə əsasən, ipoteka predmeti tam və ya qismən zədələndikdə və ya onun mülkiyyət hüququna xitam verildikdə ipoteka predmetini ipoteka saxlayanla razılaşdırılmış müddətdə bərpa etmək və ya eyni dəyərli digər təminatla əvəz etmək kimi vəzifəsi nəzərdə tutulmuş olsa da, həmin ipoteka predmeti əvəzləşdirilməmiş, tərəflər arasında belə bir razılaşma olmamışdır, bu baxımdan apellyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır.

57. Mülki Məcəllənin 290.1-ci maddəsinə görə, girov qoyanın girov predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada, dövlət ehtiyacları üçün satınalma, rekvizisiya və ya milliləşdirmə nəticəsində xitam verildikdə və girov qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə girov hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə, girov saxlayan girov qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir.

58. Hazırkı iş materiallarından da görünür ki, əmlak dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə məqsədləri ilə məhv edilməmişdir. Belə olan halda məlum olur ki, tutmanın barışıq sazişi əsasında cavabdehə təqdim edilmiş əmlaklara və pul vəsaitinə yönəldilməsi mümkün deyil.

59. Bu baxımdan apellyasiya şikayətinin barışıq müqaviləsi üzrə əvəz kimi verilmiş əmlaklardan birinin, yəni yəni Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “OLYMPUS PARK” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumisahəsi 114 kv.m, 3 otaqdan ibarət olan 160 saylı mənzilin tikintisi başa çatmış və borclu Cavabdeh2 təhvil verilməsi barədə dəlili də əsassızdır.

60. Kollegiya apellyasiya şikayətinin ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı olmaqla, cəmi 135 manat xərcin iddiaçıya ödənilməsini qanunauyğun hesab etsə də, bunu qətnamənin nəticə hissəsində qeyd etməmişdir. Kollegiya bu dəlillə bağlı qeyd edir ki, rayon məhkəməsi qətnamənin əsaslandırma hissəsində həmin hissədə iddia tələbinin təmin edilməsi qənaətinə gəlmiş, lakin qət etdi hissədə bunu qeyd etməmişdir. Bu baxımdan Kollegiya hesab edir ki, MPM-in 114.2-ci maddəsinə görə, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.

61. Həmin normadan görünür ki, məhkəmə xərclərinin ödənilməsi qərardadla da həll oluna bilər. Hazırkı halda qeyd edilən məsələ mübahisənin mahiyyəti ilə bağlı olmayıb, birinci instansiya məhkəməsinə yanlışlığın aradan qaldırılması barədə müvafiq ərizə verilməklə həll edilməsi mümkündür. Nəticə:

62. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

63. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

64. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-45/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar