Məhkəmə qərarları › İş №2(103)-6088/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6088/2023

31.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6088/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və TƏBİB-ə qarşı "işə bərpa və məcburi iş buraxmaya görə ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “işə bərpa və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi X1, Cavabdeh TƏBİB-in nümayəndəsi Nümayəndə iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-2529/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və TƏBİB-ə qarşı "əmrin ləğvii, şə bərpa və məcburi iş buraxmaya görə ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon 4 saylı Poliknikda həkim terapevt kimi çalışma müddətinin uzadılması və vəzifəyə bərpa olunmağı, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir.)

2. İddia onunla əsaslandırılmışdır ki, 1981-ci il tarixdən Nərimanov rayon 8 saylı Poliknikada həkim terapevt işləmişdir. 2021-ci ilin aprel ayından pilot layihə nəticəsində iş yeri dəyişilərək 4 saylı şəhər poliknikasına köçürülmüşdür. xx.xx.2022-ci il tarixində yaşına görə müqavilə vaxtının bitdiyinə görə işinə xitam verilmişdir. Nərimanov rayon 4 saylı Poliknikasının Baş həkimi tərəfindən Müqavilənin uzadılması ilə bağlı Cavabdeh1nə və TƏBİB-ə müraciət etmişdir. Hazırda Nərimanov rayon 4 saylı poliknikasında 20-dən artıq həkim terapevt ştatı boş olmasına baxmayaraq Cavabdeh1 direktoru və TƏBİB tərəfindən müraciətə baxılmış və icazə verilməsi mümkün olan halda imtina vermişlər. Bunlarla yanaşı sahə həkimi olaraq 4 saylı Poliklnikada iş fəaliyyəti müddətində heç bir qanun pozuntusuna yol verməmiş, yalnız yüksək xidmətləri olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən Əmək münasibətlərində ayrı-seçkilik yolverilməzdir. Buna baxmayaraq TƏBİB səbəbi bilinmədən maraqlarına uyğun olan təqaüdə çıxmış həkimlərin müqaviləsini uzadır. Amma onun əmək qabiliyyəti olduğu halda müqavilənin uzadılmasına xitam vermişdir. Onunla bağlı olan bu əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməyinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Bundan başqa əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir.

3. Yasamal Rayon Məhkəməsinin 2(004)-2529/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsində qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə sübutlara düzgün qiymət verməmiş, həkim kimi uzun illərin təcrübəsi, qüsursuz fəaliyyəti, işləmək həvəsi nəzərə alınmamış, cavabdehlərin əsası olmayan dəlillərinə istinad olunaraq ədalətsiz qətnamə qəbul edilmişdir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun dəlilərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi və bidirdi ki, çalışdığı poliklinikada həkimə ciddi ehtiyac var, o isə uzunmüddətli təcrübəyə malik həkimdir, onun həm fiziki və sağlamlıq durumu imkan verir ki, o həkim kimi fəliyyətini davam etdirsin, lakin bütün bunlara baxmayaraq, yaş həddini əsas gətirərək onu işdən azad etmişlər, hesab edir ki, onunla əmək müqaviləsi uzadıla bilərdi.

6. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi E.Əliyev və digər cavabdeh TƏBİB-in nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər və göstərdilər ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi ƏM-in 70.ci maddəsinin “e” bəndinə, yəni qanunla müəyyən olunmuş yaş həddinə çatması əsası ilə xitam olunmuşdur, bu da tam qanuni olmuşdur, buna qədər isə iddiaçı ilə bağlanmış əmək müqaviləsi bir dəfə məhz işəgötürənin təşəbbüsü ilə uzadılmışdır. Sübutların tədqiqi:

7. Mülki işdə olan sosial arayışdan görünür ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür, xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur.

8. Mülki işdə olan sosial arayışla müəyyən olunur ki, n Cavabdeh1ndə sahə həkimi vəzifəsində fəaliyyət göstərmişdir.

9. İcbari Tibbi Sığorta üzrə X3 Ərazi Bölmələrini İdarəetmə birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 84-K nömrəli İddiaçı çalışma müddətinin uzadıması haqqında əmrindən görünür ki, 8 nömrəli şəhər poliklinkasının 1-ci terapiya şöbəsinin sahə həkimi – terapevti İddiaçı çalışma müddəti AR Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən 3 ay uzadılmış və əmək müqaviləsində müvafiq dəyişikliklər qeyd edilmişdir

10. Nərimanov rayon 4 saylı şəhər poliklinikasının 01 noyabr 2022-ci il tarixli 121 nömrəli əmrindən görünür ki, sahə həkim terapevt İddiaçı xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən əmək məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01/xx/xx-5555 nömrəli xx.xx.2011-ci il tarixli sərəncamı əsasında işdən azad olunmuşdur.

11. Mülki iş materiallarında olan mediator X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MŞB/2-01907 saylı “mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, mübahisə üzrə xx.xx.2022-ci il saat 11:00 və xx.xx.2023-cü il saat 13:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh1 və TƏBİB-in nümayəndəsi iştirak etməmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

12. Maddə 10-1. 1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 13.Maddə 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 14.10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.

15. Məcəllənin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir.

16. Maddə 70-ci maddənin “e” bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

17. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

18. Maddə 292. 1. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər.

19. Maddə 294.5. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

20. Maddə 296.1 Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

21. Maddə 296.2 Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

22. Maddə 296. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

24. Maddə 375. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

26. Maddə 9. Məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır.

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

33. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Kollegiyanın araşdırmaları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1ndə sahə həkimi vəzifəsində fəaliyyət göstərmiş, Təbib Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 84-K nömrəli əmrinə əsasən poliklinkanın 1-ci terapiya şöbəsinin sahə həkimi – terapevti İddiaçı çalışma müddətini AR Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən 3 ay uzadılmış və əmək müqaviləsində müvafiq dəyişikliklər qeyd edilmişdir. Daha sonra Nərimanov rayon 4 saylı şəhər poliklinikasının 01 noyabr 2022-ci il tarixli 121 nömrəli əmrinə əsasən sahə həkim terapevt İddiaçı xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən əmək məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01/xx/xx-5555 nömrəli xx.xx.2011-ci il tarixli sərəncamı əsasında işdən azad olunmuşdur.

36. Kollegiya qeyd edir ki, işə götürən xx.xx.2021-ci il tarixdə AR Əmək Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq İddiaçı çalışmanın müddətini 3 ay uzatmış, xx.xx.2022-ci il tarixdə isə Məcəllənin 70-ci maddəsinin “e” bəndinə əsasən işçinin çalışmanın yaş həddinə çatması əsası ilə iddiaçının əmək müqaviləsinə xitam vermişdir. Buradan da belə nəticəyə gəlmək olur ki, işçinin işdən azad edilməsi barədə xx.xx.2022-ci il tarixli əmri qanuni olmuşdur, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır.

37. Bundan başqa, mülki iş materialları ilə müəyyən olunur ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, iddiaçı pozulmuş əmək hüquqlarının bərpası ilə bağlı məhkəmə müdafiəsindən istifadə etmək üçün xx.xx.2022-ci il tarixdə Mediasiya Təşkilatına müraciət etmiş, mediasiya arayışı isə xx.xx.2023-cü il tarixdə tərtib olunmuş, iddiaçı isə hazırkı tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.

38. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

39. Bununla da aydın olunur ki, iddiaçı pozulmuş əmək hüquqlarının bərpası üçün qanunla müəyyən edimiş 1 aylıq müddəti də ötürmüşdür.

40. Beləliklə, iddiaçının apellyasiya şikayətində qeyd edilən dəlillər formal xarakterli olduğundan apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. İddiaçının onunla bağlanmış əmək müqaviləsinin növbəti bir neçə il də uzadılması ilə bağlı bildirdiklərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunla müəyyən olunmuş yaş həddindən sonra işçi ilə əmək müqaviləsinin müddətinin uzadılması əmək qanunvericiliyinə əsasən işəgötürənin vəzifəsi yox, hüququ kimi müəyyən edilmişdir. Nəticə:.

41. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

42. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-2529/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar