Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-609/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iş üzrə Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)- 2645/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh MMC (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh cəmiyyətə qazma məhlulları üzrə mühəndis-stajor vəzifəsinə işə qəbul olunmuş, daha sonra xx.xx.2017-ci il tarixdə cəmiyyətin X3 texnik-laborant vəzifəsinə keçirilmişdir.
2. Cavabdehin xx.xx.2024-cü il tarixli, 44 saylı əmrinə əsasən cəmiyyətin strukturunun optimallaşdırılması, idarəçilik sisteminin dəyişdirilməsi və xərclərin azaldılması məqsədilə "Keyfiyyətə nəzarət mühəndisi", "TİE vǝ QM avadanlığının təmiri emalatxanasının rəis müavini", "X2 texnik-laborantı", “Təchizat menecerinin müavini” ştat vahidlərinin ixtisar edilməsi zəruri hesab edilmiş və həmin işçilərin cəmiyyətlə bağladıqları əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən rəsmi xəbərdarlıq təqdim edilməsi, xəbərdarlıq müddəti bitdikdən sonra, işçilərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi əmr edilmişdir.
3. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli “Əmək müqaviləsinə xitam verilməsi barədə” rəsmi xəbərdarlığa əsasən iddiaçıya cəmiyyətin strukturunun optimallaşdırılması, həmçinin xərclərin azaldılması məqsədilə müəyyən struktur dəyişikliyi edilməsi barədə qərar qəbul edildiyi, həmin qərar çərçivəsində cəmiyyətin "X2 texniklaborantı" ştat vahidinin ixtisar edilməsinin zəruriliyinin müəyyən edildiyi, ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə), xx.xx.2024cü il tarixdə xitam veriləcəyi, əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əmək haqqının iki misli məbləğində işdənçıxarma müavinətinin ödəniləcəyi, bununla belə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə əsasən verilən 9 həftəlik xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə 1 iş günü əmək funksiyasının icrasından azad edildiyi bildirilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən xəbərdarlıq müddəti əvəzinə razılıq ilə orta aylıq əmək haqqının iki mislini bir dəfəyə ödəməklə bağlanmış əmək müqaviləsinə xitam verilə bilər.
4. Cavabdehin xx.xx.2024-cü il tarixli, 75 saylı əmrinə əsasən cəmiyyətin X2 Texniklaborantı vəzifəsində işləyən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmiş və iddiaçı həmin tarixdən vəzifədən azad edilmişdir. Eyni zamanda, həmin əmrlə iddiaçıya işlədiyi son təqvim ayının iş günləri və istifadə etmədiyi 2022/2023 və 2023/2024-cü iş illəri üçün olan 16 (3/13) məzuniyyət günlərinə görə son haqq-hesabın ödənilməsi, iddiaçının cəmiyyətdə on ildən çox əmək stajının olduğu nəzərə alınaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, 75 nömrəli əmrinin ləğv olunması, onun cəmiyyətə işə bərpa edilməsi, qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
6. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verilmiş, cavabdeh tərəfindən müvafiq ştatın hansı səbəbdən ixtisar olunması əsaslandırılmamışdır. Belə ki, cavabdeh şirkət sübut etməlidir ki, həqiqətən ixtisara zərurət yaranmışdır. İş materiallarından görünür ki, şöbədəki digər işçilər işdə saxlanılaraq yalnız o, işdən azad olunmuşdur. O, öz peşəsi üzrə yüksək göstəricilərə malik ixtisaslı kadrdır. İşəgötürən digər işçilərin ondan hansı göstəriciləri ilə üstün olması barədə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, o, işdən azad olunarkən onun işdə saxlanması məsələsi ümumiyyətlə müzakirə olunmamışdır. İşəgötürən həqiqətən daha az xərc çəkmək niyyətində idisə, yəni həqiqətən xərcləri minimallaşdırmaq istəyirdisə, belə halda əmək şəraitinin şərtlərinin dəyişdirilməsi (əmək haqqının azaldılması) imkanından istifadə edə bilərdi. Həmçinin ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə məlumat verilməmişdir. İşçilərin ixtisarı barədə qərar hər gün qəbul edilən sıradan qərarlardan deyil. Bunun üçün şirkətin fəaliyyətinin analizi aparılmalı, ixtisar nəticəsində qarşılaşılacaq itkilərlə əldə ediləcək qazancın çəkisi öyrənilməli, müzakirə olunmalı və bundan sonra hansı işçilərin ixtisar olunmasına zərurət olduğu müəyyən edilməli, müzakirə olunmalı və qərar verilməlidir. Əmrə görə cavabdeh tərəfindən ixtisar xərclərin minimallaşdırılması və ştatların optimallaşdırılması məqsədi ilə aparılmışdır. Halbuki, cavabdeh tərəfindən bu əsaslar üzrə heç bir analiz aparılmamış, hansı işçilərin ixtisar olunması, ixtisar nəticəsində əldə olunacaq nəticələr, ixtisar olunacaq işçilərin üstün hüquqlarının qorunması və s. kimi zəruri məlumatlara dair ona heç bir məlumat təqdim olunmamışdır. Əmrdə dörd ştat üzrə ixtisar qeyd olunmuş, lakin digər üç ştat üzrə ixtisar formal olmuş, yalnız o, işdən azad olunmuşdur. Məhkəməyə təqdim olunmuş işçi və işəgötürən arasında elektron poçt (email) yazışmalarından aydın olur ki, o, cavabdehdə əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı tələblər irəli sürmüş və öz hüquqlarının qorunması ilə bağlı etirazlarını bildirmişdir. Şöbədə bir neçə işçinin olmasına baxmayaraq, məhz onun işdən azad edilməsi, onun peşəkar keyfiyyətləri ilə bağlı deyil, böyük ehtimalla öz hüquqlarını həmişə tələb edən işçi olması səbəbindən baş vermişdir. Beləliklə, cavabdeh tərəfindən onun əmək müqaviləsinə xitam verilməsi əsassız olmuş və əmək qanunvericiliyinin normaları cavabdeh tərəfindən pozulmuşdur.
7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, iddiaçı xx.xx.2013-cü il tarixdə cavabdeh cəmiyyətdə mühəndis-stajor vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə X3 texnik-laborant vəzifəsinə keçirilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə strukturun optimallaşdırılması, idarəçilik sisteminin dəyişdirilməsi və xərclərin azaldılması məqsədilə "Keyfiyyətə nəzarət mühəndisi", "TİE vǝ QM avadanlığının təmiri emalatxanasının rəis müavini", "X2 texnik-laborantı", “Təchizat menecerinin müavini” ştat vahidlərinin ixtisar edilməsi barədə 44 nömrəli əmr qəbul edilmişdir. Həmin əmrin icrası ilə əlaqədar iddiaçıya xx.xx.2024-cü il tarixli xəbərdarlıq təqdim edilmiş, iddiaçı həmin xəbərdarlığı xx.xx.2024-cü il tarixdə qəbul etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixli, 75 nömrəli əmrlə həmin tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) X2 texnik-laborantı vəzifəsində çalışan iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh təşkilatda X2 texnik-laboranti vəzifəsində iddiaçıdan əlavə X7 (xx.xx.2013-cü ildən), X8 (xx.xx.2014-cü ildən) və X10 (xx.xx.2013-cü ildən) çalışır. Göründüyü kimi, digər üç işçi iddiaçıdan daha uzun müddətdə həmin vəzifədə çalışır və həmin vəzifədə daha təcrübəlidirlər. Ştat vahidlərini ixtisar etmək hüququnu icra edərkən cavabdeh qanunvericiliyin tələblərinə tam riayət etmiş və Əmək Məcəlləsində ştatların ixtisarı ilə bağlı bütün tələbləri yerinə yetirmişdir. Belə ki, iddia ərizəsində qeyd edilənlərin əksi olaraq, ixtisar formal olmamış, cavabdeh tərəfindən təkcə iddiaçının tutduğu "X2 texnik-laborantı" ştat vahidi deyil, eyni zamanda "Keyfiyyətə nəzarət mühəndisi", "TİE vǝ QM avadanlığının təmiri emalatxanasının rəis müavini", "Təchizat menecerinin müavini" ştatları da ixtisar edilmişdir. Həmçinin, ştat vahidinin ixtisar edilməsi üçün işəgötürənin işçi ilə ixtisarın aparılmasını müzakirə etmək öhdəliyi qanunda nəzərdə tutulmamış, ixtisar cavabdehin 44 nömrəli əmri ilə əsaslandırılmışdır. Bundan əlavə, təqdim olunan diplomların tərcüməsi düzgün edilməmişdir. Həm də qanunvericiliyə əsasən işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İddiaçının ixtisarı yazışmalarla əlaqələndirməsi də əsassızdır. Belə ki, yazışmalar 2022-2023-cü illərə aiddir, ixtisar isə 2024-cü ilin iyun ayında aparılmışdır. Göstərilənlərin nəzərə alınması və iddianın rədd edilməsi xahiş edilmişdir.
8. İddiaçı tərəfin vəsatətinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)- 2645/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim X9)
10. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, ixtisarın formal olduğu, əsaslandırılmadığı, yalnız iddiaçının ixtisar edildiyi barədə dəlillər iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 44 saylı əmrin və həmin əmrin icrası ilə bağlı digər əmrlərin, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişlərin, müvafiq laboratoriya üzrə 2023-2024-cü illərə dair ştat cədvəllərinin surətləri ilə təkzib olunur. Həmçinin, iddiaçı ixtisar zamanı işdə saxlanmasına üstünlük verilən şəxslər kateqoriyasına aid olmamış, həmin vəzifə üzrə digər işçilərdən daha az əmək stajına malik olmuşdur. Qanunverciliyə əsasən işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən etdiyindən, iddiaçının bu barədə dəlilləri də hər hansı mötəbər sübutla təsdiq edilmir. İxtisarın onun yazdığı ərizələrlə və ona qarşı qərəzli münasibətlə bağlı olduğu dəlillər də öz təsdiqini tapmır. Belə ki, həmin yazışmalar 2022-2023-cü illərə aid olduğu halda, ixtisar 2024-cü ilin iyun ayında həyata keçirilmiş və yalnız iddiaçı ilə bağlı olmamışdır, ona görə də həmin dəlillər cavabdeh təşkilatda əmək müqaviləsi üzrə uzun müddət işləmiş, heç vaxt intizam məsuliyyətinə cəlb edilməmiş iddiaçıya münasibətdə inandırıcı və ağlabatan görünmür. Əmək haqqının azaldılması təklifinin edilməməsi barədə dəlil də, daha əvvəl işəgötürənə əmək haqqının azlığından şikayət etmiş və yaxşılaşdırma olmayacaqsa, başqa iş axtarmaq niyyətində olduğunu bildirmiş iddiaçıya münasibətdə real və ağlabatan hesab oluna bilməz. Bundan əlavə, mülki iş üzrə sübutlara əsasən müəyyən olunur ki, cavabdeh təşkilat tərəfindən ixtisarla bağlı əmək müqaviləsinin şərtlərinə və əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir. Məhkəmə iclasında mübahisə predmeti olan əmrin qanunazidd olması sübuta yetirilmədiyindən, habelə iddiaçıya münasibətdə ixtisarla bağlı əmək müqaviləsinin şərtlərinin və əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmədiyindən, əmrin ləğvi və işə bərpa barədə iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci, 42- 43-cü, 70-ci maddənin “b” bəndinə, 77-ci, 78-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 78.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 84cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məzmununda əmək müqaviləsinə xitam verilməsinin əsası olmalıdır. Bu məlumatın göstərilmədiyi əmr məhkəmə tərəfindən etibarsız hesab edilə bilər (Əmək Məcəlləsi, mad. 84.2). Hazırkı əmrdə sadəcə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi göstərilmiş və işçiyə veriləcək müavinətlər barədə məlumat qeyd edilmişdir. İşçi ixtisarının səbəbləri, vəzifəyə olan ehtiyac aradan qalxmasa da işçinin əmək müqaviləsinə xitam verilməsi, eyni vəzifədə çalışan işçilərdən yalnız iddiaçının işdən azad edilməsi və s. əmrdə göstərilməmişdir. Qaradağ Rayon Məhkəməsi ixtisarın əsaslandırılması üçün əmrin icrası ilə bağlı digər əmrləri, xəbərdarlıq bildirişi və ştat cədvəlini kifayət hesab etmişdir. Buna baxmayaraq, məhkəmə məhz əmrdə real ixtisarın əsaslandırılmadığını gözdən qaçırmış, ixtisarın real xarakter daşıması üçün tələb olunan digər sənədlərin olub-olmamasına diqqət yetirməmişdir. Belə ki, ixtisar real olmalıdır, ixtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr; işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd; həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı; ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd; işçiyə ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əməkhaqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd; xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd); ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr. Həmçinin məhkəmə işçinin peşəkarlığını müəyyən edərkən sadəcə Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsaslanmışdır. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən etsə də, məhkəmələr onun real qiymətləndirmə olub olmamasını müəyyənləşdirməlidirlər. Belə ki, məhkəmə praktikasından bəlli olur ki, bunun üçün rəy verilə, işçilərin keyfiyyət göstəricilərinin qiymətləndirmə sistemi və s. əsas götürülə bilər. Bundan əlavə, işçinin peşəkarlıq səviyyəsi hər hansı xasiyyətnamə əsasında deyil, işəgötürənin əmri ilə yaradılan attestasiya komissiyası tərəfindən müəyyən edilə bilər. Hazırkı işdə isə nə real olaraq qiymətləndirilmə aparılmış, nə də attestasiya təşkil edilmişdir. İddiaçı uzun müddətdir həmin işdə çalışır, həmin sahədə mütəxəssisdir və çalışdığı dövr ərzində onun peşəkarlıq səviyyəsinin aşağı olması ilə bağlı hər hansı məsələ aşkarlanmamışdır. Vəzifəyə ehtiyacın aradan qalxmaması, ona qarşı rəhbərliyin qərəzli münasibətinin olması, həmin vəzifə üzrə məhz iddiaçının ixtisar olunması və peşəkar əməkdaşa hər hansı başqa iş təklifi edilməməsi onun hüquqlarının pozuntusuna səbəb olmuşdur. İddiaçıya qarşı qərəzli münasibətlə əlaqədar birinci instansiya məhkəməsi tərəflər arasında yazışmaların ixtisardan bir müddət əvvəl olmasına görə onları nəzərə almamışdır. İxtisara gəldikdə isə məhkəmə cavabdeh tərəfindən bir neçə işçinin ixtisarını vurğulamış, lakin eyni vəzifə üzrə məhz iddiaçının işdən çıxarılmasına diqqət etməmişdir. Bundan əlavə, müəssisədə işçilərin sayı azaldılarkən şirkətin rəhbərliyi müvafiq tədbir görməmiş, onu bu sahədə və ya şirkətin digər sahəsində vəzifə və ya peşəsinə uyğun digər işlə təmin etmək üçün heç bir tədbir görməmişdir. Baxmayaraq ki, onun şirkətin bu və digər sahələrində, bu sahədə işləmək üçün kifayət qədər bilik, təcrübə və peşəkarlığı var. Məhkəmə bu zaman iddiaçının əmək haqqı ilə bağlı daha əvvələr etdiyi şikayəti əsas götürmüş, bununla da rəhbərliyin ona vəzifə və ya əmək haqqı ilə bağlı təkliflərin edilməsini ağlabatan hesab etməmişdir. Məhkəmə iddiaçıya qarşı olan əvvəlki yazışmaları ixtisarın qərəzli olmasında sübut kimi nəzərə almamış, amma işçiyə yeni iş təklifinin edilməsində iddiaçının əvvəlki şikayətini vurğulamışdır. Bu isə məhkəmənin əvvəlki yazışmalar, tərəflərin əvvəlki münasibətləri ilə bağlı yanaşmasını qeyri-müəyyən edir və iddiaçının əmək hüquqlarını bərpa etməsinə maneə olur. Son olaraq, məhkəmə nəzərə almalıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Bununla belə, yuxarıda göstərilənlər baxımından Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi mövcud məhkəmə təcrübəsinə zidd qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, onun və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarına aid edilmişdir; 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə ləğv edilə bilər; 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür; 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi müddətində rəsmi xəbərdar edilməlidir; 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir; 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 2 misli miqdarında işdənçıxarma müavinəti ödənilir; 77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır; 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir; 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam və ya qismən təmin edilməsi üçün hər hansı əsas yoxdur.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh cəmiyyətdə qazma məhlulları üzrə mühəndis-stajor vəzifəsinə işə qəbul olunmuş, daha sonra xx.xx.2017-ci il tarixdə cəmiyyətin X3 texniklaborant vəzifəsinə keçirilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli əmrinə əsasən cəmiyyətin strukturunun optimallaşdırılması, idarəçilik sisteminin dəyişdirilməsi və xərclərin azaldılması məqsədilə birsıra ştat vahidlərinin ixtisar edilməsi zəruri hesab edilmiş və həmin ştatlar üzrə işçilərin cəmiyyətlə bağladıqları əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən rəsmi xəbərdarlıq təqdim edilməsi, xəbərdarlıq müddəti bitdikdən sonra, işçilərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi əmr edilmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli “Əmək müqaviləsinə xitam verilməsi barədə rəsmi xəbərdarlıq” məktubu göndərilmiş və həmin məktub xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən qəbul edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmiş və iddiaçı həmin tarixdən vəzifədən azad edilmişdir. Cəmiyyətdə həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərmədiyindən Əmək Məcəlləsinin 80-ci maddəsində təsbit edilmiş prosedura riayət edilməsinə zərurət olmamışdır.
25. Hazırda iddiaçı onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyini bildirir və öz mövqeyini konkret dəlillərlə (hallarla) əsaslandıraraq, onun barəsində qəbul edilmiş əmrin ləğv edilməsini, tutduğu vəzifəyə bərpa edilməsini və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulmasını tələb edir. Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyin tələblərinə riayət edilməklə xitam verildiyini bildirir və iddianın rədd edilməsini tələb edir.
26. Məhkəmə kollegiyası cavabdeh cəmiyyətdə ştatların ixtisarının səbəbləri ilə bağlı qeyd edir ki, belə bir zərurət cəmiyyətin strukturunun optimallaşdırılması, idarəçilik sisteminin dəyişdirilməsi və xərclərin azaldılması ilə bağlı yaranmışdır. Cəmiyyətin xx.xx.2024-cü il tarixli əmrində ixtisarın zəruriliyinin səbəbləri göstərilmiş, eyni zamanda, ixtisar edilən ştat vahidləri ("Keyfiyyətə nəzarət mühəndisi", "TİE vǝ QM avadanlığının təmiri emalatxanasının rəis müavini", "X2 texnik-laborantı", “Təchizat menecerinin müavini”) dəqiq göstərilmişdir. İddiaçının xx.xx.2017-ci il tarixdən etibarən tutduğu X2 texnik-laborantı ştatı da ixtisar edilən ştatlara aid edilmişdir.
27. Həmin vaxt cəmiyyətdə 4 vahid "X2 texnik-laborantı" ştatı mövcud olmuş və digər 3 vahid ştat üzrə bu vəzifədə xx.xx.2013-cü il tarixdən X7, xx.xx.2013-cü il tarixdən X10 və xx.xx.2014-cü il tarixdən X8 işləmişdir.
28. Cavabdeh də həmin əməkdaşların bu vəzifə üzrə iş stajlarını müqayisəli şəkildə təhlil edib və nəticədə iddiaçının digər 3 işçiyə münasibətdə daha az iş stajına malik olmasını müəyyən edib və əsas götürüb, bu əsasla məhz onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qənaətinə gəlmiş və bununla bağlı ona xx.xx.2024-cü il tarixdə “əmək müqaviləsinə xitam verilməsi barədə” rəsmi xəbərdarlıq göndərmişdir. Həmin məktubda da həm onun tutduğu vəzifə üzrə ştatın ixtisarının səbəblərini, həm onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi tarixi göstərmiş (xx.xx.2024-cü il), həm də bu hallarda Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə uyğun olaraq ona münasibətdə görülən və görüləcək tədbirlər barədə məlumat vermişdir. Həmin məktub xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir.
29. Bununla belə, iddiaçı ən azı xx.xx.2024-cü il tarixdən onun tutduğu vəzifə üzrə ştatın ixtisar ediləcəyi və onunla bağlanmış əmək müqaviləsinə bu əsasla xx.xx.2024-cü il tarixdə xitam veriləcəyi barədə məlumatlı olsa da, bununla bağlı hər hansı bir tədbir görməmiş, yalnız xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul edildikdən sonra həmin əmri əldə etməklə və mediasiya prosesində iştirak etməklə bu əmrin ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Başqa sözlə, iddiaçı iki ay əvvəl artıq onun tutduğu vəzifə üzrə ştatın ixtisar ediləcəyini bilmiş və bununla bağlı hər hansı tədbir görməməklə bu nəticə ilə razılaşmışdır.
30. Məhkəmə kollegiyası digər 3 işçinin müddət etibarı ilə daha çox iş stajı illərinə malik olması ilə yanaşı, onu da vurğulayır ki, həmin işçilərlə müqayisədə iddiaçının tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olması, habelə bu vəzifədə saxlanılması üçün ona üstünlük verən hər hansı hal da müəyyən edilməmişdir. İddiaçı özü də göstərilənlərlə bağlı nəinki hər hansı sübut təqdim etməmiş, ümumiyyətlə bu mövqedən çıxış etməmişdir (peşakarlıq səviyyəsinin daha yüksək olmasını bildirməmişdir). Digər 3 işçinin əmək intizamına cəlb edilməsi, habelə öz vəzifələrinin öhdəsindən gələ bilməməsi ilə bağlı da hər hansı fikir söylənilmir. Əksinə, işə apellyasiya instansiya məhkəməsində baxılan zaman cavabdeh tərəfindən təqdim edilmiş arayışda eyni vəzifədə çalışan digər 3 işçi tərəfindən sınaqların keçirilməsi işlərinin daha operativ və dəqiq həyata keçirildiyi, bu səbəbdən iddiaçının bu işlərə deyil, məhlulların və sınaq materiallarının konteynerə aparılması və oradan gətirilməsi kimi köməkçi işlərə cəlb edildiyi göstərilmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, qanunverici bu hallarda müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılmasını və işçinin peşəkarlıq səviyyəsinin məhz işəgötürən tərəfindən müəyyən edilməsini təsbit etmiş və bu zaman işəgötürənin üzərinə müəyyən prosedurlarla müşaiyət olunan qiymətləndirmələrin və attestasiyaların keçirilməsi, qiymətləndirmə rəylərinin tərtib edilməsi, bununla bağlı hər hansı sistemlərin yaradılması, yazılı sənədlərin tərtib edilməsi, habelə məsələnin işçilərlə müzakirə edilməsi vəzifəsini qoymamışdır.
31. Cavabdeh işəgötürən olaraq iddiaçıya hər hansı başqa iş təklif etmək vəzifəsi də daşımır. Digər tərəfdən cəmiyyət üzrə hər hansı ştatın vakant olması, habelə iddiaçının cəmiyyətdə olan hər hansı başqa ştat üzrə vəzifəyə uyğun gəlməsi də müəyyən edilmir. İddiaçı özü də bu məsələdə konkret bir vəzifəyə istinad etmir.
32. Cavabdehin iddiaçıya qarşı qərəzli mövqeydə olması ilə bağlı fikirlər də hər hansı sübuta söykənmir. Belə ki, iddiaçının bununla bağlı istinad etdiyi müraciətlər həm əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən xeyli əvvəl olmuş, həm də hər hansı, o cümlədən iddiaçı ilə cəmiyyət arasında mübahisəyə, iddiaçının əmək intizamına cəlb edilməsinə, onun fəaliyyətinin yoxlanılmasına və sair bu kimi neqativ nəticələrə səbəb olmamışdır. Digər tərəfdən həmin müraciətlər iddiaçı tərəfindən edilsə də məzmun etibarı ilə yalnız onun deyil, digər şəxslərin də fikirlərini ifadə edirdi. Hər bir halda, iddiaçı həmin müraciətlərdə özünə “biz” deyərək, müraciət edə bilməzdi. Həmin müraciətlərə cavab olaraq Əsmər Bayramova tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda da cəmiyyətin iddiaçıya qarşı qərəzli olması (bu müraciətlərin hiddət və ya hər hansı formada narazıçılıq yaratması) qənaətinə gəlmək üçün hər hansı bir fikir əks olunmamışdır.
33. İddiaçı barədə qəbul edilmiş xx.xx.2024-cü il tarixli əmr məzmun etibarı ilə də Əmək Məcələsinin 84-cü maddəsinin tələblərinə uyğun olmuşdur. Həmin əmrdə yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə istinad edilməsi bu məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinin tələblərinin pozulması, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılmaması kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh tərəfindən qəbul edilmiş həm xx.xx.2024-cü il tarixli əmrdə, həm də iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqda ştatların ixtisarının nə məqsədlə aparıldığı və hansı zərurətdən irəli gəldiyi konkret göstərilmiş və iddiaçı həm bu, həm də həmin ixtisarın təsiri altına düşməsi və bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam veriləcəyi barədə ən pis halda xəbərdarlıq məktubunu aldığı xx.xx.2024-cü il tarixdən məlumatlı olmuşdur.
34. Ştatların ixtisarı da yalnız iddiaçıya toxunmamış, xx.xx.2024-cü il tarixli, 44 saylı əmrdə göstərilən bütün ştatları əhatə etmiş və nəticədə bu ştatlar üzrə fəaliyyət göstərən şəxslərlə bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Başqa sözlə, Əmək Məcəlləsinə əsasən bu məsələ cavabdehin əsas huquqlarına aid edilsə də, cavabdeh bu huququndan formal olaraq və iddiaçı qarşı yönəlmiş bir tədbir kimi istifadə etməmiş, real səbəblərə əsaslanaraq həqiqi ixtisar aparmış və nəticədə iddiaçı da daxil olmaqla 4 nəfər işçi ilə bağlanmış əmək müqavilələrinə xitam vermişdir (bu işçilərin hər biri barədə əmrlər təqdim edilmişdir). İxtisardan sonrakı dövrə aid ştat cədvəli də artıq təsdiq edilmişdir.
35. Bununla belə, məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini rəhbər tutub, habelə bu tələblərə uyğun aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulmuş əsasla ləğv edilərkən Əmək Məcəlləsi ilə bu əsas üçün müəyyən edilmiş bütün tədbirlər işəgötürən tərəfindən görülmüş, o cümlədən Məcəllənin 77-ci maddəsinin tələblərinə əməl edilmişdir. Bu səbəbdən iddianın və apellyasiya şikayətinin dəlilləri xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi hissəsində əsassızdır və bu səbəbdən rədd edilməlidir.
36. Məhkəmə kollegiyası, iddia üzrə "əmrin ləğv edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia üzrə "işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, habelə mediasiya xərcinin tutulması” tələblərinin törəmə tələb olduğunu və bu tələblərin təmin-olunub olunmamasının bilavasitə "əmrin ləğv edilməsi" tələbinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia üzrə "işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, habelə mediasiya xərcinin tutulması” tələbləri də əsassızdır və bu səbəbdən rədd edilməlidir.
37. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)- 2645/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.