Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6091/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəmənin 2(003)-2630/2022 saylı, 13 iyul 2022-ci il tarixli qərardadından ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən birgə verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi1, Ərizəçi2 Zulufçu (Zurufi) Yaqub Qulu oğlunun qohumluq münasibətlərinin, yəni övladları olmaları faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəmənin 2(003)-2630/2022 saylı, 13 iyul 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəmənin 2(003)-2630/2022 saylı, 28 iyul 2022-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, ərizədə ərizəçilərin Bakı şəhərində Əzizbəyov (indiki Xəzər) rayonunda yaşamaları qeyd edilsə də, bunu təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaq, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi şaqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 440.2-ci maddəsinə əsasən məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir. Mülki Prosessual Məcəllənin 443-cü maddəsində xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası məhkəmələrinin həmçinin baxmağa haqlı olduğu işlər, eləcə də Məcəllənin 445-ci maddəsində xüsusi icraat işlərinə hansı hallarda baxılması nəzərdə tutulmuşdur. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Amerika Birlşmiş Ştatlarının vətəndaşı olmaları o demək deyil ki, onlar mülki prosessual qanunvericiliyin tələblərini pozmalıdır, yəni iddia ərizəsi formasına və məzmununa riayət etməməklə yaxud işin ərazi aidiyyəti qaydaları pozulmaqla məhkəməyə verilməlidir və ya Azərbaycan Respublikası məhkəmələri istənilən xüsusi icraat işlərinə baxmalıdır. Qeyd olunduğu Mülki Prosessual Məcəllənin 445-ci maddəsində xüsusi icraat işlərinə hansı hallarda baxılması konkret nəzərdə tutulmuşdur. Bununla yanaşı, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrində Bakı şəhərində Xəzər rayonunda yaşamalarını qeyd etmələri rəsmi sənəd kimi qəbul edilə bilməz. Çünki, ərazi aidiyyəti qaydalarına riayət edilməsi mülki prosessual qanunvericiliyin imperativ tələbidir (MPM. M.37, 309.1). Başqa sözlə, işə ərazi aidiyyəti qaydalarının pozulması ilə baxılması şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv edilməsi üçün müstəqil əsasdır (MPM .m.387.2, 387.2.9). Görünüdyü kimi, ərizəçilər birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşmayaraq qərardaddan şikayət vermişdir. Lakin ərizənin qaytarılmasına səbəb olan nöqsan və bu cür xüsusi icraat işinin Azərbaycan Respublikası məhkəmələrinin baxmaq səlahiyyətinin olmasını dəqiqləşdirib yenidən eyni yaxud dəyişdirilmiş məzmunda ərizə(tələblə) aidiyyəti məhkəməyə müraciət etmək əvəzinə qərardaddan şikayət verməsi əsaslı hesab edilə bilməz. Çünki, ərizəçilər nail olmağa çalışdığı məqsəd üçün düzgün vasitə (yol) seçməmişdir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəmənin 2(003)-2630/2022 saylı, 13 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəmənin 2(003)-2630/2022 saylı, 13 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6091/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6091/2022
01.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver