Məhkəmə qərarları › İş №2(103)-6093/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6093/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6093/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı xidmət haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbulundan imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3,Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı Cavabdeh qarşı xidmət haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 avqust 2023 tarixli, 2(009)-1726/2023 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh göstərilən hüquqi xidmətin haqqı kimi ödəməli olduğu 169853 manat məbləğin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 avqust 2023 tarixli, 2(009)- 1726/2023 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir.

3. Qərardadın əsaslarına görə, iş materiallarından görünür ki, "xxxx" MMC Cavabdeh qarşı göstərilmiş hüquqi xidmətin dəyəri olaraq 169853 manat pulun və 460 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına məhkəmələr tərəfindən baxılmış və iddia rədd edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Həmçinin müəyyən edilir ki, İddiaçı "xxxx" MMC-nin rəhbəridir (hüquqi şəxsin rəhbəri kimi məcburi gətirilməsi barədə məhkəmə qərarı mövcuddur). Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi “xidmət haqqının ödənilməsi” tələbi ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcud olduğundan hazırki tələbə ayrıca iddia icraatında baxıla bilməz.

4. İddiaçı qərardaddan şikayət verərək, ləğv edilib, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.

5. Şikayətin dəlillərinə görə, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlara həvalə edilən tapşırıq vərəsəlik işi ilə bağlı sənədlər toplamaq, araşdırmaq, sorğuların müvafiq idarələrə, dövlət qurumlarına, xarici dövlətlərin müvafiq qrumlarına və Azərbaycan Respublikasındakı səfirlik və digərdiplomatik nümayəndəliklərinə göndərilməsi, vərəsəyə çatacaq əmlakların tapılması və sənədləşdirilməsindən ibarət olmuşdur. Müqaviləyə əsasən hüquqi yardıma görə haqq vərəsəlik işi həm qismən, həm də tam həll edildikdən sonra Cavabdeh tərəfindən ona çatacaq payın 10 faizi məbləğində mükafat onlara ödənilməli idi. Onlar üzərilərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirsələr də cavabdeh öz öhdəliyini yerinə yetirməkdən qəti şəkildə imtina etmişdir və qonarar ödəməmişdir. Müqavilə "xxxx" MMC ilə bağlansa da mən bütün xərclərin öz tərəfindən ödənilməsini təmin etmişdir. Yəni, Cəfərli İlham və MMC tərəfindən müəyyən xərclər qarşılansa da onun özü tərəfindən ödənilməsi vacib olan müəyyən xərclərin ödəmişdir və hazırda həmin xərclərin ona qaytarılmasını tələb edir. Əvvəllki iddia ərizələrində tərəflər "xxxx" MMC və Cəfərli İlham olsa da o özünə aid xərcləri tələb edir. Yəni, iddianın əsası və ptredmeti eyni olsa da tərəflər ayrıdır.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(009)- 1726/2023 nömrəli qərardadı ilə şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 153.1. Məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Maddə 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Maddə 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; Maddə 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; Maddə 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək.

8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarı: “Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarı).”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. MPM-in 153.2.2-ci maddəsinin təhlili göstərir ki, iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə xitam verilməsi üçün 3 şərt birlikdə mövcud olmalıdır: 1. hər iki iş üzrə tərəflər eyni olmalıdır; 2. hər iki iddianın predmeti eyni olmalıdır;

3. hər iki iddianın əsası eyni olmalıdır.

10. Bu konteksdə dəyərləndirmə aparkən məlum olur ki, birinci instansiya məhkəməsinin istinad etdiyi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə mahiyyəti üzrə qiymət verilmiş məsələ "xxxx" MMC-nin Cavabdeh qarşı hüquqi xidmətin dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qarşılıqlı iddia ərizəsidir.

11. Göründüyü kimi, hazırkı iş üzrə məhkəmənin istinad etdiyi işin əsası və predmeti eyni olsa da, tərəfləri fərqlidir. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə İddiaçı qanuni qüvvəsini almış qətnamə üzrə tərəf "xxxx" MMC-nin direktoru olması onların mülki hüquqi aspektdən eyni tərəf olması mənasını kəsb etmir.

12. İddiaçı iddia tələbini "xxxx" MMC-nin direktoru kimi deyil, fiziki şəxs olaraq irəli sürmüşdür.

13. Kollegiya şikayətin dəlilləri ilə razılaşaraq qeyd edir ki, MPM-in 153.2.2-ci maddəsinin mənası baxımından “hər iki iş üzrə tərəflərin eyni olması” şərti hazırkı iş üzrə ödənilmədiyindən, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbulundan imtina etməklə doğru nəticəyə gəlməmişdir.

14. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslı deyil, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərardad ləğv edilməli, iş birinci instansiya məhkəməsinə göndərilməli, şikayət təmin edilməlidir.

15. Göstərilənlərə əsasən və MPM-in 44, 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 avqust 2023 tarixli, 2(009)-1726/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 avqust 2023 tarixli, 2(009)-1726/2023 nömrəli qərardadı ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar