Məhkəmə qərarları › İş №2(103)-6098/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6098/2022

04.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6098/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 2(009)- 2202/2021 saylı qətnaməsindən maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində Albalı-1 bağ massivi, 85 saylı bağ sahəsindəki 0,25 ha torpaq sahəsi ilə birgə bu bağın 41 ildir ki, istifadəsində və sahibliyində olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, o, 40 ildən artıqdır ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində Albalı-1 bağ massivi, 85 saylı bağ sahəsində yaşayır. Bu ünvandakı 0,25 ha torpaq sahəsi mərhum atası X2 ilə Bakı şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı arasında bağlanmış 27 may 1980-ci il tarixli 6347 saylı müqaviləyə əsasən atasının uzun müddətli istifadəsinə verilmişdir. Torpaq sahəsində müxtəlif meyvə ağacları, üzüm tənəkləri və s. əkilmiş və sahəyə qulluq edilmişdir. Həmin torpaq sahəsi əvvəllər atasının istifadəsində olmuş, 1984-cü ildə atası vəfat edəndən sonra o, 37 ildir ki, torpaq sahəsinə sahiblik və istifadə edir. Torpaq sahəsi üzərində sahiblik və istifadə faktını başqa yolla təsdiq edə bilmədiyinə görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 2(009)- 2202/2021 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində Albalı-1 bağ massivi, 85 saylı bağ sahəsindəki 0,25 ha torpaq sahəsinin Ərizəçi istifadəsində (sahibliyində) olması faktı müəyyən edilmişdir. Qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan torpaq sahəsində mərhum atası Mikayıl Həsənov kiçik bir bağ evi tikmiş və həmin bağ evində o da ailə üzvləri ilə birlikdə yaşamışdır. Mərhum valideynləri vəfat edən günə qədər onunla bir mənzildə yaşamışlar. Qardaşı Ərizəçi məhkəməyə müraciət edərkən qəsdən bu məlumatları verməmişdir. Bu işə baxılarkən o, maraqlı şəxs qismində cəlb edilməmiş, torpaq sahəsi Sabunçu rayonunun ərazisində yerləşdiyi halda, Azərbaycan Respublikası MPM-in 309.2-ci maddəsinin tələbi pozularaq işə Səbail Rayon Məhkəməsində baxılmışdır. Məhkəmə kollegiyasının iclasında Ərizəçi nümayəndəsi X3 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 2(009)-2202/2021 saylı qətnaməsi ləğv edilməli, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in : 37-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.6-cı maddəsinə əsasən, məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. 309.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, məhkəmə ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə ümumi əsaslarla iddia vermək hüququnu izah edir. 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. İş materiallarından görünür ki, qeyd olunan torpaq sahəsi ilə bağlı Ərizəçilə qardaşı Maraqlı şəxs2 arasında hüquq haqqında mübahisə vardır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hüquq haqqında mübahisə olduğundan, ərizə baxılmamış saxlanılmalı, ərizəyə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, üzərində sahiblik və istifadə hüququnun tanınması xahiş olunan torpaq sahəsi Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşdiyinə görə işə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılarkən ərazi aidiyyəti də pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 384.0.5 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs2 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 2(009)- 2202/2021 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar