Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-61/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2414/2018 saylı mülki iş üzrə qəbul etdiyi 07 may 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 09 aprel 2014-cü il tarixli 160/00/96/14 saylı kredit müqaviləsinə əsasən cavabdehdən 21293,78 manat məbləğində əsas borc, 565,75 manat məbləğində faiz borcu, 690,76 manat məbləğində cərimə borcu, ümumilikdə isə 22550,29 manat məbləğində rüsum, 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş məbləğ olmaqla cəmi 60 manat məbləğində dövlət rüsumunun tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 124900 manat məbləğində müəyyən edilməklə cavabdehdən tutulmalı olan məbləği bank qarşısında ipoteka və yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılması, mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan X3 və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini en geci bir ay ərzində tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və həmin evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli 2(006)-2414/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xeyrinə 100/00/96/14 saylı 09 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 21293,78 manat məbləğində əsas borc 565,75 manat məbləğində faiz borcu, 60 manat cərimə borcu olmaqla, cəmi 21919,53 manat məbləğində pul vəsaitinin tutulması, Cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xeyrinə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul və həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması, tutmanın 09 aprel 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə yönəldilməsi, Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev ünvanında yerləşən 6 saylı mənzilin ilkin satış qiyməti 124900 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti hesabına Cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-yə olan borcunun ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 23.08.2017-ci il tarixdən 03.05.2018-ci il tarixədək Türkiyə Cümhuriyyətində olmuş və bu səbəbdən də məhkəmə prosesindən heç bir məlumatı olmamış və məhkəmədə zəruri sübutlar təqdim edərək öz hüquqlarını müdafiə edə bilməmişdir. O, götürdüyü kredit məbləğindən və onun faiz məbləğindən əsas hissəni ödəmişdir. Lakin ödədiyi pulların əsas hissəsi faiz olaraq qəbul edilmiş və bank ödədiyi faizlərdən yenidən faiz hesablayaraq faiz məbləğini şişirtmişdir. Qeyd edilənlər mürəkkəb hesablamaların aparılmasını tələb etdiyi halda məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini təmin etməmiş və nəticədə bank tərəfindən şişirdilmiş əsas və faiz borcunu təmin edən qətnamə qəbul etmişdir. Bundan başqa daşınmaz əmlak ipoteka ilə yüklü edilən zaman ipoteka qoyulmuş daşınmaz əmlakın likvid dəyəri müəyyənləşdirilmişdir. Əksər hallarda isə daşınmaz əmlakın likvid dəyəri orta bazar qiymətinin 70 faizi həcmində müəyyənləşdirilir. Buna baxmayaraq ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın likvid dəyərini məhkəmə ilkin satış qiyməti kimi nəzərdə tutmuşdur. Halbuki ona məxsus daşınmaz əmlakın ipoteka ilə yüklü edilən zaman və hal-hazırda təxminən orta bazar dəyəri 200000 manat həcmindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz etdi. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İş materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasında 09 aprel 2014-cü il tarixli 100/00/96/14 saylı kredit müqaviləsi bağlanılmış və müqaviləyə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 18% ödəmək şərti ilə 50500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi tərəflər arasında eyni tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil bank qarşısında ipoteka yüklü edilmişdir. İpoteka predmeti tərəflərin razılığı ilə 124900 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu 21293,78 manat, faiz borcu 565,75 manat, cərimə 690,76 manat, cəmi borc 22550,29 manat təşkil edir. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Birinci instansiya məhkəməsi əsas və faiz borcun tutulması hissəsində iddianı tam təmin etmiş, dəbbə pulu isə azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı araşdıraraq və Mülki Məcəllənin 739, 741, 462 və 467-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Eyni zamanda ipoteka müqaviləsinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 59.3cü maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan mənzilə yönəldilərək, açıq hərracdan satılmasını və qanunla müəyyən edilmiş müddətdə boşaldılmasını tələb etməkdə haqlıdır və məhkəmə bu hissədə də düzgün nəticəyə gəlmişdir. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və «xxxx» MMC tərəfindən 03 mart 2021-ci il tarixli Ç-043 saylı qiymətləndirmə hesabatı verilmişdir. Həmin hesabata əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilin bugünkü bazar qiyməti 145000 manat, likvid qiyməti isə 125000 manat təşkil edir. Göründüyü kimi qiymətləndirmə hesabatına əsasən ipoteka predmetinin likvid qiyməti ilə birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş ilkin satış qiyməti eynilik təşkil edir. Bu baxımdan kollegiya belə nəticəyə gəlir ki, cavabdehin ipoteka predmetinin ilkin satış qiymətinin düzgün olmaması ilə bağlı dəlillərə istinad etməsi tamamilə əsassızdır. Cavabdehin digər dəlillərinə dair kollegiya qeyd edir ki, borcun şişirdilməsi ilə bağlı dəlillər əsaslandırılmayıb və iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi üçün əsaslar yoxdur. Çünki iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinin şərtləri, ödəniş cədvəli, maliyyə arayışında olan məlumatlarla təsdiq olunur. Cavabdeh isə borcunun olmadığını bildirsə də, bunu təsdiq edən sübutları, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına və iş üzrə məhkəmə ekspertizasının təyin edilməsinə əsas verən ilkin sübutları təqdim etməmişdir. Məhkəmə bildirişlərinə dair qeyd olunur ki, bildirişlər cavabdehin rəsmi qeydiyyat ünvanına göndərilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2414/2018 saylı mülki iş üzrə qəbul etdiyi 07 may 2018-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-61/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-61/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver