Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-61/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə İş № 2(103)-61/2023 (Açar sözlər: borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Məhəmməd Əli oğlu Rüstəmlidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-828/2021 saylı iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşin faktiki hallarından müəyyən edilir ki, borc verən "xxxx" İKB ASC-nin “10 saylı” filialı ilə borc alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 22-G1-1-0- 396-15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana illik 25%-lə 36 ay müddətinə 8500 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsinin təminatı olaraq, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən, 29.22 kv.m ümumi sahədən ibarət 45 nömrəli evin 48 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü etmişdir.
3. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin müvafiq kredit müqaviləsi üzrə banka 4289,36 ABŞ dolları əsas, 5807,68 ABŞ dolları faiz, 635,48 ABŞ dolları cərimə və xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 499,20 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 11231,72 ABŞ dolları məbləğində borcu qalmışdır
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 Seydiağa oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 4289,36 ABŞ dolları əsas, 5807,68 ABŞ dolları faiz, 635,48 ABŞ dolları cərimə və xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 499,20 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 11231,72 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən, 29.22 kv.m ümumi sahədən ibarət 45 nömrəli evin 48 nömrəli mənzilinə yönəldilərək hərracdan satılması, borcun satışdan əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək mənzildən çıxarılmaları, mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “10 saylı” filialından illik 25%-lə 36 ay müddətinə 8500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən, 29.22 kv.m. ümumi sahədən ibarət 45 nömrəli evin 48 nömrəli mənzili xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cii bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. xx.xx.2020-ci il tarixinə Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 4289,36 ABŞ dolları əsas, 5807,68 ABŞ dolları faiz, 635,48 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 499,20 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 11231.72 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-828/2021 saylı iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2015-ci il tarixli 22-G1-1-0-396-15 saylı kredit müqaviləsi üzrə 34289,36 ABŞ dolları əsas, 5807,68 ABŞ dolları faiz, 635,48 ABŞ dolları cərimə və xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 499,20 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 11231,72 (on bir min iki yüz otuz bir dollar 72 sent) ABŞ dolları məbləğində borc (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq tutulsun), 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün, cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən, 29.22 kv.m ümumi sahədən ibarət 45 nömrəli evin 48 nömrəli mənzilinə, (ipoteka predmetinin ilkin satış qiyməti 55.000 (əlli beş min) manat dəyərində qiymətləndirilməklə) yönəldilməsi və açıq hərracda satılması, əldə olunan vəsait hesabına "xxxx" ASC-yə olan borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğ ümumi qaydada cavabdehdən tutulması, iddiaçının tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin mülkiyyətçiyə qaytarılması, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 467-ci, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34, 36 və 59-cu maddələrinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli, 1 nömrəli Qərardadına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 185.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-828/2021 saylı iş üzrə 27 may 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 828/2021 saylı 20 may 2021-ci il tarixli qətnaməsində olan yanlışlıq dəzəldilmiş, qətnamənin nəticə hissəsinin 2-ci abzası “xx.xx.2015-ci il tarixli 22-G1-1-0-396-15 saylı kredit müqaviləsi üzrə 4289,36 ABŞ dolları əsas, 5807,68 ABŞ dolları faiz, 635,48 ABŞ dolları cərimə və xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 499,20 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 11231,72 (on bir min iki yüz otuz bir dollar 72 sent) ABŞ dolları məbləğində borc (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq tutulsun), 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün, cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi” kimi oxunması qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, digər prosessual hərəkətlər və məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ipoteka müqaviləsinə əlavə sazişin nəzərə alınmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında 02 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə 04 fevral 2016-cı il tarixdə əlavə saziş imzalanmış, həmin müqavilənin 4a bəndində kredit borclarının 1 ABŞ dolları=1,05 AZN məzənnəsi ilə ödənilməsi nəzərdə tutulmuşdur. Əlavə sazişin 5-ci bəndində nəzərdə tutulmuşdur ki, uyğunsuzluq yarandığı halda kredit müqaviləsinə əlavə sazişin şərtləri kredit müqaviləsinin şərtlərindən daha üstün qüvvəyə malik olacaqdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 6.2 fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
15. Maddə 385 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Madə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 443.1 öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
18. Maddə 445 icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
19. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. Maddə 462.1, 462.3 və 467. dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
21. Maddə 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
22. Maddə 741 əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli, 1 nömrəli Qərardadına əsasən
23. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 372.7 apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Hazırki halda cavabdeh apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən qətnamə tam hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(004)-828/2021 saylı qətnaməsi “xx.xx.2015-ci il tarixli 22-G1-1-0-396-15 saylı kredit müqaviləsi üzrə 5807,68 ABŞ dolları faiz borcunun tutulması” hissəsində dəyişdirilərək, həmin məbləğ 4236,81 ABŞ dolları müəyyən edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, borc verən "xxxx" İKB ASC-nin “10 saylı” filialı ilə borc alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 22-G1-1-0-396-15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana illik 25%-lə 36 ay müddətinə 8500 ABŞ dolları məbləğində kredit verilmişdir.
33. İş materiallarında olan sənədlərdən göründüyü kimi, kredit müqaviləsinin təminatı olaraq, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən, 29.22 kv.m ümumi sahədən ibarət 45 nömrəli evin 48 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü etmişdir.
34. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin müvafiq kredit müqaviləsi üzrə banka 4289,36 ABŞ dolları əsas, 5807,68 ABŞ dolları faiz, 635,48 ABŞ dolları cərimə və xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 499,20 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 11231,72 ABŞ dolları məbləğində borcu qalmışdır.
35. Göründüyü kimi, bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir
36. Halbuki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri də mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır.
37. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası əsasında iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən, 29.22 kv.m ümumi sahədən ibarət 45 nömrəli evin 48 nömrəli mənzilinin real bazar dəyəri 60.000 manat, likvid dəyəri 55.000 manat təşkil edir.
38. Məhkəmə kollegiyası cavabdehlərdən əsas və faiz borcunun tutulması ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən kredit borcu üzrə əsas borcun tutulması hissəsində düzgün nəticəyə gəlmiş olsa da, faiz borcunun tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir.
39. Belə ki, kollegiya apellyasiya şikayətinin cavabdehlərdən əsas və faiz borcunun tutulması ilə bağlı dəlillərini araşdırmaq məqsədi ilə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-61/2023 saylı, 15 mart 2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirlinin Məhkəmə Ekspertizasının 9/2621 nömrəli, 25 avqust 2023-cü il tarixli rəyi ilə borc məbləği aşağıdakı kimi müəyyən edilmişdir: 02 oktyabr 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 11.534,67 USD: - əsas kredit borcu- 7.297,86 USD, - faiz borcu- 4.236,81 USD. 08 sentyabr 2020-ci il tarixə (iddia tarixinə) 9154,98 USD: - əsas borc üzrə- 4.412,67 USD, - faiz borcu üzrə- 4.236,81 USD, - faiz borcu (illik 5%-lə hesablanmaqla)- 505,5 USD.
40. Kollegiya hesab edir ki, hazırkı halda iş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirlinin Məhkəmə Ekspertizasının 9/2621 nömrəli, 25 avqust 2023-cü il tarixli rəyini təkzib edəcək hər hansı sübut olmadığından, həmin rəy mülki iş üzrə əsas sübut hesab edilməlidir.
41. Kollegiya qeyd edir ki, ekspert rəyi ilə cavabdehdən tutulmalı olan borc məbləği iddia tələbi və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğdən artıq olduğundan əsas borc məbləği üzrə məhkəmənin gəlmiş olduğu nəticə qanuni hesab edilməlidir. Belə ki, MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
42. Kollegiya cavabdehlərdən tutulmalı olan faiz borcunu münasibətdə isə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehlərdən faiz borcu üzrə 5807,68 ABŞ dolları tələb etmiş olsa da, ekspert rəyi ilə müəyyən edilir ki, cavabdehlərin faiz borcu 4236,81 ABŞ dollarıdır. Belə olan halda ekspert rəyi nəzərə alınmaqla cavabdehdən iddiaçının xeyrinə məhz 4236,81 ABŞ dolları faiz borcu tutulmalıdır.
43. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 150,0 manat məbləğində təşkil edir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
45. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 150,0 manat məbləğində pul cavabdehdən tutularaq Azərbayacan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(004)- 828/2021 saylı qətnaməsi “xx.xx.2015-ci il tarixli 22-G1-1-0-396-15 saylı kredit müqaviləsi üzrə 5807,68 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilərək, həmin məbləğ 4236,81 ABŞ dolları müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Naziriliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.