Məhkəmə qərarları › İş №2(103)-610/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-610/2025

12.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-610/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Maraqlı şəxs2 X39 maraqlı şəxs qismində göstərilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Açar sözlər: (hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X24 və X5 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Ərizəçi nümayəndəsi (oğlu) Nümayəndə3, Maraqlı şəxs2n nümayəndəsi X6 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(005)-2523/2024 saylı qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Ərizəçi mərhum həyat yoldaşı X13 1965-ci ildən 1991-ci ilə kimi, yəni X25 yaranana qədər Laçın Rayonu Maliyyə şöbəsində çalışdığını qeyd etmiş, həyat yoldaşının Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Laçın Rayonu Maliyyə şöbəsində iş fəaliyyəti və həmin təşkilatda iş stajı ilə bağlı arayışın alınmasına dair müraciət etməsinə baxmayaraq müsbət cavab ala bilməmişdir. 2.Bu səbəbdən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.Ərizəçi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi maraqlı şəxs qismində göstərilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X13 1965-1991-ci illər ərzində Laçın rayonu Maliyyə şöbəsində müxtəlif vəzifələrdə işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və buna dair arayışın verilməsinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci il tarixdə X26 ilə rəsmi nikaha daxil olmuş və Laçın rayonunda yaşamışlar. X11 uzun müddət, yəni 1965-ci ildən Laçın rayonu Maliyyə şöbəsində fiziki şəxslər və kustar sənətkarların vergiyə cəlb olunması şöbəsində müfəttiş olaraq iş fəaliyyətinə başlamışdır. Həmin Maliyyə şöbəsində baş dövlət vergi müfəttişi vəzifəsinə yüksəlmişdir. Çalışdığı müddət yüksək iş qabiliyyəti və bacarığına görə SSSR Maliyyə Naziri və SSSR Həmkarlar İttifaqının rəhbərləri tərəfindən o vaxtlar Maliyyə sistemində ən yüksək fəxri ada layiq görülmüşdür. Hətta bu barədə müxtəlif dövlət qəzet və jurnallarda məqalələr dərc olunmuşdur. xx.xx.1977-ci il tarixdə maliyyə işində mükəmməllik vəsiqəsi və medalı ilə təltif edilmişdir. X26 1965-ci ildən 1991-ci ilə kimi, yəni X25 yaranana qədər Laçın Rayonu Maliyyə şöbəsində çalışmışdır. 1991-ci ildə X29 yaranmış və X26 iş fəaliyyətini həmin təşkilatda davam etmişdir. Lakin uzun sürən xəstəlikdən sonra X26 xx.xx.2002-ci ildə dünyasını dəyişmişdir. Bundan sonra o, X13 həyat yoldaşı kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Laçın Rayonu Maliyyə şöbəsində iş fəaliyyəti və həmin təşkilatda iş stajı ilə bağlı arayışın alınmasına dair müraciət etmiş, lakin Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən heç bir köməklik edilməmiş və cavab məktublarında X13 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Laçın Rayonu Maliyyə şöbəsində işləməsi, çalışması, yəni uzun müddət həmin təşkilatda əmək fəaliyyətinin olması barədə heç bir məlumat verməmişlər və bu günə qədər müxtəlif məzmunlu məktublarla müraciətlər etməyinə baxmayaraq müsbət cavab ala bilməmişdir. Məsələ ilə bağlı ünvanlanmış sonuncu cavab məktublarında bildirilmişdir ki, sözügedən məsələyə dair arxiv sənədləri olmadığına görə əmək fəaliyyətinə dair arxiv arayışının verilməsi mümkün deyildir. Həmin illər ərzində X26 1965-1991-ci illərdə X25 yaranana qədər Laçın Rayonu Maliyyə şöbəsində işlədiyi 9 dövrdə onunla birlikdə işləmiş iş yoldaşları uzun illər onunla bərabər Laçın Rayonu Maliyyə şöbəsində işləmələrinin canlı şahidləridirlər. 5.Daha sonra tələbin azaldılmasına dair ərizə təqdim edərək, X13 1965-1991-ci illər ərzində Laçın rayonu Maliyyə şöbəsində müxtəlif vəzifələrdə işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 19 sentyabr 2024-cü il tarixli, 2(005)-2523/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Ramin Quliyev) ərizənin təmin edilməsi, X13 1965-ci ildən 1991-ci il tarixədək Laçın rayonu Maliyyə şöbəsində müxtəlif vəzifələrdə işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. 7.İş üzrə şahid qismində dindirilmiş X14 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 1977-ci il tarixdə Laçın rayon Maliyyə şöbəsinə baş mühasib vəzifəsinə təyin edilmişdir. Həmin zaman X4 şöbədə vergi bölməsində inspektor vəzifəsində işləmişdir. X26 ilə 1991-ci il tarixədək bir yerdə işləmişlər. X13 ondan daha əvvəl Maliyyə şöbəsində işləməsini bilirdi. 8.İş üzrə şahid qismində dindirilmiş X27 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 1988-ci il tarixdə Laçın rayon Maliyyə şöbəsinə işləmişdir. Həmin zaman X4 şöbəsində işləmişdir. X26 ilə 1991-ci il tarixədək bir yerdə işləmişlər. X13 ondan çox əvvəl Maliyyə şöbəsində işləməsini və ondan lazım olanda təcrübəli işçi kimi məsləhət aldıqlarını bilirdi. İş materiallarında olan: 9.034100 nömrəli, xx.xx.1977-ci il tarixli SSSR Maliyyə Nazirliyi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, X26 xx.xx.1977-ci il tarixdə “Maliyyə işi üzrə əlaçı” döş nişanı ilə təltif olunmuşdur. 10.Maliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mərhum X13 şəxsi işi, həmçinin nazirlikdəki fəaliyyəti barədə təsdiqedici sənədlər Maliyyə Nazirliyinin arxivində olmadığından onun iş fəaliyyəti barədə arayış verilməsi imkan xaricindədir. 11.Laçın rayon X12 müfəttiş işləmiş X8 ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1990-xx.xx.1991-ci il tarixədək Laçın rayon X12 müfəttiş vəzifəsində işləmişdir. İşlədiyi müddətdə X26 da orada müfəttiş vəzifəsində işləmişdir. X2 təxminən 1970-ci il tarixdə Laçın rayon Maliyyə şöbəsinin müdiri işləmişdir. O, ibtidai sinifdə oxuyanda məktəb atasının iş yerinin yanında idi və o, X13 o vaxtlar orada işlədiyini görmüşdür. 12.X9 əmək kitabçasının surətindən görünür ki, xx.xx.1977-ci il tarixdə Laçın rayon Maliyyə şöbəsində baş mühasib vəzifəsinə təyin edilmişdir. 13.X16 əmək kitabçasının surətindən görünür ki, xx.xx.1989-cu il tarixdə Laçın rayon Maliyyə şöbəsində Dövlət gəlirləri müfəttişliyinə böyük iqtisadçı vəzifəsinə təyin edilmişdir. 14.AZ-İ seriyalı, 819668 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2002-ci il tarixdə ölmüşdür. 15.“Vergilər” qəzetinin xx.xx.2002-ci il tarixli, 10(96) tirajında “Ömrünün 38 ilini vergiyə həsr etmiş insan” başlığı altında yazıda qeyd edilmişdir ki, vergi xidməti orqanlarında ömrünün 38-40 ilini vergitutma işinə həsr etmiş adamlara çox az rast gəlmək olar. Onlar barmaqla sayılacaq qədərdilər. X17 belələrindən biridir. O, 1963-cü ildə məktəbi biritdikdən sonra əmək fəaliyyətinə başladığı ilk gündən Laçın rayonu Maliyyə şöbəsinin Dövlət gəlirləri şöbəsində müfəttiş vəzifəsində işləmişdir. 1977-ci ildə SSSR Maliyyə Nazirliyinin göstərişi ilə müttəfiq respublikalarda vergi ödənişinin vəziyyəti və maliyyə müfəttişliyinin iş bacarığını yoxlamaq üçün xüsusi komissiya təşkil olunmuşdur. Azərbaycanda bu cür yoxlama ucqar dağ rayonu olan Laçında keçirilmişdir. Maliyyiə Nazirliyinin xüsusi nümayəndəsi həmin sahəyə aid olan bütün göstəriciləri topladıqdan sonra idarə rəhbərliyinə heç bir söz demədən Moskvaya qayıdıb və təxminən 4-5 aydan sonra İ.İsayevi o dövrün maliyyə-vergi sisteminin ən yüksək adı-peşəkarlıq göstəricisi sayılan “SSSR-nin maliyyə əlaçısı” döş nişanı ilə təltif etmişlər. 1992-ci ildə Laçın rayonu işğal olunduqdan sonra İsayevlər ailəsi Bakının Nərimanov rayonu ərazisində yerləşən yataqxanaların birində məcburi köçkün kimi məskunlaşmışlar. İrşad İsayev isə Nərimanov rayonu vergi müfəttişi vəzifəsində işlə təmin olunmuşdur. 16.Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, X26 1965-ci ildən 1991-ci il tarixədək Laçın rayonu Maliyyə şöbəsində müxtəlif vəzifələrdə işləmişdir. Ərizəçi ərinin əmək fəaliyyəti ilə bağlı Maliyyə Nazirliyinə müraciət etmiş, lakin iş stajı müəyyən edilmədiyi üçün arayışın verilməsindən imtina edilmişdir. 17.Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən ərinin iş stajı faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. 18.Məhəmə mövqeyini belə əsaslandırmışdır ki, əvvəla ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquq əhəmiyyətlidir. Belə ki, qeyd edilən sənədin alınması üçün əsas təşkil edir və maraqlı şəxsin hüquqları qeydiyyatda almaqdan imtinasının əsaslarından biri də məhz sənədlərin Laçın rayonu işğal olunan zaman məhv edildiyidir. Qeyd edilən sənədlərin bərpası mümkün deyildir, çünki həmin qurumların arxivi işğal zamanı məhv olunmuşdur. 19.X13 1965-1991-ci illər ərzində Laçın rayonu Maliyyə şöbəsində müxtəlif vəzifələrdə işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsində lazımi sənədlərin başqa qaydada alına bilinməməsi, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadığından mövcud şahid ifadələri və “Vergilər” qəzeti hüquqmüəyyənedici faktorlar kimi nəzərə alınmalıdır. Belə ki, şahid qismində ifadə vermiş X14 1977-ci il tarixdə Maliyyə şöbəsində baş mühasib vəzifəsinə təyin edildiyini, X26 ilə 1991-ci il tarixədək bir yerdə işlədiyini qeyd etmişdir. İfadəsində o, baş mühasib təyin edilən vaxt X13 Maliyyə şöbəsində vergi bölməsində inspektor vəzifəsində işlədiyini bildirmişdir. Buradan görünür ki, X3nun ifadələri 1977-1991-ci illərdə X13 Maliyyə şöbəsində işləməsi faktının təsdiq olunmasına cavab verir. Növbəti şahid qismində dindirilmiş X27 ifadəsində 1988-ci il tarixdən 1991ci il tarixədək X26 ilə Maliyyə şöbəsinə bir yerdə işlədiklərini bildirmişdir ki, onun ifadəsi də 1988- 1991-ci illərdə X13 Maliyyə şöbəsində işləməsi faktının doğrulanmasına rəvac verir. 20.X3 digər şahid X18 nisbətdə daha tez Maliyyə şöbəsində X26 ilə işləməyə başladığından, X9 Maliyyə Şöbəsinə əməkdaş kimi təyin edildiyi tarixdən, yəni 1977-ci ildən X13 o vaxtlarda da Maliyyə şöbəsində vəzifədə olduğu şahidlə real görülərək öz düzgünlüyünü əks etdirir. 1977-ci ildən əvvəlki tarixdə X13 Maliyyə şöbəsində işləməsinə dindirilmiş şahidlər tərəfindən onların hələ həmin dövrdə Maliyyə şöbəsində işləməyə başlamamasından, nə də bu məsələyə aydınlıq gətirə biləcək yaş dövrünü nəzərə alaraq başqa şahidlərin olmadığından həmin tarixdən əvvəl şəxsin orada işlədiyini canlı iş münasibəti zəminində görən mövcud olmamışdır. Lakin şahidlər X14 və X27 öz ifadələrində iş yerində X26 ilə daim həmsöhbət olduqları, onun iş təcrübəsi ilə tanış olduqları və məsləhətləşdiklərini, bu zaman da onlara X13 1965-ci ildən başlayaraq orada işləməsi barədə informasiya əldə etdiklərini bəyan etmişdirlər. Yəni bu xüsusda X13 1965-ci ildən Maliyyə şöbəsində işləməsi məlum olur. 21.Məhkəmənin mövqeyinə görə digər mühüm əhəmiyyət kəsb edən möhtəbər subut “Vergilər” qəzetidir, hansı ki vergi və mühasibatlığa aid mövzularda məqalələrinin yazılmasında, müsahibələrin götürülməsində, o cümlədən hüquqi maarifləndirmə və vergi mədəniyyətinin formalaşdırılması sahəsində aktiv şəkildə fəaliyyət göstərir. Qəzetin məqalələrin də biri “Ömrünün 38 ilini vergiyə həsr etmiş insan” başlığı altında X19 həsr edilmişdir. Belə ki, “Vergilər” qəzetinin xx.xx.2002-ci il tarixli, 10(96) tirajında X13 Maliyyə şöbəsindəki uzunmüddətli, peşəkar xidmətləri, əmək fəaliyyətində göstərdiyi səriştələrdən bəhs edilmiş və bunun nəticəsində dövlətin etimadını qazanaraq, sayılan “SSSR-nin maliyyə əlaçısı” döş nişanı ilə təltif edilmişdir. X1 təltif edilməsinə dair məlumatın öz əksini tapması bir daha onu subut edir ki, X26 barəsində məqalə yazılarkən, dəqiq məlumatlara istinad edilmiş, onun həyatı və iş fəaliyyəti ətraflı araşdırılmışdır. Məqalədə həmçinin X13 38 il vergi sahəsində işləməsi göstərilmişdir. Qazetin xx.xx.2002-ci ildə tiraja buraxılmasını nəzərə alaraq, hesablama yolu ilə onu deməyə əsas verir ki, X26 1965-ci ildən Laçın rayon Maliyyə şöbəsində müxtəlif vəzifələrdə işləmişdir. Qeyd olunmuş məlumatları rəhbər tutaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, həqiqətən də bu yazılı mənbə özündə dövrün reallıqlarını əks etdirməklə, şifahi şəkildə bildirilmiş şahid ifadələrinə mötəbər qüvvə qazandırır. 22.Məhkəmə həmçinin X13 maliyyə sahəsində işləyən zaman hansı vəzifələri tutduğunu dəqiq müəyyən etmək məhkəmə tərəfindən mümkün olmadığından, onun maliyyə sahəsində müxtəlif vəzifələrdə işləməsi kimi hüququ faktın müəyyən edilməsi qənaətinə gəlmişdir. 23.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.2.5, 307.2.11, 308, 311, 14.2, 77.1, 217.4-cü; “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.1, 6.2, 6.3cü bəndlərinə; “S.Eyvazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyun 2022-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 24.Qətnamədən Maraqlı şəxs2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsivə ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 25.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birincisi sözügedən işdə ərizəçi ərizəsində mərhum yoldaşının iş stajının təsdiq edilməsinin nə məqsəd üçün lazım olduğunu qeyd etməmişdir. Sonradan məhkəmə iclasnda ərizəçi ona ailə başçısını itirməyə görə əmək pensyasının təyin edilməsində mərhum yoldaşının iş stajınn təsdiq edilməsinin böyük rol oynadığını vurğulamışdır. Həmçinin ərizəçi tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Fondun müvafiq filialına yazılı müraciət daxil olmamışdır. Bu səbəbdən ərizəçinin mübahisəli pensiya hüququnun olub-olmaması Mərkəzi Filial tərəfindən müəyyən oluna bilmədiyindən (cavabdeh tərəfindən iddiaçıya imtina verilmədiyindən) hazırki iddidanın xüsusi icraat qaydasında baxılıb-baxılmaması məsələsi mübahisəlidir. Digər tərəfdən, mübahisənin predmeti barədə (pensiya təyin edilməsi) maraqlı şəxsin imtinası faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. İkincisi, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına qeyd olunmuşdur ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalıdır. Hazırki işdə Ərizəçi mərhum yoldaşının iş stajının təsdiq edilməsini xahiş etmişdir. Lakin mərhum X13 1965-1991-ci illər ərzində Azərbaycan SSRİ Laçın Rayonu Maliyyə şöbəsində işləməsi faktının hüquqi əhəmiyyətli fakt kimi təsdiq edilməsi subyektiv hüquq kimi şəxsin birbaşa özünə aiddir və şəxsin özü üçün hüquqi nəticə yaratmalıdır. Bu səbəbdən şəxs yalnız özü ərizə ilə məhkəmə müraciət edərək, iddia qaldıra bilər. Subyektiv hüququn başqa şəxsə məxsuluğu isə yolverilməzdir. (Qohumluq münasibətləri də daxil olmaqla) Üçüncüsü, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Məhkəmə iclasında Ərizəçi mərhum yoldaşının əmək kitabçasının, habelə əmək stajının təsdiq edən digər sənədlərin mövcud olduğunu, lakin yoldaşı rəhmətə getdikdən sonra bütün sənədləri mərhumun qəbrinə aparıb üzrsüz səbəbdən itirdiyini bildirmişdir. X23 isə məhkəmə iclasında çıxışı zamanı atasının iş stajını təsdiq edən sənədlərin tamamilə fərqli əsasla itdiyini- Laçın rayonunda qaldığının bildirmişdir. Bu ziddiyyətli hala diqqət yetirilməsi zəruridir. Dördüncüsü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün ən azı iki nəfər şahid olmalı, şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli), ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Göründüyü kimi, qeyd edilən müddəa iş stajının təsdiq edilməsinin birbaşa subyektiv hüquq olduğunu göstərir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarında da öz əksini tapmışdır (12 aprel 2019-cu il, 03 saylı Qərar). Həmin Qərarın 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Aşağıda qeyd olunanlara əsasən, sözügedən şahid ifadələri birinci instansiya məhkəməsənin qətnaməsində düzgün qiymətlənirilməmiş və işin halları kifayət qədər araşdırılmamışdır: 1.Məhkəmə iclasında iştirak etmiş şahidlərin məhkəməyə təqdim etdiyi əmək kitabçalarının surətindən görünür ki, onların Laçın rayon Maliyyə şöbəsində işlədiyi illərlə ərizəçinin ərizəsində mübahisələndirdiyi illər yalnız müəyyən qisimdə üst-üstdə düşür. Belə ki, birinci X3 yalnız müəyyən dövrdə (1977-ci il tarixdən 1991-ci il tarixədək) ərizəçinin mərhum yoldaşı ilə birlikdə işləmişdir. İkinci şahid X27 isə 1988-ci il tarixdən 1991-ci il tarixədək sözügedən müəssisədə ərizəçinin mərhum yoldaşı ilə birgə işləmişdir. 2.Ərizəçi mərhum yoldaşı X13 1965-1977-ci illər üzrə əmək fəaliyyəti dövrünün hüquqi əhəmiyyətli fakt kimi təsdiq olunması üçün hər hansı şahid ifadəsi mövcud deyildir. Belə ki, şahidlər yalnız 1977-ci ildən sonrakı dövrdə ərizəçinin mərhum yoldaşı ilə birgə işlədiklərinin təsdiq edir. 3.Şahidlərin 1977-ci il tarixdən 1991-ci il tarixədək və 1988-ci il tarixdən 1991-ci il tarixədək işlədiyi dövrlərdə yanız 1988-1991-ci illər üzrə hər iki şahidin ərizəçinin mərhum yoldaşı ilə birgə işlədiyi görünür. 1977-1991-ci il üzrə ərizəçi ilə birgə işləyən X3ndan başqa hər hansı başqa şahidin iştirakı təmin olunmamışdır. Beləliklə, mübahisələndirilən dövr (1965-1991) ərizəçinin mərhum yoldaşı X20 bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən və yalnız bütün dövr üzrə müəyyən edildiyi üçün hazırki mülki iş üzrə stajın şahid ifadələri əsasında müəyyən edilməsi əsassızdır. Yuxarıda qeyd olunan xüsusatlara baxmayaraq, Ərizəçi ərizəsi təmin edilərək, mərhum yoldaşı X13 Azərbaycan SSRİ Laçın Rayonu Maliyyə şöbəsində 1965-1991-ci illərdə işləməsi faktı müəyyən edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırki iş üzrə yekun qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Habelə məhkəmənin sözügedən qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun deyildir və iş üzrə mövcud olan faktlar ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmçinin iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər əsaslı sübuta yetirilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 26.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 27.Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs2n nümayəndəsi X10 apellyasiya şikayətinə əlavəsi olmadığını bildirdi, ona verilən suallara cavab olaraq, ərizəçinin hazırda ailə başçısını itirməyə görə pensiya almadığını bildirdi, şahid ifadəsinə əsasən ərizəçinin həyat yoldaşının 1977ci ildən Maliyə Nazirliyində işlədiyinin müəyyən edildiyini əlavə etdi. 28.Məhkəmə kollegiyasının iclasında Ərizəçi nümayəndəsi (oğlu) Nümayəndə3 apellyasiya şikayətini qəbul etmədi, ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, ona verilən suallara cavab olaraq bildirdi ki, anası-ərizəçi özü yaşa görə pensiya alır, hazırda ailə başçısını itirdiyinə görə pensiya almaq istəyir. 29.İş üzrə digər maraqlı şəxs AR Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 30.Maddə 4.1 və 4.1.3. Bu Qanuna görə uyğun olaraq əmək pensiyasının növlərindən biri ailə başçısını itirməyə görə əmək pensiyasıdır. 31.Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 32.Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: -14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 33.Maddə 305.1.1.Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 34.Maddə 307.2.11.Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 35.Maddə 308.Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 36.Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 37.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 38.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 39.Maddələr 385.1.1, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 41.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 42.Məhkəmə kollegiyası ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə qismən təmin edilməlidir. 43.Belə ki, Ərizəçi mərhum həyat yoldaşı X13 Laçın rayon Maliyyə şöbəsində işləməsini təsdiq edən sənədlər olmasa da, iş materiallarından-şahid ifadələrindən və təqdim edilən “Vergilər” qəzetinin xx.xx.2002-ci il tarixli, 10(96) tirajında nəşr olunan məqalədən onun müəyyən müddət Laçın rayon Maliyyə şöbəsində işləməsi faktı təsdiq olunur. 44.Kollegiya qeyd edir ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən ərinin iş stajı faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 45.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 46.Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. 47.Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olarhüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. 48.“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. 49.Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 50.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 51.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.

52. X13 1965-ci il tarixdən 1991-ci il tarixədək Laçın rayonu Maliyyə şöbəsində müxtəlif vəzifələrdə işləməsi faktını təsdiq edən məhkəmənin mövqeyi ilə razılaşmayan kollegiya qeyd edir ki, iş üzrə ifadə verən X3 məhkəmə iclasında bildirmişdir ki, o, 1977-ci il tarixdə Laçın rayon Maliyyə şöbəsinə baş mühasib vəzifəsinə təyin edilmişdir. Həmin zaman X4 şöbədə vergi bölməsində inspektor vəzifəsində işləmişdir. X26 ilə 1991-ci il tarixədək bir yerdə işləmişlər. X13 ondan daha əvvəl Maliyyə şöbəsində işləməsini bilirmişdir. 53.Digər şahid X27 isə məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, 1988-ci il tarixdə Laçın rayon Maliyyə şöbəsinə işləmişdir. Həmin zaman X4 şöbəsində işləmişdir. X26 ilə 1991-ci il tarixədək bir yerdə işləmişlər. X13 ondan çox əvvəl Maliyyə şöbəsində işləməsini və ondan lazım olanda təcrübəli işçi kimi məsləhət aldıqlarını bilirdi. 54.Göründüyü kimi şahidlərin X13 Laçın rayon Maliyyə şöbəsinə işləməsi faktını təsdiq etdiyi ən geri tarix 1977-ci il tarixi olmuşdur. Belə ki, X3 1977-ci il tarixdə Laçın rayon Maliyyə şöbəsinə baş mühasib vəzifəsinə təyin edildiyini, həmin zaman X13 Maliyyə şöbədə vergi bölməsində inspektor vəzifəsində işlədiyini bildirsə də məhz hansı tarixdən həmin vəzifədə işlədiyini bildirməmiş, mərhumun hansı tarixdən Laçın rayon Maliyyə şöbəsinə işlədiyini təsdiq edən başqa sübut təqdim edilməmişdir. Digər şahid isə 1988-ci il tarixdən Laçın rayon Maliyyə şöbəsinə işlədiyini həmin vaxt ərizənin həyat yoldaşının orada işlədiyini bildirmişdir. 55.Belə olan halda kollegiya hesab edir ki, məhkəmə X13 Laçın rayonu Maliyyə şöbəsində müxtəlif vəzifələrdə işləməsi faktını 1965-ci ildən 1991-ci il tarixədək olan dövr üzrə müəyyən edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Buna görə də qətnamə ləğv edilərək, yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. 56.Məhkəmə kollegiyası X13 Laçın rayonu Maliyyə şöbəsində müxtəlif vəzifələrdə işləməsi faktının iş materialları ilə 1977-ci ildən 1991-ci tarixədək olan dövr üçün təsdiq edilməsini nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməli, X13 1977-ci ildən 1991-ci il tarixədək Laçın rayonu Maliyyə şöbəsində müxtəlif vəzifələrdə işləməsi faktı müəyyən edilməlidir. 57.Məhkəmə kollegiyası apellyatorun ərizəçinin hazırkı tələblə məhkəməyə müraciə etmək üçün subyektiv hüququnun olmaması ilə bağlı dəlillərini əassız hesab edərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş Ərizəçi tərəfindən AR ƏƏSMN-nin tabeliyində DSMF X35 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının direktoru Ş.İ.Əliyevə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, ərizəçi ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 58.İş materiallaırna əlavə edilmiş AR ƏƏSMN-nin tabeliyində DSMF X35 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının xx.xx.2024-cü il tarixli, № 3-17-1/2-İ-260091/2024 saylı cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə daxil olmuş müraciədə aidiyyatı üzrə baxılmış, müraciətlə əlaqədar müvafiq məlumatların dəqiqləşdirilməsi ilə bağlı aidiyyatı üzrə sorğu göndərilib, sorğuya cavab verildikdən sonra əmək pensiyasının yenidən hesablanması məsələsinə baxılacaqdır. 59.”Əmək pensiyaları haqqında” AR Qanunun yuxarıda qeyd olunan normalarından göründüyü kimi Ərizəçi (xx.xx.1945-ci il tarixdə doğulmuşdur) ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malik olan şəxslər kateqriyasına daxildir. 60.Buna görə də kollegiya apellyatorun qeyd olunan dəlillərini əsassız hesab edərək qeyd edir ki, ərizəçi hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmuşdur. 61.Qeyd olunan xüsusatları ümumləşdirərək məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(005)-2523/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, ərizə qismən təmin edilməli, X13 1977-ci ildən 1991-ci il tarixədək Laçın rayonu Maliyyə şöbəsində müxtəlif vəzifələrdə işləməsi faktı müəyyən edilməlidir. 62.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(005)-2523/2024 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə qismən təmin edilsin. X13 1977-ci ildən 1991-ci il tarixədək Laçın rayonu Maliyyə şöbəsində müxtəlif vəzifələrdə işləməsi faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Günay Axundova

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar