Məhkəmə qərarları › İş №2(103)-6100/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6100/2025

16.12.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6100/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilə müdaxilənin qadağan edilməsi və ümumi yığıncağın qərarının verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2884/2025 nömrəli 11 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilə müdaxilənin qadağan edilməsi və ümumi yığıncağın qərarının verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində inşa etdiyi 5 bloklu yaşayış kompleksinin F blok, 8-ci mərtəbəsində yerləşən 57 saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 104,4 kv.m olan mənzilə sərbəst giriş-çıxışına, sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olan bütün hərəkətlərin, həmçinin mənzildə onun müəyyən etdiyi fiziki və hüquqi şəxslər tərəfindən təmir işlərinin aparılmasına müdaxilə və maneənin Cavabdeh MTKya qadağan edilməsi, mənzilin açarlarının və mənzilin satılması barədə kooperativ üzvlərinin ümumi yığıncağının qərarının ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MTK arasında xx.xx.2022-ci il tarixli, F019 nömrəli mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində inşa etdiyi 5 bloklu yaşayış kompleksinin F blok, 8-ci mərtəbəsində yerləşən 57 saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 104,4 kv.m olan mənzilin tikintisini, istismara verilməsini və yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay ərzində tamamlayıb tam layihə gücünə çatdırması öhdəliklərini öz üzərinə götürmüşdür. Mənzilin ümumi dəyəri 163908 manat, ilkin ödəniş isə 86000 manat məbləğində müəyyən edilmişdir. O, ödəməli olan qalıq 77908 manatı cavabdehə tam ödəmiş və ona maliyyə arayışı verilmişdir. xx.xx.2025-ci il tarixdə o, mənzildə təmir şləri aparmağa başlamışdır. Daha sonra cavabdeh bildirmiş ki, mənzildə yenidən oxdan oxa ölçülər aparılmış və mənzilin ümumi sahəsinin oxdan-oxa 104,4 kv.m deyil, 114 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Bu səbəbdən 15700 manat borcun ödənilməsi ondan tələb edilmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh təmir işləri aparan şəxsləri mənzildən çıxardaraq, mənzilin açarlarını zorla almış, təmir işlərinin aparılmasını qadağan etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 sentyabr 2025-ci il tarixli 2(005)-2884/2025 nömrəli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia tələbinin təmin edilməsi, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində inşa etdiyi 5 bloklu yaşayış kompleksinin F blok, 8-ci mərtəbəsində yerləşən 57 saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 104,4 kv.m olan mənzilə sərbəst giriş-çıxışına, sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olan bütün hərəkətlər, həmçinin mənzildə onun müəyyən etdiyi fiziki və hüquqi şəxslər tərəfindən təmir işlərinin aparılmasına müdaxilə və maneə Cavabdeh MTKya qadağan edilsin. Mənzilin açarlarının və mənzilin satılması barədə kooperativ üzvlərinin ümumi yığıncağının qərarının İddiaçı verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulması qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişində aşağdıkalar göstərilmişdir: Biz – İddiaçı və Cavabdeh MTK-nın nümayəndəsi X3 aşağıdakılar barəsində razılığa gələrək mübahisəni sülh ilə həll edirik:

1. Mən, İddiaçı MTK-nın 10 kv.m artıq sahə tələbi ilə razılaşıram və həmin sahənin dəyəri olan 15700 manatı 4 ay müddətində MTK-ya ödəməyi öhdəmə götürürəm. Hazırki iddia tələbimdən imtina edirəm.

2. Cavabdeh MTK 10 kv.m artıq sahəyə görə 4 ay müddətində 15700 manat ödənilməsinə razıdır və bunun müqabilində İddiaçı istənilən vaxt təmir işlərinə başlamağa şərait yaradilmasına və mənzilin özəlləşdirilməsi üçün (114 kv.m) lazım olan bütün zəruri sənədləri (Ümumi yığıncağın protokolu və s.) verilməsini öhdəsinə götürür. Kollegiya proses iştirakçılarını dinləyib, barışıq sazişi və iş materiallarını tədqiq edərək hesab edir ki, barışıq sazişi təsdiq olunaraq, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilə müdaxilənin qadağan edilməsi və ümumi yığıncağın qərarının verilməsi tələbinə dair” mülki iş üzrə tərəflər arasında bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: - İddiaçı 10 kv.m artıq sahənin dəyəri olan dəyəri olan 15700 manatı 4 ay müddətində Cavabdeh MTK-ya ödəməyi öhdəsinə götürür; - Cavabdeh MTK 10 kv.m artıq sahəyə görə 4 ay müddətində 15700 manat ödənilməsinə razıdır və bunun müqabilində İddiaçı istənilən vaxt təmir işlərinə başlamağa şərait yaradilmasına və mənzilin özəlləşdirilməsi üçün (114 kv.m) lazım olan bütün zəruri sənədləri (Ümumi yığıncağın protokolu və s.) verilməsini öhdəsinə götürür. - İddiaçı hazırki iddia tələbindən imtina edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2884/2025 nömrəli 11 sentyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar