Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6101/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2(005)-2282/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh MMC-də xx.xx.2022-ci il tarixdə “işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin "xxxx" bəndi ilə xitam verilmiş və iddiaçı işdən azad edilmişdir. Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsinin əsası olaraq, işəgötürən MMC tərəfindən iddiaçının icazəsiz işdən qalması, işçinin onun razılığı olmadan öz əmək müqaviləsində və müəssisənin digər 200-dən çox əməkdaşının əmək müqaviləsində əmək müqavilələrinin müddəti və əmək müqaviləsi üzrə ödənilməli olan əmək haqqının məbləği ilə bağlı dəyişikliklər edərək, həmin dəyişiklikləri MMC-nin asan imzası vasitəsilə ƏMAS ALT sisteminə daxil etməsi kimi hallar göstərilmişdir. Hazırda iddiaçı əmrin ləğv edilməsini, işə bərpa edilməsini və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli 67/İX nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilatda “işə qəbul və sənədləşdirmə şöbəsi”nin aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli 67/İX nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad edilmişdir və sözügedən əmri qanunsuz və əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı bildirir ki, mübahisə ilə bağlı əvvəlcə mediasiya təşkilatına müraciət etmişdir. Bakı şəhər 2 saylı Mediasiya Təşkilatının arayışını xx.xx.2024-cü il tarixdə əldə etmişdir. İşlədiyi müddətdə daim əmək funksiyalarını lazımınca yerinə yetirmiş, öhdəliklərini vaxtlı-vaxtında icra etmiş, rəhbərliyin icazəsi olmadan özbaşına heç bir hərəkət etməmişdir. İddiaçı barəsində verilən işdən çıxarılma əmrini aşağıdakı əsaslarla qanunsuz hesab edir. Əmrin verilməsinə səbəb kimi 2 nöqsan qeyd edilmişdir ki, bunlar xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində guya işdə icazəsiz olmaması və cavabdeh təşkilata məxsus asan imza ilə 200-dən çox əməkdaşın əmək müqaviləsinin uzadılması və əmək haqqının artırılması olmuşdur. Əvvəla iddiaçı bildirir ki, o iş yerini özbaşına tərk etməmişdir. Həmin müddətdə digər iş yoldaşı X8 ilə birlikdə məzuniyyət barəsində ərizə yazaraq rəhbərliyə təqdim etmiş və Gürcüstan Respublikasına səfər etmişdirlər. Maraqlı və qanunsuz məqam ondan ibarətdir ki, onunla birlikdə şirkətin əməkdaşı eyni hərəkətləri etsələr də, onun məzuniyyət ərizəsi məhv edilmiş və guya işi özbaşına tərk etməyi aktlaşdırmışdır. X2 həmin dövrlərdə işdə hesab edilməklə əmək haqqı almışdır. Bu fakt əmrin bu hissəsinin qərəz əsasında tərtib edildiyini və qanunsuz olduğunu tam sübut edir. Lazım olduğu təqdirdə X8 məhkəmədə şahid kimi ifadə verə bilər. Həmçinin iddiaçı bildirir ki, o cavabdeh təşkilatın asan imzasından istifadə etməmişdir. İddiaçıya bu barədə rəhbərlik tərəfindən heç bir səlahiyyət verilməyib. Yəni əmək müqavilələrinin vaxtının uzadılması və ya elektron sistemdəki digər hərəkətlər onun tərəfindən icra olunmayıb. Qanunvericiliyin tələbinə əsasən asan imza məsul şəxsin və ya ona etibarnamə üzrə səlahiyyət verilmiş şəxsin istifadəsindədir və onun belə bir səlahiyyəti olmayıb. Hətta cavabdeh təşkilatın əməkdaşlarının müqavilə müddətinin uzadılması ilə bağlı dəlilləri o qədər formal və əsassızdır ki, həmin müqavilələrin bir çoxunun uzadılması tarixləri iddiaçının işə qəbulundan əvvəlki tarixlərə aiddir. İddiaçı bildirir ki, barəsində qəbul edilmiş işdən çıxarılma əmrinin hər iki dəlilləri qanunsuz və əsassızdır. Cavabdeh təşkilatın İnsan Resurslarının Departamentinin ona qarşı qərəzinin və aqressiyasının nəticəsi olaraq ağır maddə ilə işdən çıxarıldığını bildirir. Həmçinin onun tərəfindən məzuniyyət pulunun və son haqq-hesabın ödənilməsi üçün X7 də müraciət edilmişdir. Araşdırmanın nəticəsi olaraq ona yekun cavab hələ gəlməmişdir. İddiaçı məhkəmə iclaslarında həmin sənədi təqdim edəcəyini bildirir. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid X5 ifadəsində bildirmişdir ki, 2023-cü ildən etibarən cavabdeh müəssisədə çalışır. İddiaçı ilə birlikdə işlədiyindən onu da tanıyır. İddiaçı və digər əməkdaşın xarici ölkəyə səfər etməsi ilə bağlı aviabiletlər əvvəlcədən alınmışdır. Lakin onlar Şeyla xanıma bununla bağlı müraciət etdikdə, Şeyla xanım hər ikisinin eyni anda xarici ölkəyə getməsinin mümkün olmadığını bildirmişdir. Bu müzakirə onun iştirakı ilə baş verdiyindən həmin məsələdən xəbərdar olmuşdur. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçı Şeyla xanıma etiraz edərək, cavabında xarici ölkəyə səfər edəcəyini bildirmişdir. O, cavabdeh müəssisənin müvafiq filialında çalışır, bəzən baş ofisə gəlib-getməli olurdu. İddiaçının sonradan ərizə yazmasını video-kameralara baxış keçirildikdən sonra müşahidə etmişlər. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadəsində bildirmişdir ki, o, cavabdeh müəssisədə sənədləşmə şöbəsinin müdiri vəzifəsində çalışır və iddiaçı ilə birlikdə 6-7 ay müddətinə eyni şöbədə işləmişdir. Artıq 1 ildir ki, cavabdeh müəssisədə çalışır və əvvəlcə baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Həmin zaman iddiaçı aparıcı mütəxəssis vəzifəsində idi və o, da iddiaçının fəaliyyətinə nəzarət edirdi. Lakin iddiaçı demək olar ki, heç bir göstərişlərə tabe olmurdu. İşəgötürənin asan imzası faktiki olaraq onların şöbəsində olurdu və o, cavabdeh müəssisəyə işə qəbul olana qədər bütün əməliyyatları iddiaçı edirdi, sonradan işçilərin qəbulu və azad olunması ilə bağlı əməliyyatların icrası rəhbərlik tərəfindən ona həvalə olunmuşdur. Asan imza üzərindən müqavilələrə dəyişiklik olunması səlahiyyəti isə iddiaçıda qalmışdır. Asan imza onun və iddiaçının istifadəsində olmuşdur. Yalnız iddiaçı işə qəbul olunmazdan əvvəl iddiaçının işdə olmadığı vaxtlar Ş.Əlizadə asan imzadan istifadə etmişdir. Əmək haqqının artırılması ilə bağlı əməliyyatı iddiaçı icra etsə də, işəgötürənin imzası və möhürü olmalıdır və möhürlə bağlı səlahiyyətlər isə ondadır. İddiaçı barəsində isə belə bir müraciət və əmr mövcud olmamışdır. İşçilər məzuniyyətlə bağlı 2-3 həftə əvvəlcədən şifahi şəkildə bildirir, sonra ərizə ilə müraciət edirlər. Həmin ərizə insan resursları şöbəsi tərəfindən təsdiqləndikdən sonra əmrləşdirilir. Məhkəmə iclasında dindirilmiş şahid Ramil İmanov ifadəsində bildirmişdir ki, o, 2019- cu ildən etibarən cavabdeh şirkətdə çalışır. İddiaçını şirkətin əməkdaşı kimi tanıyır. Ondan tələb ediliyi zaman iddiaçının printerindən çap olunan sənədlərin adını çıxarış formasında təqdim etmişdir. Şəbəkə printerlərində çap olunan faylın adı görünür. Şəbəkə printerinin admin interfeysində çapla bağlı məlumatlar, yəni sənədin adı, istifadəçinin adı, tarix və s. görünür. Dinara xanımın adına çıxarış təqdim olunmasının səbəbi kompüterin əvvəllər onun istifadəsində olması ilə bağlıdır və sonradan həmin kompüter iddiaçının adına dəyişdirilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2(005)- 2282/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Gürcüstan Respublikasına xx.xx.2024-xx.xx.2024-cü il tarixləri ərzində səfər etməsi üçün biletlər almışdır. Hazırda məhkəmədə mübahisələndirilən hal odur ki, iddiaçı məhkəməyə bildirir ki, səfər etməzdən qabaq məzuniyyət ərizəsi yazmış və onun ərizəsi MMC tərəfindən məhv edilmişdir. Lakin məhkəmə araşdırması zamanı işin faktiki halları ilə qeyd olunan tarixlərdə iddiaçının cavabdehin müvafiq razılığı və əmri əsasında əmək məzuniyyətində olması öz təsdiqini tapmır. Qanunvericinin tələbinə əsasən, işçi əmək məzuniyyətinə çıxarkən işəgötürənlə məzuniyyətin vaxtını qabaqcadan razılaşdırmalıdır. İddiaçının dəlilləri ilə isə vaxtın razılaşdırılması və həqiqətən səfərdə olduğu zaman onun əmək məzuniyyətində olması barədə sübutları sadəcə dediklərindən ibarət olmuş, hər hansı digər mötəbər dəlillə öz təsdiqini tapmamışdır. Cavabdeh MMC isə məhkəməyə bildirir ki, iddiaçıya əmək məzuniyyətinə çıxmasına razılıq verilməmişdir. Belə ki, cavabdeh MMC etirazının bu dəlilləri ilə bağlı məhkəməyə sübutlar təqdim edərək, iddianın bu hissədə dəlillərini təkzib edəcək mötəbər sübutlar təqdim etmişdir. Göründüyü kimi, cavabdeh MMC iddiaçının səfərdən qayıtdığı tarixdən sonrakı dövrü əhatə edən video görüntünü, ona təhkim edilmiş əvvəllər “dinara.khanahmadova” adlı işçinin istifadəsində olmuş kompyuterdə icra olunaraq şəbəkə printerində çap olunan məzuniyyət adlı faylla bağlı çıxarış, habelə şahid ifadələri ilə öz etirazını əsaslandırmışdır. Həmin sübutlara hüquqi qiymət verərək məhkəmə bildirmişdir ki, təqdim edilən sübutların bir-birini tamamlaması məhkəmədə həmin sübutların mötəbərliyi ilə bağlı hər hansı şübhə oyatmır. Belə olduğu halda məhkəmə hesab etmişdir ki, iddiaçı səfərdə olduğu zaman həqiqətən əmək məzuniyyətində olması barədə dediklərini sübut edə bilməmişdi. Digər tərəfdən, cavabdeh MMC bildirir ki, iddiaçı əmək funksiyalarını yerinə yetirərkən pozuntulara yol verərək, işəgötürənin razılığı və icazəsi olmadan öz əmək müqaviləsində və müəssisənin digər 200-dən çox əməkdaşının əmək müqaviləsində əmək müqavilələrinin müddəti və əmək müqaviləsi üzrə ödənilməli olan əmək haqqının məbləği ilə bağlı dəyişikliklər edərək, həmin dəyişiklikləri MMC-nin asan imzası vasitəsilə ƏMAS ALT sisteminə daxil etmişdir. Həmin hallara dair məhkəməyə təqdim edilmiş iddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli və həmin müqaviləyə dəyişiklik edilməsi barədə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqavilələri ilə ilk əmək müqaviləsinə dəyişiklik edilməsi barədə bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli əmək müqavilələrini müqayisə etdikdə müəyyən edilir ki, ilk iki müqavilədə işəgötürənin və işçinin imzaları, həmçinin işəgötürənin möhürü olsa da, lakin qeyd edilən digər müqavilələrdə işəgötürənin və işçinin imzaları, həmçinin işəgötürənin möhürü yoxdur. Cavabdeh qeyd edir ki, iddiaçının maaşı işlədiyi dövrdə yalnız bir dəfə artırılmış və həmin artıma dair edilmiş dəyişiklik barədə müqavilədə cavabdehin və iddiaçının hər birinin imzası və MMC-nin möhürü mövcuddur. İmzasız və möhürsüz müqavilələr tədqiq olunarkən məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsi müddətli bağlansa da, lakin təqdim edilən xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli müqavilələrdə əmək müqaviləsi gah müddətli, gah müddətsiz, əmək haqqı isə gah 1.115 manat, gah 2.225 manat, gah da 2.270 manat olaraq dəyişdirilmişdir. Göstərilən həmin hallar, həmçinin iddiaçının cavabdeh MMC-də işlədiyi dövrdə tutduğu vəzifəsindən irəli gələrək belə imkana sahib olması iddiaçının öz əmək müqaviləsinin müddətini və əmək haqqının məbləğini öz istədiyi kimi dəyişməsi qənaətinə gəlməyə əsas verir. Məhkəmə iclaslarında verilmiş şahid ifadələri həm də İddiaçı icazəsiz işdən qalmasını, sonradan köhnə tarixlə məzuniyyət ərizəsi yazaraq çap etdiyini, həmçinin müəssisənin asan imzasının faktiki onun istifadəsində olmasını təsdiq edir. Qeyd olunanlarla yanaşı məhkəmənin sonuncu iclasında iddiaçının nümayəndəsi (vəkili) sonuncunun himayəsində 1-ci qrup əlilliyi olan ata və anasının olmasını və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsinə qanunla yol verilmədiyini bildirmiş və əlilliyi olan şəxslərə qulluq haqqında arayış təqdim etmişdir. Məhkəmə qeyd edilən arayışın mötəbərliyinə hüquqi qiymət verərək, qeyd edir ki, iddiaçının həmin dəlili mötəbər sayıla bilməz. Belə ki, əgər iddiaçının öhdəsində əlilliyi olan şəxslər mövcud idisə, hansı səbəbdən iddiaçının həmin arayışı məhkəmə hazırlıq iclasında təqdim etməməsi, iddia tələblərini həmin əsasla əsaslandırmaması onun bu dəlilini şübhə altına alır. Digər tərəfdən, iddiaçının həmin arayışında mövcud olan “QR” kodu “Mygov Checker” mobil tətbiqi vasitəsilə yoxlanıldığı zaman sənədin mövcud olmaması barədə məlumat çıxır. İşçinin iş yerində xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixləri müddətində olmaması o cümlədən əmək funksiyalarını lazımi qaydada icra etməməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur. Məhkəmə işin araşdırılan bütün hallarına və sadalanan qanunvericilik normalarına əsasən, hesab etmişdir ki, İddiaçı əmək müqaviləsinin Cavabdeh MMC tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv edilməsi zamanı cavabdeh tərəfindən qanunvericiliyin hər hansı tələbinin pozulması halı və iddiaçının irəli sürdüyü tələblərinin əsaslılığı məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin iddiaçının “işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” barədə tələblərinə hüquqi qiymət verərək, hesab etmişdir ki, iddiaçının işdən azad edilməsi barədə əmrinin ləğvinə dair iddia tələbi təmin edilmədiyindən, göstərilən hissələrdə də iddia tələbləri təmin edilməməlidir. Qətnamədən narazı iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən tərəfindən təqdim edilən sübutlara ümumiyyətlə qiymət verilməmiş, əmək qanunvericiliyin tələblərinə əməl etməyərək qərəzli mövqe sərgiləmişdir. Həmçinin məhkəmə tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş və cavabdehə xeyli güzəşt edilmişdir. Belə ki, məhkəmə cavabdehin təqdim etdiyi şahid ifadələrini mötəbər sübut kimi qiymətləndirsə də, nəzərə almamışdır ki, həmin ifadə verən şəxslər cavabdeh şirkətin hal-hazırda işləyən əməkdaşlarıdır. Həmin əməkdaşlar oradan məvacib alırlar və bir sözlə cavabdehdən maddi asılı vəziyyətdədirlər. Həmçinin məhkəmə nəzərə almamışdır ki, əmri qəbul edən cavabdeh əmrin qanuni olmasını əsaslandırmalıdır. Cavabdeh və onun şahid kimi ifadə verən işçiləri onu şirkətin asan imzasından qanunsuz istifadə etməkdə, həmçinin hər hansısa bir printerin ona təhkim olunmasında ittiham etsələr də, bununla bağlı sənəd təqdim etməmişdirlər. Birinci instansiya məhkəməsi isə cavabdehin və onun işçilərinin bu mülahizələrini mötəbər sübut hesab edərək qərəzli qərar qəbul etmişdir. Hətta məhkəmə qeyd olunan maddə ilə işdən çıxarılmanı bir işçinin sonrakı əmək fəaliyyətinə nə qədər ağır təsir edəcəyini belə nəzərə almamışdır. Himayəsində bir əlil ailə üzvü var. Bu maddəyə görə uzun müddət işsiz qalmışdır. Məhkəmənin qərarı tam qanunsuz və ədalətsizdir. Qanunun tələbinə əsasən tənbeh vermə qaydalarına əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Qanunvericiliyin tələbindən göründüyü kimi cavabdeh təşkilat ondan izahat almalı idi. Lakin bu barədə heç bir təklif edilməyib. Buna görə də göstərilən nöqsanlara qarşı öz dəlillərini təqdim edə bilməmişdir. Əmrdə guya onun izahat verməkdən imtina etməsi qeyd edilsə də, bu yanlış məlumatdır, bununla bağlı heç bir akt və ya başqa sənəd mövcud deyil və əmrə əlavə edilməmişdir. Cavabdeh təşkilatın bu hərəkətləri əmək qanunvericiliyinin kobud şəkildə pozulmasıdır və onun işçi kimi hüquqlarını kifayət qədər məhdudlaşdırmışdır. Digər tərəfdən qanunun da tələbindən göründüyü kimi öhdəsində İ qrup əlil ailə üzvü olan işçilərin işdən çıxarılması qadağandır. Bu barədə sənədi məhkəməyə təqdim etsə də, məhkəmə sənədi "QR" kodun oxunmadığını bildirərək sənədə imza etməkdən imtina etmişdir. Lakin məhkəmə qərəzli olaraq əlində olan imkanlardan istifadə etməmiş, bununla bağlı araşdırma belə aparmamışdır. Bununla bağlı "e.sosial" xidmətindən arayışı apellyasiya şikayətinə əlavə edir. Həmin arayışda "QR" kod vardır və həmçinin məhkəmə tərəfindən yoxlanıla bilər. Hətta işdən çıxmamışdan əvvəl bu halı işə götürənə bildirsə də, nəzərə alınmamışdır. Məhkəmə isə ümumiyyətlə bu halı görməzdən gəlmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə cavabdeh təşkilatın ondan maddi asılılığı olan əməkdaşlarının ifadələrini mötəbər sübut kimi qiymətləndirərək işin bütün mahiyyətini bu ifadələrlə həll etmişdir. Bu isə yekunda obyektiv olmayan qərəzli nəticəyə gəlməsinə səbəb olmuşdur. Məhkəmə qanunun tələbinə əsasən şahid ifadələrini mötəbər sübut kimi istifadə etməzdən əvvəl bu ifadələri digər iş materialları ilə yoxlayıb, araşdırmalı və daha sonra sübut etmə ifadəsi kimi istifadə etməlidir. Lakin birinci instansiya məhkəməsi gəldiyi nəticənin bütün sübutetmə yükünü həmin şahid ifadələrinə yükləmiş və o ifadələrə istinad edərək məsələlərə qiymət vermişdir. Cavabdeh tərəf apellyasiya şikayətinə etiraz təqdim edərək iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi: 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. 70-ci maddəsinin əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 79-ci maddəsinə əsasən 1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. 3. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. 83.3-cü maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 83.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 131-ci maddəsinin 1-3-cü hissələrinə əsasən, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nə “işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin sonunda tərəflərin imzaları və MMC-nin möhürü mövcuddur. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı “işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir. Onunla bağlanmış əmək müqaviləsi müddətli olmaqla, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı vaxt xx.xx.2022-ci il, işçinin aylıq əmək haqqı 1.115 manat müəyyən edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin sistemə daxil edilmə vaxtı xx.xx.2022-ci ildir. İş materiallarında olan işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nə “işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir. İşçinin işə başlama tarixi xx.xx.2022-ci il müəyyən edilməklə, əmək müqaviləsi müddətsiz bağlanmış və əmək müqaviləsi üzrə işçiyə ödənilən aylıq əmək haqqı 2.250 manat müəyyənləşdirilmişdir. Müqavilədə tərəflərin imzaları və MMC-nə məxsus möhür yoxdur. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı “işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir. Onunla bağlanmış əmək müqaviləsi müddətsiz olmaqla, işçinin aylıq əmək haqqı 2.250 manat müəyyən edilmişdir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin sistemə daxil edilmə vaxtı xx.xx.2023-cü ildir. İş materiallarında olan işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nə “işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir. İşçinin işə başlama tarixi xx.xx.2022-ci il müəyyən edilməklə, əmək müqaviləsi müddətli, yəni xx.xx.2023-cü il tarixədək bağlanmış və əmək müqaviləsi üzrə işçiyə ödənilən aylıq əmək haqqı 1.115 manat müəyyənləşdirilmişdir. Müqavilədə tərəflərin imzaları və MMC-nə məxsus möhür yoxdur. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı “işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir. Onunla bağlanmış əmək müqaviləsi müddətli olmaqla, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı vaxt xx.xx.2023-cü il, işçinin aylıq əmək haqqı 1.115 manat müəyyən edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin sistemə daxil edilmə vaxtı xx.xx.2023-cü ildir. İş materiallarında olan işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nə “işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir. İşçinin işə başlama tarixi xx.xx.2022-ci il müəyyən edilməklə, əmək müqaviləsi müddətli bağlanmış və əmək müqaviləsi üzrə işçiyə ödənilən aylıq əmək haqqı 1.115 manat müəyyənləşdirilmişdir. Müqavilədə tərəflərin imzaları və MMC-nə məxsus möhür yoxdur. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı “işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir. Onunla bağlanmış əmək müqaviləsi müddətli olmaqla, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı vaxt xx.xx.2023-cü il, işçinin aylıq əmək haqqı 1.115 manat müəyyən edilmişdir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin sistemə daxil edilmə vaxtı xx.xx.2023-cü ildir. İş materiallarında olan işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nə “işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir. İşçinin işə başlama tarixi xx.xx.2022-ci il müəyyən edilməklə, əmək müqaviləsi müddətli olmaqla, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı vaxt xx.xx.2023-cü il və əmək müqaviləsi üzrə işçiyə ödənilən aylıq əmək haqqı 1.300 manat müəyyənləşdirilmişdir. Müqavilədə tərəflərin imzaları və MMC-nə məxsus möhür mövcuddur. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmişdir. İş materiallarında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə də tərəflərin imzalarının və MMC-nin möhürünün olmadığı əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqavilələri və həmin tarixlərdə sistemə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri mövcuddur. İş materiallarında olan Cavabdeh MMC-nin direktoruna MMC-nin İnsan Resursları departamentinin direktoru Şeyla Mahmudova tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli təqdimatın məzmunundan müəyyən olunur ki, İddiaçı heç bir məlumat vermədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixədək işə gəlməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki,Cavabdeh MMC-nin işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində çalışan İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iş yerinə gəlməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Cavabdeh MMC-nin işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində çalışan İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işə gəlməmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 67/İX nömrəli əmrin surətindən görünür ki, Cavabdeh MMC-nin işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad edilmişdir. İşçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2024cü il tarixinə qədər istifadə edilməmiş 20 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, işçi İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək iş yerinə gəlməmişdir. xx.xx.2024-cü il tarixdə işə gəlsə də, iş yerini tərk edərək xx.xx.2024cü il tarixədək işə gəlməmiş, işə gəlməməsinin səbəbi kimi xəstə olmasını göstərsə də, arayış təqdim etməmişdir, işəgötürənin razılığı və icazəsi olmadan ƏMAS ALT sistemində öz əmək müqaviləsində, əmək haqqında və digər 200dən çox işçinin əmək müqaviləsində işəgötürənin imzası ilə dəyişiliklər etmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2023-cü ilin İİİ rübü üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)” ilə həmin dövrə aid “əmək müqaviləsi bildirişi” məlumatlarının müqayisəsi zamanı müəyyən edilmiş risklər barədə bildirişin surətindən görünür ki, “Hörmətli vergi ödəyicisi! Bildiririk ki, aparılmış təhlillər zamanı aktiv əmək bildirişlərinin məlumat bazasına və 2023-ci ilin İİİ rübü üzrə təqdim edilən bəyannamə məlumatlarına əsasən işçilərin iş yerinin tipi əsas və işləmədiyi iş günləri “0” olmasına baxmayaraq aktiv əmək müqaviləsi ilə müqayisə etdiyimiz zaman müvafiq vahid bəyannamədə işçilər üzrə əmək haqqı məbləği az bəyan edilmişdir. Vergi ödəyicisi fəaliyyətini muzdlu işçiləri cəlb etməklə həyata keçirdikdə, həmin şəxslərlə əmək müqaviləsi bağlamalı, əmək müqavilələri elektron informasiya sistemində qeydiyyata alınmalı və işçilərə qanunvericiliklə müəyyənləşdirilən məbləğdən az olmayan əmək haqqı hesablanmalıdır. Qeyd olunanlar nəzərə alınaraq 2023-cü ilin İİİ rübü üzrə hesablanmış əmək haqqı məbləğinin aktiv əmək bildirişlərinin məlumat bazasına uyğunlaşdırılması və vergi bəyannamələrinə müvafiq düzəlişlər edilərək işçilərə ödənilən əmək haqqı məbləğinin tam əks etdirilməsi Sizə bildirilir”. İş materiallarında olan “Azerbaijan Airlines”-ın elektron bilet məlumatlarından görünür ki, İddiaçı xx.xx.2024-cü ildə Bakı-Tbilisi gediş və xx.xx.2024-cü ildə Tbilisi-Bakı dönüş biletləri almışdır. Həmçinin bilet məlumatlarından görünür ki, biletlər xx.xx.2023-cü il tarixdə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemindən verilmiş xx.xx.2024-cü il tarixli əlilliyi olan şəxslərə qulluq haqqında arayışdan görünür ki, İddiaçı əlilliyi olan şəxslər X3 və X6 qulluq edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 2 saylı Mediasiya Təşkilatının arayışının surətindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh MMCnin nümayəndəsi isə iştirak etməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Gürcüstan Respublikasına xx.xx.2024-xx.xx.2024-cü il tarixləri ərzində səfər etməsi üçün biletləri xx.xx.2023-cü il tarixdə alsa da, özünün bildirdiyinə görə ora digər iş yoldaşı X8 ilə birlikdə getsələr də, səfər etməzdən qabaq məzuniyyət ərizəsi yazması və onun bu ərizəsiin MMC tərəfindən məhv edilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı da işin faktiki halları ilə qeyd olunan tarixlərdə iddiaçının cavabdehin müvafiq razılığı və əmri əsasında əmək məzuniyyətində olması öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, qanunvericinin tələbinə əsasən, işçi əmək məzuniyyətinə çıxarkən işəgötürənlə məzuniyyətin vaxtını qabaqcadan razılaşdırmalıdır. İddiaçının dəlilləri ilə isə vaxtın razılaşdırılması və həqiqətən səfərdə olduğu zaman onun əmək məzuniyyətində olması barədə sübutları sadəcə izahatlarından ibarət olmuş, hər hansı digər mötəbər dəlillə öz təsdiqini tapmamışdır. Beləliklə də, iddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə cavabdehin müvafiq razılığı və əmri əsasında əmək məzuniyyətində olması barədə sübut təqdim edə bilməmişdir. Digər tərəfdən iddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli və həmin müqaviləyə dəyişiklik edilməsi barədə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqavilələri ilə ilk əmək müqaviləsinə dəyişiklik edilməsi barədə bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli əmək müqavilələrin müəyyən edilir ki, ilk iki müqavilədə işəgötürənin və işçinin imzaları, həmçinin işəgötürənin möhürü olsa da, lakin qeyd edilən digər müqavilələrdə işəgötürənin və işçinin imzaları, həmçinin işəgötürənin möhürü yoxdur. Göründüyü kimi iddiaçı ilə xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsi müddətli bağlansa da, təqdim edilən xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli müqavilələrdə əmək müqaviləsi gah müddətli, gah müddətsiz, əmək haqqı isə gah 1.115 manat, gah 2.225 manat, gah da 2.270 manat olaraq dəyişdirilmişdir. Göstərilən həmin hallar, həmçinin iddiaçının cavabdeh MMC-də işlədiyi dövrdə tutduğu vəzifəsindən irəli gələrək belə imkana sahib olması iddiaçının öz əmək müqaviləsinin müddətini və əmək haqqının məbləğini öz istədiyi kimi dəyişməsi qənaətinə gəlməyə əsas verir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, qanunun da tələbindən göründüyü kimi öhdəsində İ qrup əlil ailə üzvü olan işçilərin işdən çıxarılması qadağandır. Bu barədə sənədi məhkəməyə təqdim etsə də, məhkəmə sənədi "QR" kodun oxunmadığını bildirərək sənədə imza etməkdən imtina etmişdir. Lakin məhkəmə qərəzli olaraq əlində olan imkanlardan istifadə etməmiş, bununla bağlı araşdırma belə aparmamışdır. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 79-cu maddəsində həmçinin öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edilməsi təsbit edilmişdir. İddiaçının qeyd etdiyi dəlil sözügedən normanın məzmunu ilə təkzib edilir. Həmçinin işçinin iş yerində xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixləri müddətində olmaması, o cümlədən əmək funksiyalarını lazımi qaydada icra etməməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Bundan başqa iddiaçı apellyasiya şikayətində bildirmişdir ki, qanunun tələbinə əsasən tənbeh vermə qaydalarına əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Qanunvericiliyin tələbindən göründüyü kimi cavabdeh təşkilat ondan izahat almalı idi. Lakin bu barədə heç bir təklif edilməyib. Məhkəmə kollegiyası iddiaçının dəlillərini əsassız hesab edir. Belə ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İşin faktiki hallarından isə göründüyü kimi iddiaçı izahat verməkdən imtina etmişdir və iddiaçının bu imtinası ona intizam tənbehi verilməsini istisna etmir. Göründüyü kimi iddiaçının dəlilləri öz təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, iddiaçı apellyasiya şikayətində şahid ifadələrini mübahisələndirsə də, birinci instansiya məhkəməsi zamanı dindirilmiş şahid ifadələri işin digər sübutları ilə tədqiq edilməklə məhkəmə tərəfindən düzgün qiymət verilmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin birinci instansiya məhkəməsi gəldiyi nəticənin bütün sübutetmə yükünü həmin şahid ifadələrinə yükləmiş və o ifadələrə istinad edərək məsələlərə qiymət verməsinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi qətnaməsini əsasən təqdim edilmiş və tədqiq edilmiş sübutlar əsasında çıxarmışdır. Başqa sözlə məhkəmə şahid ifadələrinə istinad etsə də, gəldiyi nəticənin bütün sübutetmə yükünü həmin şahid ifadələrinə yükləməsi qətnamədən görünmür. İşin göstərilən hallarından əlavə iddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək də olan müddət ərzində işə çıxmaması faktının mövcudluğunu inkar etməmiş, səbəbləri barədə suala cavab olaraq onu bu müddətdə işə buraxılmamasını göstərmişdir. Lakin bu barədə heç bir orqana nə yazılı, nə də şifahi formada şikayət etməməsini də təsdiq etmişdir. Halbuki, kollegiyanın qənaətinə görə onun işə buraxılmaması ilə bağlı aidiyyatı orqanlara müraciəti üçün kifayət qədər imkanı olmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, iddiaçı iddia tələbində və apellyasiya şikayətində göstərilənlərin həqiqət olması ehtimalında belə, onun xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək də olan müddət ərzində işə çıxmaması və bu işə çıxmamasının üzrlü olmasına dair heç bir sənəd təqdim etməməsi faktı onunla bağlanmış Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad edilməsinə hüquqi əsasdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Göründüyü kimi birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2(005)- 2282/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə