Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6102/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə tələbləri barədə” iddiasına və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddiaçı X3 qarşı “əşyaların məcburi qaydada evdən çıxarılması tələbləri barədə” müstəqil iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 aprel 2021-ci il tarixli qətnamədən müstəqil tələb irəli sürən üçüncü şəxs Mədinə Rəsulovanın verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iş üzrə tərəflərin iştirakları ilə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun, uşaqları 18.05.2011-ci il təvəllüdlü Ləman və 22.10.2012-ci il təvəllüdlü Aydan ilə birlikdə Cavabdeh ilə birgə nikah dövründə və birgə vəsaitləri hesabına tikdikləri Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən bir mərtəbəli üç otaqlı sənədsiz evə (özbaşına tikiliyə) köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh 13.03.2010-cu il tarixdə nikaha daxil olmadan nikah münasibətlərinə daxil olmuş, münasibətlərini, 05.12.2012-ci il tarixdə nikaha daxil olmaqla, rəsmiləşdirmişlər. Onların 2 övladı olsa da, münasibətləri pozulmuş və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11.06.2020-ci il tarixli qətnaməsi ilə nikaha xitam verilmişdir. Həmin qətnamə ilə uşaqlar hazırki iş üzrə iddiaçının yanında saxlanılmışlar. Birgə yaşadıqları dövrdə, yəni 2010-cu ilin oktyabrnoyabr aylarında, onlar Sulutəpə qəsəbəsində, üzərində yarımçıq tikili olan 3 sot torpaq sahəsini 5.000 ABŞ dollarına almışlar. Bunun üçün iddiaçı ona qohumları tərəfindən hədiyyə edilmiş qızıl-zinət əşyalarını, cavabdeh isə özünə məxsus “VAZ 2106” markalı avtomobili satmışlar. Torpaq sahəsini aldıqdan sonra, onlar hissə-hissə təxminən 25.000 manata həmin torpaq sahəsində olan yarım tikiliyə xərcləməklə tikilini artırmaq yolu ilə bir mərtəbəli üç otaqlı ev tikmişlər. 2011-ci ilin əvvəllərindən başlayaraq 2019-cu ilin dekabr ayının 27-ə kimi həmin evdə uşaqları ilə birlikdə yaşamışlar. Cavabdeh ilə iddiaçının münasibətləri pisləşdikdən sonra cavabdeh iddiaçını evdən qovmuş və baxmayaraq ki, iddiaçıya məxsus əşyalar həmin evdə qalmışdır cavabdeh iddiaçını evə buraxmır. Hazırda iddiaçı uşaqları ilə birlikdə kirayə tutduğu evlərdə yaşamış, hazırda işinin itirdiyi üçün 3 aya yaxın müddətdir ki, iddiaçı icarə haqqını ödəyə bilmir. İddiaçı hesab edir ki, mübahisəli tikili onunla cavabdehə məxsus pul vəsaiti hesabına alındığından və abadlaşdırıldığından o, uşaqları ilə birlikdə həmin tikiliyə köçürülməlidir. İddia ərizəsi Rayon Məhkəməsi tərəfindən baxılması üçün icraata qəbul edilmişdir. Müstəqil tələb irəli sürən M.Rəsulova iddiaçıya qarşı müstəqil tələb irəli sürərək, iddiaçının iddiasının rədd edilməsi və iddiaçıya məxsus əşyaların mübahisəli evdən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb onunla əsaslandırılmışdır ki, M.Rəsulovanın övladı, ilk iddia üzrə cavabdeh F.Babyev 2010-cu ildə iddiaçı ilə ailə qurmuşdur. Oğlunun toyundan sonra M.Rəsulova Sabunçu rayonunda kirayə ev tutaraq ilk iddia üzrə tərəflər ilə birlikdə həmin evdə yaşamışdır. M.Rəsulovanın oğlu Cavabdeh heç bir yerdə işləməmiş, və onların bütün xərclərini M.Rəsulova qarşılamışdır. Ancaq ailə münasibətləri yaxşı olmamış, gəlini olan iddiaçı davamlı şəkildə M.Rəsulovanı təhqir etmiş, Cavabdeh isə iddiaçının tərəfini saxlamışdır. Sonradan M.Rəsulova evin kirayə haqqını verə bilmədiyinə görə onlar kirayə qaldıqları evdən çıxmalı olmuşlar. İddiaçı və F.Babyev iddiaçının atasıgildə yaşamağa getmişlər, M.Rəsulova isə məcbur olub kəndə qayıtmışdır. F.Babyev və iddiaçı uzun müddət ərzində M.Rəsulova ilə heç maraqlanmamışlar. M.Rəsulova bir müddət sonra yenidən Bakı şəhərinə qayıdaraq bacı-qardaş evində yaşamış, işləmiş və 2012-ci ilin noyabr ayında isə bacı-qardaşının və digər qohumların köməyi ilə hazırda yaşadığı və mübahisə predmeti olan torpaq sahəsini almışdır. Torpaq sahəsini qonşuları X1 ilə şərikli alaraq iki yerə bölmüşlər. Onlar həmin torpaq sahəsini və evi alarkən onlara “Fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəli” verilmişdir. M.Rəsulova torpaq sahəsini alarkən sahədə bir otaqlı tikili də olmuşdur və min bir əziyyətlə işləyib, sonradan əlavə otaq da düzəldərək orada uzun müddət tək-tənha yaşamışdır. Ancaq imkanı olmadığı üçün evin hasarı və darvazasını da çəkdirə bilməmiş, ancaq keçən il düzəltdirə bilmişdir. Hətta imkanı olmadığı üçün əvvəllər qonşuların işığından, suyundan istifadə etmişdir. Sonradan evə işıq və qaz sayğacı çəkilmişdir. Həmin evi tikib hazırlayanda özü fəhlə kimi də işləmişdir. Mübahisəli tikiliyə aid bütün kommunal xidmətlərlə bağlı müqavilələr M.Rəsulova ilə bağlanmışdır. Təxminən 2015-cı ildə Cavabdeh onun ev alması barədə xəbər tutmuş və imkanı olmadığını, kirayə qaldığı evə pul ödəyə bilmədiyi üçün çıxmalı olduğunu deyərək köçüb onunla yaşamağa razılıq verməsini istəmişdir. M.Rəsulova məcbur qalaraq Cavabdeh ilə iddiaçının həmin evə köçüb yaşamaqlarına razılaşmışdır. İddiaçı əvvəlcə M.Rəsulova ilə yaxşı davransa da sonradan yenə də onunla yola getməmiş, dəfələrlə onu təhqir etmiş, öz evinə buraxmamış, evi əlindən alacağı ilə hədələmişdir. Hətta onların problemləri ailədən kənara çıxaraq, polis orqanlarına qədər belə getmişdir. Sonradan isə F.Babyev ilə iddiaçı məhkəmə qaydasında boşanmışlar. Lakin iddiaçı boşanmasına və həmin evdə yaşamamasına baxmayaraq əşyalarını M.Rəsulovanın evindən çıxarmayaraq, bir otağa yığıb qapını qıfılla bağlamışdır. Polis əməkdaşları tərəfindən də həmin əşyalar siyahıya alınmışdır. Bu səbəbdən də, M.Rəsulova evindən sərbəst şəkildə istifadə edə bilmir. Müstəqil iddia Rayon Məhkəməsi tərəfindən icraata götürülmüş və ilk iddia ilə birlikdə baxılmışdır. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 21.04.2021-ci il tarixli qətnamə ilə ilk iddianın təmin edilməsini, İddiaçı yetkinlik yaşına çatmayan övladları ilə birlikdə ilə mübahisəli özbaşına tikiliyə köçürülməsini, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 10 manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsini, M.Rəsulovanın müstəqil iddiasının təmin edilməməsini, müstəqil iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun M.Rəsulovanın özünə aid edilməsini qət etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs M.Rəsulova həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilk iddianın rədd, müstəqil iddianın isə təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil iddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İş üzrə üçüncü şəxs M.Rəsulova işə apellyasiya qaydasında baxılmanın iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İlk iddia üzrə iddiaçı, müstəqil iddia üzrə cavabdeh İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və ilk iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. İlk iddia üzrə Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin məzmununa izahat verdi. O, əlavə olaraq bildirdi ki, mübahisəli özbaşına tikili onun anası M.Rəsulovaya deyil, ona və İddiaçı məxsusdur. Belə ki, birgə yaşadıqları dövrdə, yəni 2010-cu ilin oktyabrnoyabr aylarında, o və İddiaçı Sulutəpə qəsəbəsində, üzərində yarımçıq tikili olan 3 sot torpaq sahəsini 5.000 ABŞ dollarına almışlar. Bunun üçün iddiaçı qohumları tərəfindən hədiyyə edilmiş qızıl-zinət əşyalarını, o özü isə özünə məxsus “VAZ 2106” markalı avtomobili satmışlar. Torpaq sahəsini aldıqdan sonra, onlar hissə-hissə təxminən 25.000 manata həmin torpaq sahəsində olan yarım tikiliyə xərcləməklə tikilini artırmaq yolu ilə bir mərtəbəli üç otaqlı ev tikmişlər. Sonradan nikahları pozulsa da hazırda onlar barışmışlar, ailə bərpa olunub. Hər ikisi mübahisəli tikilidə yaşayırlar. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, mübahisəli tikilinin hüquq müəyyənedici sənədləri yoxdur, tikili buna lazımi icazələr alınmadan inşa edilmişdir.. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Bununla da müəyyən edilir ki, mübahisəli tikili özbaşına tikilidir. İlk iddia üzrə iddiaçı və cavabdeh bildirirlər ki, özbaşına tikili onlara məxsusdur, çünki tikilini onlar əldə etmiş, onun tikintisini başa çatdıraraq abadlaşdırmışlar. Müstəqil tələbi irəli sürən M.Rəsulova isə bildirir ki, mübahisəli tikilini o əldə etmiş və tikiliyə aid bütün kommunal xidmətlərlə bağlı müqavilələr onunla bağlanmışdır. Bu səbəbdən də, tikili ona məxsusdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə M.Rəsulova arasında bağlanmış 19.11.2020-ci il tarixli “Enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alğı-satqısının birtipli müqavilədən” görünür ki, ASC mübahisəli tikilinin elektrik enerjisi ilə təchiz edilməsi ilə bağlı abonent kimi M.Rəsulovanı tanımışdır. “Azəriqaz” İstehsalat Birliyi ilə M.Rəsulova arasında bağlanmış 17.11.2020-ci il tarixli “Qaz paylacısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqaviləsindən” görünür ki, Birlik mübahisəli tikilinin təbii qaz ilə təchiz edilməsi ilə bağlı abonent kimi M.Rəsulovanı tanımışdır. "xxxx" ASC ilə M.Rəsulova arasında bağlanmış 17.11.2020-ci il tarixli “Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən” görünür ki, ASC mübahisəli tikilinin içməli su ilə təchiz edilməsi ilə bağlı abonent kimi M.Rəsulovanı tanımışdır. Binəqədi Rayon Xocasən bələdiyyəsinin 25.11.2020-ci il tarixli, 372/02 №-li məktubundan görünür ki, M.Rəsulova mübahiəsli tikiliyə görə bələdiyyədə vergi ödəyicisi kimi 2020-ci ildə qeydiyyata alınmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikintiyə hər hansı əmlak hüquqlarının əldə edilməsi qeyri-mümkündür. Bu baxımdan qeyd edilməlidir ki, ilk iddia üzrə iddiaçı və cavabdeh, habelə özbaşına tikiliyə aid bütün kommunal xidmətlərlə bağlı müqavilələr onunla bağlanmış M.Rəsulova özbaşına tikili üzərində hər hansı hüquq əldə etməmişlər. İlk iddia üzrə iddiaçı bildirir ki, o və əri olan Cavabdeh birgə yaşadıqları dövrdə, yəni 2010-cu ilin oktyabr-noyabr aylarında, üzərində yarımçıq tikili olan 3 sot torpaq sahəsini satın almışlar. Sonra, onlar tikilini artırmaq yolu ilə bir mərtəbəli üç otaqlı ev tikmişlər. 2011-ci ilin əvvəllərindən başlayaraq 2019-cu ilin dekabr ayının 27-ə kimi həmin evdə uşaqları ilə birlikdə yaşamışlar. Daha sonra onunla Cavabdeh münasibətləri pisləşmiş və F.Babeyev onu evdən qovmuşdur. İlk iddia üzrə Cavabdeh bu halları təsdiq edir. Müstəqil iddia tələbi irəli sürən M.Rəsulova isə bildirir ki, mübahisəli tikilini və tikilinin yerləşdiyi torpaq sahəsini, o, 2012-ci ilin noyabr ayında əldə etmişdir. Sonradan orada tikinti və abadlaşdırma işləri görmüşdür. İlk iddia üzrə iddiaçı və cavabdeh onun icazəsi ilə tikiliyə 2015-cı ildə köçmüş və onunla birlikdə həmin tikilidə yaşamışlar. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, ilk iddia üzrə iddiaçının 2011-ci ildən və ya 2015-ci ildən etibarən mübahisəli tikiliyə köçərək müstəqil iddia tələbi irəli sürən M.Rəsulova ilə birlikdə mübahisəli tikilidə yaşamasından asılı olmayaraq həmin tikili onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi mübahisəli tikilidə yaşayıb və əri F.Babyev ilə münasibətləri pisləşdiyinə görə, F.Babyev onu yaşadığı tikilidən qovmuşdur (aktiv hərəkət ilə ifadə olunan məhrumetmə). Özünü mübahisəli tikilinin sahibi kimi təqdim edən (iddiaçının qayınanası) M.Rəsulova isə övladı F.Babyevin bu kimi hərəkəti ilə razılaşmışdır (passiv hərəkət ilə ifadə olunan məhrumetmə). Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (mənfi təsir etməklə mənzildən çıxarma, mənfi təsir etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. İddiaçının ərinin və qayınanasının ev üzərində hüquqlarının olmasını təsdiq edən sübutlar məhkəmələrə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdikləri məhrumetmə (mənfi təsir etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, də müəyyən edilir ki, iddiaçıya münasibətdə qadağanedici norma pozulmuşdur. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. İddiaçının mübahisəli tikilidən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsa idi (evdə yaşamaq səlahiyyəti versə idi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarından biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. İddiaçının və onun uşaqlarının mübahisəli özbaşına tikiliyə köçürülməsi barədə qətnamənin qəbul olunması onların həmin tikilidən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının və onun uşaqların həmin tikilidən məhrum edilməsinə və ya tikilinin özbaşına tikili kimi sökülməsinə mane olmur. Tikiliyə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Bu baxımdan hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi ilk iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri formal mülahizə xarakteri daşıyır. Bundan başqa, Məhkəmə bildirir ki, müstəqil tələb irəli sürən M.Rəsulovanın mübahisəli tikilinin ona məxsus olması barədə dəlili öz təsdiqini tapmır. O, bununla bağlı sübutları (ona məxsus olmasını təsdiq edəcək hər hansı bir hüquqmüəyyən edəcək sənədləri) məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu baxımdan Məhkəmə hesab edir ki, M.Rəsulova ilk iddia üzrə iddiaçıya məxsus əşyaların mübahisəli tikilidən məcburi qaydada çıxarılmasını tələb edə bilməz. İşə baxmış Rayon Məhkəməsi müstəqil iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri də formal mülahizə xarakteri daşıyır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün M.Rəsulova tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 aprel 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi M.Rəsulova tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6102/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6102/2021
02.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver