Məhkəmə qərarları › İş №2(103)-611/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-611/2024

31.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-611/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3648/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı "mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özü və azyaşlı qzı xx.xx.2011-ci il təvəllüdlü X2 ünvan 1 ünvana köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında olan nikah Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-927/2020 nömrəli qətnaməsi ilə pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X6 onun himayəsinə verilmiş və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat alimentin cavabdehdən tutulması qət olunmuşdur. İddiaçı nikaha daxil olduqdan sonra ünvan 1 ünvanına gəlin köçmüş, hazırda cehiz əşyaları həmin evdədir. Mənzilə gəlin köçdüyü müddətdən pasport qeydiyyatına alınıb və uşaqları ilə birlikdə həmin mənzildə yaşamışdır. X1 məhkəmə qətnaməsinə əsasən onun himayəsində saxlansa da könüllü razılığı ilə hazırda atasının yanında ünvan 1 ünvanında yaşayır. Hazırda onun və azyaşlı övladının yaşayış yeri yoxdur, bu səbəbdən də onların həmin ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mübahisə predmeti olan ünvan 1 ünvanının mülkiyyətçisi X3 üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3648/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia tələbi təmin olunmuş, İddiaçı və xx.xx.2011-ci il təvəllüdlü X2 ünvan 1 ünvanında olan mənzilə köçürülməsi qət olunmuşdur. Üçüncü şəxs X3 (bundan sonra, üçüncü şəxs) birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, mülkiyyətçi kimi hüquqlarının pozulması, iddianın rədd olunmalı olması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq hazırkı iş üzrə üçüncü şəxsin mübahisə proedmeti olan mənzilin mülkiyyətçisi olmasını, lakin iddia tələbinin mülkiyyətçiyə qarşı deyil, iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəlməsini, üçüncü şəxsin mülkiyyətçi olmasının iddiaçıya məlum olmasını, lakin onu iddia ərizəsində cavabdeh kimi göstərməməsini, eləcə də birinci instansiya məhkəməsində icraat zamanı tələbini dəyişdirməməsini, mülkiyyətçinin də cavabdeh kimi cəlb olunması barədə vəsatət verməməsini və s. göstərmişdir, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq üçüncü şəxsin onun keçmiş qaynatası olmasını, uzun müddət birlikdə yaşamalarını, hazırki iddia tələbini məhz keçmiş əri Cavabdeh qarşı irəli sürməsini və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında 20 sentyabr 2005-ci il tarixdə nikahın bağlanması, birgə nikahlarından iki yetkinlik yaşına çatmayan uşaqlarının olması, nikahlarının Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qətnaməsi ilə pozulması işin mübahisə olunmayan hallarıdır. Həmçinin işdə olan sübutlardan və izahatlardan görünür ki, iddiaçının köçürülməsini tələb etdiyi ünvan 1 ünvanı hələ xx.xx.2007-ci il tarixdən etibarən üçüncü şəxsin adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. Belə olan halda isə hər hansı şəxsin mülkiyyətində olan yaşayış sahəsinə köçürülmə tələbi həmin daşınmaz əmlakın mülkiyyətçisinə qarşı qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İddiaçı isə iddia tələbini mübahisəli daşınmaz əmlak üzərində hər hansı mülkiyyət payı olmayan şəxsə, yəni əsl olmayan cavabdehə qarşı qaldırmış, buna baxmayaraq birinci instansiya məhkəməsində icraat zamanı bunu bildiyi halda tələbini dəyişdirməmiş, mülkiyyətçinin cavabdeh qismində cəlb olunmasını tələb etməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, mənzil mülkiyyətçisinin cavabdeh qismində cəlb olunması istiqamətində (əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması və s.) prosessual hüquq normalarının imkanlarından lazımi qaydada istifadə etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir (halbuki, işə birinci instansiya məhkəməsində baxılarkən üçüncü şəxs məhkəməyə təqdim etdiyi yazılı müraciətlərində də 2007ci ildən mənzilin xüsusi mülkiyyətçisi olduğunu qeyd etmişdir). Belə ki, MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. MPM-in 51.3-cü maddəsinə əsasən, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 54.1 və 54.2-ci maddələrinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. MPM-in 57.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər Göründüyü kimi, iddia iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə kollegiyası məsələyə ilk növbədə prosessual baxımdan qiymət verərək qeyd edir ki, apellyasiya baxışı zamanı əsl olmayan tərəfin əvəz edilməsi apellyasiya icraatının mahiyyətinə ziddir. Qeyd edilməlidir ki, əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması və ya başqa cavabdehin prosesə cəlb olunması məsələsi işə birinci instansiya məhkəməsində baxılan zamanı, xüsusilə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həyata keçirilməldir (həmçinin, MPM-in 167.1.4-ci maddəsi də əsl olmayan tərəfin əvəz edilməsi məsələsinin birinci instansiya məhkəməsinin icraatında həll edilməsini müəyyən etmişdir). Eyni zamanda, mülki prosesdə müstəqil tələb irəli sürməyən şəxslə cavabdehin prosessual hüquqlarını tənzimləyən normalara əsasən cavabdeh daha geniş hüquqlara malikdir. Əsl cavabdehin yalnız üçüncü şəxs kimi prosesə cəlb edilməsi yolverilməz olmaqla, onun cavabdehin hüquqlardan istifadə etməsi imkanlarını məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsi tərəfindən yol verilmiş pozuntunun xarakterini, habelə apellyasiya baxışı zamanı cavabdehin əsl cavabdehlə əvəz edilməsinin və ya başqa cavabdehin cəlb edilməsinin mümkünsüzlüyünü nəzərə alaraq, iş üzrə müəyyən edilmiş hallar və sübutlar əsasında MPM-in 384.0.2-ci maddəsinə əsasən yeni qərar qəbul olunmasını mümkün hesab edir. Ona görə də iddia ona cavab verməli olmayan şəxsə qarşı verilməsi əsası ilə təmin edilməməlidir. Lakin, iddiaçı əsl cavabdehə qarşı müvafiq tələb hüququnu özündə saxlayır. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaya mahiyyəti üzrə (iddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməsinə hüquqi əsasların mövcud olub-olmaması və s.) hüquqi qiymət verməyi zəruri hesab etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iddia yuxarıda qeyd olunan əsaslarla rədd edilməldir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3648/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3648/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun, iddia qətnamənin əsaslandırıcı hissəsində qeyd olunan əsaslarla təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar