Məhkəmə qərarları › İş №2(103)-6110/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6110/2024

30.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6110/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə, iddiaçı Cavabdeh İddiaçı qarşı əşyaların təhvil verilməsi tələbinə dair iş üzrə (Açar sözlər: mülki işlərin bir icraatda birləşdirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə, iddiaçı Cavabdeh İddiaçı qarşı əşyaların təhvil verilməsi tələbinə dair iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-3297/2024 nömrəli qərardadından iddiaçı-cavabdeh İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 iyul 2020-ci ildə anadan olmuş Aygün adlı uşağı ilə birlikdə Cavabdeh mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməysinə və iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3297/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair e-2(003)- 3297/2024 saylı mülki iş, iddiaçı Cavabdeh İddiaçı qarşı əşyaların təhvil verilməsi tələbinə dair e-2(003)-3095/2024 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılması qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3297/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3297/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qərardaddan şikayət yalnız məcəllədə göstərilmiş hallarda, məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduğu halda verilməsi mümkün olduğundan, Məhkəmənin e-2(003)-3297/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı işin sonrakı hərəkətinə mane olmadığına görə ondan şikayət verilə bilməz. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3297/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə razılaşmayan iddiaçı-cavabdeh İddiaçı şikayət verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3297/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edərək hazırki işin ayrıca məhkəmə baxışına təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli e– 2(003)–3297/2024 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı əşyaların təhvil verilməsi tələbinə dair e-2(003)-3095/2024 mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılması qənaətinə gəlinmişdir. Həmin qərardaddan vermiş olduğu şikayət Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli e-2(003)- 3297/2024 saylı qərardadı ilə geri qaytarılmışdır. Hesab edilir ki, qərardad qanunsuz və əsassız olaraq qəbul edilmişdir və aşağıdakılara əsasən ləğv edilərək İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsinə ayrıca icraatda baxılmalıdır. Belə ki, qərardadda yalnız iki mülki işin bir icraata birləşdirilməsinin daha məqsədəmüvafiq olduğunu qeyd etmiş, lakin məqsədəmüvafiqliyin nədən ibarət olmasını əsasladırmamışdır. Halbuki hər iki iddia eyni tərəflər arasında olmuş olsa da, hər iki iddia tamamilə biri digərini inkar edən bir iddiadır. Birinci instansiya məhkəməsinin İddiaçı evə köçürülmə tələbinə dair iddiasının Cavabdeh iddiasına birləşdirməklə bir icraatda baxılmasına təşəbbüs göstərməsi, əvvəlcədən Cavabdeh iddiasının təmin edilməsinə yönəlmiş bir addım kimi qəbul edilməlidir. Hesab edir ki, gələcəkdə iddiaçı azyaşlı uşağı ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürüləcəyi təqdirdə onun həmin evdən cehiz əşyalarının çıxarılması zərurəti aradan qalxmış olacaqdır. Evə köçürülmə iddiası təkcə İddiaçı deyil, ən əsası isə azyaşlı uşağın mənafeyi baxımından mühüm əhəmiyyətə malikdir. İddiaçı evə köçürülmə tələbinə dair iddiasına mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh iddiası üzrə mülki işin icraatının dayandırılması ədalətli məhkəmə araşdırmasının təmin edilməsi baxımından daha səmərəli bir addım olardı. Hazırki qərardadla isə qərardaddan şikayət verilə bilməməsi əsası ilə şikayət geri qayarılmışdır. Halbuki Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli e–2(003)– 3297/2024 saylı qərardadında ümumiyyətlə şikayət verilib verilməməsi ilə bağlı heç bir qeyd aparılmamışdır. O, qanunla qadağan olunmayan üsul kimi hüquqlarından istifadə edərək mülki işin birləşdirilməsi barədə qərardaddan şikayət vermişdir. Birinci instansiya məhkəməsinın mahiyyət etibarı ilə bir-birinin əksinə olan iddiaların birləşdirilməsi qənaətinə gəlməklə iş üzrə düzgün nəticə verməmişdir. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3297/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-3297/2024 nömrəli qərardadından verdiyi şikayəti təmin edilməyərək şikayətin 7 gün müddətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Maddə 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Maddə 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Maddə 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki işdən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3297/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin Məhkəmənin icraatında olan İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair e-2(003)-3297/2024 saylı və iddiaçı Cavabdeh İddiaçı qarşı əşyaların təhvil verilməsi tələbinə dair e-2(003)-3095/2024 saylı mülki işlər bir icraatda birləşdirilmiş, bununla razılaşmayan ilk mülki iş üzrə iddiaçı, ikinci mülki iş üzrə cavabdeh İddiaçı verdiyi şikayət mülki işlərin bir icraatda birləşdirilməsinə dair qərardaddan şikayət verilməsi nəzərdə tutulmadığından geri qaytarılmışdır. İddiaçının şikayətinin dəlillərinə görə onun iddiası təmin ediləcəyi halda ona məxsus əşyaların evdən çıxarılması zərurəti aradan qalxacaq, mülki işlərin bir icraatda birləşdirilməsi cavabdehin ona qarşı olan iddiasının təmin edilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. İşdə iştirak edən şəxslər isə birinci instansiya məhkəmələrinin qərardadlarından iki halda, yəni MPM-də göstərildiyi və ya məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduğu halda şikayət vermək hüququna malikdirlər. Birinci instansiya məhkəmələrinin şikayət verilməyən qərardadları ilə razılaşmayan şəxslər isə qərardada olan öz etirazlarını iş üzrə yekun məhkəmə aktından verəcəkləri apellyasiya şikayətlərinə daxil edə bilərlər. Kollegiya eyni zamanda iddiaçıya izah edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığından, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğundan (MPM 14.2., 77.1. mad.) mülki işlərin bir icraatda birləşdirilməsi halı hər hansı bir tələbin təmin ediləcəyi kimi qiymətləndirilə bilməz. Belə ki, mülki işlərin bir icraatda birləşdrilməsində məqsəd işlərə ağılabatan müddətdə baxılmasına, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsinə, məhkəmələrin iş yükünün azaldılmasına və fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş prosessual qənaət prinsipinin realizəsinə xidmət etməkdir. İstinad olunanlara əsasən Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin şikayətin geri qaytarılması barədə gəldiyi nəticə düzgün olduğundan şikayət təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-3297/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar