Məhkəmə qərarları › İş №2(103)-6115/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6115/2022

21.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6115/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: yaşayış evinin naturada bölünməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi, eyni zamanda X5 və Cavabdeh3 vəkili X6 iştirakları ilə, İddiaçı cavabdehlər X5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “yaşayış evinin naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(003)-4570/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 21 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Resyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya RX ******* xx.xx.2015-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi D.Bünyadzadə küçəsi 5-ci keçid 11 saylı ev 1/12 hissədə Cavabdeh4, 1/12 hissədə X5, 1/12 hissədə Cavabdeh2, 1/12 hissədə Cavabdeh3, 8/12 hissədə X2 mülkiyyətindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər X5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, D.Bünyadzadə küçəsi, 5-ci keçid, 11 saylı evin naturada bölünməsi, otaqla ümumi dəhliz arasında olan qapının bağlanması və həmin otağın pəncərə hissəsindən həyətə ayrıca qapının açılması, hamamın bölünməsinə və hasarın sökülərək küçəyə çıxışın ayrılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, D.Bünyadzadə küçəsi, 5-ci keçid, 11 saylı ev qızı X2 və cavabdehlərin ümumi paylı mülkiyyətindədir. O evdə daimi olaraq yaşayır. Ev 62 kv.metr yaşayış sahəsi, 61.9 kv. metr yardımçı sahəsi vardır. Yaşayış otaqlarının sayı 3 olmaqla cəmi ümumi sahə 123.9 kv.metrdir. Evin 8/12 hissəsi qızı Bilurənin, 1/12 hissəsi isə cavabdehlərin paydır. Ev üzərində olan mülkiyyət hüquqları DƏDRX-də dövlət qeydiyyatından keçmişdir. Cavabdehlər qızlarıdır. Onlar onu çox incidir, evdən sərbəst istifadə etməyə imkan vermir, tez-tez onu nalayiq sözlərlə təhqir edir və hətta ona əl qaldırmaqdan belə çəkinmirlər. Onlar təqsirli və xuliqanlıq əməllərindən o ağır iztirablar keçirmiş və səhətində ciddi problemlər yaranmışdır. Uzun illər aralarında olan mübahisə başa çatmır. Cavabdehlər onu yaşamağa qoymurlar. Hazırda evə giriş ümumidir. Ümumi pilləkəndən aynabəndə, oradan isə evin tam ortasında yerləşən dəhlizə daxil olandan sonra digər otaqlara keçmək mümkündür. O cavabdehlərin istifadə etdikləri və əmlaklarını topladıqları, böyük qonaq otağı ilə digər kiçik otaq arasında qalan və sahəsi 16,4 kv.metr olan otaqdan onların dəhlizə keçmək üçün olan girişin bağlanması və həmin otağın pəncərəsindən həyətə girişin açılması, həyətdə olan hamam bölünməsi və oradan cavabdehlərin gediş-gəliş üçün hasardan küçəyə çıxışın təmin olunmasını tələb edir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(003)- 4570/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının naturada bölgüsünün aparılmalı olduğunu iddia etdiyi əmlak daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya RX ******* xx.xx.2015-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi D.Bünyadzadə küçəsi 5-ci keçid 11 saylı ev 1/12 hissədə Cavabdeh4, 1/12 hissədə X5, 1/12 hissədə Cavabdeh2, 1/12 hissədə Cavabdeh3, 1/12 hissədə X2 mülkiyyətindədir. İddiaçı isə qeyd edilən əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Göründüyü kimi iddiaçının naturada bölünməsini iddia etdiyi evə dair hər hansı bir mülkiyyət hüququ yoxdur. Əksinə mülki iş üzrə cavabdehlər X5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi D.Bünyadzadə küçəsi 5-ci keçid 11 saylı evin paylı mülkiyyətçiləridir. Mülkiyyət hüququnun tanınması və qorunması isə mülkiyyətçilər konstitusion hüququdur.

6. Məhkəmə gəldiyi nəticəni Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına eləcə də Azərbaycan Respublikası MPM-in 4.1, 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

7. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, əsl olmayan İddiaçı əsl iddiaçı Bilurə Gədəbəyova ilə əvəz edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, D.Bünyadzadə küçəsi, 5-ci keçid, 11 saylı evin Bilurə Gədəbəyovaya məxsus 8/12 hissəsində payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, onun ünvanda yaşadığı və naturada ayrılmasını tələb etdiyi yer qızı Bilurə Gədəbəyovaya məxsus 8/12 hissədən ibarətdir. Qızının ona məhkəmədə təmsil etmək üçün etibarnaməsi də mövcuddur. Lakin məhkəmə işə baxarkən iddia ərizəsində onun Bilurə Gədəbəyovanın etibarnamə üzrə nümayəndəsi kimi deyil, iddiaçı kimi qiymət vermiş və onun həmin əmlakda payının olmaması əsası ilə iddia tələbini təmin etməmiş, payın naturada ayrılmasının mümkünlüyünü müəyyən etmək üçün ekspertiza təyin etməli olduğu halda ekspertiza belə təyin etməmişdir. Həmçinin məhkəmə tərəfindən təqdim edilmiş sübutlara istinad etməklə, yalnız iddiaçının mülkiyyət hüquqlarının olmamasına əsaslanaraq, əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz edilməsini ona təklif etməmiş, onun razılığı olmadan iddia tələbinə mahiyyəti üzrə baxmışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, əlavə olaraq bildirdi ki, mübahisəli evi yoldaşı ilə özü tikmişdir, həmin evə istifadə hüququ vardır. Hazırda isə evin qızına aid olan hissəsinin natura ayrılmasını xahiş etmişdir. 11.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi, eyni zamanda X5 və Cavabdeh3 vəkili X7 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçının naturada bölünməsini xahiş etdiyi evə dair mülkiyyət hüquqları mövcud olmamışdır. Həmçinin iddiaçı qızının adından da iddia qaldırmışdır. Mübahisəli evə dair isə bir çox ekspert rəyi verilməklə evin naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən maddi hüquq norması

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. 14.Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 15.Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 16.Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 17.Həmin Məcəllənin 213.1-ci maddəyə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur 18.Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 19.Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 20.Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 21.Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 22.Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. 23.Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

Apelyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, əsl olmayan İddiaçı əsl iddiaçı Bilurə Gədəbəyova ilə əvəz edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, D.Bünyadzadə küçəsi, 5-ci keçid, 11 saylı evin Bilurə Gədəbəyovaya məxsus 8/12 hissəsində payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılmalıdır. 27.Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına hazırki qətnamədən verilmiş apellyasiya şikayəti əvəzinə başqa bir mülki işlə bağlı verilmiş apellyasiya şikayəti tikilsə də, apellyasiya baxışı zamanı X1 hazırki iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apellyasiya şikayətinin olması müəyyən edilməklə iş materiallarına əlavə edilmişdir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, iddiaçının naturada bölgüsünün aparılmalı olduğunu iddia etdiyi əmlak daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya RX ******* xx.xx.2015-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi D.Bünyadzadə küçəsi 5-ci keçid 11 saylı ev 1/12 hissədə Cavabdeh4, 1/12 hissədə X5, 1/12 hissədə Cavabdeh2, 1/12 hissədə Cavabdeh3, 8/12 hissədə X2 mülkiyyətindədir. İddiaçı isə qeyd edilən əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. 30.Göründüyü kimi, ümumi mülkiyyətdə olan əmlakın bölünməsi və ya ondan payın naturada ayrılmasını həmin əmlakın mülkiyyətçiləri tələb edə bilər. Daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun yaranması isə həmin hüququn dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Hazırki işin hallarına əsasən isə mübahisəli əmlak üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. 31.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. 32.Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur, belə ki, iş materiallarında iddiaçının adına mübahisəli evin paylı mülkiyyətçisi X4 tərəfindən onun adından iddia qaldırmaq hüququ verən etibarnamə mövcud olmamışdır, belə bir etibarnamə mövcud olsa belə İddiaçı hazırki iddia tələbində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, D.Bünyadzadə küçəsi, 5-ci keçid, 11 saylı evin X3 məxsus hissədə deyil, ümumilikdə evin naturada bölünməsini, otaqla ümumi dəhliz arasında olan qapının bağlanması və həmin otağın pəncərə hissəsindən həyətə ayrıca qapının açılması, hamamın bölünməsinə və hasarın sökülərək küçəyə çıxışın ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, belə olan halda isə iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi yol verilməzdir. 33.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının naturada bölünməsini iddia etdiyi evə dair hər hansı bir mülkiyyət hüququ olmadığından iş üzrə hər hansı bir ekspertizanın da təyin edilməsinə lüzum olmamışdır.

34. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarət olmuşdur.

35. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

36. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

37. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(003)-4570/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar