Məhkəmə qərarları › İş №2(103)-6115/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6115/2023

31.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6115/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi -vəkili Vəkil1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə (üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti cəlb edilməklə) qarşı “əmrin ləğv edilməsi və işə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4323/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı xx.xx.1980-ci il də işə başlamış, xx.xx.2009-cu il tarixdə "xxxx" ASC-də X2 vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə AR ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əmək müqaviləsinə xitam verilmişdir. Hazırda İddiaçı işdən çıxarılma barədə əmri mübahisələndirir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh "xxxx" ASC-yə (üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli işdən çıxarılma barədə əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-cı il tarixdən Bakı Baş Tikinti 2 nömrəli ev tikmə kombinatında 2-ci dərəcəli fəhlə kimi fəaliyyətə başlamışdır. xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixə qədər hərbi xidmətdə olmuşdur. 1985-ci il tarixdən həmin yerdə 3-cü dərəcəli Tokelajnik kimi çalışmışdır. 1988-ci ildə həmin yerdə keyfiyyət üzrə növbə ustası, 1994-cü ildə keyfiyyət üzrə növbə rəisi işləmişdir. 2008-ci il tarixdə işlədiyi yer özəlləşdirilərək "xxxx" ASC adı ilə əvəz olunmuşdur. 2009-cu il tarixdə təhlükəsizlik mühəndisi xx.xx.2023-cü il tarixdə həmin ASC-də qeyd etdiyi vəzifədən işdən çıxarılmış, həmin tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. 41 il ərzində işlədiyi ASC-də öz vəzifələrinin icrasını şərəflə yerinə yetirmişdir. İddiaçı hesab edir ki, onun işdən çıxarılması barədə əmr etibarsızdır. Belə ki, Əmək Məcəlləsinin 78.2-ci maddəsində qeyd edilir ki, işəgötürən ixtisasları (peşələri) və ya peşakarlıq səviyyələri eyni olduqda işdə saxlanılmasına üstünlük verilən şəxslərdən biridə müharibə iştirakçılarıdır. İddiaçı da müharibə veteranı olduğundan işdən çıxarılma barədə əmrin etibarsız olduğunu hesab edir. Həmçinin iddiaçı qeyd edir ki, ASC-də onun da səhmləri var. Belə ki, 2008-ci il tarixli investisiya müsahibəsində satılmış səhmlərin alqı-satqı müqaviləsi ilə onun da həmin müəssisədə səhmi var. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli işdən çıxarılma barədə əmrin ləğv edilməsi vətəhlükəsizlik üzrə mühəndis vəzifəsinə təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4323/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi işin hallarını, Əmək Məcəlləsinin 300-cü maddəsinin dispozisiya şərtləri əsasında yoxlayaraq, əmrin ləğv olunması üçün əsasların olmadığını və əmrin qanunauyğun olduğunu müəyyən etmişdir. Məhkəmə qeyd etmişdir ki, əmr verilərkən Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən olunan zəruri tədbirlər işəgötürən tərəfindən görülmüş, 77-ci maddəsində nəzərdə tutulan təminatlara riayət olunmuşdur. Beləliklə, məhkəmə hesab etmişdir ki, işə götürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən, Əmək Məcəlləsinin müvafiq maddələrinə tam riayət edilmiş, işçinin iş stajı nəzərə alınaraq müqaviləyə xitam verilməmişdən qabaq işçiyə rəsmi xəbərdarlıq edilmiş, bundan sonra əmək müqaviləsinə qanunamüvafiq formada xitam verilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78.2-ci maddəsində işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər qeyd edilib. Eyni zamanda o da qeyd edilir ki, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda müharibə veteranları işdə saxlanmasına üstünlük verilməlidir. İşləmiş olduğu ASC-də ixtisarlar olduğu vaxt onu da ixtisar ediblər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Müharibədə iştirakı barədə veteran vəsiqəsini iş materiallarına daxil etmişdir. Bununla belə məhkəmə bütün bu halı qeydə almamışdır. Digər tərəfdən məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh "Bakı İnşaat-2” ASC-nin nümayəndəsi və vəkili ştatların hansı əsaslarla ixtisara düşməsini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Bu halda özlüyündə məhkəmə tərəfindən araşdırılmamış ştatların hansı əsaslarla ixtisara düşməsinin əsası bildirilməmişdir. Həmin hüquq normasını məhkəmə öz qətnaməsində qeyd etməsinə baxmayaraq düzgün tətbiq etməmişdir. Eyni zamanda məhkəmə sübutları qiymətləndirən zaman düzgün olmayan qənaətə gəlmişdir. Tərəflərindən məhkəməyə təqdim edilən müharibədə iştirak barədə veteranlıq vəsiqəsini sübut əhəmiyyətli hal kimi qiymətləndirməmişdir. Bundan əlavə həmin ASC-də 43 il işləməsi də nəzərə alınmamışdır. Məhkəmə yalnız cavabdeh tərəfindən verilmiş sübutları qiymətləndirmişdir. Həmçinin birinci instansiya məhkəməsi, işlədiyi dövrlər ərizində hər hansı bir töhmətinin olmamasını, ştatların ixtisarının hansı əsaslarla getməsini, onun həmin ASC-də səhm sahibi olmasını və ən əsasda müəssisəyə yenidən əlavə işçilərin götürülməsi kimi halları araşdırmamışdır. Proses iştirakçılarının izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz etdi və əlavə olaraq bildirdi ki, iddiaçı iddia müddətini də ötürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi O.Ədalətli izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixdə ayrıca əmr verilməli idi. Apelyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Belə olan halda qətnamə tam yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq: Əmək Məcəlləsi: 11-ci maddəsinin 1-ci hissəsinin "xxxx" bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. 16-cı maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə ağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. 71-ci maddəsinin İİİ bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 71-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77-ci maddəsinin 2-ci bəndinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77-ci maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və "xxxx" bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 77-ci maddəsinin 4-cü bəndinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 78-ci maddəsinə görə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2 Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzıün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbini rədd etməklə birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən kifayət qədər araşdırma aparmamış, eləcə də maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2008-ci il tarixli, İM-36 nömrəli "xxxx" ASC-nin investisiya müsabiqəsində satılmış səhmlərinin alqı-satqı müqaviləsinə, Protokola, 1 və 2 saylı əlavələrə əsasən, "xxxx" ASC-nin səhmləri (satıcı Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi) "xxxx" MMC-yə satılmışdır. xx.xx.2022-ci il tarixli Əmək Müqaviləsinindən (Kontrakt) və bildirişdən görünür ki, İddiaçı ilə əmək müqaviləsi bağlanmış, sonuncu X2 vəzifəsinə təyin edilmiş və işə başlama vaxtı xx.xx.2009-cu il tarixdən hesablanmışdır. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il də işə başlamış, xx.xx.2009-cu il tarixdə "xxxx" ASC-də X2 vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə AR ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" ASC tərəfindən İddiaçı göndərilmiş xəbərdarlıq məktubundan, 01-K saylı xx.xx.2023-cü il tarixli əmrdən və qeyddən görünür ki, Cəmiyyətdə təhlükəsizlik üzrə mütəxəssis İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilməsi və 77-ci maddənin 2-ci bəndinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə işçinin azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi əmr edilmişdir. İstifadə olunmamış əmək məzuniyyəti-151 gün. Əsas: xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq. Həmin əmrdə digər şəxslər barəsində də məlumat öz əksini tapmışdır. “Global Express” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qaimənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı göndərilmiş məktub sonuncu tərəfindən qəbul edilsə də, qaiməyə qol çəkməkdən imtina etmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. “Global Express” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qaimənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı göndərilmiş məktub sonuncu qaiməni imzalamamış və məktubu götürməmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 02 TS nömrəli ştatın ləğv edilməsi haqqında əmrə əsasən, xx.xx.2023-cü il tarixdə 1 (bir) ştat vahidi Ofis Meneceri; xx.xx.2023-cü il tarixində 1 (bir) ştat vahidi Mühafizəçi və xx.xx.2023-cü il tarixində 1 (bir) ştat vahiditəhlükəsizlik üzrə mühəndis vəzifələri ləğv edilmişdir. İş materiallarına əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, əmək kitabçası iddiaçıya xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. X4 (İMS) iştirak edilməməsi barədə Bakı 13 saylı Mediasiya təşkilatının arayışında görünür ki, İddiaçı işin məhkəmədən kənar həlli üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə mediasiyanın tətbiqi barədə təklif göndərmişdir. "xxxx" ASC-nin Nizamnaməsinin 8.8-ci bəndinə əsasən, cəmiyyətin strukturu və ştat cədvəlinin təsdiq edilməsi Baş direktor tərəfindən həyata keçirilir və onun səlahiyyətlərinə aiddir. Məhkəmə kollegiyası istinad olunan maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı göndərilmiş xəbərdarlıq məktubundan, 01-K saylı xx.xx.2023-cü il tarixli əmrdən və qeyddə əsasən müəyyən edilir ki, ASC tərəfindən İddiaçı rəsmi məlumat göndərilərək, ASC-nin strukturunda müvafiq dəyişiklilər həyata keçirilmiş vətəhlükəsizlik üzrə mühəndis vəzifəsi ştatı ixtisar olunmuşdur. Bununla əlaqədar, xəbərdarlığı aldığı gündən 9 (doqquz) təqvim həftəsindən sonra tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam veriləcəyi, əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasında azad edilərək iş axtarmağına imkan yaradılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən, Əmək Məcəlləsinin müvafiq maddələrinə tam riayət edilmiş, işçinin iş stajı nəzərə alınaraq müqaviləyə xitam verilməmişdən qabaq işçiyə rəsmi xəbərdarlıq edilmiş, bundan sonra əmək müqaviləsinə qanunamüvafiq formada xitam verilmişdir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanuna uyğun tərtib edilməməsinə qiymət verməmişdir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh iddiaçının xx.xx.2023-cü il tarixdən işdən azad edilməsini xx.xx.2023-cü il tarixli əmrlə rəsmiləşdirmişdir. Halbuki, xx.xx.2023-cü il tarixli əmrin verilməsində iddiaçıya verilən eyni tarixli xəbərdarlığa istinad olunsa da, əmrin məzmunu özü də xəbərdarlıq mahiyyəti daşıyır və belə olan halda həmin tarixli əmrlə xəbərdaqlıq müddəti qurtardıqdan sonra işçinin əmək müqaviləsinə xitam verilməsi qanuna uyğun sayıla bilməz. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu nəzərə alır ki, qeyd edilən müddət ərzində iddiaçının öz təşəbbüsü ilə işdən azad edilmək barədə ərizə vermək imkanının, yaxud işəgötürənin özünün xəbərdarlıq müddətinin sonuna qədər onun əmək müqaviləsinə xitam vermək fikrindən vazkeçmə ehtimalının mövcudluğu nəzərə alınmamışdır. Belə olduğu təqdirdə işəgötürən xx.xx.2023-cü il tarixli əmri qüvvədə olmaqla onu digər əsaslarla işdən azad edilməsinə dair müraciətini rəsmiləşdirə bilməməsi işçinin hüquqlarının pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, işçi bu müddət ərzində öz təşəbbüsü ilə işdən azad edilmə barədə müraciət etməyərək xəbərdarlıq müddəti qürtarana qədər cavabdehlə əmək münasibətlərini davam etdirsə də belə, sonuncu, onun işdən azad edilməsi barədə məhz xx.xx.2023-cü ildə müstəqil əmr verməli idi. İş materiallarından həmçinin müəyyən edilmişdir ki, İddiaçı müharibə veteranıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə bağlamış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərın işdə saxlanılmasına, ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda isə həmin Məcəllənin 78-ci maddəsinin 2-ci bəndində göstərilən şəxslərə üstünlük verilməsinə də cavabdeh tərəfindən diqqət yetirilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndində göstərilən şəxslərdən biri də müharibə iştirakçılarıdır. Lakin cavabdeh təşkilat tərəfindən iddiaçı ilə olan əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilən zaman onun işlədiyi ştat ləğv edilsə də, iddiaçının müharibə veteranı olaraq digər vəzifəyə təyin edilməklə işdə saxlanılması məsələsi müzakirə edilməmiş, iddiaçının işlədiyi təhlükəsizlik üzrə mühəndis vəzifəsinin ləğv edilməsinə baxmayaraq sonradan idarədə yeni ştat cədvəli tərtib edilmiş, 8 nəzarətçi və 1 baş nəzarətçi ştatları təsdiq edilmiş və həmin işlərə yeni işçilərlə əmək müqavilələri bağlanmışdır (Həmin müqavilələr iş materiallarına əlavə olunmuşdur). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Kollegiya qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və sosial mənşə, milli azadlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. Beləliklə, cavabdehin iddiaçının uzun illər xidmət etməsinə baxmayaraq onun müqaviləsinə ixtisarla bağlı xitam verilməsi, sonradan digər şəxslərlə əmək müqavilələri bağlanaraq onların işə götürülməsi həmin işçilərlə müqayisədə ayrıseçkilik kimi qəbul edilməli və bu halın baş verməsi özü-özlüyündə ayrı-seçkiliyin əsası kimi hesab olunmalıdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılan zaman cavabdeh tərəfin iddiaya etirazında iddia müddətinin keçməsini göstərmiş və məhkəmə tərəfindən iddia rədd olunduğu üçün müddət məsələsinə qiymət verilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, bu dəlilə qiymət verilməsi zəruridir. Belə ki, işin araşdırılmış halları ilə məlum olmuşdur ki, iddiaçıya əmək kitabçası xx.xx.2023-cü il tarixdə verilmişdir. Belə olan halda onun tərəfindən iddia müddətinin ötürülməsi halına yol verilməmişdir. Hazırda "xxxx" ASC-də iddiaçının əvvəlki vəzifəsinə uyğun vəzifənin olmaması fərqli nəticəyə gəlinməsinə səbəb ola bilməz. Belə ki, əgər "xxxx" ASC-də iddiaçının işləmiş olduğu vəzifə ştatı mövcud deyildirsə, bu halda o, işlədiyi vəzifəyə uyğun (əmək şəraitinin şərtləri həmin vəzifə ilə eyni olan digər vəzifə) digər işlə təmin edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mübahisəli əmr iddiaçıya münasibətdə düzgün verilmədiyindən iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməli, cavabdehin əmri, hissəvi, yəni, məhz iddiaçıya münasibətdə ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsi olan təhlükəsizlik üzrə mühəndis vəzifəsinə bərpa edilərək işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı ona ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4323/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli işdən çıxarılma barədə əmri – İddiaçı münasibətdə qismən ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-də “texniki təhlükəsizlik üzrə mühəndəsi vəzifə”sinə, qətnamənin icrası zamanı həmin vəzifə mövcud olmazsa, əmək şəraitinin şərtləri həmin vəzifə ilə eyni olan digər vəzifəyə (əvvəlki vəzifəsi üzrə gördüyü işə uyğun) bərpa edilsin. İşə bərpa olunduğu günə qədər ona məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar